Vətən məhəbbətli, vətən ünvanlı..  

     

Hələ gənc vaxtlarımdan "Ədəbiyyat qəzeti" ən çox sevdiyim qəzet olub. Bu qəzet bədii sözə münasibəti, tələbkarlığı ilə mətbu orqanlardan fərqlənib. Qəzetin ədəbi ictimaiyyət arasında nüfuz qazanmasına səbəb onun yaşlı və gənc nəslə mənsub tanınmış müəlliflərilə yanaşı, həm də yaradıcı, fədakar əməkdaşları olub. Belə qələm adamlarından biri qəzetin poeziya şöbəsinin müdiri, istedadlı şair Davud Nəsib idi.

Davud Nəsib 1942-ci il avqustun 25-də Qazaxda anadan olub. ADU-nun kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" qəzetində dərc edilən "Mənim doğma çayım - Mənim Kür çayım" adlı şeiri ilə başlayıb. Moskvada Ali ədəbiyyat kursunu bitirib. Ömrünün sonunadək "Ədəbiyyat qəzeti"ndə işləyib. Bir sıra təltiflərə layiq görülüb. "Könlüm səni axtarır", "Dağlar danışsaydı", "Məhəbbət yolları", "Bizdən sonra yaşayanlar", "Ümid qatarı" və digər kitabların müəllifidir.

 

Vətən məhəbbətli, vətən ünvanlı

Bir ürək döyünür köksümün altda.

 

- yazırdı Davud Nəsib.

İkinci Cahan savaşı illərində doğulan şairin canından müharibənin ağrı-acıları uzun müddət getmədi. Axı müharibə qurtarsa da, onun törətdiyi fəsadlar başsız qoyduğu ocaqlarda, ata-oğul niskilli insanların qəlbində kök salıb yaşayırdı. Odur ki, ötən əsrin 60-cı illərində ədəbiyyata gələn nəslin yaddaşında, qələmində müharibə motivləri geniş yer tutdu. Vətən, torpaq, ana mövzularının daha da müqəddəsləşməsinə xeyli təsir göstərdi. Davud Nəsibin də şeirlərinə o barıt qoxulu illərin havası hopmuşdu. Müharibədə həlak olan həmvətənlərinin, davadan geri qayıtmayan atasının ruhu dolaşırdı bu nəğmələrdə...

Çox keçmədi şairin vətən eşqi və dağlarda bitən zərif güllərin ətri barıt qoxusunu onun şeirlərindən qismən də olsa uzaqlaşdıra bildi. Şair günlərin şeirini yazdı.

 

Davud heç də olmaz razı

Elsiz ola bir avazı;

Kökdən düşər könül sazı,

Telsiz qalar eldən ayrı.

 

Davud Nəsib elinə-obasına bağlı şair idi. O, bilirdi ki, eldən-obadan kənarda dayanıb, yaxşı şeir yazmaq olmaz. Eyni zamanda şair təkcə öz şəxsi qayğıları ilə deyil, mənsub olduğu xalqın, millətin arzuları ilə yaşamalıdır.

Onun şeirləri də məhz xalqın ruhuna köklənən şeirlərdir.

Davud Nəsiblə uzun illər bir yerdə işləmiş şair, ədəbiyyatşünas Ayaz Vəfalını verilişimizə dəvət etmişdik. Ayaz müəllim qələm dostunun, xüsusən gənc müəlliflərə böyük qayğı ilə yanaşmasına, bacardığı qədər kömək göstərmək istəyinə dair məqamları xatırladı.

Eyni zamanda şəxsən unuda bilmədiyi bir poetik təəssüratı da dinləyicilərlə bölüşdü.

Bir gün Davud Nəsibin yolu təsadüfən Cəlilabad rayonuna düşür. Davud soraqla gedib Sabirabad kəndinə çıxır və Ayaz müəllimin anası Ətlaz xanıma baş çəkir. Redaksiyaya qayıdanda əhvalatı olduğu kimi də danışır. Ayaz Vəfalı bu təəssüratı “Dostuma da qurban olub...” şeirində həm anasına, həm də dostuna dərin hörmətlə qələmə alır:

 

“Kəndinizə düşdü yolum, -

Gedib çıxdım evinizə;

Yaxşı yerdir, ağrın alım,

Anan qulluq etdi bizə, -

Yaman qulluq etdi bizə...

