Soyqırım siyasətinin qanlı səhifəsi - Xocalı 

 

Fevralın 25-də AYB-nin Natəvan klubunda düzənlənən tədbirdə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən qələm adamları bir yekdil fikirdən çıxış edirdilər ki, bu faciə xalqımıza qarşı törədilən ən qanlı soyqırım, 20 Yanvar qırğınının davamı idi. Lakin qələbə günü yaxınlaşır. Dövlətimizin güclü iqtisadiyyata, hazırlıqlı orduya sahiblənməsi qələbənin əsas təminatçısıdır. Ədəbiyyatımızın borcu isə xalqın diqqətini həmişə bu mövzuya yönəltmək, baş verənləri istedadla yazılmış əsərlərin təməlində yaşatmaqdı.

Mərasimi xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca açdı: "Xocalı soyqırımının canlı şahidi olan xalq şairi Söhrab Tahir burada bizimlə bir yerdədi. O, həmin qanlı günlər haqqında xatirələrini danışdıqca ürəyim qan ağlayır. Bütün bunlar yazılmalı, gələcək nəsillərə çatdırılmalıdı - qanlı olayların şahidi, sübutu kimi…"

Tədbirin aparıcısı, xalq şairi Söhrab Tahir Xocalı soyqırımının əslində beynəlxalq faciə olduğunu önə çəkdi, qanlı qətliam günündə şahidi olduğu müsibətlərdən söz açdı, yük maşınlarında Ağdam məscidinə gətirilən Xocalı qurbanlrına erməni əllərilə verilən işgəncələrin mənzərəsindən ürək ağrısı ilə danışdı: "Yaxşı ki, o mənzərələr lentə alınıb, fotoyaddaşa köçürülüb. Bu mövzuda dəyərli əsərlər yazılıb. Bu gün burada filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı Gülxani Pənahın "Fələk belə qismət yazmaz" kitabı da təqdim olunur. Dərin vətəndaş duyğusu, milli təəssübkeşlik hissi ilə qələmə alınan kitabda erməni xislətinin məlum obrazı ustalıqla əks olunub. Tarix dərslərini gələcək nəslə öyrədən missiyaya çevrilən bu cür ədəbi-bədii kitablar xalqın yaddaşının oyaq qalmasına xidmət edir. Kitaba daxil olan şeir nəsr nümunələri müəllifin varlığını titrədən məqamların poetik əksidir. Gülxani Pənah bu kitabına daxil etdiyi əsərlərdə çəkinmədən tarixi, qanlı olayların ssenari müəlliflərini ittiham edir tarixin simasında erməni vəhşiliyinə haqq qazandıran, yalnız öz marağı dairəsində ədalət nizamı qurmağa çalışan dövlətlərə sözünü deyir. Bu yazılanların fonunda erməni faşizminin mahiyyəti öz əksini dolğunluğu ilə tapıb".

Tanınmış şair İlyas Tapdıq dedi ki, o özü dəfələrlə bu mövzuda yazmaq istəyib, ancaq Xocalı faciəsi zamanı keçirdiyi sarsıntı səbəbindən hər dəfə qələmə əl uzadanda əlləri titrəyib: "Yaxşı ki, bu mövzuda xeyli sayda əsərlər yazılıb. Qələm dostumuz Gülxani Pənahın "fələk belə qismət yazmaz" kitabına daxil edilən əsərlər də bu sıradandı. "Ağrı görməmişəm mən bu biçimdə" düşüncəsi, münasibəti ilə araya-ərsəyə gələn bu kitab o qanlı olayları özündə dolğun şəkildə əks etdirir".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı mərasimdə çıxış edərək dedi: "Kitabı indi görürəm. Şübhəsiz oxuyacağam. Müəllifini təbrik edirəm. Yeri gəlmişkən demək istəyirəm ki, musiqisi kimi publisistikası da heyrətamiz dərəcədə güclü olan dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1918-ci ilin dekabrında "Azərbaycan" qəzetində "Mühüm məsələlər" adlı bir məqaləsi dərc olunub. Həmin məqalə elə bil bu gün yazılıb, indi aktualdı. Üzeyir bəyin o məqaləsi faciələrimizi özündə əks etdirən bu mövzulu kitablar üçün yaxşı bir müqəddimədi, həm də nümunədi. Ədəbiyyat sözügedən mövzuda öz sözünü ədəbi meyarlar ucalığından deməlidi. Xüsusən faciələrimizlə, tariximizlə bağlı zəif əsər yazmaq ən azı günahdır. Təəssüf ki, belə faktlar da yox deyil. Böyük həqiqətləri zəif qələmlə təqdim etməyin özü faciədir".

Professor Elməddin Əlibəyzadə, yazıçı və şairlərdən Oqtay Rza, Zərəngiz Dəmirçioğlu, Xeyrəddin Qoca, Zəminə Xınalı, Səriyyə Müslümqızı, Zemfira Məhərrəmli, Sərvaz Hüseynoğlu, Simuzər Nüsrətbəyli, Fəxrəddin Meydanlı, Nərgiz, Hacı Loğman, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbas və başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışdılar, Xocalıya həsr etdikləri şeirləri oxudular.

Sonda Gülxani Pənah "Aşıq Şəmşir" ocağı İctimai Birliyinin maliyyə dəstəyilə işıq üzü görən kitabının məziyyətləri haqqında fikirlərini bölüşən qələm adamlarına minnətdarlığını bildirdi, gələcəkdə bu mövzuya yenidən qayıdacağını dedi.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 mart.- S.2.