Səhifələr

  

Uşaq ədəbiyyatındakı uşaq haqqında

 

İndi əlimdə 15 vərəq var, son beş ilin günləri vərəqləri qaralayıb ki, üzümüzü ağarda bilsin. Birinci vərəqdi bu, birinci səhifə.

Oxuyuram...

1993-cü il... Bakı məktəblərinin biri... Mənə dərs demək üçün 8a sinfini verirlər. Qaçqın uşaqlarıdı... Jurnalın sonuncu səhifəsindəki şagirdlər haqqında məlumatı oxumaq mənə maraqlıdı. Oxuyuram. Əksəriyyətinin atası şəhid... Bəzilərinki işsiz... Bu, bütöv Azərbaycan cəmiyyətinin şəkli, müharibənin canlı şeiridir. Bu, öz yerində... Müəllimlərdən biri mənə deyir, direktoru vaxtında görsəydin, sənə müstəntiqlərin uşaqları oxuduğu sinfi verərdi. Bu söz 8a sinif jurnalının arxasındakı yazıdan daha ağırdı. Kövrəldim. "8a sinif jurnalının arxasında yazı" şeirimi yazdım. Bu şeir o vaxt ki, Azərbaycan cəmiyyətinin sifətini çox dəqiq göstərir.

Başqa bir fakt. 80-ci illərin ortalarında dərs dediyim 6-cı sinfə "Haradan başlanır, vətən" mövzusunda inşa yazdırıram. İnşadan "5" alan şagirdim Qarabağ döyüşlərində fərari olur, "2" qiymət verdiyim şagird isə qəhrəmanlıq göstərib "Azərbaycan bayrağı" ordeni ilə təltif edilir. Səbəbi?.. Bilmirəm. Bunları ona görə deyirəm ki, bu iki faktın bizim uşaq şeirimizə çox böyük dəxli var.

Bu günlər ermənilər snayperlə 9 yaşlı Fariz Bədəlovu öz evlərinin qabağında alnından vurdular. Bir uşaq şeirimiz də belə öldü. Bir uşaq şeirimiz azaldı. Demək, nə qədər uşaq var, bir o qədər uşaq şeiri...

Şair dostlarımdan biri danışır. Qış vaxtı evə gələndə gördüm ki, balaca qızım evin qapı-pəncərələrini tam açıb, bütün qızdırıcıları işə salıb. Sorusdum, nə edirsən? Dedi ki, çölü qızdırıram, çöl qızsın, gedib çöldə oynayım. Bu, canlı bir uşaq şeiridi. Nəfəs alır. Şeir dirilir.

Bəzən uşaq şeirlərimizdə belə dəqiq həyat faktları çatmır.

Yaxşısı budur, vərəqi çevirim... ikinci vərəq. Bu vərəqin əvvəlində üç nekroloq var, Məstan Günər, Xanımana, Əlibəyli, Əli Səmədli.

Yadıma Məstan Günərin aşağıdakı misraları düşür.

 

Otların üstündə ay çıxıb dizə

 

Demək, otların qucağında ayın işığı o qədərdi ki, ay dizə qədər qalxıb. Halbuki ay göydədir. Amma bu şeirdə ay otlardan uşaqlara baxır. Elə bil şəkil çəkilib.

Məstan Günər uşaq şeirlərinə görə ilk dövlət mükafatı alan şairdi.

Xanımana Əlibəylinin son illər “Seçilmiş əsərləri”nin iki cildliyi çap olundu.

Professor Rafiq Yusifoğlu yazır: "Xanımana Əlibəyli mələklərin qanadında Tanrı dərgahına uçdu."

Əli Səmədli həmişə məni görəndə deyirdi, uşaq kitabxanasında mənimlə görüş var, gəl. Əli Səmədli və uşaq kitabxanaları... Bakıda 18 uşaq kitabxanası var, birinin qapısında Əlinin şəklini asa bildikmi?

Bəli, bu beş ildə üç uşaq yazıçısını əbədiyyətə yola saldıq. Uşaqların xəbəri oldumu, bilmədim.

