Əbədi həyat

         

Bağdad şəhəri uzun və keşməkeşli tarixinin bir gününü də başa vurmaqda idi. Yavaş-yavaş payız günəşi qərb üfüqlərinə yatırdı. Şəhərin xüsusən bir-birinə qısılmış evlərinin dar və balaca həyat-bacası qaranlıqlaşır, haylı-küylü dükan-bazardan camaatın ayağı çəkilməyə başlayır, minarələrdən azan səsləri ucalır, məscidlər adamla dolurdu…

Belə bir axşamda iyirmi-iyirmi bir yaşlı, orta boylu, iri qara gözləri payız axşamının büllur səması kimi təmiz və işıqlı bir gənc tələsmədən, yavaş-yavaş fikirli halda şəhərin qərbinə tərəf addımlayırdı. Batmaqda olan günəşin işıqları bəzən onun ilk gənclik təravətilə işıqlanmış mülayim və qəriban görümlü üzünə düşür, gözlərini qamaşdırırdı. Bu halda o, əlini qaldırıb alnına qoyur, ya da başını əyməklə üzünü günəşdən qoruyaraq fikirli haldaca yoluna davam edirdi…

Bir neçə küçə keçdikdən sonra o, hündür kərpic divarların arxasında gizlənmiş bağlı-bağatlı evin iri alaqapısına yaxınlaşdı. Kənardan baxan gəncin mütərəddid hərəkətlərindən buralara nabələd olduğunu, bu qapıdan heç zaman içəri girmədiyini güman edərdi. Əslində isə belə deyildi. Bu yerlər, bu qapı ona yaxşı bələddi. Tərəddüd etməsinin səbəbi özünün də baş aça bilmədiyi gözlənilmədən sinəsində baş qaldırmış anlaşılmaz həyəcanlı duyğular idi…

Gənc qapının qabağında dayanıb ani fikrə getdi. Başını qaldırıb ətrafa göz gəzirdi, yaşıl yarpaqları ilə hasarın üstünü yalayan xurma ağacının nazik budaqlarına tamaşa etdi. Bura ürəyinin artmaqda olan həyəcanını yatıra bilmədi. fikrini toplayıb, cəsarətlə əlini qaldırdı, qalın taxta qapının ortasındakı dəmiri döydü. Dörd tərəfdən uca kərpic divarla hasarlanaraq pozulmaz ağır sükutu ilə sehirli görünən həyətdən səs gəlmədi. Gənc qapını bir daha döyməyib yenə həyəcanla hisslərə və fikirlərə qapıldı. Qapının yaxşıca yonulub hamarlanaraq ortasına vurulmuş dəmirə baxıb nəyi isə gözlər kimi, yenə fikrə getdi. Birdən ayılan kimi olub düşündü ki, bu qeyri-iradi hərəkətlə qoca münəccimlə görüş vaxtını uzatmaq istəyir. Sanki yavaş-yavaş ötüb keçən dəqiqələr ona bu görüşün sirrini gətirəcək, məqsədini bildirəcəkdi.

Axı, doğrudan da, o, mədrəseyi-ülumda nücum elmindən dərs deyən qocaman müəllim və münəccim Şeyx Əminin nəyinə gərəkdir? Bu gözəl müəllim ara-sıra tələbələri evinə dəvət etməyi sevərdi. Lakin təklikdə yox. Bir neçəsini bir yerdə. Həm də hansı hisslə, hansı mövzu barədə söhbət edəcəyini əvvəlcədən bildirərdi. İndi isə təkcə onu - ömrü boyu dəvə karvanlarına sarbanlıq etmiş Süleyman kişinin oğlu Məhəmmədi gözlənilmədən evinə dəvət etmişdi. Qəribə deyilmi, hər halda nə qədər gözlənilməz və sirli olsa da, bu çağırış Məhəmmədin ürəyinin hansı guşəsində hansı telini isə tərpədir, həyəcanlı da olsa, gizli bir sevinc, dəruni bir qürur da oyadırdı: axı, doğrudan da Şeyx Əmin nəinki mədrəseyi-ülumun, bəlkə bütün Bağdad şəhərinin mötəbər və məruf düşüncə sahiblərindən idi. Camaat arasında adı, hörməti, etibarı olan bir şəxs sayılırdı. Belə bir adamın nəinki diqqətinə, həm də görüşünə nail olmaq gənc tələbələr üçün böyük şərəf idi.

