Next-özgə millət

 

Povestdən parça

         

  ...Dəhlizdə pəncərə qabağında oturub bir az fikrimi dağıtmaq istədim. Qatar tüstülənə-tüstülənə gedir, vaqonun böyründən çıxan pəncərə işıqları da gecənin qaranlığında təklənməkdən qorxurmuş kimi, qatarla birlikdə qaçırdılar. Dərələrdən keçəndə, başı üstdəki qayaları titrətməyə salırdı. Körpülərdə təkərləri daşlığa düşən araba kimi şaqqıldayır, fitinin hay-harayı da səmanın boşluqlarına sovrulub yoxa çıxırdı.

Ağarza qaşqabaqlı gəldi. fanarı mıxçadan asıb oturdu. Əllərinin üstündəki damarlar ovunu görmüş kərtənkələlər kimi titrəyirdi. Alt dodaqlarının ortası sovrulmaqdan yetişmiş zoğal kimi qaralmışdı.

- Nooldu? Bəs bir tikə çörək yeməyək?

- Qoyullar ki? Sərnişin ki, girdi vaqona biz gərək nazınnan oynayaq. Dayə, nökər, qaravaş olaq qabağında. Nə deyirəm, qanun belədi, biz də qanun quluyuq. Bəs qanmayanı necə başa salaq?

- Qanmayanı düşürt aşağı.

- Olmaz! Sərnişin həmişə haqlıdı. Özü də sağ-salamat yerinə çatmalıdı. Amma biz də lalın dilini bilən ana olmalıyıq. Qatar briqadiri də, rivizor da bir yanadı, o zahı arvad bir yana. Yalvarırıq ki, ay bacı Mahaçqalada yaxşı doğum evi var, qoyaq səni ora. Deyir, tı çto?! Mədinə devçonka deyil, allanmaz! Allah qoysa, o da nənə olacaq. Amma Mahaçqalada yox. Heç Amerikada, Dubayda da yox, heç cənnətdə də yox. Toyuğun bir budu var, vəssalam. Çeçenkanın sözü kişi sözüdü, - deyib yumruğunu çırpdı stola Qudermesin baş prokuroruyam axı mən! - Zor göstərsəniz, za xuliqanstva hərəniz beş il alacaqsınız! - deyib bizi qovdu. Naçalnikim də mənə: - Başına bir iş gəlsə əlli-ayaqlı gedəcəksən, - deyib yaxasını qırağa çəkdi. Eh, Allah kərimdi. Məni ancaq indi görürmüş kimi üzümə baxdı. - Hansı stansiyada düşəcəksən?

- Tuanseyə getməliyəm, özü də çox təcili!

- Xeyir ola?!

- Bilirsənmi, - dedim, - iri addımlarla yeriyən Azərbaycanımız çoxunun gözünə iynə-iydir. Mən "Kompozitor Qara Qarayev" gəmisinə bağlı bir yazıçıyam. Arada söz gəzir ki, o gəmini bir yunan ermənisi frakta götürür. Matroslar qırmızı guşədə erməni bayrağını yandırıblar. Gəmidə ikitirəlik var. Göyərtə komandası kapitan Elçin Mirzəyevi eşitmir. Amma gəmi, admiral olmaq istəyən bütün dənizçilərin kosmodromudur. Yüzə yüz əminəm, "kompozitor" batmalı olsa, mexanik İlham Hacıyev, Şiyərkəranlı Ramiz, Rahil Mustafayev, firudin Ömərov da daşlar, qayalar kimi üst-üstə qalanıb dəniz dibini yuxarı qaldıracaqlar ki, gəmi batmasın. Yanacağı tükənmiş olsa, əllərini, qollarını kəsib dirəklər, zabaqlar kimi ocaqlara atacaqlar ki, qoy maşınlar sönməsin, mühərriklər dayanmasın.

- Yaxşı, başa düşdüm. Tuanseyə gedirsənsə, Armavirdə peresadka eləməlisən. Ora da qarışıqlıqdı çox!

- Ağarza müəllim, yəni soyğunçuluq, qətl-qarət ola bilər?

