Kandan məkana, ocaqdan vətənə

  

Nurlu siması, aydın zəkası, yaşı və təcrübəsi bizim üçün bir örnəkdir. İslam müəllim haqqında düşüncələr bizə Xəstə Qasımdan Dədə Ələsgərə qədər irfan dolu bir tarixi xatırlatdı.

İslam Ələsgər şüurlu həyatında heç vaxt xalturaçılığa, manipulyasiyaya getməmiş, elmdə ağlına və pak vicdanına söykənərək hərəkət etmişdir.

İslam Ələsgərlə bir yerdə olduğumuz bu uzun müddətdə onun həyatında baş verən elə bir hadisə yoxdur ki, onu bilməmiş olaq.

O, müqəddəs bir ocaqda - sazlı-sözlü bir ailədə dünyaya gəlib. O, adı dillər əzbəri, Azərbaycan aşıq sənətinin günçıxandan günbatana kimi hər bir yerdən görsənən zirvəsi məşhur Aşıq Ələsgərin dos-doğmaca nəvəsi, görkəmli Göyçəli Aşıq Talıbın oğludur. İndi ömrünün 85 ilini tamamlayıb 86-cı ilinə qədəm qoyan İslam Talıb oğlu anadan olanda (1925, 22 iyun) Aşıq Ələsgər sağ imiş. Valideynlərinin söyləməsinə görə, onun adını Aşıq Ələsgər verib. Baba dünyasını dəyişən günə (1926, 7 mart) qədər (260 gün) onlar bir yerdə yaşamışlar. Bu müddətdə nəvə babasının üzünü hər gün bir neçə dəfə görmüş, baba isə nəvəsinin boyunu sevmiş, başını sığallamış, uşaq dərk etməsə də, üzünə xoş sözlər söyləmişdir. İndi Aşıq Ələsgər nəslindən, ocağından onu görən və Aşıq Ələsgərin də öz nəslindən gördüyü adamlardan yalnız bir nəfər həyatdadır ki, o da İslam müəllimdir.

Həzrəti Əli (r.h.) deyir ki, "hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür". İslam müəllimi tanıyandan onun yalnız yaxşılıqlar etdiyinin şahidiyik.

İslam müəllim 5 yaşında olarkən atası Aşıq Talıb onu kəndlərindəki ibtidai məktəbə qoyur. Orta təhsilini qonşu Zod kəndində alan İslam məktəbi bitirəndə II Dünya müharibəsi başlamışdı. Müdhiş müharibə dövründə gənc müəllimlər cəbhəyə səfərbər edilir. Onları əvəz etmək üçün orta məktəbi yaxşı qiymətlərlə bitirənləri müəllim təyin edirlər. Odur ki, 16 yaşlı İslam Ələsgərovu qonşu Zərkənd kəndindəki yeddiillik məktəbə müəllim götürürlər. Bir il sonra dərs hissə müdiri seçilir. 18 yaşında isə məktəbin direktoru vəzifəsini ona tapşırırlar. Çox keçməmiş əsgəri xidmətə çağrılan İslam müəllim müharibə bitəndən sonra ordudan tərxis olunur müəllimlik fəaliyyətini davam etdirir.

İslam Ələsgərov 1948-49-cu dərs ilində S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil oldu məktəbi fərqlənmə diplomu ilə bitirdi. Yüksək savadı və bacarığına, həm də universiteti əla qiymətlərlə oxuduğuna görə onu aspiranturada saxlamaq istəyirlər. Amma o, kəndə qayıtmağı, ailəsi ilə bir yerdə yaşamağı və gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmağı daha üstün tutur. İslam Talıb oğlu məzunu olduğu Zod kənd orta məktəbində 1954-cü ildən 1988-ci ilin sonuna qədər müəllim və üç il direktor işləyir. Onun orta məktəbdə dərs dediyi şagirdlərindən çoxları xalq içərində böyük şan-şöhrət qazanmışdır. Onların arasında dünya şöhrətli elm adamları, akademik vardır.

