Nigar Rəfibəyli poeziya günü

         

 Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə hər il keçirilən Nigar Rəfibəyli Poeziya günü öz zəngin proqramı ilə yenə də fərqləndi. Xalq şairinin adını daşıyan 43 nömrəli orta məktəbin həyətindəki abidəsi önündə, Gəncənin sənətkar qızının özünün şeirlərinin birində "günəşdən gənclik istədiyi" işıqlı iyun səhərində doğum günü ilə üst-üstə düşən tədbir başlanğıcını təhsil ocağından götürdü. Poeziya gününü açan məktəbin direktoru, şair Xəzangül bu təhsil ocağının N.Rəfibəylinin adını daşıması ilə müəllim və şagird kollektivinin iftixar hissi keçirdiyini bildirdi.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alim Nigar Rəfibəylinin ədəbi irsindən, lirik poeziyasının bədii dəyərindən, tərcümələrindən danışdı, Rəfibəylilər nəslinin ləyaqətli xanım-ana nümayəndəsinin XX əsr ədəbiyyatımızın inkişafındakı xidmətlərini açıqladı, yeni şeirini oxudu.

Şairlərdən Aləmzər Əlizadə, Nadir Ovçu, müəllimlərdən Şəfiqə Verdiyeva, Əsli Süleymanova, fazil Kazımov, Çiçək Məmmədova Nigar xanıma həsr etdikləri şeirlərini, onun yaradıcılığı ilə bağlı ürək sözlərini söylədilər. Şagirdlərin ifasında N.Rəfibəylinin şeirləri səsləndi.

Poeziya günü xalq şairinin Gəncənin Xan bağındakı heykəli qarşısında böyük proqramla davam etdirildi. AYB-nin Gəncə Bölməsi, şəhər mədəniyyət və turizm idarəsi adından abidə önünə gül-çiçək dəstələri qoyuldu. Şair Məmməd Alim çıxışında ənənəyə çevrilən Nigar Rəfibəyli poeziya gününün şəhərin ədəbi-mədəni və mənəvi həyatına təsiri üzərində dayandı, görkəmli söz ustasının ölməz sənətinin incəliklərindən bəhs etdi.

Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, əməkdar mədəniyyət işçisi Mina Məlikova xalqımızın yetirdiyi qadın sənətkarlar sırasında N.Rəfibəylinin özünəməxsus yer tutduğunu, onun hər il keçirilən Poeziya gününün ən çox sevilən tədbirlərdən olduğunu dilə gətirdi. Şair yazıçılardan Aləmzər Əlizadə, Xəzangül, Nadir Ovçu, Fərruxə Pərişan, Ramiz Təmkin, Bəxtiyar Yunisoğlu, Çiçək Məmmədova, Banu Qarayeva, Səadət Ələkbərova N.Rəfibəyliyə ünvanladıqları şeirlərini söylədilər, görkəmli sənətkarın xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.

N.Rəfibəyli adına 43 nömrəli orta məktəbin şagirdlərinin ifasında Xalq şairinin şeirləri səsləndi. Balaca məktəbli Hüseyn Həsənovun oxuduğu "Lalə" şeiri rəğbətlə qarşılandı. Aktyorlardan Günay Xanlarqızı, Mətləb Təhmazi və Elvin Həsənov N.Rəfibəylinin şeirlərini söylədilər, müğənnilərdən Sənəm Hüseynova, İlham Qasımov və Məhəmməd Mirzəyev şairin sözlərinə bəstələnmiş mahnılar oxudular.

Gəncədə ənənəvi Nigar Rəfibəyli Poeziya günü əsl söz-sənət bayramına çevrildi.

 

 

Yaşar Nəbiyev

 

Ədəbiyyat qəzeti.- 2011.- 24 iyun.- S.2.