Bağır Ulduz

 

Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Bağır Ulduz vəfat etmişdir.

Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz) 1929-cu il avqust ayının 1-də İrəvan şəhərində anadan olmuşdur. Burada şəhər orta məktəbində yeddinci sinfi bitirib Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1945-ci ildə Ermənistanın Basarkeçər rayonunda Dərə yeddiillik məktəbində müəllim kimi başlamışdır. 1946-cı ildə İrəvan Pedaqoji İnstitutuna daxil olmuş, təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tamamlamışdır. 1950-1952-ci illərdə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində dil-ədəbiyyat müəllimi, 1952-1953-cü illərdə Gəncə Vilayət Xalq Maarif şöbəsində müvəkkil, 1953-1955-ci illərdə Gəncə şəhər 23 saylı yeddiillik məktəbinin müdiri, 1955-1956-cı illərdə 15 saylı şəhər orta məktəbinin müdiri, eyni zamanda C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında müdir, 1960-1961-ci illərdə Gəncə Şəhər Xalq Maarif şöbəsinin pedaqoji kabinetinin müdiri, 1961-1965-ci illərdə 7 saylı şəhər səkkizillik məktəbinin müdiri, 1965-1966-cı illərdə 16 saylı şəhər orta məktəbinin müdiri vəzifələrində çalışmışdır. 1966-cı ildən ömrünün sonunadək Gəncə Dövlət Pedaqoji Universitetində baş müəllim, qiyabi şöbənin dekanı, elmi şuranın elmi katibi, filologiya fakültəsinin dekanı, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olmuşdur.

Ədəbi fəaliyyətə ötən əsrin əllinci illərində başlamış, dövri mətbuatda ədəbi-tənqidi, elmi və bədii əsərləri ilə çıxış etmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığının orta məktəbdə öyrədilməsi" mövzusunda namizədlik, "Xalq şairi Rəsul Rzanın poeziyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. İlk kitabı - "Gəncə Dram Teatrı tarixindən" 1960-cı ildə işıq üzü görmüşdür. "İmperializmin ifşası", "Azərbaycan sovet ədəbiyyatına dair", "Səməd Vurğun - 70", "Dostluq və qardaşlıq nəğməkarı", "Rəsul Rza", "Həmişə axtarışda, həmişə yüksəlişdə", "Alim ömrü olduğu kimi" və s. elmi kitabların və dərs vəsaitlərinin müəllifidir. O, qələmini bədii ədəbiyyat sahəsində də sınamış, bir neçə nəsr əsəri yaratmışdır. "Mixaylo Gəncədədir", "Müqəddəs ocağın övladı" kimi nəsr əsərləri, səhnələşdirilmiş "Sevinc" pyesi maraqla qarşılanmışdır. Məzahir Daşqının iki hissədən ibarət şeir kitabı onun tərtibatında və müqəddiməsi ilə nəşr edilmişdir.

Elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, "Qabaqcıl maarif xadimi", "Maarif əlaçısı" adlarına, Beynəlxalq Rəsul Rza mükafatına layiq görülmüşdür.

Tanınmış ədəbiyyatşünas alim, yazıçı, səmimi, təvazökar insan Bağır Ulduzun işıqlı xatirəsi qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.6.