Nağı Nağıyev – 100

 

Həyat həqiqətləri

  

  Zəngin ədəbi mühitə malik olan Naxçıvan, tarixin hər mərhələsində Azərbaycan ədəbiyyat tarixində önəmli yer tutan şəxsiyyətlər yetirmişdir. XX əsrin ortalarına doğru bu ədəbiyyat tarixini zənginləşdirmək 1910-cu ildə anadan olmuş görkəmli nasir, dramaturq, tərcüməçi, redaktor, quruluşçu rəssam, maarifçi, ictimai xadim Nağı Kərbəlayi Kərim oğlu Nağıyevin də qismətinə yazıldı.

Həyatın hər cür sınaqlarına məharətlə sinə gərən Nağı Nağıyev müharibədən sonra çox ciddi bir addım ataraq, 1945-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan filialını təşkil edir və onun sədri olur, eyni zamanda bir çox dövlət vəzifələrinin öhdəsindən şərəflə gəlir. Bununla özündən sonrakı Naxçıvan ədəbi mühitinin (İ.Səfərli, M.Nəsirli, H.İbrahimov, H.Razi, H.Əzim və b.) inkişafını şərtləndirir. Məhz bu hadisə onun ədəbi fəaliyyətinə ciddi təkan verir. Onun fəaliyyəti təkcə ədəbiyyat tariximizə verdiyi töhfələrlə bitmir. Eyni zamanda ədəbi əlaqələrin yaranmasında da N.Nağıyevin rolu böyükdür. Azərbaycan dilinə etdiyi tərcümələri bu dediklərimizin əyani sübutudur. Yazıçının özünün də əsərləri rus dilinə tərcümə edilmişdir. 1947-ci ildə yaradıcı fəaliyyətindəki gərgin əməyi nəticəsində o, həmin tarixi mərhələ üçün çox böyük uğur sayılan SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. 1951-ci ildən yaradıcılıq imkanlarını genişləndirmək üçün Bakıya köçərək Azərnəşrdə redaktor, bədii ədəbiyyat şöbəsinin müdiri və böyük redaktor vəzifələrində çalışmışdır. N.Nağıyev həm də gözəl rəssam olmuşdur. O, Naxçıvan teatrında quruluşçu rəssam kimi "Hacı Qara", "Yaşar", "Polad" və b. əsərlərə səhnə tərtibatı vermişdir.

Əsərlərində həyat reallıqlarına söykənən N.Nağıyev daha çox iştirakçısı olduğuya yaxından izlədiyi, gördüyü halları təxəyyül süzgəcindın keçirərək qələmə almışdır. Ömrü boyu xalqın taleyində onəmli rolu olan vəzifələrdə çalışdığı üçün o, əsərlərinin demək olar ki, böyük əksəriyyətində sosial həyatda baş verən mövcud problemləri göstərmişdir. Bu istiqamətdə ədəbi təlqin yolunu seçən nasirin yaradıcılığında iki məqsəd diqqəti çəkir:

1. Mövcud problemləri böyük zəhmətlər bahasına əldə edən insanların nailiyyətlərini qələmə almaqla başqasını bundan ibrət almağa səsləyir.

2. Bu problemlərin həlli yollarını öz arzuları çərçivəsində arayır, bir növ oxucu özünübu hadisələrin mərkəzində hiss edir.

Yazıçının əsərləri adilikdən ülviyyətə doğru qətiyyətli yolun müxtəlif məqamları, çətinlikləri üzərində qurulmuşdur. Bu enişli-yoxuşlu yollar arasında körpü yaradan qəhrəmanları isə əmək və zəhmət adamlarıdır. Nağı Nağıyev qəhrəmanlarının keçdiyi yol sanki reallıqdan həqiqətə doğru addımlayaraq mənəviyyatını təmizləməyə, paklaşmağa çalışan bir sufinin təriqət yoludur. Bu yol yazıçının öz yoludur.