Narahat nəzərlərlə üzümə baxıb çiynini çəkdi: - Vallah, nə deyim?

Darıxdım. Yenə vicvicə düşdü canıma. "Axı nəyə işarədi, bu, nə deyim? Yəni ilişib, yubana bilərik biz? Deməli, gəmiyə çatmaya da bilərəm?"

Mısmırığımı, qaşqabağımı görən Ağarza:

- Əşi, Allah kərimdi. Sən də soğan başı deyilsən ki?! Cavan oğlansan. Əlin-ayağın yerində. Bir deyənə beş cavab verərsən!

- Hə, əlbəttə, - dedim istər-istəməz. Ancaq ürəyimdən qara qanlar gedirdi.

- Bilirsən, bu Armavir də ikidi. Bizim qatar birinciyə gəlir! Sən stansiyadan çıxıb xeyli aralıdakı ikinciyə getməli olacaqsan. Qara dəniz sahillərinə qatarlar o vetkadan gedir. Gecələr işığa qənaət olunur orda. Qaranlıqdı hər yer! Amma sən çalış adam arasına çıxma. Bu xaraba Armavir bir vaxtlar ermənilərin mərkəzi olub. İndi də qurd yuvasıdı. Ən qatı, ən şovinist ermənilər burda doğub-törəyir. O mənfur "Daşnak" partiyasının "Asala" terrorçu ştabı da burada yerləşir. Xarici ölkələrdə neçə-neçə türk səfirinin qətlinə, Bakıda metronun, avtobusların partladılmasına da burdan fitva verilib! İt uşaqları əllərinə keçən azərini, türkü yağlı tikə kimi udurlar. Sumqayıtda öz ermənilərini öldürüb günahı boynumuza yıxmadılarmı? Ağarza stəkanı zoğal kimi qaralmış dodağına yaxınlaşdırıb, tez də yerə qoydu.

- Elə ki, düşdün qatardan papağını gözünün üstünə bas, gödəkçənin boyunluğunu qaldır, kassalara yaxınlaş. Birdən səni tanıyıb üstünə gələn olsa, qorxma, qabağından qaçma. Hə, "Ya Məhəmməd" deyib sən də üstünə get! Yox, əgər qorxduğunu bilsələr, ayaqları yer alacaq, bir az da güclənəcəklər. Ona görə sən də ürəkli ol.

Fikir məni çaşdırmışdı. Getdikcə yol yoxuşa dirənir, enişi görünmür, çaylarından necə üzüb-keçəcəyimi, cəngəlliklərindən necə çıxacağımı təsəvvürə gətirə bilmirdim.

- Nooldu sənə, yoldaş moryak, gəmi batmır, ancaq sən "konesləri" verirsən? - deyə ətəyimi çəkib məni ayıltdı. - Kağız kimi ağarmısan! Üstünə gəlsələr qorxma. Üstlərinə get. Birini vursan tarakan kimi səpələnəcəklər ora-bura.

Axşam düşür, hava qaralırdı. Böyük yolları, hündür binaları olan bir şəhərə yaxınlaşırdıq. Zavod bacalarından çıxan tüstü zolaqları matros bezkazırkasının lentləri kimi ora-bura çırpılırdı. Qatar iki uzun fit verib sürəti azaltdı. Ağarza yenə fanarını götürüb qapıya tərəf getdi.

Barmaqçamı cibimin dərin yerinə dürtmüşdüm. Qızıl dişim də yoxdu, bu sarıdan sakitəm. Ancaq bəs Armavirdə üstümə qıcanacaq o dişləri necə tökərəm? Ağarzanın strateji əhəmiyyət daşıyan məsləhətləri məni ayıq-sayıq etmişdi. "Üstünə gələn olsa qorxma, sən də üstünə get!"

"Bəs ey comərdim, silahlının üstünə lopuxnan gedim mən? Tir kimi oğlanlar görmüşəm avtomatın qabağında yumağa dönüblər. Pistolet görəndə qoçu Qədirlərin, lotu Bəxtiyarların dili tutulub".

