Qabil – 85

 

Əbədiyaşar sənətkar

     

Ulu Nəsimiyə doğru can atdı,

Bir ustadsayağı heykəl yaratdı...

 

Çağdaş Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri olan xalq şairi Qabilə ünvanlanan bu misralar böyük sənətkarımıza məhəbbətdən yoğrulan, istəkdən qaynaqlanan əvəzsiz bir ədəbi qənaət, reallığı dəqiqliklə əks etdirən bədii kəlamdır.

Qürur hissi ilə deyə bilərik ki, Qabil haqqında fikirləşəndə öncül yer tutan onun təmizlik, obyektivlik, doğruluq, ədalətlilik... özünün dediyi kimi qibləgahı həqiqət məramlı bir şəxsiyyət bütövlüyü ilə gözümüzün qabağında canlanır.

O, şəxsiyyət bütövlüyü ilə seçilən elə böyük sənətkarlarımızdandır ki, bu onun yaradıcılığında da öz ifadəsini tapırdı.

İlhamlı şair gözəl lirik, epik-dramatik şeirləri ilə yanaşı, hər cəhətdən tamamlanmış poemaları oxucular tərəfindən həmişə hərarətlə qarşılanmışdır. Elə buna görə Qabilin əsərləri həmişə oxunur, əzbərlənir, ən mötəbər tədbirlərdə həm qabilsevərlər tərəfindən, həm görkəmli qiraət ustaları tərəfindən şövqlə səsləndirilir.

Eyni zamanda xalq tərəfindən həmişə sevilən Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan "Səhv düşəndə yerimiz", "Bakılı", "Çörək", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında", "Beşiyimdir-məzarımdır o mənim", "Dağlar", "Azərbaycan torpağı", "Göy göl", "Mübarəkdir Qız qalası", "Məhəbbət deyil", "Küləkli havalarda, yağışlı havalarda", "Türkün qəbri", "Ümid sənədir ancaq", "Gedən yerim olaydı", "Əslində", "Sənə qurban" kimi qeyri-adi şeirləri "Nəsimi" kimi fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanmışdır.

Onun 1969-cu ildə yazdığı xalq tərəfindən rəğbətlə qarşılanmış "Səhv düşəndə yerimiz" şeiri isə ictimai siqləti ilə o qədər məşhurlaşdı ki, mükalimə mövzusu kimi hər evə, müəssisə təhsil ocaqlarına ayaq açdı. Altı bənddən ibarət bu şeir poetik kəşf sayıldı Qabilin yaradıcılığında yeni üfüqlər açıldı.

Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o daim klassikləri, xüsusilə Allaha, gözəlliyə, həqiqətə qovuşmaq yolunda hər cür fədəkarlığa can atan Nəsimini necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun "Nəsimi"si məhz bu baxımdan daxili sevgiyə canlı bir misaldır. Söz sənəti ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah olmuşdur.

On il ərzində işlədiyi poemasında Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir dahi şairimiz İmadəddin Nəsiminin daxili, fiziki-mənəvi aləminin açarını tapmışdır. Nəticədə Qabilin "Nəsimi"sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilmişdir. Onun tarixi lirik qəhrəmanı Nəsimi özünə inamda fəlsəfi idrakında qətiyyətlidir, mənəvi kefiyyətləri ilə əbədiyaşardır.

Bunu humanist, mütəfəkkir, dahi Nəsimi bilirdi ki, özlüyündə gizli tilsimləri ilə əbədidir bunun təsdiqi kimi bir şeirində demişdir:

 

Mən ol tilsimi pünhan ki,

bu gün cahana gəldim,

Əzəli nişansız idim,

əbədi nişanə gəldim.

 

Nəsimi kimi böyük bir şəxsiyyətin qayə və ideallarını hərtərəfli öyrənmək, araşdırmaq və təhlildən keçirib poetik dillə tərənnüm etmək nə qədər çətin olsa da, xalq şairi Qabil 1973-cü ildə şərəflə "Nəsimi" poemasını bitirdi və xalqın ixtiyarına verdi.

Çox keçmir ki, "Nəsimi" poeması poeziyamızın əlamətdar hadisələrindən biri sayılır və Dövlət mükafatına layiq görülür.

"Nəsimi" poemasının uğurunu görkəmli alim, professor Tofiq Hacıyev belə qiymətləndirir:

"Qabil Füzulini daha yaxşı bilirdi. Hesab edirəm ki, Qabili cəlb edən Nəsiminin tarixi iradəsi məslək döyüşçüsü olması olub. Ölümlə üz-üzə durarkən də Nəsimi qayəsini dəyişmədi. Əli Kərim demişkən, qaşlarını bir vergül qədər çatmadı. Bu xasiyyət Qabilin yaradıcılıq tərcümeyi-halına doğmadır. Bədii yaradıcılığında Qabil məslək adamıdır. Qabil içdən gələn duyğuları ilə dərk edirdi ki, siyasi satqınlığın, ictimai yaltaqlığın baş alıb getdiyi zaman cəmiyyətə bir Nəsimi iradəsi, bir Nəsimi faktoru gərəkdir.