Vərəqin sonuna irəliləsəm də, xəyalım XX əsrin əvvəlinə qayıdır. "Dəbistan", "Məktəb" "Zənbur", "Rəhbər" jurnalları gözüm önündə vərəqlənir. Vərəqlər sarı, şeirlər diri. M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, R.B.Əfəndiyev, M.Cəlil, Ü.Hacıbəyov, F.B.Köçərli fikrim önündən keçirlər. "Yaz günləri", "Uşaq və buz", "Dovşan", "Keçi", "Can gülüm, can-can", Durna", "Tülkü və qarğa" şeirlərini dodağımın altda pıçıldayıram. Şeirlərin dili sadə və aydın. Obrazın xarekteri dərin və mənalı. "Yaz günləri" şeiri təkçə təbiət hadisəsi deyil, həm də ictimai bir hadisədir. Şair "Gəl, gəl a yaz günləri" deyəndə həm də türk ellərini çağırır.

Bu vərəqi də qoyuram kənara. Yaşadığım dəqiqələrin ardınca vərəqi qapı kimi örtürəm.

Üçüncü vərəq... Sovet ədəbiyyatı adlandırdıqları vərəq. Amma böyük ədəbiyyatın vərəqi. Açıram.

Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, Teymur Elçin, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mirmehdi Seyidzadə, Əhməd Cəmil, Mikayıl Rzaquluzadə, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, Mir Cəlal, Xanımana Əlibəyli, Əli Kərim, Əzizə Əhmədova, Bəxtiyar Vahabzadə, Əli Səmədli, Məstan Günər, Bayram Həsənov və b. görkəmli sənətkarlarımız elə bir uşaq ədəbi irsi qoyub getmişlər ki, onların əsərlərinə könül söykəməklə uşaq ədəbiyyatımızın taleyini müəyyənləşdirmək olar.

Elə bu adların ardınca bir söz yazmaq istəyirəm. Bizdən ayrı düşənlərə hörmət və ehtiramım böyükdü. Mən keçmişi çox sevirəm. Yaratdıqlarımızın hamısı keçmişdədi. Bax, elə bir dəqiqə öncə dediyim söz də keçmiş oldu artıq. Hələ gələcəkdə nə var, bilmirəm. Məşhur bir sözdə deyildiyi kimi: "Keçmişə tapança ilə atəş açsan, gələcək səni topa tutacaq".

50-60-cı illərdə Anar, Fikrət Qoca, Elçin, Fikrət Sadıq, İlyas Tapdıq, Nəriman Həsənzadə, Əkrəm Əylisli, Zahid Xəlil, Məmməd İsmayıl, Ayaz Vəfalı, Qərib Mehdi, Bahadur Fərman, Fəridə Əlyarbəyli, Məmməd Alim, Ələkbər Salahzadə, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Aləmzər Əlizadə, Şövkət Zərin Horovlu və başqa sənətkarlarımız dəyərli uşaq əsərləri yaratmış və bu gün də bəziləri ardıcıl olaraq uşaq ədəbiyyatı ilə məşğuldular.

Uşaq ədəbiyyatının sonrakı nəslinə mənsub olan İsmayıl İmanzadə, Əjdər Ol, Ədalət Əsgəroğlu, Azadə Taleh, Telman Dəmir, Zəminə Xınalı, İslam Sadıq, İnqilab İsaq, Sahib İbrahimli, Adil Cəmil, Sümuzər Nüsrətbəyli, Murad Köhnəqala, Məlahət Yusifqızı, Gülarə Munis, Güləmail Murad, Fəxrəddin Meydanlı, Ədalət Salman və onlardan sonra gələn nəsil - Sevinc Nuruqızı, Səlim Babullaoğlu, Gülzar İbrahimova, Hicran Hüseynova, Balayar Sadiq, Sərvaz Hüseynoğlu, Şəmsi Vəfadar, Aysel Xəlil, Nuranə Nur, Əfsanə Laçın, Əkbər Qoşalı, Günel Almaz, Sevinc Arzulu, Aygün Bunyadzadə, Şəfəq Sahibli, Mənsurə Qaçayqızı, Səxavət Talıblı, Vəfa Qafarova, Dayandur Sevgin, Sevinc Pərvanə, Narıngül, Faiq Balabəyli, İradə Aytel son beş ildə çap olunan kitabları və şeirləri ilə ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb etmişlər.