Bəs sinədə baş qaldırmış bu gizli, bu anlaşılmaz təlaş nədir? Ürəyinə iynə kimi sancılan bu narahatlığın səbəbi nədir? Məhəmməd ha düşünürdü öz əməllərində, öz həyatında elə bir günah, elə bir hərəkət tapmırdı ki, müəlliminin xoşuna gəlməsin, təhqir və tənbehə layiq olsun. Ancaq bircə şey ola bilərdi. Mədrəsə divarları arasında tələbə yoldaşları ilə əqli və nəqli elmlər barədə bitib-tükənmək bilməyən mübahisələr zamanı söylədiyi fikirlərdə bəlkə bir şey tapmışlar?! Axı o mübahisələr çox qızğın olurdu. Xüsusən dünya və axirət, sünni və şiə, qədiri-qüdrətin varlığında cism və cövhər, insan və Allah, rind və zahid Allah - kainat və sair bu kimi dini-fəlsəfi məsələlər barədə o qədər müxtəlif və bir-birinə zidd mülahizələr meydana çıxırdı ki, tələbələrin daha qızğın olanları az qala yordu davasına qalxır, bir-birini küfrdə, allahsızlıqda ittiham etmək dərəcəsinə gəlirdilər. Bəlkə bu mübahisə və söhbətlər zamanı Məhəmməd bir qüsura yol vermişdi? Bəlkə bu barədə qoca münəccimin qulağına bir şey çatdırmışlar?

Bu şübhələr mədrəsədə neçə gün əvvəl olmuş qızğın bir mübahisəni Məhəmmədin yadına saldı. Maraqlıdır ki, bu mübahisə əvvəlcə başqa tələbələr arasında başlamışdı. Yəqin oxucu hiss edir ki, söhbət Məhəmmədin özündən gedir. Onun dostları isə Əbutalib ibn Mülcəm və Kərim ibn Həziran idi ki, görünür dilə daha yaxşı yatdığı üçün müəllimlər də, tələbələr də birinciyə İbn Mülcəm, ikinciyə Həziran deyə müraciət edərdilər. Bu üç gənc mədrəsəyə gəldikləri birinci ildən bir-birinə yaxınlıq etmiş, bir yerdə dərs hazırlamış, ayaq gəzintisinə çıxmış və şəhərin seyrinə - dükan-bazara bir yerdə çıxmış, birgə nahar eləmiş, sevinc və kədərlərini, arzu və istəklərini bölüşdürmüşdülər. Onları yaxınlaşdıran mənəvi, ruhi bir amil də hər üçünün şeirə, sənətə olan qızğın həvəsi idi. Aralarındakı ünsiyyət getdikcə artaraq dostluğa çevrilmişdi. Əlbəttə, həyatın və təbiətin bu və ya digər hadisələri barədə anlayış ayrılıqları - mübahisələr və ixtilaflar da olurdu. Lakin onlar əsasən öyrənmək, anlamaq, dərk etmək həvəsindən doğduğu üçün tezliklə ümumi bir fikrə gəlməklə nəticələnir, dostları ruhən bir-birinə daha da yaxınlaşdırırdı.

Məhəmmədin xatırladığı bu dəfəki mübahisə isə tamam başqa ruhda olmuş və dostlar arasındakı idraki anlayışlarda dərin bir uçurum açmağa başlamışdı. O gün mədrəsədə dərslər qurtaran kimi İbn Mülcəm təbəssüm dolu gözlər və gülər üzlə yoldaşlarından ayrıldı:

- Bu gün məni gözləməyin, - dedi. - Atamın yaxın dostlarından biri bizi qonaq çağırıb.

