Güneydən gələn səslər

 

Aprelin 26-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Cənubi Azərbaycan ədəbiyyatı üzrə hesabat yığıncağı keçirildi.

Mərasimi AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca açdı. Əvvəlcə poeziyamızın görkəmli nümayəndəsi, cənub mövzusunda ömrü boyu ləyaqətlə qələm çalmış xalq şairi Balaş Azəroğlunun xatirəsi bir dəqiqəlik sükutla yad edildi, müzakirənin ustad sənətkar Mir Cəlal Paşayevin anadan olmasının 103 illiyi ilə bir vaxta təsadüf etdiyi qanunauyğun hal kimi dəyərləndirildi.

F.Qoca qeyd etdi ki, insan azadlığı ilə birgə doğulur. O, bu azadlığını öz yaşamı ilə irəli aparmalıdı. Sənət, poeziya bu yolda insanlara ləyaqətlə yardım edir. Azərbaycan insanının o taylı-bu taylı Azərbaycanımızı bütöv görməsi arzusu bizim ədəbiyyatımızın, söz sənətimizin həmişə aparıcı mövzusu olub.

Sonra şair-publisist Sayman Aruzun "Güney Azərbaycanda çağdaş ədəbi proses" mövzusunda məruzəsi dinlənildi.

Məruzə ətrafında xalq şairi Söhrab Tahir, tanınmış şair Qulamrza Səbri Təbrizi, filologiya elmləri doktoru Sabir Nəbioğlu, şair, oftolmoloq alim Paşa Qəlbinur və başqaları çıxış edərək Cənubi Azərbaycan ədəbiyyatının bütün zamanlar üçün diri, oyaq qalan mübarizə əzmindən, səfərbəredici xislətindən söz açdılar. Vurğuladılar ki, ədəbiyyatın reaksiyası həmişə aktiv olmalıdı. S.Aruz da məruzəsini bu aktiv münasibət üzərində qurub maraqlı bir məruzə təqdim edib.

Müzakirələri xalq şairi F.Qoca yekunlaşdırdı.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2011.- 29 aprel.- S.3.