Xəzan tanımayan həyat

     

  "Nurlan" nəşriyyatının oxuculara təqdim etdiyi şeir topluları arasında "Mən bu ömrü yaşadım" adlı bir kitab da vardır. Kitabda Azərbaycan milli-demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mədinə Gülgünün şeirləri toplanmışdır. Kitabın nəzəri cəlb edən ümdə məziyyətlərindən biri oxucularını bir sıra qələm sahiblərinin şairin yaradıcılığı barədə rəyləri ilə tanış etməsidir.

Toplunun ilk səhifələri professor Qulamrza Səbri Təbrizinin "Həsrət poeziyası" adlı məqaləsi ilə açılır. Təbii ki, müəllif həyatda və sənətdə Mədinə xanımla eyni taleyi yaşadığından şairin yaradıcılığına baxışının sətirləri bu doğmalığı əks etdirməyə biganə qalmır. Professor çox səmimi səslənən bir ahənglə yazır: "Şairənin yaradıcılığı ilə tanış olduqca belə qənaətə gəlirsən ki, onun şeirləri həyat və mübarizə yolunun ayrılmaz bir parçasıdır".

Kitaba daxil edilən "Həsrət, ümid, inam nəğmələri" adlı məqaləsində Azərbaycanın xalq şairi Rəsul Rza vətənə və ona həsr edilən poetik nümunələrin şəninə gözəl bir abidə ucaldıb: "Vətənimizin şair qızı Mədinə xanımın kövrək qəlbinin yeni, həzin nəğmələri məni xatirə yolları ilə ana Təbrizin qoynuna qaytardı. O günlərdən on illər keçib. Bəlkə də bütün bunlar dünən olub. Xatirələr o qədər canlı, o qədər göynəklidir ki, sanki zaman heç onların rəngini soldurmayıb… Dodaqlarımda iki kəlmə titrədi: "Təbrizim - mənsizim. Sən bu şeirlərində unudulmaz xatirə səhifələrini yenidən açdın. Sağ ol, bacım. Sağ ol. Vətənimin şair qızı…"

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadə Mədinə xanımın yaradıcılığını həmişə ustad və qələm dostu kimi qiymətləndirmişdir. Yaradıcılığının başlıca qayəsi vətənin və xalqın mənafeyi keşiyində bir mücahid əzmi ilə döyüşə hazır olduğunu mərd-mərdanə elan edən Mədinə Gülgünün yaradıcılığına Bəxtiyar Vahabzadə də bir fədai qətiyyəti ilə cavab verir: "Mən məhəbbət dediyim zaman Mədinə Gülgünün yalnız bu mövzuda yazdığı şeirlərini və qəzəllərini nəzərdə tuturam… Şairin tutduğu yolu, məsləki, əqidəsi, andı, sənət eşqi də bu böyük duyğu ilə yaşayır…"

Xalq yazıçısı Elçinin "Əbədi gün sorağında" adlı yazısı da kitaba daxil edilib. Müəllif son dərəcə nikbin bir əhval-ruhiyyə ilə yazır: "Haçansa yenə yaz gələcək… O yaz həqiqiliyi, mütləqliyi şairi ruhdan düşməyə qoymur, ümid yaradır, inam yaradır, arzular misralara çevrilir, eyni zamanda nisgil də, həsrət də, həyəcan da şairin bütün varlığını ələ alır və beləliklə də poeziya yaranır… Mədinə Gülgünün poeziyasının diqqəti cəlb edən cəhətlərindən biri də budur ki, bu poeziyada Cənuba bağlılıq, Cənub məhəbbəti, Cənub təəssübü özünün Şimal qardaşları ilə tamam müştərəkdir. Bu poeziya təkcə Cənub poeziyası deyil, necə ki, bizim şimallı şairlərimizin poeziyası yanız şimal poeziyası deyil. Bizim bir poeziyamız var: Azərbaycan poeziyası:

 

Bir torpaq üstündə doğulmuşuq biz,

Bir qolum Bakıdır, bir qolum Təbriz.