Axşam düşəndə o gəlib çıxmadı. Gün batar-batmaz tələbələr bir-bir, iki-bir həyətin ortasındakı balaca hovuza yaxınlaşmağa, qollarını çırmayıb suyu ovuclayaraq dəstəmaz almağa başladıqda o gəlməmişdi. Tələbələrdən kimisi öz hücrəsində, kimisi eyvanın altına döşənmiş həsirlərin üstündə namaz qılırdı. Mədrəseyi-ülumda tələbələrin ibadət ayinlərini yerinə yetirmələrinə, müsəlmanlığın vacib tələblərindən olan namazı vaxtlı-vaxtında qılmalarına xüsusi diqqət verilirdi.

Məhəmməd və Həziran namazdan sonra hücrələrinə çəkilib mütaliə ilə məşğul olmağa başladı. Həziran Əbüləla Müərririnin, Sədinin, Xəyyamın şeirlərini sevərdi. Məhəmməd isə Hafizin qəzəllərinə, Nəsiminin rübai və fəlsəfi şeirlərinə, xalq bayatıları və aşıq qoşmalarına vurulmuşdu. İndi o, Nəsiminin divanını, Həziran Xəyyamın rübailərini mütaliə üçün hər ikisinin qulağı qapıda idi. Buna görə hənirti duyan kimi Məhəmməd balaca əlfəcini oxuduğu səhifəyə qoyub kitabı bükdü. Ayağa durmağa macal tapmamış qapı açıldı və sarımtıl siması tutqun, balaca girdə gözləri dumanlı halda İbn Mülcəm içəri girdi. Onun bu halına diqqət etmiş Həziran da kitabı bükdü və söhbəti uzaqdan başladı:

- Hə, qonaqlıq necə keçdi, dost? - deyib, soruşdu.

Məhəmməd də, Həziran da İbn Mülcəmin çox tez qızışan, nə barədə olursa-olsun, odlu-odlu danışmağı sevən, tündməcaz olduğunu çoxdan bilirdilər. Lakin tez qızışdığı kimi, tez də soyuduğuna və soyuduqda yumşaq və üzüyola olduğuna görə bu nöqsanına əhəmiyyət vermir, onu səmimi dostluğa əngəl hesab etmirdilər. Bircə sözə bənd imiş kimi, indi də İbn Mülcəm od üstündəki qaynar qazan kimi coşub-daşdı:

- Kaş, heç getməyəydim, elə qonaqlığa! - dedi. - Gül kimi xoş söhbətləri, çalıb-oynamağı - hamısını, hamısını axırda bir allahsız zəhər eləyib tökdü boğazımdan! And olsun yeri-göyü yaradana, az qalmışdı boğazını üzəm cücə boğazı kimi! Özümü zorla saxlamışam…

- Yaxşı, özündən çıxma görək, - deyib, Məhəmməd adətən olduğu təmkinlə və dostanə ona müraciət etdi. - De görək nə olmuşdu, kefini pozan kim idi?

- Kim olacaq, o qoca axmaq, o kitabfüruş Əhməd Hilali?

Əhməd Hilali adını eşidəndə Məhəmmədin qaşları çatıldı. Bunu hiss edən və Məhəmmədin qoca kitabfüruşa dərin hörmət bəslədiyini bilən Həziran da ciddiləşdi, Məhəmmədi qabaqlayıb dedi:

- Atan yaşda kişinin dalınca nalayiq söz demə. Açıq söylə görək axı o, nə günah işlədib?!

Dostların tənəsindən sarsılmış İbn Mülcəm azca yavaşımış səslə, lakin ürəklə, qəzəb və nifrətlə cavab verdi:

- Ondan bir kitab xahiş etmişdim. Qədim kitab olsun, heç kəsdə tapılmayan, nadir bir kitab! Söz vermişdi. Bu gün məclisin axırında ora gəlib çıxdı. Ev sahibinin də sifarişi varmış. Salam-kəlamdan sonra onun üçün gətirdiyi kitabı verib, üzünü mənə tutdu: - Qardaş oğlu, - dedi, - sənə elə bir kitab tapmışam ki, hələ-hələ ələ düşən şey deyil. İnsanın ağlını işıqlandıran, idrakını qidalandıran fikirlər xəzinəsidir… Mən sevindiyimdən dözə bilməyib kitabı əlindən qapdım… Açıb baxanda isə elə bil başıma qaynar su tökdülər… qanım qaraldı!..