Milis rəisinin qapısı zərblə açıldı. Kupedən çıxan rəis burulub - gərnəşib qulunclarını şaqqıldatdı. Sonra o, pəncərə şüşəsinə baxa-baxa ənsədə yumrulanmış saçlarını bir-birindən ayıraraq, alnının üstündəki daz yerlərə düzdü.

Dəhlizin o biri başında vaqona ağ xalatlı bir oğlan girdi. O, boynundan asılan səbəti yerə qoyub kefir bankaları, peçenye qutuları arasından ikiüzü çap olunmuş bir vərəq çıxartdı. Onu başı üzərində yelləyə-yelləyə şad xəbər xəbərini çatdırmağa tələsən bir carçı kimi gümrah bir səslə:

- Xəbərdar, ay xəbərdar. Bir Qudermes məktəblisi əl qumbarasıyla bir düşmən tankını yandırıb, - deyə var gücüylə qışqırdı. Oğlan Mədinəgilin qapısı ağzından keçəndə içəridən Nəynə arvadın titrək, quyunun dibindən gələn səsi eşidildi.

- Hə, qurban olaram belə cikit balaya mən! Kimdi, hansı bəxtəvərin uşağıdı?

- Hə, Raqunanın oğludu da, bir məhlədə böyümüşük! - qürur duyuldu səsində satıcının. - Ancaq atasını tutublar. Noolsun, özü qəhrəmandı ki! Urus-Martanda partizanlar başına and içirlər. "Amerikanın səsi", "Bibisi" radioları canlı reportajlar verirlər onnan. Əlbəttə, əsl çeçenlər bayrağımızı enməyə qoymazlar!

Rəis oğlanı tərs-tərs süzərək:

- Yalansa, atana lənət! - dedi, - Belə görüm başınız batsın, avara köpək uşağı. Qoymazsınız sakit yaşayaq. Orda bomba, qaçaqov, burda müharibə kəsə-kəs. Əlinizdən hara qaçaq?

Satıcı ağzının üstünə tökülən saçları üfürüb dağıtdı. İşıldayan iki göz zilləndi rəisə:

- Amma biz heç yana qaçan deyilik, - dedi. - Biz hökmən qalib gələcəyik. Çünki evlərimiz bir-birinə dayaqdı. Divarlarımız çiyin-çiyinə söykəkdi. Birimizin həyəti o birinin damıdır. Arxa divarlarda ehtiyat qapı, pəncərə olmur. Arxayınıq ki, divar arxasında arxadaş yaşayır. Evlərimizin daşları morze aparatıdı. Yumruqla döyüləndə köməyə çağırır. Barmaqların taqqıltısı məhəbbət məktubudur. Böyük bir aul bir evdi sanki.

Əsl çeçenlər heç vaxt diz çökməyəcək!

- Şuar danışma! Boş-boşuna veyillənirsən bu vaqonlarda. Bəs əsl çeçen deyilsən? Partizanlara niyə qoşulmursan bəs?

Satıcı alnını örtən saçları barmaqlarıyla daraqladı.

- Neyləyim, - deyə çiyinlərini çəkdi. Sonra da - ayağımda sınıq var, şikəstəm. Buralarda da nə qazanıramsa, müdafiə fonduna göndərirəm, - dedi.

Xeyri yoxdu, nahaq zəhmət çəkib başınız girməyən yerə bədəninizi dürtməyin!

- Hə, - dedi. Şeyx Şamil otuz il vuruşdu. Yetim-yesirin qanını axıtdı. Hə çıxdı ortaya? Heç nə. Dağı yıxmağa gücənən qursağını partladar ancaq.

Acizlərin, qorxaqların sözüdü bu. Amma əslində, el gücü, sel gücüdü. Qarabağ müharibəsində can qoyurlar sizinkilər də. Burdan keçən qatarlarımızda sərnişinlər azalıb. Təkəm-seyrək gedənlər də yaşlılar, pensionerlər, yaralılardı. Bəlkə, siz də müharibədə yaralanmısız?