 

Cəsarətlə demək olar ki, akademik Bəkir Nəbiyev Ümumazərbaycan miqyasında Güneydə gedən ədəbi hərəkata yaxından bələd olan mütəxəssisdir. Onun Mədinə xanımın kitabına yazdığı "Gülgünün gözləri ilə" adlı məqaləsi bu iddianı yetərincə təsdiq edən bir ərməğandır. O yazır:

"Şairin şeirlərini oxuyarkən hiss edirsən ki, o ömrünün müdrik dövrünü yaşayır… 17-18 yaşlı Mədinənin bir əlində qələm, bir əlində silah azadlıq mücahidləri ilə çiyin-çiyinə vuruşduğu, döyüşlərarası fasilədən səngər təkiyəgahını xitabət kürsüsünə çevirib öz əsgər qardaşlarına mübariz ruhlu şeirlər oxuduğu dünən deyildimi?.."

Əgər desəm ki, zamanın tələblərinə cavab vermək sınağından Mədinə Gülgünün qələminin məhsulları başıuca çıxmışdır, mübaliğə olmazdı. Həmin sınaq çağlarında Gülgünün fədai tüfənginin açdığı atəş onun şair qələminin ötdüyü mübarizə və döyüş ruhlu nəğmələri ilə həmahəng səslənmişdir. Bu baxış Azərbaycanın xalq şairi Balaş Azəroğlunun misralarında həqiqətin ifadəçiləri kimi əksini tapmışdır. O, yazır:

 

Qəzəbin, nifrətin şimşək kimidir,

Sal daşı parçalar, qayadan keçər.

Qəlbin deməyəni deməz dilin də -

Səni boğazından assalar əgər.

 

Sən bu ilhamınla, təxəyyülünlə

Bir il də yaşasan, yüz il də qalsan,

Sönməz hərarətin, sönməz atəşin -

Səni şair doğmuş əzəldən anan.

 

Burası da ağsaçlı tarixin qələmi ilə bəşəriyyətin həyat salnaməsinə həkk olunmuş bir həqiqətdir: zamanın yazdıqlarını pozmaq işində tarix güzəşt tanımır. Bu iddiaya da Gülgünün qələm məhsulları etibarlı təsdiq möhürü vurmağı əsirgəməmişdir. O, keçdiyi ağır sınaqlarla dolu yaradıcılıq yollarının bircə ilini həsrət, fəraq və ayrılığın yaxıb-yandırdığı nəfəsindən amanda keçirmişdir. Şair bu həqiqəti etiraf etməkdən, qələminə ilham və qüdrət verən qüvvənin ünvanını dəqiq tərənnümdən xüsusi qürur duyur:

 

İndi mənə ilham verən

Bir müqəddəs vətənim var.

Azad dilim, azad sözüm,

Gül-çiçəkli çəmənim var.

Bir nəğməkar bülbül kimi

Azad oldum qəfəsdən mən.

 

Dövrün poetik lirasında səslənən nəğmələr aləmində Mədinə Gülgünün ötdüyü mahnılar özlərinin inam və qətiyyətləri, sabaha ümidli baxışları ilə aparıcı motiv təşkil etdilər:

 

Mən nə güləm, nə çiçəyəm,

Nə də əsən bir küləyəm.

Ötsən bizim ellərə də,

Mən yenə də gələcəyəm.

 

Lakin vətəndən, doğma torpaqdan, hətta uzun illərdən bəri görüşünə sevindiyi küçələrdən, məhəllələrdən uzaqlıq, düşdüyü yeni mühit sinəsində şair ürəyi döyünən sənətkarda təzə-təzə mahnılar doğurmaya bilməzdi. Əlbəttə, bunlar elə mətləblər deyildi ki, onların yanından laqeyd, bir qədər yumşaq desək, fərqinə varmadan ötüb keçmək mümkün olsun. Məşhur bir filosofun dediyi kimi, mühacirətdə yaşamalı olan qələm sahibi iki qələsəməyə malik olmalıdır. Birilə ayrıla bilmədiyi doğma yerlərin ab-havası ilə tənəffüs etməli, digərilə isə düşdüyü ayrılıq və firqət mühitindən bəhrələnməyin öhdəsindən gəlməyi bacarmalıdır. Mən deyərdim ustad sənətkarın qabiliyyəti məhz bu mühitin tələblərinə cavab verə bilməsi ilə müəyyənləşir.