Mədrəsədə oxuduqları illər ərzində İbn Mülcəmin Ərəstunu, Əli ibn Sinanı heç cür anlaya bilmədiyini, sevmədiyini bilən Məhəmməd bu hissin təsirilə qeyri-iradi olaraq gülümsədi. Qoca kitabfüruş haqqında azca əvvəlki ağır sözləri və onların qəlbində oyatdığı etiraz duyğusunu unutmuş kimi açıq zarafatla soruşdu:

- Olmaya Əli ibn Sinanın "Qanunlar"ı, ya Ərəstunun kitabı idi?!

İbn Mülcəm əllərini havada yellədi:

- Ay-hay!.. Onlar olsaydı, dərd yarıydı, birtəhər dözərdim. fikir verməzdim.

- Bəs necə kitab idi ki, səni belə qəzəbləndirib?! - deyərək Həziran və Məhəmməd birdən soruşdular.

İbn Mülcəmin yenidən rəngi boğuldu, gözləri qəzəblə doldu:

- O "Ənəlhəq - mənəm Allah!" deyən Həllac Mənsurun - o gorbagor kafirin kitabı! Şəriətin hökmüylə dar ağacından asılan laməzhəbin!

Araya sükut çökdü. Məhəmməd də, Həziran da gözlərini İbn Mülcəmin qaralmış üzünə zilləmişdi. Sanki onu çətin anlaşılan bir kitab kimi oxuyurdular və eyni fikrə gəlmişdilər. Nəhayət, Məhəmməd sükutu pozdu:

- Bununla belə, qərinələr keçsə də, Həllac Mənsurun adı unudulmur. Xalqın arasında o, məhəbbətində dönməz bir aşiq, inamı yolunda ölümə gedən bir qəhrəman şöhrəti qazanıb. Şairlər də onu bu cür təsvir ediblər. Sən bu əhvalatın özündə insan həyatının dərin bir hikmətini, düşünməyə layiq bir fəlsəfəsini görmürsənmi?

- Hələ ki, mən başa düşmürəm sən nə deyirsən? Sənin fikirlərini hər yönlü dərk edə bilmirəm! - deyib, İbn Mülcəm Məhəmmədi də, Həziranı da heyrətə salan bir inadla aralarında indiyə qədərki yoldaşlıq ruhunu sarsıdan bir müxalif kimi barışmaz iddia ilə danışdı, sərt səslə danışdı:

- Doğrusu, sizə məəttəl qalmışam: ömrünü dar ağacında başa vurmuş bir dinsiz barədə niyə belə mərhəmətlə danışırsız?!

İbn Mülcəmin sözləri və bütün danışıq tərzi - barışmaz ahəngi Məhəmmədə nə qədər təəccüblü görünüb, qəlbinə toxunsa da, təmkinini pozmadı, ona sakit cavab verməyə çalışdı:

- Bilirsənmi, - İbn Mülcəmə, - dedi. - Bu çox nazik və incə əhvalatdır. Çoxlarına göründüyü qədər sadə və səthi məsələ deyil. İnsan bəşər tarixində baş vermiş bu cür saysız-hesabsız əhvalatlara tənbəllik etməyib bir az dərindən baxsa və bu barədə dinlərin və əqidələrin tarixinə nəzər salsa, görər ki, onlar çox elə hallar nişan verir ki, öldürənlər yox, öldürülənlər haqlı olub. Onlar insanlara daha doğru yol göstərən əqidələrindən heç cür dönməyiblər, həqiqəti, ədaləti heç şeyə satmayıblar.

- Haqq da, ədalət də bizim müqəddəs dinimizdədir. İnsanlıq üçün Məhəmməd əleyhissəlamın göstərdiyi yoldan başqa doğru yol yoxdur! - İbn Mülcəm qızışıb ucadan danışdıqca onun səsinə eyvanın altında gəzişən bir neçə tələbə də içəri girdi. Onları gördükdə isə o daha da qızışdı:

- Həllac Mənsurun ölüm hökmünü verənlər bu dinin sadiq xadimləri olub!..

