Asim Cəlilov - 75

    

Hörmətli Asim müəllim!

Sizi - tanınmış yazıçı-jurnalisti 75 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz 1936-cı ildə Azərbaycanın qədim şəhəri olan Şuşada anadan olmusunuz. İlk təhsilinizi Bakıdakı 29 3 saylı orta məktəblərdə almış, doqquzuncu sinfi bitirəndən sonra İrəvandakı xüsusi hərbi hava qüvvələri məktəbində oxumusunuz. 1953-1954-cü illərdə Ukraynada hərbi təyyarəçilik məktəbində, 1959-1960-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 1961-1967-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almısınız.

1959-cu ildən "Molodej Azerbaydjana" qəzetinin əməkdaşı olmuş, 1963-cü ildə "Pionerskaya pravda" qəzetinin Zaqafqaziya üzrə xüsusi müxbiri işləməyə başlamış, 1967-1972-ci illərdə "Molodej Azerbaydjana" qəzetində baş redaktor kimi fəaliyyət göstərmisiniz. 1972-1975-ci illərdə Sov.İKP MK-nın yanında İctimai Elmlər Akademiyasında təhsil almış, burada elmi müdafiə edərək filologiya elmləri namizədi adı almısınız.

Siz 1975-1979-cu illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyində (Azərinform) direktor müavini, 1979-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm"də baş redaktor direktor müavini kimi əmək fəaliyyətinizi davam etdirmiş, "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru işləmisiniz (1991-1995). Hazırda "Ədəbiyyat qəzeti"nin əlavəsi kimi nəşr olunan "Mir literaturı" qəzetinin şef redaktoru, əməkdar jurnalistsiniz.

İlk qələm təcrübəniz 1959-cu ildə "Molodej Azerbaydjana" qəzetində işıq üzü görüb, ilk kitabınız 1968-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən nəşr edilib.

Sizin ssenariləriniz əsasında "Yol əhvalatı", "Avqust ayı gələndə", "Yayda yarpaq tökümü", "Şeytan göz qabağında" bədii filmləri ekranlaşdırılıb. "Mozalan" satirik kinojurnalı 15-ə qədər süjet hazırlayıb. Çoxşaxəli yaradıcılığınızı əhatə edən üçcildlik "Zaman həmişə bizimlədir" kitabınız işıq üzü görüb.

Hörmətli Asim müəllim!

Sizi bir daha 75 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, can sağlığı, yaradıcılığınızda uğurlar arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 26 avqust.- S.4.