- Yox, Allah eləməsin! - deyə, rəis əllərini qarnının üstündə, kürəklərində gəzdirib sağlamlığını yoxladı. - Hə, bizim ordu ordu olsaydı mən birinci cərgədə olardım. Cəbhədə it yiyəsini tanımır. Komandir əsgərlərlə araq içir, qumar oynayırlar. Cəbhənin ərzağı, pal-paltarı, lap --- da ştablarda --- qovrulur. Generallar cəbhə xəritəsini oxuya bilmir. Müdafiə naziri zabitlərlə "mən ölüm, sən öl" danışır. Qarabağı Bakıdakı başbilənlər uduzullar. Bunların arasında ayıq başla yaşamaq mümkün deyil.

Bəlkə arağın ola? Oğlan pəncələri üstə qalxıb rəisin qulağına - "Suxoy zakondu". İcazə vermirlər. Amma bir şüşə varımdı, özü də, yetmiş qradus. Tabulestma dağlarının zoğalınnan çəkiləndi.

- Baxım, - deyə rəis butulkanın ağzında daşa dönmüş xəmiri ovub şüşəni başına çəkdi.

- Ə…Ə… Köpəy uşağı, bu, lap bombadı ki! - deyə dodaqlarını büzəndə bığlarının cod tükləri burun pərlərinə doldu. - Ooxxay, əla! Başqa cür yaşamaq mümkün deyil bu həyatda, - deyərək çeşmək qabına oxşayan portmanatından çıxardığı şax onluqları satıcının cibinə dürtdü. - Uzaq getmə, nə tapsan bura gətir! - deyə əlindəki sarı qarğıdalını dodaqlarına yaxınlaşdırdı. Rəisin sarı bığları bir az da qalınlaşdı elə bil.

Dəhlizin qurtaracağında: "Br az qaynar su", - deyən həyəcanlı bir səs eşidildi. Bu, kəlağayısının bir ucu boynuna dolanmış, o biri ucu ayaqlarının üstündə yellənə-yellənə bələdçi kupesinə tərəf gələn Nəynə arvadın səsiydi. O, qarğıdalı gəmirən rəisə çatanda ayaq saxladı. Rəis - "Köpəy uşağı, qoymaz dincələk" - deyərək, qarnını pəncərəyə söykəyib arvada yol verdi. Nəynə Ağarzaya yetişincə:

- Ay bələdçi qardaş, samovarda qaynar su var bəlkə?

- Necə? Mədinəçindi? - deyib tez kupeyə girdim. İçi paraşok, sabun dolu vannanı boşaldıb samovarın altına qoydum. Vedrəni əlimdə hazır saxladım.

- Ağarza müəllim, dayanma, deyəsən Mədinənin vaxtıdı.

- Ay Allah, gör nə şirin balalarım var. fikir-zikirləri də ancaq mənim Mədinəmdir! - deyə Nəynə vannanı samovarın altından götürdü.

- Yox, yox! Çox sağ olun! Bartol, bartol! Hələ heç nə yoxdu. Ağrısı güc gələndə biləklərini bişləyir. Sancı öldürür onu. Ancaq pişik cinsi kimi dalın yerə vuran deyil.

Mən general arvadı, həm də böyük bir vilayətin prokuroruna ağılsız deyə bilərəmmi? Əsla, heç vaxt! Qəribəsi burasındaydı ki, yol üstdəki doğum evlərinin birində uşaqdan azad olmağa razılıq vermədi. Özünü Qudlermesə saxlamaqda məqsədi nədi görəsən? Eh, qadınların sirrindən kim baş çıxarır?

Quşların dilini bilən, ulduzların yolunu görən, ən düyünlü sirləri açan Süleyman peyğəmbərimiz üç sirr önündə aciz qaldı. Zirvədən qalxan qartalın hansı səmtə uçacağını təyin edə bilmədi. Qaya üzərində sürünən ilanın izini axtardı, amma tapmadı. İlan iz qoymur. Yerin altını da, üstünü də gözübağlı oxuyan o müdrik insan qadınlardan baş aça bilmədi. Onların ürəyini oxumaqda aciz qaldısa mən Mədinənin sirrindən baş aça bilərdimmi?

