Bir zaman

 

Bir zaman içimdə dəniz yaşardı,

Dalğaya dönərdi bir vaxt əllərim.

Xəyalıma bənzər gəmilər vardı,

Ümid körpüsüydü göy sahillərim.

 

Nəğməyə dönərdim, ləpələnərdim,

Sevən pay umardı nəğmələrimdən.

Çiçəklər üstünə səpələnərdim,

Güllər sevinərdi təbəssümümdən.

 

tez ötüb getdi ömrümdən illər,

Sahillər boşalıb, perikib dostlar.

Bu qərib könlümdə bir kaman inlər,

Hanı təmtəraqlı, ədalı tostlar?

 

Fəsillər dəyişdi mən göz açınca,

Başım düşününcə yaşım tələsdi.

Payızın qırovu düşdü saçıma,

Zamanın yelləri içimdə əsdi.

 

Gözlərim dikilib lal axan çaya,

Ləpələr darıxıb əlimdən ötrü.

Mən ürək vermişdim bağa-bağçaya

Darıxan olmadı gülümdən ötrü?

 

Bir zaman içimdə dəniz yaşardı,

Dalğaya dönərdi bir vaxt əllərim.

Xəyalıma bənzər gəmilər vardı,

Ümid körpüsüydü göy sahillərim.

 

 

Yağma, payız yağışı

 

Yağma belə, yağma, payız yağışı,

Hələ qayğıların daşar vaxtıdı,

Hələ ümidlərin yaşar vaxtıdı.

Öyrənmə gözümə axan çənlərdən,

Öyrənmə üstümə yağan qəmlərdən,

Yağma belə, yağma, payız yağışı.

 

Bu ilin xəzəli boldu hələ ki,

Hələ ki, hələ ki, dözür budaqlar.

Hələ qurumayıb axar bulaqlar,

Hələ xatirəmin köynəyi yaşdı,

Hələ ki, fələyin yumruğu daşdı,

Bu payız ömrümün kövrək çağıdı.

 

Yağma belə, yağma, payız yağışı,

Ümid bəslədiyim səsimi duymur,

Saralır yamyaşıl arzum, həvəsim,

Bir sevgi başıma tacını qoymur.

Yaman həzinləşib odlu nəfəsim,

Yolumu çən tutur hər addımbaşı,

Yağma belə, yağma, payız yağışı.

 

Harda ağlayan var yetib dadına,

Dərd-qəmə ömrümün dadını verdim.

Mən sevgi adına, insan adına,

Yanar ürəyimin odunu verdim.

Gördüm ki, boz dünya yaşıllaşmadı,

Yaman yaman qaldı, yaxşılaşmadı.

Sən dəyişirsən bu yağışınla,

Yağma belə, yağma, payız yağışı.

 

 

Gözlərin bulud kimidi

 

Könlümün kövrək simisən,

Xətrinə dəyə bilmirəm.

Küsəyən uşaq kimisən,

Hər şeyi deyə bilmirəm.

 

Al məni dərdin əlindən,

Qurtar hicranın selindən.

Asılıb ümid telindən

Daha gözləyə bilmirəm.

 

Gördüklərim yad kimidi,

Cığırlarım od kimidi.

Gözlərin bulud kimidi,

Könlünə dəyə bilmirəm.

 

Həsrətdən ağarır saçım,

Baxışın - dərdə əlacım.

Nazın qoymur könül açım

Sözümü deyə bilmirəm.

 

İşığın üzümdə qalıb,

Ümidim izində qalıb.

Gözlərim gözündə qalıb,

Daha yeriyə bilmirəm.

 

Şimşəyin ömrümə çaxdı,

Yağmurun könlümə yağdı.

Deyəsən, ayrılıq haqdı,

Daha kiriyə bilmirəm.

 

 

Çiçəklər məndən aralı

 

Bir çəmənə mehr saldım,

Çiçəyi məndən aralı.

Örpəyinə əl uzatdım,

Qönçəsi məndən aralı.

 

Görünür duman içində,

Boy atıb barmaq ucunda.

Bir çiçək açıb içimdə

Ləçəyi məndən aralı.

 

Salxımı suya baş əyir,

Yarpağı yurdu döşəyir.

Xəyalı məndə yaşayır,

Gerçəyi məndən aralı.

 

 

Həsrətin qara xalı

 

Həsrətin gözümdə bir qara xaldı,

Günbəgün böyüdü, gözümdə qaldı

Bu bahar vətənə döndü durnalar,

Sən gəl, gözümün nurunu qaytar.

 

Gəl, qurtar ömrümü qəmin əlindən,

Dumanın əlindən, çənin əlindən.

Gəl, mənim ömrümə bir işıq gətir,

Əriyən dünyama yaraşıq gətir.

 

Dənizi qurumuş sahiləm sənsiz,

Suları sovrulan bir göləm sənsiz.

Gəl, mənim ömrümün dadını gətir,

Sevgimin özünü, adını gətir.

 

Sən getdiyin gündən susub nəğmələr,

Dünyamı dəyişən bu həsrət nədir?

Gəl, gülsün gözlərim, açılsın səhər,

Görüm dünya nədi, məhəbbət nədi.

 

Həsrətin gözümdə bir qara xaldı,

Günbəgün böyüdü, gözümdə qaldı

Bu bahar vətənə döndü durnalar,

Sən gəl, gözümün nurunu qaytar.

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 aprel. - S.5.