Ona görə Füzulini yox, məhz Nəsimini seçdi. Həm də onun yaradıcılıq məhsulu ədəbiyyatşünaslıqda səciyyələnən tipdə adı poema janrı deyil. Qabilin poeması dastançılıq cizgiləri ilə dolğunlaşır və Qabilin Nəsimisi qəhrəmanlıq dastanının obrazıdır, poema dastan epikliyi ilə səciyyələnir."

Xalqın bir çox alim, şair və ziyalıları "Nəsimi" poeması barədə çox qiymətli fikirlər söyləmişlər.

Bəkir Nəbiyev, B.Vahabzadə, N.Xəzri, Əliağa Kürçaylı, Əli Səmədli, Elçin Əfəndiyev, Məmməd Cəfər Cəfərov, Fikrət Sadıq, Anar, Əmir Mustafayev, Abbas Abdulla, Cabir Novruz, Vaqif Yusifli, İsa İsmayılzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Qürbət Əziz və bir çox başqaları "Nəsimi" poemasının böyük əhəmiyyətindən, Qabil təxəyyülündən, onun daxili aləmindəki mərdlik, bahadırlıq pafosu və ölməzlik əzminin ştrixlərindən və bir çox məziyyətlərindən danışaraq onun bizdə öz keçmişimizə, ümumən ədəbiyyatımıza, xalqımızın qəhrəmanlığına, eyni zamanda azadlıq uğrunda apardığı mübarizəyə dərin bir məhəbbət oyatdığını, xarici istilaçılara, mənfur düşmənlərimizə qarşı amansız olmağa çağırdığını, Vətənimizi, xalqımızı daha da dərindən sevdiyini çox tutarlı faktlar və misallarla təhlil edib, poemanın Dövlət mükafatına layiq görülməsini əsaslandıraraq alqışlamışlar.

Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində ümummilli lider Heydər Əliyev sevimli şairimizin mənəvi kefiyyətlərini və onun "Nəsimi" poemasının əbədi dəyərini belə qiymətləndirmişdir: "Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, Dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın - şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi...

...Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür."

Həmin yubileydə ulu öndər Heydər Əliyev xalq şairi Qabilin xarakterindəki özünəməxsus incə yumor hisslərindən də söhbət açmışdır.

Qabil bu zirvəyə elə-belə gəlib çatmamışdır. O, parlaq istedadı və qüdrətli sənətkar təxəyyülü ilə dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərindəndir.

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olmuşdur. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

Heç bir vəzifə sahibi olmayan Qabil azad söz sahibi olmuş, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırmışdır. Bu da ondan irəli gəlirdi ki, Qabil yuxarıda dediyimiz kimi həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən yüksək kefiyyətli nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.

Daim poetik duyğularla qəlbində vətəninə millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət etmişdir.

Böyük çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən başlıcası - Qabil poeziyasına uğur gətirən cəhət - yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə poetik dolğunluqla ifadə edilməsidir.

Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.

Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalışan Qabil şeirləri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai-siyasi həyatının bədii salnaməsidir.

Bu müddətdə xalqımızın tarixində elə bir mühüm ictimai-siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə öz vətəndaş mövqeyini bildirməsin.

60-ci illərdə yazdığı "Tramvay parka gedir"dən tutmuş 1990-cı ilin 20 Yanvar gecəsində qələmə alınmış "Mərsiyə" şeirinə kimi heç az iş görməmişdir.

Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq günlərində ürək yanğısı ilə yazdığı şeirləri əsl vətəndaş qayəli, vətən təəssübkeşliyini əks etdirən misilsiz poetik nümunələrdir.

Bu eşq, bu ehtirasla da "Ümid sənədir ancaq..." şeirini yazıb.

1996-cı ildə qələmə alınmış 90 misralıq bu şeir başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman Vətən övladına- Azərbaycan əsgərinə hədsiz inam və məhəbbətdən yoğrulmuşdur.

Təsadüfi deyildir ki, İctimai televiziya həssas qəlbli xalq şairi Qabilin "Ümid sənədir ancaq..." şeirinə qısametrajlı film çəkərək, tez-tez mümayiş etdirməklə işğal altında qalan torpaqlarımızın azad olunmasına güc və qüdrətimizi göstərməklə hərbi vətənpərvərlik tərbiyəsini daha da geniş təbliğ edir.

Qabilin bu vətəndaşlıq mövqeyi, vətəndaşlıq qeyrəti Sabirdən gəlirdi. Ona görə də Qabil M.Ə.Sabiri hədsiz dərəcədə sevir, onun yaradıcılığından qaynaqlanır və onun haqqında dahiyanə fikirlər söyləmişdi:

 

Sabir köhnəliyin vəlvələsiydi,

Milli idrakımın zəlzələsiydi.

