Günahmı, savabmı...

 

Sənədli hekayə

 

Bir-birindən xəbərsiz dünyadan köçmüş anam Güləbatın və qardaşım Yunusun əziz xatirəsinə

 

II Dünya müharibəsinin qızğın çağları idi. Balaca bir kənddə balaca bir ana-bala baş-başa verib dolanırdı. Evin başıpapaqlısı qanlı-qadalı müharibədə canı bahasına vuruşurdu. Böyük Vətən adlandırılan Rusiya torpaqları uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Sağ qalmaq, müharibədən salamat qayıtmaq hər kəsə nəsib olmurdu.

Ana-bala gecəni gündüzə qatıb ər yolu, ata yolu gözləyirdilər. Yaşamaq lazım idi. Yaşamaq üçün çörək tapmaq lazım idi. Çörək tapmaq üçün çalışmaq, durub-dayanmadan, dincəlmədən, yatmadan işləmək, yenə də işləmək lazım idi. Bu, müharibə illərinin yazılmamış qanunlarından idi. Kişilər cəbhədə idilər. Kolxozun bütün işləri arvadların, uşaqların, qocaların incə, zərif və zəif çiyinlərində bərqərar olmuşdu.

Ana-bala da, o birilər kimi işləyir, həm özlərinə gün-dirrik yaradırdılar, həm də müharibədə vuruşan əsgərlər üçün yavanlıq, pal-paltar göndərirdilər.

Balaca Yunusun anası gecə-gündüz kolxoz çöllərində işləsə də, o, məktəbindən bir gün də olsa qalmır, sinifdə əlaçılardan biri hesab olunurdu. Anası Güləbatın "staxanovçu" idi, qoçaq idi, kolxozun hər işində birinci idi. Odur ki, onun əməkgünü həmişə çox olurdu, evindən taxıl əksik olmurdu. Ana vaxt tapan kimi evinə qaçır, sac açıb fətir bişirirdi. Axırda isə oğlunun xoşladığı xamralı çörəyindən bişirib dərin cama doğrayar, içinə nehrə yağı qatıb isti çörəkdə əzər və oğluna döyməc düzəldərdi. Oğlu döyməc dürməyini ləzzətlə dişləyib yeyər və yoldaşlarının yanına qaçardı. Atalar düz deyib: Uşaq atadan yox, anadan yetim qalar. Balaca Yunus atasız olduğunu hiss etməzdi. Anası ona həm ata, həm ana idi. Anası evdə qalanda o, özünü çox bəxtəvər sanar, gecə onun isti qucağına sığınaraq şirin yuxuya gedərdi, dadlı-duzlu, rəngli yuxular görərdi. Bütün gördüyü yuxularının hamısı bir sonluqla qurtarırdı: onu anasından zorla ayırıb göylərə aparırlar. O, göydə xeyli qanad çalar, aşağılara, anasının yanına qayıtmaq istəyərdi, ancaq ona imkan vermirdilər. Hər dəfə də yuxunun təsirindən hövlnak oyanar, gördüyü yuxusunu anasına danışar, cavab üçün gözlərini onun ağzına dikərdi. Anası ona təskinlik verərdi: Nə gözəl yuxu görübsən dərdin alım. Sən oxuyacaqsan, böyük adam olacaqsan. Yuxuda gəzdiyin göylər o deməkdir ki, sən vəzifə sahibi olacaqsan, yuxarılarda oturacaqsan. Ona görə də dərslərini yaxşı oxumalısan." Ana oğlunun gözlərindən öpdü, onu sinəsinə çəkib başını tumarladı, gözləri ixtiyarsız yol çəkdi.

Yunus sevincək yerindən qalxar, səhər çayını-çörəyini yeyər, yoldaşlarına qoşulub məktəbə tələsərdi. İllər beləcə bir-birini qovdu. Yunus məktəbi bitirib əsgəri xidmətə yola düşdü. fikirləşdi ki, əsgəri xidmətini başa vurduqdan sonra sənədlərini hazırlayıb universitetin riyaziyyat fakültəsinə verər; o, məktəbin ən güclü riyaziyyatçı şagirdi idi.

