M.Ə.Sabir sənət

Azərbaycan klassiklərinin yaradıcılıq təcrübələri zəngindirsə, nəzəri xəzinəsi nisbətən yoxsuldur. Yəni ən böyük şairlərin belə sənət və şeir nəzəriyyəsinə aid xüsusi əsərləri yoxdurya yox kimidir. Əlbəttə, bunun səbəbi vardır. Keçmişdə Şərq aləmində nəzm, qafiyəli yazı əsas ifadə üslubu olmuşdur. Azərbaycanın klassik şairləri sənətin təcrübəsini nəzəriyyəsindən ayırmamışlar. Mülahizə yürütməkdənsə yürüdüləcək mülahizələrin məzmununu şeirə, nəzmə çəkmişlər. Biz şeir, ədəbiyyat məsələlərinə aid qiymətli fikir və hökmləri də şeiri yaradan adamların bədii əsərlərində daha çox görürük. Yeni ədəbiyyata qədər yaşayıb-yaradan bütün böyük şairlərin (Nizami, Füzuli s.) əsərlərində sənətşeir nəzəriyyəsinə aid hökmlər vardır ki, bu hökmlər həmin müəlliflərin sənətinin nəzəri əsaslarını təşkil etməkdədir. O zaman, ədəbiyyat sənət elminin lazımınca inkişaf etmədiyi bir dövrdə hər bir şeirə öz-özlüyündə həm də nəzəri cəhətdən yanaşılırdı.

Sabirin zəmanəsi belə deyildi. XX əsrin əvvəllərində Avropada olduğu kimi, Şərqdə, o cümlədən, Azərbaycanda da ədəbi tənqidi nəzəriyyə məsələləri canlanmaqda idi. Əsrimizin əvvəllərində Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Abdulla Tofiq s. müəlliflərin məqalələri şeirə və ədəbiyyata olan baxışın dəyişdiyini və şeirdə yenilik tələb olunduğunu göstərirdi. Bu yenilik hissi bir çox müəlliflərdə var idi.

M.Ə.Sabir yeni şeir ehtiyacını hamıdan gözəl duyduğu üçün qəzəldən əl çəkib, satiraya keçmişdir. Sabirin şeirə və sənətə olan tələbini hər şeydən əvvəl onun şeirlərindən öyrənmək olar. Xüsusilə " yazım", "Şəkibai", "Təraneyi-sairanə", "Söz" şeirlərində şair demək olar ki, bədii dil ilə öz baxışlarını, şeirə və şairliyə olan münasibətini ifadə etmişdir. "Şairlərimizə nəzirə" qeydi ilə verilən "Dilbər" əsərindən Sabirin köhnə şeir üslubuna güldüyü bu üslubu vaxtı keçmiş hesab edib pislədiyi bizə məlumdur. Burada Sabirin bəyənmədiyi nədir?

Hər şeydən əvvəl həyatdan, həqiqətdən uzaqlıqdır. Deməli, Sabir şeirdə realizmin, həqiqətpərəstliyin tərəfdarıdır. M.P.Vaqif həyatiliyi üstün tutmuş, təbliğ etmişdir. Onun da təsvirləri həqiqi, təbiidir. Ancaq Sabir şeiri günün siyasi tələbləri səviyyəsinə qaldırmağı tələb edir. Sabir elə bir həqiqət təsvirini sevir ki, bu təsvirdən xalq, ictimai aləm, azadlıq üçün çarpışanlar xeyir görsün. Bunun üçünSabir şeirə həyatın "güzgüsü" kimi baxır.

Sabirin fikrincə şair varlığı, həyatı, hadisələri düzgün, obyektiv cəsarətlə təsvir etməlidir. Şairin ən böyük vəzifəsi gördüyü "nikü-bədi izhar eləmək"dir:

 

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü-bədi eyləyim izhar, yazım.

Günü parlaq, günüzü , gecəni tar yazım,

Bədi bəd, əyrini əyri, düzü həmvar yazım.