Müasir uşaq ədəbiyyatını 3 ədəbi növ üzrə - uşaq şeiri, uşaq nəsri, uşaq ədəbi tənqidi ilə qruplaşdırmaq olar ki, mən bunu ayrı-ayrılıqda yox, bir yerdə araşdırmışam və burda da əsas məsələ kəmiyyət deyil, mənim üçün başlıca meyar, bədilikdir. Bədii həqiqət tarixi həqiqətdən çox yaşayır.

Məruzəmi fikrimdə 14 səhifə həcmində tutmuşdum və birdən-birə hardansa bir vərəq, gərək ki, "525-ci qəzet"dən uça-uça düz gəlib vərəqlərin üstünə düşdü. Bu o zaman oldu ki, mən xalq yazıçısı Elçinin hər şənbə "525-ci qəzet"də gedən və hələ də davam edən "Silsilə nağıllar"ını birnəfəsə oxuyurdum və görürdüm ki, Elçinin o nağılları eyni zamanda uşaq ədəbiyyatının ən gözəl nümunələridir. Onu da fikrimdə təsdiqləyirdim ki, uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatı arasında elə böyük bir fərq də yoxdur. Onu da bilirdim ki, bu nağıllarda iri hərflə yazılan insan və təbiət münasibətləri üzdə olsa da, alt qatda, cəmiyyətdə, şüurda, milliləşmə və qloballaşmada gedən prosesləri dəqiqliyinə qədər göstərir. Mən indi Elçinin "Nağıllar silsiləsi"nin fövqündə dayanaraq son beş ilin uşaq ədəbiyyatının ədəbi mənzərəsinə diqqətlə baxanda bir çox ədəbi hadisələri aydın görürəm. Həmin ədəbi hadisələrdən biri budur ki, ölkə Prezidenti tərəfindən 2009-cu il "Uşaq ili" elan olundu və bu qərardan sonra uşaq ədəbiyyatı ilə bağlı məsələlər gündəmə gəldi, dəyirmi masalar, görüşlər, konfranslar keçirildi.

Xalq yazıçısı Elçinin məsləhəti və mərhum Qoşqar Qarayevin layihəsi əsasında formalaşan, tənqidçi Nərgiz Cabbarlının rəhbərliyi ilə fəaliyyət göstərən "Beşik" nəşriyyatı balaca oxuculara bir-birindən maraqlı uşaq kitabları bağışladı.

2008-ci ilin noyabrında Bakıda Türk xalqları ədəbiyyatı Beynəlxalq uşaq ədəbiyyatı konqresi keçirildi. Türk xalqları uşaq ədəbiyyatının birgə müzakirəsi ədəbiyyatımıza böyük töhfələr verdi.

Dövrün ictimai-siyasi və sosial iqlimi uşaq ədəbiyyatına da təsir etdi, zamanın gərdişi balaca oxucuların oxu kitabında da öz atını məharətlə oynatdı.

Ən böyük ədəbi hadisələrdən biri baş vermədi, ona görə baş vermədi ki, uşaq ədəbiyyatı adına son beş ildə heç bir mükafat təsis edilmədi.

Ölkənin başında yeni kitablar, jurnal və qəzetlər çap edildi, maraqlı görüşlər, yubileylər, disbutlar keçirildi. Və onu da qeyd edirəm ki,"Nağıllar silsiləsi"nin fövqündən baxanda uşaq ədəbiyyatının bir-birindən maraqlı, zəngin və parlaq səhifələri gözüm önündə vərəqlənir.

 

İlyas Tapdıq səhifəsi

 

Uşaq şeirimizin canlı klassiki, 75 illiyini ötən il təntənə ilə qeyd etdiyimiz İlyas Tabdığın ədəbi zövqü həm keçmişi, həm bu günü, həm də gələcəyi ifadə edir. Müasirliyi olmayan insanı mən qoca hesab edirəm. İlyas Tapdıq bütün ədəbi düşüncələri ilə müasirdir.

Son beş ildə şairin "Seçilmiş əsərləri"nin iki cildliyi, "Şeir sevən balalar", "Köşək", "Qoçaq dovşan", "Təqvimə düşən oğlan" kitabları işıq üzü görüb.