Böyük yazıçı S.Rəhimov N.Nağıyevin 60 illik yubileyi ərəfəsində yazırdı: "Seçilmiş əsərləri" kitabını oxuyandan sonra N.Nağıyevin qələmi məni elə tərpətdi ki, öz fikirlərimi yazmağa zərurət hiss elədim. Mənalı hekayələrini oxuyarkən bu sakit, yorulmadan çalışan, bir qabil redaktor kimi əsərlərimizin üzərində əmək sərf eləyib yeri düşdükcə xeyirxah məsləhətləri ilə bizə kömək edən Nağı gözümdə öz yaradıcılığı ilə bir daha yüksəldi. O, qələmə aldığı mövzuları, təsvir etdiyi hadisələri elə real, inandırıcı yazır ki, oxuyarkən deyirsən: "Nağı müəllimdir, Nağı ovçudur, Nağı aqronomdur, hərbiçidir, həkimdir və s... Nağı Nağıyevin "Həsrət" romanını oxuyarkən onun həyatı necə hərtərəfli bildiyinin şahidi olursan.

N.Nağıyevin bioqrafiyası ilə tanış olan hər bir şəxs bu əsərlərin mövzularının həyatda rastlaşdığı hadisələrdən qaynaqlandığı fikrinə dayanar. O, öz həyati faktlarına əsaslanaraq müharibənin törətdiyi fəlakətləri əks etdirir, bəzən detektiv janrdan bəhrələnərək cəmiyyətdəki neqativ halları tənqid edir, bəzən adi ovçunun kiçik bir xatirəsində dərin fəlsəfi, mənəvi konsepsiyalar irəli sürür, bəzən bir atanın timsalında valideyn-övlad münasibətlərinə aydınlıq gətirir, bəzən qonşuların timsalında paxıllıq, naqislik kimi qeyri-insani hisslərin törətdiyi mənfi halları satira atəşinə tutur, bəzən də bir sevgi hekayəsində gözəllik və məhəbbətin kamilləşdirici gücünü təsvir edir.

Yazıçının böyük məharətlə yaratdığı peyzajlar, kənd həyatının təsvirindəki ustalıq, onun təbiətə vurğunluğundan irəli gəlirdi. O, bədii portret yaratma ustalığına malik idi. Əsərlərindəki insan təsvirləri o gədər mükəmməldir ki, istedadı olan hər bir rəssam bu obrazları asanlıqla rəsm əsərinə cevirə bilər. Məsələn, onun "Həsrət" romanında Xeyrənsə arvadın geyimini ustalıqla təsvir etməsi etnoqrafik baxımdan maraq doğurur: "...uzun ətəklərinə gümüş pul düzülmüş külçəsi, onun üstündən taxdığı, boynundan sallanıb döşündə çinlənən, rəngi solmuş göy sətin önlüyü bədəninin hərəkətinə uyğun yırğalanırdı. Başındakı enli zəncirli börkünün çənəbəndinə düzülmüş qulplu gümüş iki şahılar bir-birinə dəyib səsləndi". Bu təsvir nəinki rəssama, hətta etnoqrqfik anlamda Naxçıvanın qədim qadın geyiminin unudulmamasına şərait yaratmışdı.

Nağı Nağıyevin təsvir etdiyi sevgili həyalı, ismətli, qürurlu, gözəl, savadlı, yeri gələndə amalı, arzuları uğrunda mübariz qadın idi. Yazıçı həyatında məhz belə görmüş və belə də təsvir etməsi Azərbaycanın gələcəyini doğuran ananı başqa cür təsəvvür edə bilməməsindən irəli gəlirdi.

O, sənət fədaisi kimi qəhrəmanlarının taleyi ilə yaşayan, onlarla birlikdə sevinən, onlarla birlikdə kədərlənən insanpərvər sənətkardır. Onun obrazları irqindən, dinindəm, milliyyətindən asılı olmayan bəşər övladıdır, yer üzündəki həyat və səadətin yaradıcısı olan ülvi, güclü obrazlardır.

Nağı Nağıyevin əsərlərində insana mərhəmət qırmızı xətlə keçir. Qeyd edək ki, bu əsərlərdə yaxşı insanlara qarşı ehtiram nə qədər güclüdürsə, nakəslərə qarşı da ondan kəskin amansızlıq var. Bu qəzəb hər şeydən əvvəl əliəyrilərə, dedi-qodu yayanlara, xəbərçilərə, rüşvətxorlara və b. qarşı çevrilmişdir. Bu, eyni zamanda yazıçının ədalətsizliyə qarşı üsyanının səsidir.

