Şamil Zaman - 75

      

Hörmətli Şamil müəllim!

Sizi - istedadlı yazıçı-tərcüməçini 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi fəaliyyətlə ötən əsrin altmışıncı illərindən məşğulsunuz. Tələbəlik illərindən "Bakı", "Azərbaycan gəncləri", "Kommunist", "Ədəbiyyat incəsənət" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Literaturnı Azərbaycan" jurnallarının səhifələrində sizin imzanız görünməyə başlamışdır. Fəaliyyətinizin ilk mərhələsi elmi tədqiqatla bağlı olmuşdur. Siz fransızcadan Azərbaycan dilinə tərcümə olunmuş şeir nəsr əsərlərini tədqiq etmiş, maraqlı araşdırmalar aparmısınız. Böyük dramaturqumuz M.F.Axundovun oğlu Rəşid bəyin fransızcadan tərcümə etdiyi "Bir balaca parislinin həyatı" adlı romanın kimə məxsus olduğunu müəyyənləşdirmiş, müəllif Alfred De Breanın bütün əsərlərinin kataloqunu, əsərin orijinalını əldə etmiş, bu əsəri şərhlərlə ayrıca kitab halında nəşr etdirmiş, həmçinin elmi tədqiqatımızın məhsulu kimi məqalə dərc etdirmisiniz. "Fransızcadan Azərbaycan dilinə bədii tərcümələr (tarixi-bədii təhlil)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Elmi işlə yanaşı, siz tərcüməçi kimi fəaliyyətinizi genişləndirmiş, fransız ədəbiyyatının ən gözəl nümunələrini Azərbaycan oxucusuna çatdırmısınız. P.Merime Mevinin orijinaldan tərcümə etdiyiniz "Məhəbbət ilahəsi" adlı kitabında yazıçının "Mateo Falkolne", "İstehkamın alınması", novellaları, "Etrüsk vazası", "Məhəbbət ilahəsi", "Tamanqo", "Karmen" povestləri ilə tanış oluruq. V.Hüqonun "Seçilmiş əsərləri", Nostradamusun "Yüzilliklər", A.Dümanın "Qafqaz" əsəri, Q.Fuloberin "Salambo" tarixi romanını, P.C.Berancenin, E.Poyenin, P.Elüar onun yaradıcılığından nümunələri dilimizə çevirmisiniz. Siz təkcə fransızcadan dilimizə deyil, Azərbaycan dilindən fransızcaya tərcümələr edirsiniz. R.Rzanın "Rənglər" silsilə şeirləri, N.Rəfibəylinin "Qərənfillər", F.Qocanın "Ürək", Z.Yaqubun "Şairin taleyi" kitablarını fransız dilinə çevirmisiniz. M.Arazın "Dünya sənin, dünya mənim…" şeirlər toplusu bu yaxınlarda sizin çevirmənizdə fransız dilində işıq üzü görəcək.

Sizin şeirlərinizdən ibarət "Söyüd bilməsin", "Zamana sözüm" kitabları, "Partizan Nağı" povestiniz oxucular tərəfindən maraqla qarşılanmışdır.

Hörmətli Şamil müəllim!

Bir daha sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 6 may.- S.4.