Üç illik əsgəri xidmət başa çatdı. Yunus doğma kəndinə qayıtdı. Bir az dincəlməyi qərara aldı. Onsuz da bu il universitetə gedə bilməyəcək. Hələlik işləyər, yayda qəbul üçün Bakıya gedər.

O, kənddə işə düzəldi. Səhərlər yuxudan durub səhər yeməyi yeyər, anasının günorta yeməyi üçün düzəltdiyi boxçasını da götürüb işə gedərdi. Yaman sürücülük həvəsində idi. Maaşı ancaq velosiped almağa çatırdı. Özü üçün bir velosiped də almışdı. Hər gün "ceyran" adlandırdığı velosipedinə oturub kəndin kənarında yerləşən iş yerinə gedirdi.

Yolu kəndin ortasından keçirdi. Bir dəfə gözü qonşu həyətdə tut ağacının altında salınmış palaz üstündə oturub kitab oxuyan qıza sataşdı. Bu hal bir neçə dəfə təkrar olundu. Qonşu qızın adını da öyrənmişdi - Sona. Sona orta məktəbdə oxuyurdu. Yunus ona vurulmuşdu, gecəsi-gündüzü yox idi. Oxumaq, qəbul imtahanlarına hazırlaşmaq da yadından çıxmışdı. Onun yerinə Sona ilə danışmaq, kəlmə kəsmək arzusu baş qaldırmışdı. Sevgisini ona bildirəndə Sona oxumaq istəyini demişdi. Yunusun sevgisi o qədər çılğın idi ki, sevdiyi qızın istəyilə hesablaşmadı. Vaxtsız gəlmiş sevgi onu da, Sonanı da ali təhsil almağa qoymadı.

Toylarının onuncu ildönümündə beşinci uşaqları doğuldu. Böyük arzularla, ümidlərlə yaşayan gənc oğlan və gənc qız həyat burluğanında çabalamağa başladılar; beş uşağı saxlamaq üçün hər işə getdilər. Çalışdılar, durmadan işlədilər, uşaqları böyütdülər. Oxuyub müəllim olmaq arzuları həmişəlik olaraq ürəklərinin dərinliklərinə gömüldü.

1988-ci il hadisələri başlandı. Mənfur erməni qonşularımızın xəstə təxəyyüllərindəki dənizdən-dənizə olan torpaqları Ermənistana qatmaqla "Böyük Ermənistan" yaratmaq arzuları yenidən baş qaldırdı. Keçmiş sovet məkanını nümayiş, tətil dalğaları bürüdü. SSRİ təməlindən laxlamağa başladı. SSRİ tərkibindəki respublikalar azadlıq, müstəqillik uğrunda mübarizəyə başladı. Sovet imperiyasına son qoyuldu. Hər yerdə nizamsızlıq, anarxiya hökm sürürdü. Ölkə xaos içində idi. 70 il davam edən sovet imperiyasının Zaqafqaziyada yerləşən ən böyük hərbi bazası yüksək hərbi rütbəli zabitlər tərəfindən satılmağa başlandı. Ən çox silah-sursat ermənilərə satıldı - özü də yüksək məbləğlərə. Öz işlərini ört-basdır etmək istəyən hərbiçi generallar talan edilib satılmış silah bazasını partlatmaq qərarına gəldilər. Qəddar hərbiçilərin bu əməli sayəsində neçə ətraf kəndlər ziyan çəkdi. İnsanlar maddi zərərdən çox, mənəvi zərbəyə sinə gərməli oldular. Neçə ailə gözüyaşlı qaldı. Evlər uçdu, həyətlər dağıldı. Adamlar arasına qorxu, vahimə düşdü. Hamı qaçıb canını qurtarmağa çalışırdı. Bazadan "uçan" raket başlıqları yerə düşərək partlayırdı. Bundan nə qədər insan şikəst oldu.

Ölənlərdən biri də Yunusun böyük oğlu, ilk nübarı, 39 yaşlı İsa idi. İsa nənə-babasının sevimli nəvəsi idi. Məktəb illəri müəllimlərinin, böyüyəndən sonra kəndin sevimlisi oldu. İsa kəndin hər işinə yarayırdı. Hamının qardaşı, oğlu idi. İsanın ölümü kəndin faciəsi idi. Hamı ona yas saxladı.

