Əkrəm Qaflanoğlu - 60

 

Hörmətli Əkrəm müəllim!

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik!

Siz respublikamızda istedadlı yazıçı-publisist, fəal ictimaiyyətçi, mədəniyyətimizin fədakar təəssübkeşi kimi yaxşı tanınırsınız. İlk məqaləniz orta məktəbdə oxuyarkən Quba rayon qəzeti "Şəfəq"də dərc olunmuşdur. Sonradan respublika qəzet və jurnallarında, toplularda məqalə və hekayələr ilə çıxış etmisiniz.

Sizin məqalələrinizin əsas mövzusunu Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyat xadimlərinin həyat və fəaliyyəti, Azərbaycan musiqisi, ifaçılıq sənəti təşkil edir. Buna görə də, siz mədəniyyət xadimləri arasında hörmət və nüfuz qazanmısınız.

"Həm gülək, həm düşünək" ( Bakı, "Qapp - Poliqraf" nəşriyyatı, 2002 - 351 səh.), "55+" ( Bakı, "Çinar - Çap" nəşriyyatı, 2008 - 376 səh.) kitablarınız oxucular arasında böyük maraqla oxunur.

Uzun illər siz, Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətində məsul vəzifədə çalışmısınız. Azərbaycan ictimai fikrinin, milli azadlıq mübarizəsinin inkişafında böyük xidmətlərə malik "Vətən" Cəmiyyətinin fəaliyyətində mühüm rolunuz olmuşdur. Coşqun fəaliyyətinizi Azərbaycan mühaciratının doğma vətənləri ilə əlaqələr yarada bilməsi kimi şərəfli bir işə həsr etmisiniz.

2002-ci ildən isə siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçisisiniz. Hazırda Baş nazirin müavininin köməkçisi vəzifəsində çalışırsınız.

Hörmətli Əkrəm müəllim!

Sizi bir daha 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə ailə səadəti, uzun ömür, cansağlığı, həm məsul işinizdə, həm də yaradıcılığınızda uğurlar arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 1 iyul.- S.5.