Sönən deyil bu ocaq

    

Zülmün topu var, gülləsi var,

qələsi varsa,

Haqqın da bükülməz qolu,

dönməz üzü vardır.

 

Hüseyn Cavid

 

Din ruhun anasıdır -

Allah astanasıdır.

Din müqəddəs elmdi,

Yurdum - elim, dilimdi.

Dil kəsən, ev yıxanlar,

Qan töküb, can yaxanlar,

Allah verən canları

Din adından doğrayan,

İnsanın Allahına

İnamın oğurlayan

Qəlbi kor, vicdanı kar, -

Sən Allahın evində

Şeytana oldun nökər.

Bu aşura günündə

Baban Yeziddən sən

Bir az o yana getdin.

Cavan balalarımı

Qanına qəltan etdin.

Allahın hüzuruna

üzlə gedəcəksən?

Əlində günahsız qan

Mələk geyimli şeytan.

Nahaq qan yerdə qalmaz,

Sönən deyil bu ocaq.

Elə od var, üstünə

Su töksən söndürməyə

Daha da gur yanacaq.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.5.