"Meşənin mahnısı", "Şüvəlanda" "Qoçaq dovşan", "Balaca ovçular" poemaları uşaq dünyasının daxili cizgilərini orijinal bir şəkildə göz önünə gətirir. Vaxtilə unudulmaz şairimiz Hüseyn Arif "Bənövşə" şeirinə İlyas Tapdığın aşağıdakı iki misrasını epiqraf gətirmişdi.

 

Bənövşə xatirinə

Kol dibinə iz düşdü.

 

Və mən də balaca vaxtımda bütün kol-kosların dibində bənövşə axtarırdım.

Bir-birindən gözəl uşaq obrazları yaradan İlyas Tapdıq son illərdə balaca oxuculara Qarabağımız, bu günümüz haqqında maraqlı şeirlər yazdı. Mən onu yeriyən uşaq ədəbiyyatı və danışan xatirə kitabı adlandırıram və ötən bu payız gördüyüm bir mənzərə hələ də xəyalımdan çəkilmir. Sahil bağında küləkli bir havada sarı yarpaqlarla bir gedirdi İlyas Tapdıq. Yarpaqlar başından aşır, pencəyinin ətəklərini və qalstukunu külək havada yelləyir, o isə heç nəyin fərqinə varmadan əlindəki çəliklə ayağının altında hələ ki, yerin qaçmadığını yoxlayırdı.

Burada bu vərəqi qatlayıram. Oxundu, bitdi. Ay kimi batdı, gün kimi çıxdı. Əlimdə başqa bir vərəq səhər kimi doğulur. Əslində diqqətlə baxsan o vərəqin rəngi bu vərəqə qarışıb. O vərəq bu vərəqə rəng dili ilə bir söz pıçıldayıb. Yəni dünən bu günlə bitişikdi. 8a sinif şagirdlərinin faciəsi bu gün də yaşayır uşaq şeirimizdə. Həmişə Xocalı faciəsinin görüntülərinə baxanda özümü öldürməsəm də, deyirdim gedib qələmimi sındıracam. Sındırdımmı? Elə bil Xocalının dərə-təpələrinə min dənə uşaq şeirimizi səpələmişlər. Sizdən sorusuram şair qardaşlar, hanı o uşaqların şeirləri? Uşaqların əynindəki köynəklər kitabın vərəqləri idi. Sinələrinə qoyulmuş əlləri isə kitablarının cildi, sahiblərindən kənara səpələnmiş potular, çəliklər - nida, ayaqqabılar - nöqtə, vergüllər… Ermənilər avtomat mətbəəsində bu şeirləri çap eləmişdi. Uşaq şeiri yazanda gərək uşağın özü ola. Uşaq yoxdursa, necə yazasan. Xocalıda bizim uşaqlarımız yoxdu artıq…

Qoy bu vərəqi Xocalı şeirinin üstünə sərim, üşüməsin.

Ayrı bir vərəq açılır önümdə. Xalq şairi Rəsul Rza yazırdı: "Pəncərəmi açdım sabaha - gördüm insanlar gəlib-gedir aylar, illər üstündən."

İndi bu vərəqin işığında baxıram şeirlərə.

 

Zahid Xəlil səhifəsi

 

