Əli Vəliyev - 110

         

O, xeyirxah, qeyrətli bir vətəndaş, həyatla, xalqla canlı əlaqəsi olan bir yazıçı idi, vəfalı dost idi.

Sinəsində bütün həyatı boyu doğma xalqına, vətəninə, bədii ədəbiyyata, həqiqətə, düzlüyə məhəbbətlə dolu olan və rahatlıq bilməyən bir ürək döyünürdü. Azərbaycan sovet ədəbiyyatının ilk yaranışı illərindən beşiyi başında dayananlardan idison nəfəsinədək, yorulmadan da bu ədəbiyyatın inkişafı yolunda qələm çaldı.

 

 

Mirzə İbrahimov

akademik, xalq yazıçısı

 

Bir dəfə Əli Vəliyevin qəbuluna gedəndə gördüm ki, o zamankı nüfuzlu nazirlərdən biri onun qəbul otağında oturub. Biz tanış idik. Görüşüb soruşdum:

- Niyə burda oturmusunuz?

Pərt halda cavab verdi:

- Yoldaş redaktorun qəbulunu gözləyirəm.

Mən kabinetə girib gördüm ki, Əli Vəliyev gözündə eynək, əlində qələm nə isə oxuyur, dedim:

- Əli müəllim, nazir sənin qəbulunu gözləyir. Qoy gözləsin, - deyə Əli Vəliyev gözünü kağızdan çəkmədən cavab verdi. - Özü adamları on günlərlə qəbul otağında gözlədəndə yaxşıdı?!.

Biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, yazıçılardan həmişə iki adamın - Səməd Vurğunla Əli Vəliyevin köməyinə güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edirdik. Əli Vəliyev bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişlərimizə qarşı bir o qədər qayğıkeş idi. Səməddə də, Əlidə də bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik var idi.

 

 

İlyas Əfəndiyev

xalq yazıçısı

 

"Kişi" kəlməsi dilimizdə ən yüksək məna daşıyır. Mərdliyi, səcarəti, doğruluğu tərənnüm edir. Bu keyfiyyətlərə malik olduğu üçün Əli Vəliyevə də xalqımızın kişi oğlu desək, yerinə düşər. Əli Vəliyevin bir üzü, bir siması var idi. O, həqiqət naminə danışmaq, lazım gələn yerdə, ən çətin, ən çıxılmaz məqamlarda dönə-dönə bu kişi ləyaqətini göstərirdi.

Onun xarakterindəki bu xüsusiyyətə bələd olanlar son nəticədə onunla hesablaşmağa məcbur olurdular.

Əli Vəliyevin sözünə Ədalətin qılıncı desək, daha düz olar. Onun nifrəti də, məhəbbəti də dərhal üzündən oxunardı, şəxsiyyətinin ana xətti isə - mənəvi təmizlik, xalqına dövlətinə, ailəsinə və dünyanın bütün yaxşı adamlarına sədaqətli olması idi.

 

 

Mirvarid Dilbazi

xalq şairi

 

İstər sağlığında, istərsə də ölümündən sonra xalq yazıçısı Əli Vəliyevdən harada söhbət düşürsə, hamı bir ağızdan "çox xeyirxah adam idi" - deyirlər. Mənə görə sənətindən, yaşından asılı olmayaraq, bir insan haqqında deyilən bu söz min başqa tərifdən üstündür. Mən deyərdim ki, xeyirxahlığın özü də bir növ istedaddır. Çünki xeyirxahlıq məhz böyük təbiətli insana xas olan keyfiyyətdir.

Xeyirxahlıq - öz haqqından əvvəl başqasının haqqını görə bilməkdir. Başqasının haqqını görmək isə ədalətin və həqiqətin müdafiəsidir. Belə adamlara cəmiyyət əsl vətəndaş deyir.

Əli Vəliyev əsl vətəndaş idi. Mən Əli Vəliyevi tanıdığım 30-35 il müddətində həmişə belə görmüşəm. Məqsədsiz yaxşılıq, ədalət və həqiqət Əli Vəliyevin ünvanı idi. Bərkə düşən elə bir yazıçı tanımıram ki, bu ünvana müraciət etməmiş, onun qapısını döyməmiş olsun.

 

 

Bəxtiyar Vahabzadə

xalq şairi

 

Əgər Əli Vəliyev haqqında yazsaydım, kitabımın adını Qorkidən alınan bir sözlə - yəni böyük hərflə "İnsan" qoyardım. Əli Vəliyev bir yazıçı, bir ictimai xadim, bir jurnalist olmaqla yanaşı, həm də əsl insan idi. Onun yanına məsləhətə, ən sadə söhbətə gələn adam da xalqın müdrik bir oğlu, bir "Budaq baba"sı ilə söhbət etdiyini hiss edirdi. Onun hələ kiminsə bir xahişi yerə saldığını, yaxud kimdənsə məsləhətini əsirgədiyini deyən ola bilməz.

Mehribançılığı ilə yanaşı, Əli Vəliyev həm də olduqca obyektiv, həm məhəbbətində, həm də nifrətində açıq və kəskin idi. Haqlı bildiyini onun kimi axıra qədər müdafiə edən, haqsızlığa onun kimi, sona qədər amansız olan adam çətin tapıla.

 

 

Əzizə Cəfərzadə

xalq yazıçısı

 

Mən onu yazıçı, ictimai xadim kimi tanıdığımdan çox-çox əvvəl tanıyırdım.

Hələ orta məktəbdə oxuduğum vaxtlarda babamdan eşitmişdim ki, Bakıda onun Əli adında qohumu yaşayır, böyük adamdı, kitab yazır, qəzet buraxır. Bağırovun yanına get-gəli var.

Əli Vəliyev sözü qırmızı deyərdi üzə! İştirak elədiyi elə yığıncaq, elə müzakirə olmazdı ki, orada çıxış eləməsin, qətiyyətli və ötkəm danışmasın. Əgər daxilən inanırdısa məsələnin məğzi nədir, o bu həqiqət deyilən zəncirdən yapışıb son halqaya qədər təkidindən əl çəkməzdi. O, doğruluğu, düzgünlüyü, söz bütövlüyünü, açıq danışığı, mərdlik, kişilik sifətlərini dəyişilməz qanun hesab edirdi. Onun üçün yalan və saxtakarlığın böyüyü-kiçiyi yoxdu. "Yalanı, saxtakarlığı yumaq, təmizləmək mümkün deyil, onları dəfn eləmək lazımdır" - deyirdi.

 

 

Məmməd Araz,

xalq şairi

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 dekabr.- S.3.