Tələbələrdən kim isə:

- Maraqlı söhbətdir! - dedi. - Ancaq sözün düzü, mən heç vaxt elə şairi, o cür odlu natiqi dar ağacından asmazdım. Salardım bir xəlvət guşəyə, evindən çölə buraxmazdım. Diri adamı, özü də o cür söz sahibini öldürmək bir iş deyil!..

Tələbənin sözləri Məhəmmədin fikirlərini yeni məcraya saldı.

- Görürsənmi, İbn Mülcəm, - dedi. - Hədsiz canfəşanlıqda axirət nökərçilik ruhi cinayətlə qohumdur; adamın ədaləti, vicdanı tapdalamasına yol açır. Tarix hər bir dinin, hər bir böyük əqidənin iki cür tərəfdarları olduğunu nişan verir: bir ona doğrudan da sidq-ürəklə inananları və əməl edənləri, bir də onu alış-veriş, varlanmaq, mənsəb qazanmaq vasitəsinə çevirənləri! Biri ona inanır, qəlbində yaşadır, o biri onu don kimi əyninə geyib, tinbaşı döşünə döyur ki: "Baxın, mən bu əqidənin sahibiyəm!". Təəssüf ki, çox zaman həyatda belələri qalib gəlir, üstün olurlar. Çünki təmiz vicdan və inam birinciləri yalana, riyakarlığa əl atmağa, insafsız və amansız hərəkətlər etməyə qoymadığı halda, ikincilər inamsızlıq ucundan əxlaq - vicdan adlı fəzilət nə olduğunu bilmədikləri üçün bütün pis və çirkin vasitələrdən rahatca istifadə edirlər…

- Sünni-şiə qırğınlarını qızışdıranlar məgər belələri deyil? - deyib, Həziran Məhəmmədin sözlərinə qüvvət verdi. - Gözümüzün qabağında hər gün necə müsibətlər törənir, qanlar tökülür, günahsız adamlar, arvad-uşaq qurban gedir. Nə üçün? Çünki İran şahları deyir.. - əsl haqq tərəfdarları, əsl müsəlmanlar şiələrdir. Qırın sünniləri! Osmanlı paşaları qışqırır: - xeyr, əsl müsəlman sünnilərdir, - öldürün şiələri! Hər ikisinə də dinin, Allahın, Quranın adı ilə rəvac verənlər, məgər sən İbn Mülcəmin inandığı, iman gətirdiyi Qurana qəsəm qılan bəzi başıçalmalılar deyil?!

İbn Mülcəm susub danışmasa da, yoldaşları ilə razılaşmadığı məlum idi. Tələbələr artıq söhbətin mövzusunu dəyişərək, yatmaq bilməyən şiə-sünni davalarından gördüyünü və eşitdiyini təəssüflə, yana-yana nəql edir, əsri bürümüş bu böyük fəsadın qabağını almaqda aciz olduqlarına heyifsilənirdilər…

Əslində Məhəmməd həmin mübahisə zamanı söylədiyi düşüncə və fikirlərdə bir günah görmürdü. Özünü tamamilə haqlı bilirdi. Bu inamda idi ki, ürəyi təmiz olan və insanlığı istəyən heç kəs başqa cür düşünə bilməz. Lakin adamlar cürbəcürdür. İçlərində necəsini desən tapmaq olar. Məhəmməd mübahisələr zamanı hesabı içəri verən, bir fikir söyləyən, lakin ürəyində kimi isə günahlandıran, dalda söhbət düşəndə bunu büruzə verən tələbələr olduğunu öz qısa həyatında müşahidə etmişdi. Bəlkə belələrindən biri, Allah bilir, Məhəmmədi hansı günahlarda ittiham edərək müəllimin qulağına çatdırmışdı… Bəlkə…

