Vəhdət

 

Tanınmış yazıçı, mətbuat xadimi Əlfi Qasımov 1958-1966-cı illərdə “Ədəbiyyat qəzeti”ndə məsul katib vəzifəsində işləmişdir. Qələm dostları, iş yoldaşları onu həmişə zəhmətkeş, xeyirxah bir insan kimi xatırlayır, dərin hörmətlə yad edirlər. Əcəl möhlət versəydi 85-i haqlamış olacaqdı.

Ruhu şad olsun.

 

Üzü günçıxana baxan aynabəndimizin qarşısındakı qollu-budaqlı, payızda "pıtraq" gətirən "Tığınnı" (bu növə "Qaraçı gözəli" də deyirlər) almasının vaxtilə Səhlik kişinin əkdiyini bilirdim. Səhlik kişinin üç oğlu vardı: böyük oğlu, cəbhədə həlak olmuş müəllim dayımın adını daşıyan Əlfinin yazıçı-jurnalist, ortancılının dəlisovluğu ilə seçilən Fazil müəllim, kiçiyinin isə polis məktəbində oxuyan Elman olduğunu bilirdim.

Hələ orta məktəbdə oxuyarkən kinomexanik kimi çalışanda, ilk müdirim də Əlfi Qasımovun qardaşı Fazil müəllim olub. Usta kinomexaniklər, İslamla Kamal qardaşlarının üç təkərli motosikletində kənd klublarına lent qutuları daşıyarkən külək üzümə vuranda gələcəkdə film çəkmək arzusu ilə yaşayırdım. Fazil müəllimin göndərişi ilə Bakıda Nizami kinoteatrının binasında yerləşən "Qoskino" adlı idarədə imtahan verib kinomexaniklik dərəcəmi artırmağımı xatırlayıram. Fazil müəllim ixtisasca müəllim olsa da kolxoz sədri olarkən iştirak etdiyi toylarda yeyib, içib, rəqs edərkən cavanlara torpaq bağışladığı üçün işdən çıxarılmış və kino idarəsinə müdir təyin olunmuşdu. Günlərin bir günü raykom sədri ilə çəpləşdiyindən işdən çıxarılan Fazil müəllim Bakıya, böyük qardaşı Əlfiyə xəbər verir. Ertəsi gün səhər o başdan dəmiryol vağzalına çıxıb Əlfi ilə onun şair dostu İslam Səfərlini qarşılayır. Ağdamda ziyalı və kefcil tayfa kimi tanınmış olan Eyvazovlardan üç qardaşın dəmiryol vağzalındakı restoranda səhər yeməyinə tut arağı da verirlər. Şəhərə gəlib raykom binasının yaxınlığındakı yeməkxanada usta Ağəliyə saqqalı da təraş etdirirlər. Birinci üzünü qırxdırıb çıxan İslam Səfərlini kostyumlu, əli çantalı bir nəfər salamlayıb soruşur ki, "İslam müəllim, xeyir ola?", tövrünü pozmayan İslam Səfərli də qayıdır ki, "bəs buranın dəyyus katibi Əlfi Qasımovun işdən çıxardığı qardaşını geri qaytarmağa gəlmişik." O, isə həmən deyir ki: "O dəyyus mənəm, ancaq Əlfinin qardaşı da az aşın duzu deyil..."

Ötən əsrin səksəninci illərinin sonlarında, günlərin bir günü Fazil müəllim Ağdamdan zəng vurub dedi ki: "Eşitmişəm, "Azərkinovideo"nun yeni rəisi Qəhrəman Hümbətov sənin dostundur. Məni ona tapşır." Ertəsi gün sübh-tezdən Fazil müəllim bir də zəng elədi ki, Bakıdayam, təcili gəl "Azərkinovideo"ya. "Özümü əvvəllər "Qoskino" adlanan bu idarənin yerləşdiyi Nizami kinoteatrının binasına çatdıranda orada Fazil müəllimdən və qarovulçudan başqa kimsə yox idi. Gözlədik. Nəhayət ki, gəlib çıxan dostum bizi otağına dəvət etdi. Dedim ki, Roma, Fazil müəllimdən muğayat ol. Mənim ilk müdürüm olub, bizə də simsardır. Simsar sözü sanki, Fazil müəllimin qulaqlarını cırmaqladı. Bozarıb "Simsar nədi əəə..., Yoldaş Hümbətov bizim atalarımız cavanlıqda Qılışdıdan (Qılınclıdan) qarpız aparıb, Gorusda satıblar..."