Nəynə arvad kəlağayısının altında gətirdiyi qrelkanın qapağını aça-aça:

- Bunu doldurun, sən Allah. Ayaqlarının altına qoyum bədəni qızsın. İşi də əsəbi işdi çox. Tez-tez stres keçirir. Uşağa qala bilmirdi. Axırda Bakıya gəlirdim. Ətağanın ocağında əlillərin, qocaların qulluğunda durdu gecə-gündüz. Allah-taalanın yazığı gəldi bizə. İndi övladı var. Amma yollar da yaraqlılarla doludu. Qorxur! - Uşaq düşsə neylərəm? - deyib, sızıldayır.

Marça-marçla qarğıdalı gəmirən rəisin ət basmış gözləri böyüyüb, açıldı: - Bəs biz ölmüşük? - deyə başını geri atdı. Sonra da qarğıdalının uzun kapını şalvarının qabağında yelləyərək: - Onlara bax, bunu verərəm mən!- deyib qamətini şaxladı. - Arxayın olun, heç bir köpəy uşağı sizə dəyib-dolaşa bilməz! - deyib qapısını içəridən bağladı.

Kadıyurda konsert verməyə gedən artistlər düşmüşdülər. Vaqon quşları uçmuş yuva kimi məhzun görünürdü. Qudermesə gedirdik. Çeçenistanın ala-bula inəkləri otlayan Tebulestma dağları, vəhşi ilxıları qaçışan Kuma yaylaları, Terekin yaşıllıqlar içində burula-burula gah görünən, gah da yoxa çıxan qolları da arxada qalmışdı.

Bütün gecəni oturduğu yerdə nehrə kimi yırğalanıb mürgü döyən Ağarza, hər dəfə stansiyalara çata-çatda paravoz fitlərinə yerindən dik atılıb qapıya yüyürmüş, orda əli fanarlı farağat dayanaraq vəzifə borcunu yerinə yetirmişdi. Ancaq indi o, şirin yuxudaydı. Qatar bir neçə saat dayanmadan Çeçenistan düzlərində şütüyüb gedəcəkdi.

Dəhlizdə gəzişirdim. Birdən vaqonun tamburunda güclü şaqqıltı qopdu. Diksindim. Bu nədi belə? Küləkdi bəlkə? Ola bilməz! Bayırda qasırğa yoxdur. Göydə ulduzlar sayrışır. Qatar da əl tormuzuyla saxlanmayıb ki, vaqonlar bir-birinə çırpıla. Bir az sonra şaqqıltı vaqonun qapısında eşidildi. Amma bu dəfə daha sərt, həm də elə əsəbi ki, samovarın böyründəki dəm çaynikinin qapağı oynadı. Padnosdakı stəkanlar cingildədi. Yarıqaranlıqdan dirsəyə kimi çırmalı iki əl uzandı irəli. Gələn, qayış yerindəki avtomatın ağzını qabağa tutub, işıqlığa çıxdı. Bığı, saqqalına qarışmışdı. İri portağal dilimlərinə oxşayan ətli dodaqları kip qapanmış, çatılmış qaşları kirpiklərini basırdı. Dəri gödəkçəsi it ağzından çıxmışdı elə bil. Boynu, dirsəkləri didik-didik, qəlpə-qəlpəydi. Alnında cərgələnən uzun, milə-mil saçları, - yelpic parçası!!!

Yerindən hövlnak qalxan Ağarza mıxçadan fanarı götürmüşdü ki, yaraqlı sinəsindən ikiəlli yapışdı:

- Hara? İt balası - monde. Nə yığmısan, çıxart! Tez, tez! Davay, davay, bıstro! Dollar, rubl, axça, tez ol!

O, çiyniylə Ağarzanı divara sıxıb kitelinin cibini çevirdi. Həmişə üzü gülən Ağarzanın sifəti daş kimi bərkidi?

- Bayıra çıx burdan! Monde özünsən ki, adam qapırsan! - deyə yaraqlının sinəsindən geri basdı. Lakin lay divar tərpənmədi. - Sənə borcludu xalq? Reketsən, qoçusansa, get qara pullar yığılan bankları yar, haram mallar satan marketlərə gir qarnını doldursunlar!