Yunusun ürəyinin telləri qırıldı, yandı, külə döndü, beli ikiqat əyildi, üz-gözünü saqqal basdı. Oğlunun faciəli ölümü onun ömrünü, həyatını on il geri atdı. O gündən ağır xəstəliyə düçar oldu. Oğlunun ətrini nəvələrindən almaqla kədərini ovutmaq istədi. Bu o istək, o murad olmadı. Dərdini içinə saldı, təkbaşına çəkdi, heç kimə demədən, heç kimə şikayətlənmədən. Dərd onun içini ac yalquzaq kimi diddi, dağıtdı, sonra yatağa saldı.

"Anan ölsün, ay Yunus, niyə bu günə düşdün? Pəhləvan cüssən niyə belə yazıqlaşıb, niyə yumağa dönmüsən? Anan gözlərinin qadasın alsın, Allah sənə qıymasın, dərdin mənə gəlsin".

Ana iki il idi ki, yatağa düşmüşdü. Özü yataq xəstəsi ola-ola özündən 500km uzaqda yaşayan oğluna yalvarıb-yaxarır, ondan sağalıb ayağa durmağını xahiş edir. Ana xəstə oğluna gah bayatı deyir, gah tırınqı çalır, xəyalən onu ovundurmaq istəyirdi. Oğlu onu eşitmirdi. Ancaq fikri-xəyalı 70 il bir yerdə, bir damın altında yaşadığı anasının yanında idi. Ananın bu il 100 yaşı tamam olurdu. Bu münasibətlə Azərbaycan Televiziyasının birinci kanalı uzunömürlülər silsiləsindən televiziya filmi çəkmişdi. İki ilin hicranını yaşayan oğul anasını televiziya ekranında görmüş, özünü saxlaya bilməyib ağlamışdı. Veriliş bitəndən sonra üzünü yanında oturmuş arvadına tutub demişdi: "Anama bir şey olsa, özümü öldürərəm".

Ana yataqda oğluna dua edir, Allahdan ona cansağlığı diləyir: "Ay Allah, sən ona rəhm et, ona qıyma, mənim cənazəm onun çiynində getsin. Oğluma bir şey olsa məni də öldür. Ancaq elə et ki, mən ondan qabaq ölüm, oğul dağını görməyim".

Ağzı dualı ananın öz dərdi yadından çıxıb oğul dərdi çəkirdi. Yuxuda olanda belə, oğlu Yunusla danışırdı. Yuxudan duranda evini-eşiyini, oğlunu istəyirdi. Ana baladan xəbərsiz, bala anadan xəbərsiz göz görə-görə əriyirdi. Onların 70 illik birgə keçən həyatları iki il idi ki, ayrılmışdı. Onların ana-bala məhəbbəti dönüb dost-musahib, bacı-qardaş, həmyaşıd, həmfikir məhəbbətinə çevrilmişdi. Onların məhəbbəti ilahi eşqə çevrilmişdi. Hər ikisi bu məhəbbətin oduna yanır, şam kimi əriyirdi.

Oğul can üstədir, onun oğul-uşaqları, bacısı onun başının üstünü kəsdirib durmuşdular. Xısın-xısın, kirimişcə ağlayırdılar. Ananınsa oğlundan xəbəri yox idi. Bilmirdi ki, həyatının bəzəyi, mənası olan oğlu ağır gedər-gəlməz yoldadır. Qohumların hamısı burdadır, bircə sevimli anasından başqa. Ananı aldadıb kəndə getmişdilər, guya qohum toyuna gedirlər. Ananın heç ağlına da gəlməz ki, sevimli oğlu gözlərini bu dünyaya əbədi yummaq üzrədir.

Ana gecədən xeyli keçmiş yuxuya getdi. Yuxusunu qarışdırdı, qəribə yuxu gördü. Yuxunu o qədər aydın görmüşdü ki, onun təsirindən hövlnak ayıldı, gözlərini dolandırıb pəncərədən çölə baxdı. Hələ qaranlıq idi, səhərin açılmasına xeyli vardı. Yanındakı çarpayıda yatan Nərgizə tərəf boylandı. Onun qalxmasını gözləyə bilməyib onu səslədi. Səsə Nərgiz oyandı və ayağa qalxıb onun yanına gəldi, soruşdu:

- Hə, ana, nə istəyirsən, nə olub?