Tanınmış şair Zahid Xəlil 2008-2009-cu illərdə 6 cilddən ibarət seçilmiş əsərlərini oxucuların ixtiyarına verdi. Onun "Küp", "Lampacıq", "Ata ocağı" dram əsərləri, "Dünyanın ən balaca nağılları" hekayələr, "Orxan və dostları" povesti, "Qızlar şeir oxuyur sevgi yaşında" şeirlər toplusu, 1, 2-ci siniflər üçün Azərbaycan dili, ali məktəblər üçün ədəbiyyat dərslikləri işıq üzü gördü. Şair uşaq ədəbiyyatı ilə bağlı Ankaranın Hacəttəpə və Moskva şəhər Pedoqoji Unversitetində uşaq ədəbiyyatının problemləri ilə bağlı məruzələr etdi. Zahid Xəlilin şeir stilinə yaxından bələdəm. Uşaq hara qədər gedə bilər, ora qədər yazır. Zahid Xəlilin poetik imkanları, mütaliəsi olduqca genişdi, ancaq o bunu yeri oldu-olmadı xərcləmir. O, uşaqların yanınca gedir, uşaqların əli, düşüncəsi hara qədər çatırsa, ora qədər danışır. Məncə, bu yüksək peşəkarlıqdır. Vaxtilə Azərbaycan televiziyasında "Çıraq" verilişini aparırdı, "Çıraq" uşaq ədəbiyyatını işıqlandırırdı. İndi bir az hava qaralıb. Zahid Xəlil 30 il televiziyada veriliş aparıb. Gənclik illərimdə Zahid Xəlillə məktublaşmışam, uşaq şeirlərimə baxıb mənə dayaq durub. Çırağın işığından mənə də pay düşüb. Onu da deyim ki, o çıraq indi də yanır, Zahid Xəlil harda varsa, uşaq şeirinin bir çırağı da ordadı. Şairin aşağıdakı şeirinin intonasiyası, ritmi uşaq folklorlarından qaynaqlanır.

 

Durnalar

 

Təkcə uçardı göydə,

Gəzərdi çöldə durna.

Yekə qara nöqtəyə

Bənzərdi göldə durna.

Bir gün durnalar dedi:

-Niyə nöqtə olaq biz?!

Gəlin uca göylərə

Yolumuzu salaq biz.

Başlarını ox kimi

Tutub havalandılar,

Onlar təyyarələr tək

Göydə qatarlandılar.

O vaxtdan nöqtə deyil,

Düz xətt oldu durnalar.

Yerlə göy arasında

Sərhəd oldu durnalar.

 

Uşaq şeirinin əsas xüsusiyyətlərindən biri də odur ki, ondan bir-iki misra deməklə poetik həqiqəti nəzərə çatdırmaq olmur, gərək şeirin özünü bütöv oxuyasan. Ona görə bütöv oxudum bu şeiri.

"Çıraq"dan söz düşmüşkən vaxtilə Azərbaycan Televiziyasının Savalan babası, "Kitab evi", "Ədəbi jurnalların səhifələrində", Bayatı" verilişi vardı. Hamısı bağlandı. Uşaq ədəbiyyatını lap uşaq yerinə qoydular.

 

Sözə ayaq verirəm...

 

Bəzən uşaq şeirimizdə uşaqları böyük kimi danışdırmaq, böyüklərin fikirlərini uşaq dilinə pərçim eləmək meylləri özünü göstərir. Bu, sovet dönəmindən qalma mirasdır. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrinə süni maska taxmaq, onları daim odlu-alovlu, qalib göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Uşaq həmişə beş ala bilmir, iki alan bir uşağın kədəri, qorxaq bir uşağın həyəcanı daha təbiidir, daha gur - guruldayan, nər - nərildəyən şeirlərin əzəməti məsum uşaqların üzünə taxılmış maskadır. Əslində bu maska müəllifin özüdür. Burada "5" alıb fərari, "2" qiymət alıb qəhrəman olan şagirdlərimi xatırlayıram.

 

Fikrət Sadıq abzası

 

Ötən il qocaman şairimiz Fikrət Sadığın 80 yaşı tamam oldu. Süleyman Rüstəm 70 illik yubileyində yazırdı: "7-nin yanından sıfırı pozun." Bəlkə sıfırı biz də pozaq, Fikrət müəllim? Sıfırı pozsaq, qalacaq 8. 8 yaşlı uşaq, "8 a sinif jurnalın arxasında yazı". Fikrət Sadığın atasını tutublar 37-də. Məktəbə gedəndə sinif jurnalının arxasında sənin atanın iş yeri hara yazılmışdı, Fikrət müəllim?

Mənim üçün Fikrət Sadıq sərbəst əruzdu. Onun şeirlərinin hamısı əruzdadı, sadəcə əruzu hiss etmək gərəkdi.

Bunları ona görə deyirəm ki, Fikrət Sadıq bənzətmələr şairidir. Elə aşağıdakı "Əlifba dərsində" şeirinə fikir verək:

 

Baş açmıram bu işdən,

Çaşıb qalmışam düzü.