Bu problemin izahında və həllində Mədinə xanım "Qələmim və körpəm" adlı şerində əsl söz ustasına layiq bir sənətkar mövqeyi tutmuşdur. O, qarşılaşdığı çətinliklərin həllinin öhdəsindən körpəsi ilə qələmi arasındakı münasibətin tərənnümü simasında bir qalib kimi gəlir:

 

Bir əlimdə qələmim, bir əlimdə körpəm,

Masamın arxasında əyləşirəm təzədən.

Körpəm baxır üzümə gülümsəyir arabir,

Onun bu gülüşləri artıq şeirə çervilir.

 

Mədinə Gülgün milli-demokratik poeziyanın görkəmli nümayəndəsi kimi şöhrət tapmışdır. Bu poeziyanın nümayəndələri döyüş meydanlarındakı səngərlərini xalqın onlara bəxş etdiyi ən qiymətli və etibarlı dayaq nöqtəsi hesab etmişlər. Bu mühitdə keçirdikləri səksəkəli gecələr bir an səngimək bilməyən düşmən atəşləri altında keçən gündüzlər onlar üçün əsl sınaq meydanı olmuşdur. Xalqın fədai oğul və qızları bu mücadilədən başı uca çıxmışlar. Onların zəfərini təmin edən amillər sırasında xalq adlı tükənməz qüdrətli bir arxa aparıcı rol oynamışdır. Şairin sənətdə çox məqbul səslənən baxışı ondan ibarət olmuşdur ki, azadlıq yolu mücahidləri və onların etibarlı silahdaşı olan sənət hadisələrə nikbin baxışı həmişə müqəddəs hesab etməlidir. Şairin qələmindən süzülüb gələn misraları bu həqiqəti dönə-dönə təsdiq etmişdir:

 

Şair, günlərin eşqilə yarat,

Hünər meydanıdır anamız - həyat.

Şerin pərvazlanıb açmazdı qanad

Onda xalqın səsi, bil, olmasaydı.

 

Haqqında söhbət açdığım kitabda şairin "Bir ovuc qar" şeri də verilib. Şeirdə söhbət ondan gedir ki, həkim şairi müayinə edərkən onun qəlbinin döyüntüsünün bir qədər artdığını üzə çıxardır. Müalicə üçün ona yazdığı nüsxədə bir neçə dərman içməyi məsləhət bilir. Şair isə başqa fikirdədir. Müəllif yazır ki, vətəni darda qalan bir elin xəstəsiyəm. Ona görə də adi dərmanlar onu sağalda bilməz. Bəs şair nə fikirdədir? Sözü misralara verək:

 

Nüsxə yazma nahaqdan,

Mənə bir çiçək gətir

Doğulduğum torpaqdan.

Savalanın qarından -

Bircə ovuc tap həkim…

Qoyum sinəmin üstə -

Sanım ki, vətəndəyəm

Unudum ağrıları…

 

Zəmanəsinin "şair anası" kimi şöhrət tapan Mədinə Gülgünü təkcə öz xalqının, öz ölkəsinin deyil, ünvanı bəşəriyyət, insanlıq sözləri ilə ifadə edilən cəmiyyətin taleyi düşündürürdü. Onun bəsirət gözü, ərəb şərqində, Afrika səhralarında, Avropanın müxtəlif nöqtələrində öz mənafeləri xatirinə zor və odlu silah sahiblərinin axıtdıqları nahaq qanlara biganə qala bilməzdi. Şair bu fikirdə olmuşdur ki, "Yaşıl planet" hesab edilən bir diyarı insanlar üçün dinc yaşamaq diyarına çevirmək mümkün olduğu halda onun hər bucağında bir nigarançılıq ocağı alışdırmaq kimə və nəyə lazımdır? Şairin bu rəyi də nəzərdən yayınmır ki, Planeti dinclik, əmin-amanlıq məskəninə çevirməkdə zorakılıq və qəraətə uzanan əlləri buxovlamaqda Yer üzünün ən qadir məxluqu olan insanlar çox iş görə bilərlər. Poeziyanın qüdrətli sələfləri də, müasir yolçuları da bu əqidəyə şərik olmuşlar.

Mədinə Gülgünün bəşərə məhəbbət çeşməsindən su içən misraları hayqırır ki:

 

Qoruyun bu dünyanı

İnsanlar, ay insanlar.