Hələ sovet dövründə Əlfi müəllimin qaynı, Rəhilə xanımın qardaşı general İbrahim Əhmədovla Şəkidə şagirdlərin hərbi hazırlığı ilə bağlı kinoxronika çəkilişləri apardığımız, yağışlı bir gündə İçərişəhərdə Məmmədəlinin kitabxanasında Səhlik kişinin sahə müvəkkili işləyən oğlu Elmanla "Adilənin taleyi"ni kinorejissor Arif Babayevə "sırımağımız" yada düşür. Bir neçə dəfə də Əlfi müəllimin "Azərnəşr"dəki iş otağında da olmuşam.

27 may 2009-cu ildə Natəvan klubunda Əlfi Qasımovun xatirə mərasimində şair Qabilin söylədikləri salonda səmimi gülüş doğurdu. "Ədəbiyyat və incəsənət" qəzetində çalışırdıq. O ərəfədə Əlfini də məsul katib keçirmişdilər... İndiki Gənclik meydanındakı xırda bir təsərrüfat malları dükanı olan Əvəz adlı birisi arabir şeir gətirirdi. Biz də ora-burasını düzəldib çap edir, Əvəzə qonorar yazırdıq. O, da üstünü düzəldirdi, gedib birlikdə vururduq... Günlərin bir günü xəbər çıxdı ki, bəs Əvəz rəhmətə gedib. Biz də yığışıb getdik. Əvəzin dəfnindən sonra adətimizcə vurmaq istədik ki, sabah qəzet çıxacağını bildirən Əlfinin etirazından sonra işə qayıdası olduq. Yarım saat sonra Əlfinin yanına gəldim ki: "Əvəz yaman getdi..." O zamanlar indiki kompyuterlər olmadığından məsul katib çapa hazırlanan qəzet səhifələrini xətkeşlə, karandaşla, pozanla ölçüb-biçirdi. Əlfi işini saxlayıb kövrəlsə də: "Qəzet çıxmalıdı!" - deyib başını aşağı saldı. Yarım saat da dəhlizdə fırlandıqdan sonra yenə onun qapısını açdım ki: "Əlfi Əvəz yaman getdi..." Əlfi xətkeşı, karandaşı, pozanı kənara qoyub ağlamsınaraq: "Qəzet çıxmalıdı eey.. Yoxsa başıma oyun açarlar" dedi. Yenə bir yarım saat da keçəndən sonra otağa girdim: "Əvəz yaman getdi..." deməyimlə əlindəkiləri yerə çırpıb: "Əəə... Əvəzi də belə-belə olsun, səni də... Qəzzzet çıxmalıdııı!.." qışqıran Əlfinin səsi redaksiyaya yayıldı" ...O xatirə mərasimində səhnəyə açılan qapıda əlindəki gitara ilə tez-tez görünərək: "Qağa, bəlkə mən çalıb gedim?" - deyən Rəmiş də yaddan çıxmır.

Tribunaya qalxan Fazil müəllimin böyük qardaşı Əlfi ilə son görüşləri barədə söylədikləri isə hamını kövrəltdi. "12 mart 1985-ci ildə Əlfi mənə zəng eləyib zəif səslə dedi ki, özünü tez yetir, halım xarabdır." Mən də Ağdamda sürətlə avtomaşın sürdüyündən "istribitel Süleyman" kimi tanınmış sürücünün təzə taksisinə əyləşib Bakıya üz tutdum. Üç saat sonra şəhərə "Gənclik metrostansiyasının yanındakı beş saylı xəstəxanaya çatdıq. Əlfinin yanındakı üç dostu getdikdən sonra biz palatada tək qaldıqda onun göstərişi ilə çarpayısının yanındakı dolabçanı açıb, oradakı iki kasanı, qaşıqları, bir banka dovğanı çıxararaq azacıq hissəsini ona, çoxunu özümə çəkib yedım. Sanki pıçıltı ilə dediyi: "Fazil uşaq idik, anamız dünyasını dəyişmişdi, atamız isə cəbhədə idi. Mamamız (Qarabağda bibiyə mama deyirlər) dovğa bişirmişdi, böyük olduğuma görə çoxunu mənə, azını sənə çəkmişdi. Sənin necə ağlamağın yadımdadır. İndi isə rahatlandım..." - deyib gözlərini həmişəlik yumdu..." xatirəsi hamını göz yaşlarına qərq etdi.