Ələsgər ocağından güc alan İslam Ələsgər Azərbaycan aşıq sənətini geniş miqyasda ardıcıllıqla dünya mədəniyyətinə təqdim edən bir alimdir. O, ölkəmizdə düzənlənən bir sıra elmi konfrans simpoziumlarda da Aşıq Ələsgər irsinin ən layiqli araşdırıcılarından biri kimi çıxış etmişdir. Həmişə yüksək elmi kürsülərdən onun "Aşıq Ələsgər" irsi milli folklorumuzun bir çox mühüm problemləri haqqında məzmunlu və elmi dəyəri ilə seçilən, faktlara söykənərək tədqiqi çıxışlarında milli ədəbi irsimiz və ədəbi qaynaqlarımız haqqında nəzəri baxışları səslənmişdir.

İslam müəllim pedaqoji fəaliyyəti ilə elmi fəaliyyətini paralel davam etdirmişdir. O, hələ 1940-cı ildən Aşıq Ələsgərin əsərlərini toplamağa cəhd göstərmişdi. Eyni zamanda Göyçədə yaşamış olan digər şair-aşıqel şairlərinin itib-batmaq təhlükəsi ilə üzləşən ədəbi-bədii irsini qocaların hafizəsindən yazıya almağı da özünə borc bilmişdir. Aşıq Ələsgərin əsərlərinin bir hissəsini 1956-cı ildə kitab halında oxuculara təqdim edən İslam müəllimin topladıqları mətn əsasında Nizami adına Ədəbiyyat İnstitutu 1963 1972-ci illərdə "Aşıq Ələsgər" adlı kitabları oxucuların sərəncamına vermişdir.

Mütəmadi olaraq elmi axtarışlarını davam etdirən İ.Ələsgər aşıq sənəti haqqında daha əhatəli düşüncələrini inkişaf etdirərək 1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyasında Aşıq Ələsgərin həyatını geniş işıqlandırmış, onun haqqında söhbət açan bir çox müəlliflərin yanlış fikirlərini tutarlı faktlarla təkzib eləmiş, Aşıq Ələsgəri olduğu kimi elmi ictimaiyyətə təqdim etmişdir. İslam müəllim bu əsərində Göyçədə yaşayıb-yaratmış olan bir sıra el şairi və aşıq şairlərin ( Aşıq, Allahverdi, Alməmməd, Mirzə Bəylər, Aşıq Məhərrəm, Şair Məmmədhüseyn, Aşıq Musa, Aşıq Əziz, Şair (Çoban) Məhəmməd, Şair Aydın, Usta Abdulla, Bəşir, Əbdüləzim və s.) həyatı barədə ilk dəfə məlumat verərək onların şeirlərindən nümunələr vermişdir.

Adı elm aləminə çoxdan bəlli olan Aşıq Musanın ("Nə günahı telli sazın" gəraylısının müəllifi) bu vaxta qədərki yazılarda Göyçənin Qaraqoyunlu kəndindən olduğu və 1795-1840-cı illərdə yaşadığı göstərilirdi. Dissertant dəqiq araşdırmalar nəticəsində ustadın 1830-1912-ci illərdə yaşadığını və Ağkilsə kəndində ömür sürdüyünü müəyyənləşdirmiş, əyani dəlil olaraq qəbir daşının fotoşəklini oxuculara nümayiş elətdirmişdir.

Dissertasiyadan sonra İslam müəllimin Aşıq Ələsgər və Göyçənin saz-söz sənətkarları haqqında elmi məqalələri mətbuatda müntəzəm nəşr olunmağa başlamışdır. Bu vaxta qədər onun saysız-hesabsız məqalələri və aşıq yaradıcılığına həsr edilmiş 19 kitabı işıq üzü görmüşdür.