Anama oxşayır lap

Yazdığım "ana" sözü.

 

Bu bir "a", bu da bir "a"

Anamın iki gözü.

İki "a" arasında

"N" da anamın üzü.

 

Bu şeirdəki bənzətmələrə diqqət yetirin. İnsanın üzündə hərflərlə ana sözü təcalla edir.

Fikrət Sadıq otağında elə sakitdi, elə bil iclasda oturub...

Fikrət Sadığın hərəkət və düşüncələri gəldi, vaxt kimi gəlib keçir yanından. Sözü şirəlidi, şirindi Fikrət Sadığın. Mərhum professor, fizulişünas alim Sabir Əliyev Məmməd Aslanın şeirlərinin dili haqqında deyirdi: "Ayə, dilin o qədər şirindi ki, ağzını açma arı vurar". Fikrət Sadığın uşaq şeirlərinin üstünə arıların qonmaq ehtimalı var. Uşaqlarınızı qoruyun.

 

Oqtay Rza abzası

 

Tanınmış şair Oqtay Rza 2008-2009-cu illərdə "Baldan şirin balalar" və "Uşaq təbəssümü" adlı iki şeir kitabını nəşr etdirib. Şairin otən il 75 illik yubileyi təntənə ilə qeyd olundu. Natəvan klubunda keçirilən poeziya gecələrində sözünü həmişə sonda deyir. Hamı onun məclisin sonunda çıxış eləməyinə öyrəşib. Bir dəfə apardığım tədbirdə qəsdən birinci sözü həmişəcavan şairimizə verdim. O, danişsa da, sonda elədiyi çıxışın emosiyası qədər alınmadı. Demək Oqtay Rza gec gəlir, güc gəlir. Şairin aşağıdakı şeirinə diqqət yetirək:

 

Tüstü

 

Baxıram qardaşımın

İşlədiyi zavoda;

Babam kimi elə bil

Papiros çəkir o da.

Nənəm deyir: - A kişi,

Tulla bu zəhrimarı!

Öskürürsən, özünə

Yazığın gəlsin barı!

Səhər-axşam çöllərə

Tüstüsünü hey yayır;

Babamı danlayan var,

Zavodu kim danlayır?

 

Rafiq Yusifoğlu səhifəsi

 

Tanınmış şair, professor, ədəbiyyatşünas alim Rafiq Yusifoğlunun şeirləri xeyli sayda müxtəlif dillərə tərcümə edilib, dərsliklərə salınıb. Dörd dərsliyin, iki monoqrafiyanın, çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Şeir və poemaları əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib. Son beş ildə onun haqqında professor Nizami Cəfərov "Ədəbiyyatımızın inkişafı naminə", Flora Xəlilzadə "Söz ağacının meyvələri", Adil Cəmil "Sözün keşiyində", Zahid Xəlil "Ürəklərə sevgi daşıyan şair" məqalələrini yazıb. Son illərdə onun 3 şeir: "Zamanın qatarı", "Yollar","Ana dilim", 4 nəsr: "Dəniz səviyyəsi", "Elm və helm", "Ulu yurd yerlərimiz", "Qoruq və yasaqlarımız", ali məktəblər üçün 2 dərslik və 7 tərcümə kitabı, uşaq ədəbiyyatı ilə bağlı bir neçə problematik məqalələri dərc olunub. 55 yaşlı "Göyərçin" jurnalının ağırlığını çiyinlərində daşıyır. Vaxtilə 270 min sayla çıxan "Göyərçin" jurnalının indi kəmiyyət sayı 2-3 mindir.

 

Qəşəm İsabəyli səhifəsi

 

Qəşəm İsabəyli ötən beş ildə "Ay külək nə əsirsən", "Samur at minir", "Çörək haqqında nəğmələr" kitablarını, "Əkil-bəkil", Şamaxı şam nağılı", "Cin nağılı" poemalarını dərc etdirib. Şeirləri rus, Ukrayna, Belarus, ingilis, alman, qırğız dillərinə tərcümə edilib. Qəşəm İsabəylı xeyli sayda müasir dünya şairlərinin şeirlərini dilimizə çevirib. Qəşəm İsabəylinin şeirlərinin dili folklora çox yaxındı. İncə yumor hissi, sözlərdən xəsisliklə istifadə etmək, konkretlik şeirlərin əsas xüsusiyyətidir. Z.Xəlilin təbrincə desək, "Bədii forma və məzmun axtarışları və orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan şairlərdən biri də Qəşəm İsabəylidir.

