Səməd Vurğun haqqında məqalə məruzə

     

  Sovet xalqlarının faşizmə qarşı Böyük Vətən müharibəsi başladı. Çoxları elə müharibənin elan edildiyi birinci günləri çağırılmadan hərbi cəbhəyə getmək arzularını bildirirdilər. Bu, xüsusda iclaslarda da danışılır, təbliğat aparılırdı. Geridə qalmaq istəmədim (geridə qalmaq yaxşı səslənmirdi). Müharibənin üçüncü günü hərbi komissarlığa getdim. Çox böyük növbə yaranmışdı. Növbə cərgəsi komissarlığın həyətinə qədər uzanırdı. Qabağa düşmək istəyənlərə də acıqlanırdılar, buna növbəyə duranlar da etiraz edirdi. O günü mənə növbə çatmadı.

Səhərisi institutda mənə dedilər ki, səni Yazıçılar İttifaqından axtarırlar. Səməd Vurğun çağırırdı...

Səməd Vurğunun məni nə üçün çağırdığını, Yazıçılar İttifaqı və yazıçılar mühiti ilə ilk tanışlığımı bilmək üçün burada müxtəsər də olsa, 1938-39-cu illərə qayıtmalıyam.

Mən ilk qələm təcrübəsi olançoxu rus klassikləri haqqında yazılarımla 1936-cı ildən mikroədəbiyyat çevrəsində az-çox tanınmışdım. Müasir ədəbiyyatı da çox geniş olmasa da izləyir, xoşuma gələn əsərləri bir oxucu kimi oxuyurdum. Xüsusən, o illərdə şairlərdən daha çox populyarı olan Səməd Vurğunun əsərləri məni daha çox cəlb edirdi. Onun nəinki çap olunmuş əsərlərini, çap olunmamış ilk şeirlərini də yay aylarında Şuşaya, Dilicana ixtisaslaşma kursuna gələn yaşlı müəllimlərdən öyrənib yazmışdım. Xüsusən, Qazax müəllimlərindən şairin bu ilk çap olunmamış şeirlərini əzbərdən bilənlər çox idi. Hərçənd Səməd Vurğun özü bir şerində bu şeirləri "Ölən şeirlərim" adlandırmışdı. Ancaq mən bu şeirlərə çox canlı, təbii bir məhəbbət lirikası kimi baxırdım. Bir sözlə, Səməd Vurğun bir şair kimi mənə çox xoş gəlmişdi. Səhv etmirəmsə, 38-ci ilin əvvəllərində gözlənilmədən Səməd Vurğun haqqında həqiqətə uyğun olmayanguya Səmədin varlığı idrak üsulunda səhvləri olduğu haqqında bir məqalə nəşr edildi. Bu məqalə məni əməlli-başlı qəzəbləndirdi. Məqalə müəllifinə mənim çox hörmətim vardı. O, çox ağıllı adam idi, belə bir səhv məqalə ilə çıxış etməsi məni çox təəccübləndirdi. Məqaləyə cavab kimi "Səməd Vurğun yaradıcılığında xəlqilik" sərlövhəli bir məqalə yazıb "Ədəbiyyat qəzeti" redaksiyasına yollandım. Məqaləni oxumadan mənə məsləhət gördülər ki, onu Osman Sarıvəlli ilə Əli Vəliyevə oxuyum. Oxudum. Onlar bir-birinin üzünə baxıb, baxışları ilə bir-birinə nə isə dedilər. Birinci Osman Sarıvəlli ağır-ağır dilləndi:

-Çox yaxşı məqalə yazmısan, ancaq bir az gözlə, hələ cavaba tələsmə...

Bu arada Osmanı qonşu otaqdan çağırdılar. Mən Əli Vəliyevə təəccübümü bildirdim. Osman niyə belə dedi? Bir halda ki, məqalə yaxşı yazılıb, niyə çap olunmasın? Əli Vəliyev sözü açıq deyən adam idi, o, yavaş səslə mənə dedi:- Məqalədəki tənqidi fikirlərinə söz ola bilməz, ancaq bir az gözlə, yuxarılarda Səməd haqqında hansı əclafsa çox pis fikir yaradıb, gözlə qoy ara səngisin. Mən özüm səni axtarıb taparam, məqaləni də çap edərik. Ruhdan düşmə!