Ana qırıq-qırıq cavab verdi:

- Heç, yuxuda Yunusu gördüm. Əynində parçadan kostyum geyinmişdi. Gördüm ki, anası ölmüş top oynayır. Axı sən bəlkə də bilmirsən, anası kor qalmış futbol oynamağı xoşlayırdı. İndə də gördüm futbol oynayır, top gəldi, mənim üzümə dəydi, üzümdə partladı. Buna da o, bərkdən güldü. Nənəsi ölmüş İsa da kənarda durub atasının oynuna tamaşa edirdi. O, əyninə təptəzə kostyum geyinmiş, başına qulaqlı papaq qoymuşdu. Məlul-müşkül kənarda dayanıb atasını gözləyirdi. Atasına zillənmiş gözləri yol çəkirdi. Elə bu dəmdə qonşu Abbas (Allah ona rəhmət eləsin) gəlib çıxdı və Yunusa üzünü tutub bərkdən dedi:

- Ay Yunus, gəl çıx da. Bayaqdan səni gözləyirik axı. Çıxaq gedək, işimiz-gücümüz töküldü qaldı.

Ana fikrini toplayıb yenidən dilləndi:

- Mən Yunusun qolundan tutmaq istəyəndə yuxudan ayıldım. Allah xeyrə calasın, bu nə yuxu idi, mən gördüm. Tez səhər açılsaydı, bir kəndlə danışardın, görək nə var, nə yox? Yunus nə təhərdir?

Nərgiz yaşarmış gözlərini silib "yaxşı" dedi.

Oğul isə anadan xəbərsiz can verirdi. Artıq molla da gəlmişdi. Dəfn mərasiminə hazırlıq gedirdi. Qəbiristanlıqda qəbir yeri müəyyən olunmuşdu. Ana isə oğlunun həsrətlə yol çəkən gözlərini görmürdü. Oğlunun gözləri yarıyumulu idi. Kəndin ağsaqqallarından biri məsləhət gördü ki, ananın şəklini oğlunun sinəsi üstünə qoysunlar. Ananın şəklini sinəsi üstündə hiss edən oğul əbədi olaraq gözlərini bu dünyaya yumdu.

Ana axşamçağı yatağında mürgüləmişdi. Yuxudan səksəkəli oyandı. Ətrafına baxıb döyükdü. Urəyi sancdı, qulaqları güyüldədi. Bir xeyli susub durdu. Yenidən uzandı, bu dəfə üzünü divara tərəf çevirdi. O axşam yeməyindən imtina etdi. İştahası kəsilmişdi.

Ananın qızı, nəvələri oğulun yeddisini verib qayıtmışdılar. Ana onları görən kimi yerindən dikəldi, nigaran baxışlarla onları süzdü, oğlunu xəbər aldı. Qızlar ananı aldadaraq, "oğlun lap yaxşıdır" dedilər. Ana oğlundan daha çox xəbər tutmaq istədi: "Danışa bilirmi, yeriyə bilirmi?" Qızlar boğazlarına tıxanmış qəhəri güc-bəla ilə udaraq "hər şey yaxşıdır" dedilər. Ana inandı. Toyu xəbər aldı: Toy necə keçdi? Kimlər iştirak edirdi? "Hamı" deyə qızlar dilini dişlərinə sıxıb cavab verdilər. Onlar yalan danışmırdılar. Bütün qohum-əqrəba ilə görüşmüşdülər. Ən ucqar yerdə yaşayan qohumlar da yasa gəlmişdi. İllərlə bir-birini görə bilməyən qohumlar yasda görüşürdülər. Qohumların görüşməsinə ana ürəkdən sevindi. Həmişə deyirdi: Qohumun pisinə də, yaxşısına da qurban olum. Bir-birinizə gedin, gəlin, yoxlayın, bir-birinizi unutmayın.

Ana "toyun" yaxşı keçməsinə sevinsə də, həmin gündən halı dəyişdi. Yeməyi azaldı, iştahası kəsildi. Hər gün qızına, nəvələrinə deyirdi ki, kəndə zəng çalın, hal-əhval tutun, yuxumu qarışdırmışam.