Əlfi Qasımovu ilk dəfə zaman gördüyümü xatırlamıram. Bir onu bilirəm ki, uşaqlıqdan tanıdığım bu adamla onun ölümündən sonra daha yaxından tanış oluram. Jurnalistika fakültəsinin tələbələrinin həyatından bəhs edən "Adilənin taleyi" romanını oxuduqca müəllifin bu sahənin problemləri ilə bağlı məsələlərə dərindən əhəmiyyət verdiyinin şahidi oluram. Əlaçı tələbə Adilənin sarıbəniz oğlana müraciətlə söylədiyi: "Sən "Molla Nəsrəddin" ənənəsinin müasir jurnalistikada davamını ancaq forma bənzəyişlərində görürsən. Bu da məsələyə səthi, həm də birtərəfli yanaşmaqdır (səh.26)" qeydi ənənə müasirlik əlaqələrinin təzahürünə çevrilir. Burada müəllif jurnalistikada ənənənin zahiri görüntülərdə deyil, qoyulan məsələnin məğzində axtarılmasının tərəfdarına çevrilməklə təkcə ədəbiyyatda və sənətdə deyil, jurnalistikada da sosrealizmdən əvvəlki tənqidi realizm dövrünə birbaşa keçidin əhəmiyyətini vurğulayır.

"Jurnalist məsuliyyəti" mövzusundakı məşğələdə Adilənin dilindən səslənən: "Jurnalist hər şeyə qarışmalı, kiçikliyindən, böyüklüyündən asılı olmayaraq bütün məsələlərə fəal müdaxilə etməlidir. Seyirçilik, xüsusilə passiv seyirçilik, hadisələrin qeydçisi səviyyəsinə enmək jurnalistin ölümüdür, mənəvi məhvidir" (səh 36) cümlələri peşə cəbbəxanasına bələdçilik dərəcəsinin göstəricisi olan peşəkar üslubun tələblərini önə çəkir.

Adilənin savadlı, sağlam təfəkkürlü Elsevəri deyil, fiziki cəhətdən güclü boksçu Həmzəni seçməsi səbəb - nəticə əlaqəsinin göstəricisi olan süjet daxilində deyil, əsas dramaturji hadisənin göstəricisi sayılan fabula mexanizmində həyata keçirilir. Həmzənin Adiləni soymaq istəyən cüvəllağıların "dərsini verməsi", qızın başını onun güclü sinəsinə qoyması fabula mexanizmində həlli audiovizuallığı artırır. Adilənin sonradan içki düşkününə çevrilən Həmzəyə xitabındakı "jurnalist ki, yazanda pul barədə fikirləşdi, gözlərinin qabağına alacağı qonorarı tutdu onda ilham pərisi küsər, qələm kəsərdən düşər, əsl vətəndaşlıq unudular" (səh 45) kəlmələri müasir jurnalistikanın demokratiyabazar iqtisadiyyatı mərhələsindəaktual səslənir.

"Oçerkin əsas nöqsanı odur ki, burada əsas əmək adamlarının işi, onların arzu və istəkləri, yaradıcı əməyin poeziyası öz əksini tapmamışdır" - fikirləri də maraqlı səslənir. Belə ki, otuzuncu illərdə meydana çıxan Staxanov hərəkatının təsirindən yaranmaqla sonradan təkcə iqtisadi deyil, siyasi və mədəni liderlərin portretlərinin təzahürünə çevrilən oçerk janrı bir qapıya vurulan futbol oyununa bənzəməklə dramatizmini itirən formal "janr" kimi sovetlər birliyindən kənarda analogiyasını tapmasa da, müəllif mətninə çevrilən bu sətirlər geniş yayılmaqda olan janrın xilası məqsədini daşıyırdı.

Romanda Həmzədən üz çevirən Adilənin Elsəvərlə gələcək taleyi sosrealizmin diktəsi ilə real final həllini tapmasa da əsər bu gün xüsusən jurnalistika fakültəsinin tələbələri tərəfindən sevilə-sevilə oxunur.

Hələ kinoşünaslığımızın tam təşəkkül tapmadığı əllinci illərdə Cəfər Cabbarlının, Mirkazım Ələkbərlinin bu sahədəki fəaliyyətini davam etdirən Bəkir Nəbiyev və Əlfi Qasımov kimi filoloqlar bu sahədəki boşluğu doldura bilirdilər.