Qabaqkı illərdə də Səmədə yersiz hücum edildiyi, onun çoban-çoluq şairi adlandırıldığını mən bilirdim. Məqaləni götürüb getdim. Ancaq bu söz-söhbət haqqında fikirlər məni tərk etmirdi. Səmədin əsərlərini yenidən oxuyur, şerimizin çox mürəkkəb inkişaf yolunu bir həvəskar kimi öyrənməyə çalışırdım.

Bir ay keçmədi məni Yazıçılar İttifaqına çağırdılar. Osman Sarıvəlli ilə görüşməli idim. Məndən məqaləni istədi. Elə həmin gün məqaləni ona çatdırdım, çap olundu. Oxucu və yazıçılardan eşitdiyim söz bu oldu ki, Səməd Vurğun yaradıcılığında xəlqilik düzgün izah edilmişdir. Deməsələr də, başa düşmüşdüm ki, "yuxarılarda şair haqqında fikir yaxşılaşmışdır". Bir-iki ay sonra, səhv etmirəmsə, 1939-cu il may ayının əvvəlləri idi, yenə məni Yazıçılar İttifaqına çağırdılar. Səməd Vurğunun yaradıcılığına həsr edilən bir iclas olacaqdı, iclasda məruzəni mənə tapşırmışdılar. Sonradan idman sarayına çevrilmiş maarif evində (Kirov prospektində) böyük bir salonda bütün yazıçılar və ziyalılar toplanmışdı. İclasa İttifaqın sədri Süleyman Rəhimov sədrlik edirdi. Səməd Vurğun uzaqda, salonun lap axırıncı cərgəsində oturmuşdu. Mən məruzəni yazmış, makinada çap etdirmişdim. Ancaq oxumurdum, səhifələri vərəqləyə-vərəqləyə danışırdım.

Məruzə Azərbaycan sovet şerinin inkişafı və problemləri fonunda Səmədin yaradıcılıq yolu və yaradıcılıq ideyalarını əhatə edirdi. Həmin məruzənin makinada yazılmış nüsxəsini şairin muzeyinə vermişəm.

Məruzə çox gurultulu təsir bağışladı, müəyyən illərdə şerimizdə olan formalizmi kəskin tənqid etdiyimə görə, ciddi mübahisəyə də səbəb oldu. Vaxtilə formalizmə uyanlardan bəzisi mənə replikalarla hücum etdilər, lakin nəzəri-tənqidi fikirlərimi təsdiq edənlərin sayı çox oldu. Səmədin ilk şeirlərini də qiymətləndirdiyimə görə bu şeirlərə münasibətimi təsdiq edənlər də oldu, tənqid edənlər də. Bütün iclas boyu Səməd dillənmirdi. Yalnız "ölən şeirlərdən" danışanda o, mənə gülə-gülə belə bir sual verdi: - O şeirləri hardan toplamısan?

- Xalqdan, - deyib izahat verdim.

Bu yaradıcılıq gecəsindəki mübahisə, çıxışlardan mən o vaxta qədər ağlıma gəlməyən bir məsələnin şahidi oldum: aydın hiss olunurdu ki, yazıçılar, şairlər arasında, həm də istedadlı şairlər arasında nə isə ikitirəlik var. Belə ikitirəliyi sonralar rəsmi dairələrdə "qruppabazlıq" adlandırmışdılar. Əslində isə belə deyildi. Bu müəyyən nəzəri əsası olan qruppabazlıq deyildi. O illərdə Səməd Vurğun daha çox oxunan, daha çox populyar şair sayılırdı. Belə hallarda tək-tək adamlarda yaxşıya həsəd aparmaq xəstəliyi tez baş qaldırırdı. İkitirəliyi yaradan da bu həsəd idi. Əlbəttə, buya başqa birisi haqqında belə həsəd də çox arzu olunmayan nəticələr verdiyinə görə zərərli, qorxuludur. Qorxuludur ona görə ki, çox hallarda böyük bir istedad haqqında da çox mənfi fikirlər yarada bilir. Bununla belə, həsəd başqa, "qruppabazlıq" başqadır. "Qruppabazlıq" dünya baxışı və ədəbi zövq ayrılığı, varlığı, müasirliyi dərk etməkdəki fərq nəticəsində ola bilərdi. Bizim yazıçılarda isə nə o illərdə, nə də sonrakı illərdə belə bir fərq görünməmişdi... Mən bu "qruppabazlıq" sözü haqqında mətləbi ona görə uzatmalı oldum ki, sonralar da bir qayda olaraq yuxarılarda yazıçıların bəzilərinin bir-birindən xoşu gəlməməsi və ya həsəd aparmasını qruppabazlıq adlandırıb ona siyasi məna verir, bu da çox pis, ağır nəticələr verirdi. İttifaqın işinə də, ideyalı yazıçıların yaradıcılığına da şübhə doğururdu...