Bir gün qızı çaşaraq anaya dedi ki, zəng etdim, Yunusla danışdım, sənə salam göndərdi. Ana yerindən dikəldi:

- Necə, nə dedin? Yunus danışır, dili açılıb?

Qız bilmədi nə desin. Yalanını ört-basdır etmək istədi:

- Belə də, birtəhər başa düşdüm ki, səni soruşur.

Qız sözünü qurtarar-qurtarmaz otaqdan çıxmağa çalışdı. Anası onu çağırsa da, geri dönmədi.

Zavallı ana, hardan biləydi ki, istəkli övladının bu gün bir ayı tamam olur. Ananın halı yenə dəyişdi. Həmin axşam şamsız yatdı.

...Ananın halı gah yaxşılaşırdı, gah da pisləşirdi. Oğlunun həyatdan getməsinin üç ayına az qalmışdı. Ana hey "Yunus, Yunus" deyə pıçıldayırdı. Birdən onun bədənini tər basdı. Puçur-puçur tər dənələri yanağından boğazına doğru axmağa başladı. Bir anın içində gözünün altı qançır bağladı. Dodaqları gömgöy göyərdi. Gözlərini geniş açıb ətrafına baxdı, xırıldamağa başladı. Gözləri az qala hədəqəsindən çıxacaqdı. Teztez başını sağa-sola döndərərək gözlərilə kimisə axtarırdı. Bir az keçmiş əlləri də hərəkətə gəldi. Əllərini sinəsinə tərəf uzadıb elə bil kimisə qovmaq istəyirdi. Hərəkət etdiyindən bədəni su içində idi. Qızı, nəvələri ətrafında idi. Qızı yavaşca soruşdu:

- Ana, niyə belə edirsən? Nə istəyirsən, kimi istəyirsən?

Qızın məqsədi vardı. Bilmək istəyirdi görsün ananın sevimli oğlunun ölümü ona ayan olubmu? Ana isə cavab vermir, canıyla (ya Əzrayılla) əlləşir, xırıldayır, əl-qol atır. Qızı sualını tez-tez, ancaq, yavaşcadan təkrarlayırdı. Nəvələr nənənin bu halına dözmədilər, bərkdən ağlaşdılar. Onların ata yaraları hələ qaysaq bağlamamışdı. Ən çox da onları yandıran atalarının ölümündən nənənin bixəbər olması idi.

Nəvələrin qışqırıq səsindən ana devikdi, baxışları bir nöqtəyə ilişib qaldı, xırıltısı kəsildi. Gözlərini yavaş-yavaş ağlaşan nəvələrinə çevirdi. Dili tutulmuşdu, danışa bilmirdi. Nəvələr yavaşca ananın qulağına tərəf əyilib soruşdu:

- Kimi istəyirsən? Olmaya Yunusu istəyirsən?

Ana başını buladı. Dili dolaşa-dolaşa güclə eşidiləcək səslə inildədi:

- İsamı, Musamı.

Musa onun kiçik oğlu idi. Oğlu idmançı idi, çoxlu sayda diplomları var idi. Güləş üzrə usta adını almışdı. Onu tanıyanlar ona Musa pəhləvan deyirdilər. Qəzadan o lap cavan yaşlarında - ömrünün 25-ci baharında məşq zamanı aldığı zədədən dünyasını dəyişmişdi. İndi ana sevimli oğlu Yunusu yox, İsanı - Musanı istəyirdi.

Ananın təntiməsindən, ölümlə mübarizəsindən bir saata yaxın vaxt keçirdi. Ana həyata qayıtmış, üzünün rəngi özünə gəlmiş, yanaqları allanmışdı. Axşama yaxın yemək istədi. Bu dəfə o həmişəkindən fərqli olaraq yeməkdən çox yedi. Qızını, kürəkənini və nəvələrini yanına çağırıb öyüd-nəsihət verdi:

- Mən bu gün ölməliydim. Yuxumu da görmüşdüm. Yuxuda gördüm ki, qaynım bizə gəlib, tez yanına getdim: "Nə yaxşı gəldin, məni də apar." O, etiraz edib dedi ki, gəlməyinə gəlmişəm, bu dəfə Yunusu aparacam, sonra da səni. Ancaq, səni, hazırlaş, bir azdan gəlib aparacam. Bunu deyib getdi. Mən gedirdim, siz qoymadınız. Onlar göylərdən gəlmişdi, qolumdan tutub aparırdılar. Siz qara-qışqırıq saldınız, onlar da qaçıb getdilər.