Yaraqlı qolunu Ağarzanın boynundan aşırdı:

- Əsəbiləşmə, brat! Gəl yaxşı qardaşım, voyeşim ol! Burda qala bilmərəmXaricə getməliyəm. Amma cibimdə siçan oynayır. Bu SV vaqonunda pullu raykomlar, prokurorlar gedir! Qabağa düş, pul, qızıl, nə varsa, şmon eyləyək.

- Bura bax, qaranoy, - dedi Ağarza. - Qızıl, daş-qaş, yerə tökülən qoz-fındıqdı bəyəm? Kimdən yığım axı? Vaqonda cəmi beş-altı sərnişin var. Onlar da pensionerlər, xəstələrdi. Bəzi kupelər də plomblu!

- Zaçem plomblu? Kim vurdu plomb?

- Bilmirəm, deyirlər hansısa bir nazir!

Yaxşı, qabağa düş! Amma yalan danışıb mənə atmaq istəsən, - deyərək yaraqlı avtomatı Ağarzanın qarnına söykədi, - monde kimi gəbərdərəm səni! Reket, qoçu yoxdu burda. Mən demokratam!

- Ay hay, demokrata bax ey - deyə əlini yellədi Ağarza, - Sən məni xamlama! Əsl demokrat bilirsən kim olub? - Karl Marks, Lenin. Onlar dünyada kommunizm adınnan firəvanlıq yaratmaq istəyiblər. Ancaq avtomat gəzdirməyib, silah işlətməyiblər. Ağarza siyasi korluq nümayiş etdirirdi. "Ay Ağarza müəllim, - demək istədim - bəs Oktyabr İnqlabının başa gəlməsinə də pul lazım idi. Leninin yaxın silahdaşı Yakov Sverdlovun operativ dəstələri Odessada, Leninqrada, Lənkəranda, Mozdakda da banklar yarıb, bir çox muzeylərin daş-qaşlarını da inqilabın qələbəsinə yönəldiblər. Bəs silah-sursat nəylə alınsın? Əsgər saxlamağa da pul lazımdı, ya yox? İndi bu demokrat da xarici ölkəyə yəqin bir taprışıqla gedir. Qulpumuzdan çıxannan biz də kömək eləməliyik bu demokrata:

Ağarza:

- Qatarda adam soymayıblar demokratlar! - dedi və əmziyə oxşayan fıştırığının cırcırama səsi yayıldı aləmə.

- Ax, podles! Sukalıq eləyirsən? - deyə avtomatın qundağını Ağarzanın başına çırpdı yaraqlı. Səs xırp kəsildi. Ağarza səntirlədi. Qapının dəstəsinə əli çatmadı. Arxası üstə yerə çırpıldı. Yox, daha bu, ağ oldu. Demokrat gedişi deyildi bu gediş! Əslində, demokratiya pərdəsinə bürünmüş cəsusa, quldura oxşayırdı qarşımdakı.

Yaraqlı Ağarzanı ayaqlarından çəkə-çəkə kupeyə sürüdü. O, havanı yumruqlayır, bağırırdı:

- Razaq Raqunanın sözü qanundu!

…Nə, necə? Raquna? Qulağım cingildədi. Harda eşitmişəm bu adı? Hə, tank yandıran məktəblinin atasının adı belədir. Amma noolsun, çeçenlərdə Raquna, biz Məhəmməd kimi çox yayılan addı. Üz-gözündən zəhər tökülürdü yaraqlının.

Atamı yandıracaq! Cəngindən necə çıxacam mən?!"

Arxaya boylandım. Dəhlizin o biri başında ayaqlarını çiyni bərabərində qoyub, saqqız çeynəyən topsaqqalı görəndə "işimiz bitdi", - dedim öz-özümə. Ekstrimal vəziyyətdən çıxmalıyam. Ancaq necə? "Dayanma, tez bir fənd işlət, əməl qur! Artistlik elə, cildə gir".