İslam müəllimin elmi yaradıcılığı ardıcıllarında yeni yaranan əsərlərin təhlil və tədqiq obyekti olmuşdur. Ələsgərşünaslıqda və Göyçə aşıqlığı kontekstində onun elmi-ədəbi potensialının zənginliyi buna imkan verir. Alimin araşdırmaları Aşıq Ələsgərin əsərlərinin əsas ideya fondunu təşkil edir.

"Sazlı-sözlü Göyçə" (1999) kitabında qədim oğuz diyarı olan Göyçə mahalında yaşayıb-yaratmış 35 el sənətkarının barəsində fikir söyləyən müəllif onların əsərlərindən bir çox nümunələri oxuculara ilk dəfə təqdim eləmişdir. İslam müəllimin bu kitabı nəşr edildikdən sonra Göyçə aşıqları haqqında yazan kitab çap etdirənlərin bir çoxu bu qiymətli mənbədən bəhrələnmiş, kitabda yer alan saz-söz sənətkarlarından bəzilərinin yaradıcılığı folklorşünaslıqda ayrıca tədqiq olunaraq dissertasiya mövzusuna çevrilmişdir.

İslam müəllimin çap etdirdiyi "Göyçəli Aşıq Nəcəf" (2000), "Növrəs İman" (2003), "Çoban Məhəmməd" (2009) kitabları da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Aşıq Ələsgərin əsərlərini bir neçə dəfə Bakıda çap etdirən İslam müəllim onun əsərlərinin 1987-ci ildə türkiyəli alim Nizaməddin Onkla birlikdə Türkiyədə "Göyçəli Aşıq Ələsgər" adı ilə nəşr etdirməyə də nail olmuşdur. Kitab milli ədəbi-bədii, fəlsəfi-estetik düşüncə tarixində xüsusi məqamı, aşıq sənətində əzəmət və mötədilliyi ilə seçilən irfan sahibi Dədə Ələsgərin Türk dünyasında geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İslam müəllimin 1999-cu ildə "Maarif" nəşriyyatında çap elətdirdiyi "Haqq aşığı Ələsgər" adlı monoqrafiyası Ələsgər haqqında yazılan ən qiymətli elmi əsər kimi ədəbi ictimaiyyətin diqqətini cəlb etməkdədir.

Alimin ən mühüm xidmətlərindən biri odur ki, Aşıq Ələsgərin əsərlərinin ən inandırıcı variantını müəyyənləşdirmişdir. Bu işdə o, atası Aşıq Talıba və Göyçəli Aşıq Ağayara minnətdardır.

Aşıq Ələsgərin əsərlərinin ilk toplayıcısı mərhum folklorçu H.Əlizadə olmuşdur. Məlum səbəblər üzündən o, Ələsgərin əsərlərində işlədilmiş olan dini ifadə və sözləri dəyişdirmək məcburiyyətində qalmış, hətta aşıqların dilində əzbər olan dini-ürfani məzmun daşıyan şeirlərinə biganəlik göstərmişdir. H.Əlizadə Aşıq Talıbdan topladığı şeirlərdə də belə bir "əməliyyat" aparmışdır. Sovet hakimiyyəti yıxılana qədər bu təhriflərdən yaxa qurtarmaq mümkün olmamışdır. İslam müəllim Ələsgərin əsərlərini toplamağa başlayanda Aşıq Talıb hələ sağ idi (o, 1979-cu ildə vəfat etmişdir). İslam müəllim bu fürsəti əldən verməmiş, yazı-pozu bilməyən Aşıq Talıbın bildiyi variantı onun dilindən maqnitofon lentinə köçürmüş və qələmə almışdı. Sovet hakimiyyəti yıxıldıqdan sonra İslam müəllim Aşıq Talıbın bildiyi variantı oxuculara təqdim etmişdir.