Ana uşaqları ilə bir xeyli danışdı - vəsiyyətini edirmiş. Gecəni rahat yatdı. Xəstə düşəndən belə yatdığı olmamışdı. Yəqin gündüz çox çabaladığından yorğun düşmüşdü.

Səhər tezdən Nərgiz ananın səsinə yuxudan oyandı.

- Ay bala, ay Nərgiz, bu nə vaxtın yatmağıdır, dur mənə çaydan-çörəkdən ver, acmışam.

Nərgiz tez ayağa qalxıb saata baxdı - 7 idi. O, ananı yedizdirdi. Ana yerinə uzandı, onu möhkəm yuxu tutdu, üç saata yaxın sakitcə yatdı. Birdən onu sanki kimsə tərpədib oyatdı. Qızını və Nərgizi yanına çağırdı. Sakit səslə onlara dedi:

- Oturun, sakitcə mənə qulaq asın.

Qızlar dinməz-söyləməz ananın sözlərinə əməl etdilər.

Ana gözlərini dolandırıb qızların üzündə saxladı:

- Mən bu gün öləcəyəm. Onlar yenə gəlmişdilər, gecə yuxuda mənə dedilər. Məni diqqətlə dinləyin. Dünənki kimi çığır-bağır salmayın, bununla mənə yaxşılıq yox, pislik edirsiniz, məni ölməyə qoymayırsınız, məni canbəsər edirsiniz. İndi durun hazırlaşın, ancaq məni buraxmayan, tez-tez yoxlayın. Qızım, mənə bir stəkan soyuq su ver, ürəyim yandı. Nərgiz göz yaşlarını silərək soyuducudan su gətirdi. Ana onu axıracan içdi.

- İndi də məni böyrü üstə döndərin.

Qızlar onun istəyini yerinə yetirdilər.

Ana əllərini qoşalaşdırıb yastığın üstə qoydu, üzünü əllərinə söykədi və dərin yuxuya getdi. Dodaqlarından bir kəlmə söz çıxdı: İsamın-Musamın yanına gedirəm. Yarım saatdan sonra ananın nəfəsi kəsildi. Necə yatmışdısa eləcə də canını tapşırdı. Quş kimi uçdu ana. Üzündə sual dolu bir ifadə əmələ gəlmişdi.

Nə yaxşı ki, nəvəsi, indi evin ağsaqqalı olacaq Zöhrab nənəsini yoxlamaq üçün Bakıya gəlmişdi. Onun içəri girməyilə ananın canını tapşırmağı bir oldu. Ana sanki oğlunun gəldiyini hiss etdi, arxayınlıqla əbədi dünyaya - əzizlərinin yanına köçdü.

Oğlu həmişə deyirdi, məni anamın qəbrinin aşağısında basdırın, qəbrimi elə qazın ki, anamdan uzaq düşməyim.

Ana deyirdi ki, qəbrimi elə qazın ki, oğluma yanımda yer olsun. Hər ikisinin istəyi yerinə yetmişdi.

Oğul ananın ayaqları altında əbədi yatırdı. Peyğəmbərimiz Məhəmməd (əs) deyib: "Cənnət anaların ayağı altındadır".

Yunus anasının ayağı altında, əbədi cənnətdə basdırıldı.

Ana da, bala da arxayınlaşdı, ikiillik ayrılığa son qoyuldu. Hər ikisi eyni yerdə yuyuldu, hər ikisinin üstünə eyni parça - yaşıl rəngli ipək salındı. Ana sevimli övladının ölümünün üçüncü ayında əbədi olaraq ona qovuşdu.

Qızı ondan istəkli oğlunun ölümünü gizlətmişdi. Başqalarına da ananı öldürə biləcək xəbəri deməyi qadağan etmişdi. Ancaq qızı bilmirdi ki, düzmü etmişdi, səhvmi etmişdi? Anlaya bilmirdi, bu yalan müqəddəs yalan idi, yoxsa anaya qarşı qəddarlıq idi?

İndi siz deyin: bu yalan günah idi, yoxsa savab?

 

 

Salatın Əhmədli

 

Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.5.