Məhəmmədin xəyalında bu bəlkələrin biri batmamış o biri doğurdu. Qoca münəccimin ilk həyat və nücum məsələləri barədə ayrı-ayrı tələbələrlə xüsusi söhbət etməyi sevdiyini və bu söhbətlər zamanı maraqlı fikirlər söylədiyini, tələbəni danışdırmağa, nə düşündüyünü öyrənməyə çalışdığını eşitmişdi. Bəlkə elə indi də belə olacaqdı. Qoca və sevimli müəllim onu uzaq mavi göylərə qaldıracaq, ulduzların qucağında gəzdirəcək, özünün də yol aça bilmədiyi, çaşıb qaldığı səma cisimləri nəhayətsizliyinin, o ucsuz-bucaqsız fəzalar ziyasının sirlərini öyrənmək yollarında ona yoldaşlıq edəcəkdi…

Bəli, Məhəmmədin fikri tez-tez mavi göylərə uçurdu. O, qoca münəccimin xəyalının ömrü boyu gəzdiyi yollarda dolanmaqdan qorxmurdu. Lakin ehtiyat edirdi ki, sinəsində çırpınan həyəcanlar fikrini çaşdırsın, qocaya istədiyi kimi cavab verə bilməsin. Mühakimələri onda pis təəssürat oyatsın. Bu təzadlı duyğulardan yorulmuş beyin birdən-birə bir qətiyyətlə hərəkət etmək əmri verdi və o, qeyri-iradi olaraq əlini qaldırıb qapını bərk-bərk döydü. Dərhal uzaqdan məzəli bir səs eşidildi:

- Gəldim, gəldim, qardaş oğlu…

Məhəmməd düşündü ki, insanın siması görünməsə də, səsi onun xasiyyəti, sərt və ya yumşaq ürəkli, amansız və ya mülayim olması barədə müəyyən təsəvvür yarada bilir. İndicə "gəldim" deyə uzaqdan eşidilən adamın səsində də qəribə bir mehribanlıq duyulurdu. Məhəmmədə elə gəldi ki, səs sahibinin simasında mütləq xoş bir təbəssüm olmalı idi. Qapı açılanda doğrudan da qarşısında üzügülər bir kişi dayanmışdı. Onun simasını örtmüş seyrək tüklər səhər açılanda yamaclara düşən qar kimi bu xoş təbəssümün işığını artırırdı.

Kişinin başı açıq idi. Uzun, gen köynəyin qollarını dirsəyə qədər çırmamışdı. Qısa tüklər başını və qulağının dibinə qədər bütün boynunu örtmüşdü, onu məzəli, gur səsinə nisbətən xeyli qoca göstərirdi. Lakin qaragilə, işıqlı gözləri bir uşaq sevinci ilə parıldayırdı. Alnını və çənəsini qırışlar örtmüşdü. O, Məhəmmədə dünyanın hər üzünü görmüş, lakin ürəyini pis fikirlərdən, hisslərdən təmiz saxlamış həyatsevər bir adam təsiri bağışladı. Dərin hörmət və ədəblə ona salam verib özünü tanıtmaq istədikdə kişi onun sözünü kəsdi:

- Zəhmət çəkmə, oğlum, - dedi, - mən səni yaxşı tanıyıram. Sən tələbə Məhəmmədsən. Bir balaca şairliyin də var. Bəzi-para sözlərin gəlib qulağıma da çatıb. Hələ istəyirsən atanı da nişan verim: sən sarban Süleymanın oğlusan… Allah rəhmət eləsin. Yaxşı kişi idi. Halal çörək yeyən idi. Özü də o qədər dəvə karvanlarına qumlu səhralarda başçılıq eləmişik ki… Nə isə, başını ağrıtdım. Gəl, gəl dalımca, - o, qapını örtüb, cəftəsini saldı. Divara söykədiyi belin uzun dəstəyindən yapışıb çiyninə atdı. Balaca xiyabanla həyətin içərisinə addımladı…

Məhəmmədin ürəyi həm şad, həm də nisgilli hisslərlə dolmuşdu: atası ilə ağır karvan yollarında yoldaşlıq etmiş bir adama rast gəlməsi gözlənilməz olduğu qədər də sevincli idi. Tanımadığı bu kişinin atasını xatırlaması, onun haqqında yaxşı sözlər deməsi nə qədər xoş idi…

 

 

 Mirzə İbrahimov

 

 Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.2.