Həm imtahan, həm dərs...

 

  Ötən əsr ədəbiyyatımızın klassiklərindən ədəbi təşkilatımıza uzun illər rəhbərlik etmiş xalq yazıçısı Mirzə İbrahimovun oxuculara təqdim olunan "Məhəmməd Biriyanın məhəbbət faciəsi" məqaləsi onun "Ədəbiyyat qəzeti"ndə iri həcmli son çıxışıdır.

Bu sətirləri yazmalı olduğuma məni inandıran isə bizdən cismən ayrı düşənləri mənən ayrı təsəvvür etməmək borcudur.

Həmin məqalənin yazılmasına təkan verən səbəbi ədəbi həyatımızda işlədiyim illər ərzində heç unuda bilmədiyim məqamlardan biri hesab edirəm. O məqam eyni zamanda mənim üçün də, elə bilirəm, həm imtahan, həm də dərs olmuşdur.

…90-cı illərin əvvəlləriydi. Bir gün səhər iş otağımda telefonla danışdığım vaxt baş redaktor mərhum Cabir müəllim tələsik gəlib masamın üstünə şeirlər qoydu, astadan tezliklə oxumağımı xahiş etdi və tez də getdi.

Mən danışıb qurtaran kimi materiala baxdım, Mirzə müəllimin imzasını gördüm. Belə hiss etdim ki, yəqin fikir bilmək üçün zəngləşər. Odur ki, yazıları oxudum. Elə yenicə qurtarmışdım ki, Mirzə müəllim zəng elədi. Adəti üzrə salamlaşandan sonra özünə xas bir səmimiyyətlə şeirlərlə tanış olub-olmadığımı soruşdu.

Mənim üçün ən çətin məqam o an oldu.

...Bir müddət əvvələ qayıdıb təfərrüat xarakterli bəzi nüansları xatırlamağa ehtiyac duyuram. Məlum olduğu kimi, Mirzə müəllim yaradıcılığa başladığı ilk illərdə arabir şeirlər yazmışdı, son vaxtlar da elə "Ədəbiyyat qəzeti" səhifələrində arabir şeirləri dərc olunurdu. Nəriman müəllim baş redaktor olduğu vaxtlar söhbətlərimiz zamanı yeri düşəndə bu qüdrətli ədibdən, ədəbiyyatımızın böyük tədqiqatçısı olan alimdən təbii ki, şeirdə bədii umacağımızın çox olduğunu deyirdi. Mən bu fikrə şərik idim.

Ancaq doğrusu, güman etmirdim ki, Mirzə müəllim bir gün zəng edib birbaşa fikrimi soruşacaq. Məsələn, Nəriman müəllim yaxşı bilirdi ki, Mirzə müəllim qəzetə verəcəyi, demək olar, bütün məqalələrini əvvəlcə mənə göndərir oxumağımı istəyirdi. Fikrimi soruşurdu. Əlbəttə, onun irili-xırdalı hər yazısı mənim üçün sözün həqiqi mənasında çox maraqlı idi.

Mirzə müəlliminƏzizim Ayaz, oxu, mənə zəng elə” - sözləri yazılmış çoxlu qeydlərindən bəziləri hələ qalır.

O, Yazıçılar İttifaqının sədri olanda da belə idi, olmayanda da. Mən onun haçan İttifaqın sədri olduğunun, haçan olmadığının fərqində olmamışam. Nəriman müəllim bunu yaxşı bilir.

Əsas olan onun vəzifəsi yox, qələmi idi.

İndi mənə zəng edib Cabir müəllimin bir az əvvəl verdiyi şeirləri haqqında fikrimi soruşurdu.

O məqamı indi sakit xatırlaya bilmirəm. Təqribən belə dedim:

- Mirzə müəllim, başqa cür danışsam, qeyri-səmimi olaram, bu şeirlər sizin ədəbi nüfuzunuza ancaq ziyan gətirə bilər. bilim, belə danışmağı bəlkə elə siz özünüz mənə öyrətmisiniz. Çünki mən hələ kənddə ibtidai məktəb şagirdiykənHəyat ədəbiyyat” (1947) məqalələr kitabınızı oxuyurdum indi məndədir.

Sonra əlavə etdim: Şəxsən mən çox istərdim ki, siz məsələn, Üzeyir Hacıbəyov haqqında xatirələrinizi yazasınız. Bilirsiniz necə maraqlı olar? Yaxud Cənubi Azərbaycan ədəbiyyatının sizə çox yaxşı məlum olan bütöv bir nəslinin taleyi haqqında yazasınız.

Bu sözləri deməyi özümə borc bilsəm , elə bil heç özümdə deyildim, doğrusu, çox gərginlik keçirirdim.

Mirzə müəllimin özünə xas səmimiyyət və təmkinlə dediyi bu sözlər mənə təskinlik verdi: “Oğlum, mən sənin vicdanına inanıram...”

Mən həmin sözləri qarşımdakı vərəqə yazdım.

Bir müddət sonra böyük Üzeyir Hacıbəyli haqqında bir qəzet səhifəsi həcmində çox maraqlı, məzmunlu məqaləsini yazıb göndərdi. Çox mötəbər ziyalılarımız zəng edib razılıq bildirdilər. Bir az da keçəndən sonra bu gün təqdim etdiyimiz “Məhəmməd Biriyanın məhəbbət və faciəsi”ni yazdı.

Mirzə müəllimlə o unudulmaz telefon söhbətimiz həqiqətən mənim üçün həm imtahan, həm dərs oldu...

 

 

Ayaz VƏfALI

16.09.2010

 

Ədəbiyyat qəzeti.- 2010.- 17 sentyabr.- S.3.