Təklif mən "Yeddi oğul istərəm" filminə 6-cı sinifdə oxuyanda doğma məktəbimizdə, ədəbiyyat otağında - kənddə klub yox idi - dizlərimi yerə qoyub baxmışam. Ekran məktəbimizin ağ divarı idi. Hələ də o filmi unuda bilmirəm. İndi uşaq ədəbiyyatımız bəlkə həmin kino kimi kəndə, məktəbə, bağçaya getməlidir. Amma necə? Bunun üçün xüsusi boyük maşın ayrılmalı, deyək ki, üstü vaqon kimi - buna kənddə avtolavka deyirlər - maşının banı nağıl qəhrəmanlarımızın şəkilləri ilə bəzədilməlidir. Sonra həmin maşında çox yox, iki-üç nəfər aktyor kəndbəkənd gəzərək məktəblərdə uşaq ədəbiyyatını təblığ edə bilər, deyək ki, müəyyən əsərlərdən, xüsusən nağıllarımızdan epizodlar oynayarlar, videodisklər nümayiş etdirərlər, şair və yazıçılarımızın kitablarını aparıb satarlar. Məhz uşaq kənddə öz babasının, nənəsinin yanında, qoyun-quzunun yanında öz şeirini, nağılını daha yaxşı öyrənə bilər.

Bu səyyarı, ədəbiyyatın xərci də elə çox eləməz. Təhsil Nazirliyi bu xırda xərci ödəyə bilər (ideya Səlim Babullaoğlunundur).

 

Ələmdar Quluzadə səhifəsi

 

Ələmdar Quluzadə son beş ildə "Boxça", "Qürbətə düşən daş", "Dilotu", "Ətirşah ətri" kitablarını nəşr etdirib. Bu kitabları böyük həvəslə oxudum. Şeirlərin ritmi, intonasiyası və yumor hissi, xüsusilə şeirlərin sonunun novellavari qurtarması diqqətimi çəkdi.

 

Tələt tərbiyə alır

 

Uşağın mərdliyinə

Hamı məəttəl qalır,

Şüşəni sındıranda

Tələt boynuna alır.

 

Dinməzcə qulaq asır

Ona bir söz deyəndə,

Evdən icazə alır

Oynamaq istəyəndə.

 

Bağçada nə eşitsə

Onun yadında qalır.

Axı tərbiyəçidən

Tələt tərbiyə alır.

 

Azərbaycan radiosunda Ələmdar Quluzadənin redaktorluğu ilə "Göy qurşağı", "Günəş", "Tumurcuq", "Uğur", "Yaşıl planet", "Sabaha pəncərə", "Boxça", "Anasının balası" "Tumurcuq" verilişləri uşaqlar tərəfindən maraqla qarşılanıb.

Sözün vaxtı. A.S.Puşkin deyirdi ki, qrammatik səhvi olmayan rus dili mənə lazım deyil. Əslində Puşkin bu səhvin baş verməyi ilə böyük ədəbi həqiqəti istəyirdi. Şair ustalıqla dili inkişaf etdirməli, bədii təfəkkür sədləri uçurmalı, dil öz məcrasını aşmalıdır. Şairin, yazıçının yaratdığı dilin qrammatikası yazılmalıdır.

Haşiyə: Ötən il Sumqayıtda keçirilən uşaq dünyasına həsr olunmuş bir tədbirdə valideynlər, müəllimlər çıxış edərək uşaqların kitab oxumamaqlarından gileyləndi. Söz mənə çatanda çıxışa sualla başladım. Əziz valideynlər və müəllimlər, son bir ildə siz hansı kitabları oxumusunuz? Ortaya sükut çökür. Mən vərəqi burada dəyişirəm.

 

 

Qəşəm NƏCƏFZADƏ

(Ardı gələn sayımızda)

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 aprel.- S.4.