Abdulla Şaiq - 130

        

 Folklor mənə xalq dilini, xalq zövqünü, xalq adət ənənələrini öyrətdi, xalqı və vətəni dərindən sevdirdi.

 

Abdulla Şaiq

 

Abdulla Şaiqin insanpərvərlik təbliğ edən məşhur şeirlərindən biri "Həpimiz bir günəşin zərrəsiyiz" sərlövhəli, bir qədər mahnı ruhunda, oynaq vəzn və müvəffəqiyyətli ifadə vasitələri ilə yazılmış şeirdir. 1910-cu ildə yazılmış bu əsərdə insanlığa səmimi bir xitab vardır. Şaiqin fikrincə, bəşər əslən qardaş yaranmışdır. İnsanlar hamısı bir günəşin şüasından əmələ gəlmiş, bir ananın, təbiətin qoynunda böyümüşlər.

 

Mir Cəlal

 

Abdulla Şaiq yazıçı, maarif xadimi və insan olaraq bizim ədəbiyyat tarixində nadir şəxsiyyətlərdən biridir. Onun adı indi də işıq saçır, indi də böyük hörmətlə yad edilir. Uşaqlarımız onun əsərlərini indi də maraqla oxuyub fərəhli xəyallara dalırlar.

Bu elə belə də davam edəcək. Çünki onun nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, xeyirxah arzular baş qaldırmışdır. Onun yazdıqları, onun şəxsiyyəti insanlara daim yaxşılıq təlqin etmişdir. Çünki o, yazdıqlarında da, həyatda da daim səmimi olmuşdur… Şaiqə sönməz maraq və hörmətin də sirri bundadır.

 

İlyas Əfəndiyev

 

Şaiq mahir bir sənətkar, mükafatını daima vicdanından almaq istəyən gözəl bir insan, dərs verdiyi tələbələri öz doğma balaları kimi sevən həqiqi bir xalq müəllimidir… O, demokratik Azərbaycan ziyalılarının ən tipik və ən görkəmli nümayəndələrindən biridir.

 

Mehdi Hüseyn

 

…Şaiq öz biliyi, insani rəftarı, tələbələrə göstərdiyi atalıq qayğısı ilə müəllimlər içərisində xüsusi yer tuturdu. Bu gün belə tələbəlik günlərinin sönməz bir xatirəsi olaraq Şaiqə dərin ehtiram hissləri yaşayır və yaşayacaqdır.

Bu unudulmaz insan, böyük sənətkar və hörmətli müəllimin xatirəsi qarşısında diz çöküb təzim edirik.

 

 

Yusif Məmmədəliyev

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 mart.- S.3.