Gürcüstan: “Min bir Azərbaycan bayatısı”nın təqdimatı

  

  Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfovun Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara ünvanlanmış məktubunda ədəbi əlaqələrimizə dair yeni fakt barədə məlumat verilir.

Məktubda deyilir: Gürcüstandakı səfirliyimizdən daxil olmuş məktubda bildirilir ki, 29 sentyabr 2010-cu il tarixində Gürcüstan Milli Elmlər Akademiyasının iclas zalında səfirliyin dəstəyi ilə nəşr olunmuş "Min bir Azərbaycan bayatısı" kitabının təqdimat mərasimi keçirilmişdr. Kitabda min bir bənd Azərbaycan bayatısı və onların orijinaldan gürcü dilinə poetik tərcümələri nəşr olunmuşdur.

Tədbirdə Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Tamaz Qamkrelidze, vitse-prezidentləri Fridon ToduaQuram Tevzadze, akademik-katib Roin Metreveli, rəyasət heyətinin üzvləri, Gürcüstan MEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları, Azərbaycan Respublikasının Macarıstandakı səfiri V.Quliyev, Gürcüstan Reinteqrasiya nazirinin müavini Yelena Tevdoradze, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Türk İş Birliyiİnkişaf Agentliyinin (TİKA) Gürcüstan ofisinin rəhbəri Rəsul Durmaz, tanınmış gürcü alimləri və yerli icmamızın fəalları iştirak etmişlər.

Gürcüstan MEA-nın prezidenti T.Qamkrelidze tədbiri giriş sözü ilə açaraq, tədbirin mahiyyəti barədə məlumat vermiş və kitabın başlığındakı "min bir" sözünün qədim Şərq əfsanələrindən irəli gəldiyini qeyd etmişdir.

Səfir öz çıxışında bayatı janrının Azərbaycan folklorunun ən qədim və geniş yayılmış janrlarından biri olduğunu vurğulamışdır. Xalqımızın ruhu ilə mayalanmış və yüzillərdən bu yana süzülüb gələn bayatıların gürcü dilinə tərcümə olunub çap olunmasının Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrində mühüm hadisə olduğunu qeyd edən səfir, şair-tərcüməçi Zezva Medulaşviliyə və kitabın hazırlamasında böyük əməyi olan Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmətə minnətdarlığını bildirmişdir.

Daha sonra çıxış edən R.Hümmət Gürcüstan MEA-nın iclas salonunda səfirlik ilə birgə Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin ikinci belə böyük tədbirini keçirdiyini vurğulayaraq, 2007-ci ildə "Ədəbi Gürcüstan" almanaxının təqdimat mərasimini xatırlatmışdır. O, şair-tərcüməçi Zezva Medulaşvilinin Azərbaycan ədəbi nümunələrinin - istər Nəsimi, füzuli kimi klassiklərimizin, istərsə də xalq ədəbiyyatı örnəklərinin, xüsusən də "Koroğlu" eposunun və bayatılarımızın gürcü dilinə ən mahir tərcüməçilərindən biri olduğunu söyləmişdir.

Şair-tərcüməçi Z.Medulaşvili öz nitqində 45 ildir tərcümə ilə məşğul olduğunu bildirərək bütün tərcümə etdiyi əsərlərə öz ruhunu, varlığını qoyduğunu qeyd etmişdir.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Macarıstandakı səfiri V.Quliyev öz çıxışında kitabın əhəmiyyəti barədə fikirlərini söyləmişdir. O, 19-cu əsrdə Tbilisinin Cənubi Qafqazın həm inzibati, həm də mədəni mərkəzi olduğunu qeyd edərək, Azərbaycan ədəbiyyatının Mirzə Şəfi Vazeh, M.F.Axundov, C.Məmmədquluzadə kimi bir çox klassiklərinin bu şəhərdə yaşayıb-yaratdıqlarını, teatr tariximizinTbilisi ilə bağlı olduğunu qeyd etmişdir.

Sonra çıxış edən Gürcüstan Reinteqrasiya nazirinin müavini Yelena Tevdoradze kitabın gürcü dilinin öyrənilməsi baxımından pedaqoji önəmi barədə məlumat vermişdir.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.2.