Vətən fəxr etsə də şairlərilə,

Sabir təkbaşına xalqın bəsiydi.

 

Məhz yüksək vətəndaşlıq mövqeyinin nəticəsi idi ki, Qabil xalq şairi Rəsul Rza və böyük Sabirşünas Abbas Zamanovdan sonra Şamaxıda, Balaxanıda və Bakıda keçirilən Sabir Poeziya günlərinin komissiya sədri kimi uzun illər əvəzsiz xidmət göstərmiş, həmişə arzu etdiyi Sabir məqbərəsinin ucaldılması üçün səy göstərmiş, təşəbbüslə çoxlarına müraciət etmişdir. Nəhayət, bu müraciətlərin nəticəsində xeyriyyəçi, şair Gülağa Tənhanın vəsaiti hesabına möhtəşəm və əzəmətli məqbərə ərsəyə gəlmişdir.

Qabilin ömür karvanının yır-yığış günündə, ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi dəfn mərasimində sənət dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, habelə oğlu Mahirin hüznlü sözlərində, coşqun fikir və mülahizələrində bu həqiqətə bir daha inandıq ki, sənətkar getdi, lakin sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri, müdrik kəlamları əbədi olaraq xalqına yadigar qaldı.

Bunlar bizim üçün bir təsəllidir. Akademik Vasim Məmmədəliyev də bu fikirdədir: "Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, var və olacaq. Sənətkar üçün əbədiyyət budur".

"Şeirim" əsərindəki dialoqunda

 

Çoxdan ayrılmışıq bir-birimizdən,

Yaxın ola-ola uzaq düşmüşük.

Yoxsa xatirəyə çevrilmisən sən?

Xatirə eşqinə nahaq düşmüşük.

Hələ xatirəlik bir şeyimiz yox...

 

- deyən şair bu gün özü bizi qəhərləndirəcək dərəcədə xatirəyə çevrilmişdir.

Hələ sağlığında Qabil haqqında İsmayıl Şıxlının, Bəkir Nəbiyevin, B.Vahabzadənin, N.Xəzrinin, Balaş Azəroğlunun, Çingiz Abdullayevin, Əlağa Kürçaylının, H.Abbaszadənin, Elçinin, Anarın, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Fikrət Sadığın, Cabir Novruzun, Hüseyn Arifin, Yusif Səmədoğlunun, Ramiq Muxtarın, Abbas Abdullanın, Azər Abdullanın, Oktay Rzanın, Tofiq Hacıyevin, Qəşəm İsabəylinin, Vaqif Səmədoğlunun, İsa Muğannanın, Ayaz Vəfalının, Qulu Xəlilovun, İsa İsmayılzadənin, Əmir Mustafayevin, Musa Urudun və yüzlərlə qabilsevərlərin söylədikləri maraqlı xatirələr və böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri daim yaşayacaqdır.

Böyük şairə sənət dostları çoxsaylı şeirlər həsr etmişdir ki, onlardan biri də istedadlı şair Musa Ələkbərlinin Qabil şəxsiyyətinə çox yüksək qiymət verməsi - onu çağdaş poeziyamızın "qan təzyiqi" adlandırması maraqlı cəhət kimi necə də gözəl ifadə olunmuşdur:

 

Qabil şeirimizin qan təzyiqidi.

Qabil şeirimizin məhəng daşıdı.

Gah enən, gah qalxan bu təzyiqlə o,

Qəlbində dağ boyda ağrı daşıdı.

Sözdən körpü çəkdi gələcək əsrə,

Sabirin, Vurğunun çağdaş yaşıdı.

 

Qabil haqqında nə qədər yazsaq, azdır. Onun böyük yaradıcılıq yolu barədə bir yubiley məqaləsində danışıb yekunlaşdırmaq o qədər də asan deyil.

Qabil şəxsiyyəti, Qabil bütövlüyü, Qabil dostluğu, Qabil yaradıcılığı barədə bir yubiley məqaləsində hər şeyi demək imkan xaricindədir.

Qabil haqqında əsl sözü gələcək zamanlar daha yaxşı deyəcək.

Çünki Qabil təkcə yaşadığımız dövrün yox, həm də bizim üçün əlçatmaz olan gələcək zamanın şairidir.

Allaha, gözəlliyə, həqiqətə qovuşmaq yolunda öz Nəsimisi kimi ölməzlik qazanmış böyük şair və maraqlı şəxsiyyət Qabil də öz sənətində poetik kəşfləri ilə ölməzlik qazandı. Şah beytlərində, şah misralarında, qədirbilən xalqının qəlbində həmişəyaşar olan Qabilin bu gün 85 illik yubileyi çox məqamlardan xəbər verir. O bilirdi ki, əbədiyaşar şairdir. Ona görə də özünün müstəqil gəmisi, öz bayrağı, yaşıl qələmi, bu dünyada al-əlvan günləri olduğu kimi, axirət dünyasında da cənnətlik yeri vardır.

 

 

Ədalət MƏMMƏDOV

 

Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S.3.