 

Getməmişdim heç o yana, -

Gəlişimi kimsə bilib;

Deyibdi ki: - Ana, ana! -

Oğlunuzun dostu gəlib...

 

Tanışlardı sağım-solum;

Səs eşitdim astanada:

“Balama da qurban olum,

Balamın sən dostuna da...”

 

...Belə dedi bu gün dostum;

Mən həsrətlə qulaq asdım.

 

Eşitmişəm, nigaranam;

Eşidənlər heyran olub:

Qurbanı olduğum anam -

Dostuma da qurban olub...”

 

Həyat təzadlarla doludur. Davud Nəsib bunları çox yaxşı bilirdi. Kədərlə sevinc insanların taleyində növbələşib. Birində az, birində çox. Bəzən sevincin ən parlaq şölələri üzünə düşən bir insanı kədərin qara buludları təqib edir. Sevincin parlaqlığından əsər-əlamət qalmır. Elə də olur ki, kədərin qara buludlarını sevincin günəş güclü şüaları bir anlığa vurub dağıdır. Lakin zəhmətsiz, hazır səadətin, sevincin ömrü az olur. İnsan gərək xoşbəxtliyi öz gücü ilə qazansın. Qarşısına çıxan şər qüvvələrə, qəmə, kədərə qalib gələ bilsin. Mübarizəylə qazanılan səadət ömürlük olur!..

Davud Nəsib kədərə, dərdə çox "üz verməyən", onlara "qənim kəsilən" şairdi.

Mətbəədə işlədiyim vaxtlar idi. Günlərin bir günü Davud müəllimlə rastlaşdıq. Qoltuğunda qovluğa oxşar bükülü nəsə var idi. Salamlaşdıq. Hal-əhval tutduq. "Yeni şeirlərinizi çapa gətirmisiz?" - deyə soruşdum. Boyu uca olduğundan başını bir az aşağı endirdi - şeir deyil, romandır. Xalqımın qəhrəman oğlu Cavanşir haqqında yazmışam. Heç bilmirəm necə qarşılanacaq, - dedi. Doğrusu, şair kimi tanıdığım Davud müəllimin nə vaxtsa nəsr əsəri yazacağı haqda düşünməsəm də, təəccüblənmədim. Çünki istedadına bələd idim. Kitabın çapının qayğısına qalmağı mənə ərk elədi: - Elə bil öz kitabındı, - dedi. - Çapından, keyfiyyətindən muğayat ol, görək başımıza nə gəlir.

Kitab nəşr olundu və maraqla qarşılandı.

 

Dünya silkələnsə, qopar yerindən

Sən bil ki,

Bu yoldan dönən deyiləm,

İstəsən göyləri endirərəm mən,

Eşqin göylərindən enən deyiləm.

 

Davud Nəsib göyün olmasa da, məhəbbətin yeddinci qatına ucala bilən şairdi. Bunu söyləməyə onun yazdığı məhəbbət şeirləri, lirik poeziyası əsas verir. Bu, klassik ədəbiyyatdan gələn məhəbbətə bənzəsə də, şairin qəlbində yeniləşib, özününküləşib...

Kökündə Nizami, Füzuli şeirlərinin ruhu duyulan bu sevgi nəğmələrinin Davud Nəsib dünyasında öz sədaqəti, etibarı var.

Davud Nəsib üzünü dünyaya tutdu. Ürəyini dünyaya açdı. Yer üzündəki şairlərin səsinə səs verdi. Haqqın, ədalətin, sülhün, əmin-amanlığın bəşəriyyət üçün yeganə yol olduğuna şərik çıxdı, öz şair qələmiylə buna imza atdı...

Arzularını, istəklərini ilhamının gücü çatan qədər şeirlərində ifadə etdi - "Vətən məhəbbətli, vətən ünvanlı" şeirlərində.

 

 

Xaliq RƏHİMLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 19 avqust.- S.6.