İclasdan sonra mən öz-özümə düşünüb belə bir nəticə çıxarmışdım ki, sözsüz, Səməd Vurğun haqqında yuxarılarda səhv fikrin yaranmasına səbəb elə müəyyən yazıçıların öz arasında olan həsəd, bir-birinin nailiyyətindən sevinməmək olmuşdur. Sonrakı illərdə də bir çox xoşa gəlməyən hadisə və münasibətlərin şahidi olanda mən bu fikrimdə yanılmadığımı gördüm (bu xüsusda yeri gələndə yazacağam).

Haqqında danışdığım illərdə müəyyən yazıçılar arasında yerlipərəstlik azarı da (müəyyən qism oxucularda da) özünü göstərirdi. Həmin yaradıcılıq gecəsində iştirak edənlər dağılanda, mən bir nəfərdən belə bir söz eşitdim:

- Çox sağ ol, qazaxlı balası!... Halbuki mən qazaxlı deyil, naxçıvanlı idim...

 

Heydər Hüseynov haqqında qeydlər

 

Qabaqda yazdığım kimi, mən qəzetdə işlədiyim müddətdə eyni zamanda Universitetin daimi müəllimi sayılırdım. Teatr İnstitutunda da həftədə bir neçə saat dərsim vardı. Bu arada yenə "yuxarıların" ziyalılardan narazı olduğu xəbəri yayıldı. Bu narazılıq Heydər Hüseynovun əsərlərində Şeyx Şamil hərəkatı haqqındakı fikirləri ilə əlaqədar idi. Ümumiyyətlə, ötən əsrdə dağlıların Şamilin başçılığı ilə çarizmin milli siyasətinə qarşı mübarizəsi haqqında görkəmli rus sovet alimləri də çox yazmış və bu hərəkatı milli azadlıq hərəkatı kimi qiymətləndirmişdilər. Heydər Hüseynov da rus alimlərinin tədqiqatına əsaslanaraq, bu hərəkatı eyni ruhda səciyyələndirmişdi. Hər yerdə danışırdılar ki, Heydər Hüseynovun bu fikri Bağırovu çox qəzəbləndirmiş, onun fikrincə Heydər Hüseynov öz millətçi şovinist fikirlərini qaçaq-quldur hərəkatı başçısı olan Şamili tərifləməklə təbliğ etmişdir. Bunu da deyirdilər ki, Bağırov özü bu barədə nə isə yazmağa hazırlaşır.

Şamil hərəkatı haqqında mənfi fikir Bağırovun öz fikri idimi? Buna inananlar az idi. Mən də bu qənaətdə idim ki, Bağırovun özünün vacib işlərini bir tərəfə qoyub, təcili surətdə ötən əsrin hadisələri ilə məşğul olması onun öz iradəsilə olan deyildir.

Bu şayiədən qabaq, Heydər Hüseynovun əsərlərinə mətbuatda haqlı olaraq, - Məmməd Arif və Mirzə İbrahimov da yüksək qiymət vermişdilər. Buradan bir çoxları belə bir nəticəni çıxarırdılar ki, "hər üç alimin işi fırıqdır"... Çox çəkmədi bunun əlamətləri də göründü. Heydər Hüseynovun yuxarıya çağırıldığı və çox kəskin tənqid edildiyi, təhqir edildiyi xəbəri yayıldı. Dedilər Heydər Hüseynov artıq işə çıxmır...

 

 

  (Məmməd Cəfər Cəfərov)

 

  Ədəbiyyat qəzeti.-  2010.- 9 sentyabr.- S.1, 3.