Gödəkçəmin boyunluğunu qaldırıb, qara eynəyimi taxdım. Əlimdə burulmaqdan sıxılıb kəndir ipinə dönmüş qəzeti başımın üstündə tovlaya-tovlaya:

- Hello! Salyut! Qudbay, mister Razaq Raquna! - deyə qətiyyətli addımlarla yaraqlıya tərəf irəlilədim. Çaşqın Raquna təəccüblə mənə baxır, susurdu. "Onun adını çəkən bu əcnəbi kimdi görəsən?" düşündü. Lakin gözlərində qığılcımlar soyumamışdı. Qəti hücuma keçməliydim.

- Ax… Nə gözəl təsadüf! Çeçenistanın qəhrəman oğlu Raqunaya eşq olsun! Yaşasın demokrat Raquna! - Dünyanın bütün televizorları sizi göstərir. Əlbəttə, yerinizdə mən olsaydım, o tupoy, savadsız bələdçinin başına iki güllə çaxardım. O it oğlu - monde sizi tanımadı. Amma bizim üçün hər sözünüz qanundur. Baxın, bu qəzet də sizdən yazır! Raqunanın ağzı aralı, şişman gözləri bərələ qalmışdı.

- Kakoy qəzet? Sən kimsən? - Sakitcə, ehtiyatla xəbər aldı. Raquna "Aha, balıq qırmağı burunlayır. İlişməkdədi. Səyimi bir az da artırmalıyam".

- Buyurun, baxın! Bu İngiltərə qəzeti yadellilərə necə divan tutmağınızdan yazır, - deyərək "Azərbaycan gəncləri" qəzetinin qatlarını açıb Raqunanın üzünə tutdum. O, qəzetə zilləndi, amma heç nə oxuya bilmədi.

- Oçen xoroşo! Sluşay, brat voyeş, sposibo tebe! Sağ ol, adıkeyla! No sən kim olur?

- Yes jurnalist, pisatel. Tez yazıçılıq biletimi açıb, barmağımı şəklin üstünə qoydum - Eto ya! No qospadin Raquna, sən əsl demokratsan! Düzdür, Lenin avtomat gəzdirməyib. Ancaq ətrafındakı silahlı dəstələr Oktyabr inqilabını pulla təchiz ediblər. Sən də sağ ol ki, çeçenlərin azadlığı üçün döyüşürsən. Ancaq tanksız, pulemyotsuz nə qələbə? Ərzaq, pal-paltar da lazımdı partizanlara. Bütün dünya sizə əl yetirməlidi. Hündür evlər tikdirən milyonerlər maşın tacirləri, banklardan güclü faiz götürənlər də biri bir təyyarəylə, o biri bir tankla kömək etməlidi sizə!

Sevinirdim, taktikam baş tutmuş, qələbə qazanmışdım. Çalışıb mıxın yerini möhkəmləndirməliydim.

- Sizin milli qəhrəmanınız Baysonqur Koroğlunun ən yaxın dostu olub.

Yox, Razaq Raquna daha məni eşitmirdi. O, qolundakı saata baxdı. Pəncərənin pərdəsini aralayıb eşiyə boylandı. Sonra da iti addımlarla milis rəisinin kupesinə yaxınlaşdı. Qəribədir, içəridə boşalmaqda olan təkərin fısıltısı yox, boğazı üzülən cöngənin güclü xırıltısı eşidilirdi. Raquna qapının dəstəsini fırlatdı, açılmadı. Avtomatı cəftəyə söykəyib atəş açdı. Döşəməyə səpələnən metal qırıntıları titrəyib söndülər.

"Rəis silahı qapıb bu dələduzu oddayacaq", düşündüm. Axı o, bayaq "belə asaram, belə kəsərəm" danışırdı. Qapı açıldı. Ancaq hanı? Rəis kupenin ortasında "əllər yuxarı" dayanmışdı. "Bəlkə namaz üstə təzimə getməyə qaldırıb əllərini? Yox, təzimə qaldırılan əllər titrəməz, dəyanətli, şax dayanar. Amma satqınların, qorxaqların, zinaların dua-təzimləri yuxarılarda qəbul olunmazdı", - düşündüm.

 

 

Yusif HƏSƏNBƏY

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.5, 6.