İnsan silah götürüb

Heç qırarmı insanı?..

 

Mədinə xanımın haqqında söhbət açdığım "Mən bu ömrü yaşadım" adlı kitabının səhifələri onun sənətkar ömrünün uzun bir dövrünü əhatə edir. Nəzərdən yayınmayan ümdə cəhət ondan ibarətdir ki, o, ciddi qabarma və çəkişmələrlə dolu olan həyatının bütün mərhələlərində sənətinin baş qayəsinə sadiq qalmışdır. Onun yaradıcılığının məhək daşını isə vətənin taleyini, bu torpaqda yaşayan insanların həyat və mübarizələrini, ümid və arzularını, bəşəri duyğularını, sevinc və sarsıntılarını tərənnüm təşkil etmişdir. Şair həyatın dolanbac yollarında insana, onun bəşəri ləyaqətinə, yerlərin, göylərin pərəstiş etməsindən sarsılmaz bir inamla söz açmışdır. Onun bu sənətkar qənaəti "Tənhalıq" adlandırdığı cəmi 12 misradan ibarət olan şerində heyrət doğuracaq bir ustalıqla poetik həllini tapmışdır. Günəşin əl-ayağı qüruba çəkilən çağında qəflətən yağan şıdırğı yağış sahili kimsəsiz qoyur. Tənha qalmaq bütün əzəmətinə baxmayaraq dənizi sarsıdır. O, yeganə təsəllini insana müraciət edib, onu tənha qoyub getməməyi təmənnada görür.

 

Ləpələr əl açıb bir körpə təki

Elə bil arxadan məni çağırdı.

Səslər qayalara dəydi töküldü.

Dənizsə ağladı ümman, ümman.

Qulağıma sınıq bir səda gəldi:

Məni tənha qoyub getmə, ey insan!

 

Bu təkcə Mədinə Gülgünün deyil, başdan-binədən Bakıya övlad məhəbbəti güneyli qələm sahiblərinin yaradıcılığına xas olan bir münasibətdir. Mədinə xanımın Bakıya məhəbbətinin özül daşları çox etibarlı hadisələrin əli ilə qoyulmuşdur. Həyatının bütün çağlarında - istər döyüş və mübarizə illərində, istər mühacirət və fərağ çağlarında şair özünü Bakının isti ana qucağında hiss etmişdir:

 

Mənim gözlərimlə baxın Bakıya,

Çırpınan qəlbimin ahəngidir o.

Eşitsin səsimi qoy bütün dünya,

Qəşəng şəhərlərin qəşəngidir o.

 

Mədinə Gülgünün sənət aləmində hakim olan bir baxışın yanından sükutla keçmək söz yox ki, doğru olmazdı. O, səmimi misralarıyla minlərin könül dünyasını fəth etməyə nail olduğu halda dünyadan heç bir təmənnası olmamışdır. Təbii ki, bu onun sənətkar dünyasının öz təbiətindən nəşət etmişdir.

Şair həyatdan istəklərinin sərhədlərini bir zərgər dəqiqliyi ilə müəyyənləşdirir. Əgər desəm ki, şairin həyatdan istəyinin çərçivəsini, sərhədini müəyyənləşdirən onun şair təbiətidir - həqiqəti ifadə etmiş olaram. Şairin həyatdan istəkləri barədə diləklərini onun misralarının öz dilindən eşidək:

 

Bircə içimlik su, bir ovuc torpaq,

Bir çinar kölgəsi bəs edər mənə.

Bir lətif bənövşə, bir yaşıl yarpaq,

Həzin bir ney səsi bəs edər mənə.

 

Həyat və hadisələrin gedişi Mədinə Gülgünün ömür yoluna həsrət və fəraq qismət etməkdə sanki gücünü, qüdrətini əsirgəməmişdir. Amma nahaq deməmişlər - insan yaranışın ən qüdrətli və dözümlü-davamlı məxluqudur. Dövrün, zamanın qaladıqları həsrət və fəraq alovuna dözüb davam gətirməkdə Gülgün poeziyası xalqının poetik salnaməsinə məmnunluq hissləri doğuran səhifələr yazmışdır.

 

 

Sabir NƏBİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 sentyabr.- S.4-5.