Onun əsərləri tərbiyəvi-didaktik özəlliyi ilə seçilməklə əsl insanlıq manifestidir, əxlaq və mənəviyyat kodeksidir. Hekayələrindəki zəngin həyat materialı və maraqlı, yaddaqalan, cəlbedici insan xarakterləri Nağı Nağıyevin bir sənətkar kimi özünəməxsusluğunu müəyyən edir. O, həyat nəfəsli hekayələri ilə sovet rejimi çərçivəsində ideologiyadan kənar əsl sənət əsəri yaratmağa nail olmuşdur. Məsələn, onun əsərlərində sovet dövrünün ideoloji prinsiplərindən olan kəskin şəkildə müsbət və mənfi qəhrəman probleminin qoyuluşu fərqlidir. Xasiyyətlərində xudpəsəndlik, lovğalıq, dargözlüks. pis sifətlərə malik olan ibadlara, qiyaslara, paşalara, bir sözlə, yolunu azanlara sovet ideologiyası prinsiplərindən yanaşıb təqib etmir. Əksinə, onları xalqın dili, əməli ilə tərbiyə edərək cəmiyyətə qaytarmağa səy göstərir və məqsədinə nail olur. Sovet rejiminin sərt qanunlarından ehtiyatla yan keçərək həyatdan seçilmiş düşündürücü, ibrətamiz məqamlar sadə, sıravi insanların əhval-ruhiyyəsini əks etdirmişdir. Öz dövründə təsadüf olunan ayrı-ayrı nöqsanları və halları tənqid etməkdən çəkinməmişdir. "İki tale" hekayəsində Çar Rusiyasının Azərbaycana zorla tətbiq etdiyi seçki sisteminin bəlalarından danışır. Çinovniklər bunun üçün hər cür vəhşiliyə əl atır, müqavimət göstərənləri qanına qəltan etməkdən çəkinmirlər. Qeyrətli ataları öldürüb yetimlərin sayını artırmaq onlar üçün adi haldır.

Xüsusilə satirik ruhlu hekayələrində şöhrətpərəstlik, məhdud hisslərlə yaşamaq, xalqın mənafeyinə xəyanət etmək kimi halları ifşa etmişdir. Yazıçının "miniatür yazılar” adlandırdığı əsərlərində yer alan satiraları da daha çox tərbiyəvi xarakteri ilə secilir. Əsasən, həyatda baş verən neqativ hallara münasibət bildirən yazıçı kiçik yaşlıları da unutmayıb. Müəllif burada uşaqlar üçün həm maraqlı, həm də təsirli olsun deyə şəxsləndirmə priyomundan da yararlanıb. Belə ki, "Uşaq və qəcələ" miniatür yazısında qəcələ qanadları ilə öyündüyü zaman uşağın qanadı olmadığı üçün xiffət edəndə bir kişinin sözü ilə onun tərbiyələnməsinə yardımçı olur. Kişi ona: "...sənin də qanadların var... Əgər sən elm və sənət öyrənərsən, onlar da sənin qanadların olar."

ya "Ədəb mağazası" miniatür yazısında qocanın dili ilə verilmiş öyüdə diqqət edək: "Bala, ədəb mağazası hər adamın öz evidir. Satıcıları da ata-analarıdır. Evə catanda ədəbin yerini soruşun, əsirgəməzlər, verərlər".

Kiçik həcmli, bəzən 4-5 cümləlik yazıda o, böyük hikmət açmağa müvəffəq olur. Məsələn: "Bu şoqərib qafiyə" yazısı dediklərimizin əyani sübutudur.

"Bir şair "şinel" sözünə uyan sözləri fikirləşib yazdı: tunel. Dalı gəlmədi, bir iki də nisbətən oxşarını tapdı: imel,duel... Yenə də işi düzəlmədi. Hirslənib öz-özünə deyindi:

- Di, gəl qafiyə tap görüm, ay tənqidçi. Bu şoqərib qafiyə sənin də atanı elə yandırsın ki, ana dilini korlamaqda mənə düz əllicə dəfə şükür elə".

Göründüyü, kimi bu bir neçə cümlə ilə yazıçı həm qafiyəbaz, başabəla şairləri, həm də dilimizin məruz qaldığı təsirləri tənqid edir. Bu silsilədən olan misallar yazıçının əsərlərində yetərincədir.

N.Nağıyev oxucularda vətənpərvərlik, zəhmətsevərlik, halallıq, mənəvi saflıq, xeyirxahlıq kimi yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılamağa fikir verərək yaddaqalan obrazları sadə, aydın və obrazlı dillə yaratmışdır.

 

 

Nəzakət Hüseyn qızı

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.5.