 

Niyə bəs böylə bərəldirsən, a qare gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?

 

Şair hər şeydən əvvəl ictimai xadimdir. O, xalqın görən gözü, eşidən qulağı, danışan dilidir. Onun ayıq tənqidi hər bir tənqiddən güclü və təsirlidir. Bu nöqteyi-nəzərdən Sabir böyük mütəfəkkir M.F.Axundovun tənqid haqqındakı mülahizələrinə qoşulur. M.F.Axundov da bədii tənqidə çox böyük məna verərək, onu başqa üsullardan üstün tutur. Ədəbiyyatı bir "ibrət güzgüsü" sayırdı.

Sabirin şeir, ədəbiyyat aləmində qəzəblə yad etdiyi adamlar "riya" şairləri, varlıları yaltaqcasına tərif edən, beləliklə, yalnız özlərini deyil, şeiri sənəti də alçaltmağa çalışan şairlərdir. Sabir "puldan ötrü yalan mədhiyyələr yazan"lara nifrət edir, özünün bu qism qələm sahiblərindən uzaq olduğunu iftixarla söyləyir:

 

Şeir bir gövhəri-ekdaneyi-ziqiymətdir,

Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.

Deyərəm həcv, sözüm doğru, kəlamim şirin,

Əhli-zövqə verərəm nəşə, bu xoş şərbətdən.

 

Sabir "Təraneyi-şairanə" adlı məsnəvisini əsasən şeirə, şairlik sənətinin vəsfinə həsr etmişdir. Şairlik, Sabirin fikrincə ən yüksək vətənpərvərlikdir, xalqa xidmət, həqiqət carçısı olmaq, adamları ədalətin doğru yoluna çağırmaqdır. Bu, yüksək müqəddəs məslək yoludur. Bu yolda ölüm də, fəlakət də xoşdur. Çünki şair "gedərsə də, məramı yenə dünyadə yaşar". Bu yolun həqiqi yolçusu ən böyük xalq, millət bəşəriyyət xadimidir. Sabir şairliyə məhz belə yüksək məslək işi kimi baxmış, özü bütün fəaliyyəti ilə böyük məslək adamı olmuşdur.

"Söz" Azərbaycan ədəbiyyatında bütün böyük şairlərin mövzusu olmuşdur. Onlar sözü gövhər, dürr kimi yüksək qiymətləndirmiş, yalnız şeirdə deyil, hər yerdə və hər zaman sözün hörmətini vacib bilmişlər. Sabireyni yol ilə gedərək sözə "Xurşidi-səmavat" deyir. Onun fikrincə, "Kamal sahiblərinin gözünə işıq verən, gülşəni-nasutə feyzlər verən həqiqət nuru" sözdür. Əlbəttə ki, Sabir burada doğru sözdən, xüsusilə şeirdəki sözdən - sənət sözündən danışır.

Söz bəşəriyyətə zövq, tərbiyə, feyz verən, insanlığı daima yüksəlməyə çağıran bir qüvvət qüdrətdir. Onun yaradıcıları, onun sahibkarları hər kəsdən əvvəl şairlər, bədii idrak ustalarıdır. Odur ki, sözün yüksək məna və mövqeyini gözləməyən qələm sahiblərinə nəinki şairlik adı, hətta insanlıq adı belə yaraşmır.

Sabir Füzuli kimi oğru şairlərdən şikayətlənmişdir. Şeiri, sənəti şöhrətə satanları, mənəviyyatın bu pak saf səmasını ləkələyənləri Sabir dərin nifrətlə yad etmişdir. Şeir oğrularına qarşı yazdığı bir qitədə Sabir türk şairi Nəfinin məşhur kəlamını təkrar edir:

Sirqəti şeir edə nə qəti-zəban lazımdır.*

 

*Şeir oğrusunun dilini kəsmək lazımdır.

 

 

Mir Cəlal

 

Ədəbiyyat qəzeti.- 2011.- 29 aprel.- S.1, 2.