Özbək dilində nəşr edilmiş "Maqsud Şeyxzadə" romanının təqdimatı keçirilib

  

  Daşkənddə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (AMMM) təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor, şeyxzadəşünas alim Naim Kərimovun özbək dilində çapdan çıxmış "Maqsud Şeyxzadə" bioqrafik romanının təqdimatı keçirilmişdir.

Ölkənin paytaxtında keçirilən tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, alimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Mərasimi AMMM-nin sədri Mobil Məmmədov açaraq görkəmli şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi Maqsud Şeyxzadənin həyat və yaradıcılığından bəhs edən bu böyük həcmli kitabın əhəmiyyətindən danışmışdır.

Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədov qeyd etmişdir ki, nəşrdə tanınmış soydaşımızın həyat və fəaliyyəti geniş işıqlandırılmış, onun Azərbaycandakı uşaqlıq və gənclik illəri, Dağıstanda müəllimlik etdiyi dövr geniş əksini tapmışdır. Kitabda, həmçinin Maqsud Şeyxzadənin Dağıstandan Özbəkistana sürgün edilməsi, burada hörmət-izzət sahibi olması və özbək ədəbiyyatının klassikinə çevrilməsi, yenidən bu respublikadan da sürgün olunması və nəhayət yenə həmin torpağa qayıtması haqqında ətraflı məlumat verilir.

Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev bildirmişdir ki, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə ölümündən sonra Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə "Böyük xidmətlərə görə" ordeni ilə təltif olunmuşdur. Bu, onun yaradıcılığına və şəxsiyyətinə verilən böyük qiymətdir.

Xalq şairi, Özbəkistan qəhrəmanı Abdula Aripov Maqsud Şeyxzadə haqqında xatirələrini danışmış, şairin poeziyası və dramaturgiyasını özbək ədəbiyyatının inciləri adlandırmışdır. A.Aripov böyük şairin nəzmlə qələmə aldığı "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluqbəy" faciələrinin isə dünya dramaturgiyasının ən yaxşı nümunələrindən olduğunu diqqətə çatdırmışdır.

Yeni nəşrin müəllifi Naim Kərimov kitabına yüksək qiymət verdiklərinə görə çıxış edənlərə minnətdarlığını bildirmişdir.

1928-ci ildə Daşkəndə sürgün olunan tanınmış soydaşımız ömrünün axırınadək burada yaşamış, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda fəaliyyət göstərmişdir. Ədibin "Cəlaləddin Manquberdi", "Mirzə Uluqbəy" faciələri, "Daşkəndnamə", "Ağsaqqal" kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Daşkənddə onun altı cildlik seçilmiş əsərləri çap olunmuşdur.

Maqsud Şeyxzadə Nizami, Füzuli, M.F.Axundzadə, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza kimi Azərbaycan klassiklərinin əsərlərini özbək dilinə tərcümə etmişdir.

Özbəkistanın xalq yazıçısı Şükrulla M.Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırmışdır.

Ötən il ədibin 100 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunmuşdur.

 

 

Qulu Kəngərli

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.6.