Müqayisəli tədqiqatları ilə ələsgərşünaslığı və aşıqşünaslığı zənginləşdirən İslam Ələsgər elmi fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətlə məşğul olur. Görkəmli təhsil işçisi kimi tanınan İslam müəllim öz el-obasının işinə fayda verir.

O, 3 il (1958-1961) kəndlərindəki kolxoz təsərrüfatına rəhbərlik etmişdir. Bu illərdə Ağkilsə kəndindəki kolxozun vəziyyəti ürəkaçan deyildi. Camaat bunun səbəbini rəhbərliyin səriştəsizliyində görürdü. Çox götür-qoydan sonra onların İslam müəllimə müraciət və xahişi müsbət nəticəsini verdi. O, işlədiyi qısa bir müddətdə təsərrüfatı xeyli inkişaf elətdirdi. Mal-qara üçün bir neçə tövlə, taxıl saxlamaq üçün böyük anbar tikdirdi, yolları, körpüləri təmir elətdirdi, yeni tipli 8 illik məktəb binası inşa elətdirib, şagirdlərin istifadəsinə verdi.

İslam müəllim böyük bir ailə başçısıdır. O, 12 uşaq (6 oğul, 6 qız) böyüdüb boya-başa yetirmiş, ev-eşik sahibi etmişdir. İndi onun övladlarının, nəvələrinin artmaqda olan nəticə və kötücələrinin sayı 88-dir.

Hələ oğlanlarının adlarına baxın: Ələsgər, Firdovsi, Füzuli, Nizami, Xətai, Nəsimi. Bu adlar İslam müəllimin mədəni, ədəbi-bədii irsimizə olan böyük hörmət və məhəbbətin ifadəsidir. Oğlanları aşıq kimi çıxış etməsələr də, saz çalmağı bacarırlar. Onun övlad nəvələri arasında şeir qoşanları da az deyil.

İslam Ələsgər babası və milli iftixarlarımızdan olan Aşıq Ələsgər haqqında geniş miqyaslı tədqiqatında haqq aşiqinin yaradıcılığını bütünlüklə səciyyəvi olan əsas qayəsini və cəhətlərini müəyyən etməklə Ələsgərin timsalında Göyçə aşıq mühitinin yaradıcı təbiətini aşkarlamış və mühitin ədəbi-estetik reallığını, funksiyasını və filoloji konseptual dəyərini üzə çıxarmaq olmuşdur. Alim tam təfərrüata varmaqla Aşıq Ələsgərin ədəbi irsi, sənətkarlığı şəxsiyyəti haqqında bütün informasiya-bilgiləri təhlil edərək onun Azərbaycan aşıq sənətində mövqeyini sənətkar statusunu müəyyənləşdirmişdir. Aşığın sənət irsini elmi müstəviyə gətirməklə, onun şeirlərinin mövzu dairəsini, janr xarakterini, rəvayətlərinin özəlliyini aşkarlayaraq oxucuların ixtiyarına uğurla çatdıra bilmişdir. Göyçə aşıq mühitini onun ən görkəmli nümayəndəsi olan Aşıq Ələsgəri ənənəvi tarixi-müqayisəli metod üsullarla tədqiq etməklə Azərbaycan filologiyasında aşıq sənətinə töhfə vermişdir. O, Azərbaycan aşıq yaradıcılığının konkret bir mühitinin, müəyyən bir dövrünün səciyyəvi xüsusiyyətlərini öyrənərək aşıq ənənəsində müxtəlif səviyyələrdə:

- tarixi-mədəni gerçəkliyi;

- ideoloji şəraiti;

- şeir şəkillərini s. meydana gələn meylləri aşkarlamışdır.

İslam müəllim bu gün elmi fəaliyyətini davam etdirməkdədir. Bir yoldaşı, uzun illərin həmkarı kimi İslam müəllimə uzun ömür möhkəm cansağlığı diləyirik!

 

 

Elxan MƏMMƏDLİ,

 

Qalib SAYILOV

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 fevral.- S.4.