1 dekabr 1957-ci ilin "Azərbaycan gəncləri" qəzetindəki "Qızmar günəş altında" məqaləsində Əlfi Qasımov milli kinomuzun patriarxlarından olan Lətif Səfərovun ekran əsərini tutarlı mülahizələrlə tədqiqata cəlb edir. Qeyd etmək gərəkdir ki, dramaturji materialın zəifliyinə rəğmən filmin rejissor həlli qismən də olsa maraq doğursa da, A.Gəraybəyli (Sərdarov), A.Cavadov (Pirioğlu), M.Şeyxzamanov (Əmir dayı) kimi peşəkarların fonunda Aydın və Nərminə rollarının aktyorlara həvalə olunmaması bu personajların yalnız zahiri tərəflərinin üzə çıxmasına səbəb olur. Aktyorların ifasını dəyərləndirən yazıçı- jurnalist Əlfi Qasımovun: "Şeyxzamanov oğlu lal olmuş atanın iztirablarını necə də inandırıcılıqla verməyi bacarmışdır. Pilləkan üstündə oturub qəlyan çəkərkən belə biz onun həyəcan keçirdiyini, oğlunun taleyi üçün qəlbən acı-acı ağladığını hiss edirik. Təəssüf ki, bu sözləri Eldarın anasının rolunu oynayan T.Paşazadə haqqında demək olmaz. T.Paşazadənin oyunu ayrı-ayrı yerlərdə quru təsirsizdir. Aktrisa sevimli övladı qəflətən lal olmuş ananın iztirablarını, kədərini, həyəcanlarını, qəlb çırpıntılarını kifayət qədər verə bilməmişdir. Onun hönkür-hönkür ağlaması belə tamaşaçını təsirləndirmir" qənaəti dəqiq müşahidənin nəticəsidir. Filmdəki dil problemində müəllifin və aktyorların məsuliyyətsizliyinə diqqət çəkən Əlfi Qasımovun: "Danışıq dili ifadə tərzindən uzaqlaşmaq təkcə cavanların deyil, hətta M.Kələntərli kimi təcrübəli aktrisanın ifasında da özünü göstərir. Ssenarinin özündə canlı danışıq dilinə uyğun gəlməyən cümlələr vardır. Aydının Mürsələ dediyi: "Güman edirəm mənə bir neçə dəqiqə vaxt ayıra bilərsiniz", yaxud Cəlalın Aydına dediyi: "Sahman olun" cümlələri dediklərimizə misaldır" fikirləri faktlara əsaslanır.

Düz beş il sonra Lətif Səfərovun lentə aldığı "Leyli Məcnun" filminin yaradıcılıq mübahisələrinə səbəb olduğu bir mərhələdə Əlfi Qasımovun peşəkar qələmi bu ekran əsərinin ilk baxışda diqqətdən qaçan məziyyətlərini önə çəkə bildi.

23 iyun 1962-ci il tarixli "Ədəbiyyat və incəsənət" qəzetindəki "Leyli Məcnun" məqaləsində: "Ən əhəmiyyətli cəhət bir budur ki, rejissor o zamanın hadisə və insanlarına bu günün gözü ilə baxmış, bu cəhətdən bəzi yerlərdə ölçü hissini itirsə də, əsasən müvəffəqiyyətli səhnələr yarada bilmişdir" - yazan Əlfi Qasımovun: "Məcnun məşhur məhəbbət dastanının qəhrəmanı kimi, Leylini ülvi məhəbbətlə sevən aşiq kimi zəifdir, qurudur. Belə ki, şair Məcnun, filosof Məcnun, haqsızlığa qarşı üsyankar Məcnun sevən Məcnundan, eşq divanəsi Məcnundan güclüdür. Bu nöqsan müəyyən mənada həm ssenari, həm rejissor işi ilə əlaqədardır. Əlbəttə, Leyli-Məcnun məhəbbətini ictimai əsasdan təcrid edilmiş şəkildə, dövrün əxlaq prinsiplərindən, ictimai bərabərsizlikdən ayrı götürülmüş halda təsəvvür etmək olmaz. Ancaq ictimai məsələlərə həddindən çox aludəçilik göstərib dastanın əsas pafosunu qabarıq verməmək düzgün deyildir" - fikirləri isə daha obyektivliyi ilə bu günümüzdə aktuallığını itirmir.

Göründüyü kimi, Əlfi Qasımovun çoxşaxəli yaradıcılığı ədəbiyyat və sənət aləmində daim xatırlansa da, onun qoyub getdiyi ən dəyərli miras peşəsini davam etdirən oğlu İlqardır. 1992-ci ildə çapdan çıxan, ekran sənətinə dair "Gerçəkliyin astanasında" kitabımda AzTV-nin ilk rejissorlarından Arif Babayevin qardaşı Vasifin rejissoru olduğu "Dalğa" bədii-publisistik verilişi ilə bağlı yazdığım: "Söhbət aparıcıların professional səviyyələrindən getmir, onların ən məşhuru İ.Qasımovdur. İ.Qasımov məntiqi düşüncə tərzinə malik aparıcıdır. Xarakterik cəhəti ünsiyyətə girmək bacarığıdır" qənaətimin bu gün üstündə dururam. Yəqin ki, İlqar Qasımovun məntiqi düşüncə tərzi, ünsiyyətə girmək bacarığı, aldığı təhsildən daha çox evdə valideynlərindən - Rəhilə xanımdan və xüsusən Əlfi müəllimdən əxz etdiyi genetik kodların nəticəsidir.

 

 

Aydın Dadaşov

 

Ədəbiyyat qəzeti.- 2011.- 29 aprel.- S.6.