"Cəlil Məmmədquluzadə" kitabı Ukraynada nəşr olunub

 

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və  yaradıcılığının tədqiqi və təbliği, böyük demokrat ədibin əsərlərinin nəşri sahəsində ardıcıl və səmərəli iş aparır. Onun tədqiqatlarının əhatə dairəsi genişlənməkdə davam edir. Akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə haqqında Azərbaycanla yanaşı Fransada, Rusiyada, Türkiyədə, Misir Ərəb Respublikasında, Bolqarıstanda, Pakistanda, İranda çap olunmuş kitabları və məqalələri qüdrətli sənətkarın beynəlxalq aləmdə tanıdılması baxımından əhəmiyyətli olmuşdur.

 

Bu yaxınlarda akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi əsərlərinin coğrafiyasına daha bir ölkə də əlavə olunmuşdur. Ukraynanın Sevastopol şəhərindəki "Delta" nəşriyyatında rus dilində çapdan buraxılmış "Cəlil Məmmədquluzadə" adlı tanıtma kitabı ilə müəllif Azərbaycan ədəbiyyatının görkəmli klassikini bu ölkənin ədəbi ictimaiyyətinə və oxucularına təqdim etmişdir. Min nüsxə tirajla çap olunan "Cəlil Məmmədquluzadə" kitabındakı böyük ədibin həyatının və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən qiymətli fotoşəkillər əsərin əyanilik imkanlarını daha da artırmışdır.

İnanırıq ki, yeni nəşr ukraynalı ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılanacaq, görkəmli dramaturq, publisist Cəlil Məmmədquluzadə haqqında rus dilində aparılacaq gələcək elmi tədqiqatlar üçün qiymətli mənbə olacaq.  

 

 

Mehriban SULTAN

 

Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.6.