Zərif duyğular şairi

 

Hər il olduğu kimi, yanvarın 6-da poeziyamızın həmişəcavan klassiki Mikayıl Müşfiqin xatirəsi yad edildi. Havanın yağmurlu olmasına baxmayaraq Bakıda Müşfiqin büstü önündə xeyli poeziya həvəskarı toplaşmışdı.

 

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu göylə çarpışan, yerlə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?-

 

deyə haray qoparan zərif duyğular şairini 1938-ci ilin bu günündə qətlə yetirən mənfur cəlladlar onun xatirəsini ürəklərdən silə bilmədilər. Represiya qurbanı olan şairə xalq məhəbbəti heç zaman əksilməmiş, əksinə, şeirləri dillər əzbəri olmuşdur.

Onu qətlə yetirməklə xalqın yaddaşından siləcəklərinə ümid edənlər yanılırdılar. Müşfiqsevərlər indi onu daha böyük məhəbbətlə yad edirlər. Müşfiq poeziyasının işığına yığışanlar onun haqqında ürək sözlərini söyləmiş, şairin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini onun yaradıcılığına olan diqqət kimi qiymətləndirmişlər.

Tədbirdə vurğulanmışdır ki, Mikayıl Müşfiq irsi hər zaman öyrəniləcəkdir, şairin adı xatirələrdə yaşayacaqdır. Gənc nəslin nümayəndələri şairin ən çox sevilən "Yağış", "Həyat sevgisi", "Yenə o bağ olaydı" şeirlərini əzbərdən söyləmişlər. Müşfiqin əsərlərinin latın qrafikası ilə geniş tirajla nəşr olunmasını, onun həyat yolunu əks etdirən filmin çəkilməsini arzulamışlar.

Elm incəsənət xadimləri, ziyalılar, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirdə iştirak etmişlər.

Şairin anım günü onun doğulduğu Xızı rayonunda da keçiriləcək.

 

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.1.