"Danışır Bakı"

Azərbaycan radiosu ilk dəfə 1926-cı ilin 6 noyabrında "Danışır Bakı" deyərək dinləyicilərin görüşünə gəlib. O vaxtdan bəri də danışır. Azərbaycanın qədim tarixindən, zəngin mədəni irsindən, uzaq-yaxın keçmişindən, dünənindən, bu günündən, gözəl gələcəyindən danışır. Tər-təmiz ana dilində danışır. Öz nitqində dilimizin bütün incəliklərini, bütün məziyyətlərini ifadə edərək danışır.

İlk milli radiomuzun ilk ünvanı İstiqlaliyyət küçəsi - 10 olub. Bu gün Mehdi Hüseyn - 1 ünvanından yayımlanır. İlk dəfə Bakı və Bakı ətrafı məntəqələrdə eşidilib. Bu gün Azərbaycan radiosunun səsi dünyanın istənilən məmləkətindən gəlir. İlk verilişlərinin efir həcmi gündə 1 saat olub. Bu gün Azərbaycan radiosu üçün saat məhdudiyyəti yoxdur. Onu hər zaman hər saatda dinləmək olar. Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında, ədəbi dilin təkmilləşdirilməsində, nitq mədəniyyətinin formalaşdırılmasında bu radionun xidmətləri danılmazdır - desək, yəqin ki, yanılmarıq. Bir anlıq düşünəndə ki, bu radioda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Bülbül, Mustafa Mərdanov kimi böyük sənət korifeyləri çalışıblar - bu məkanı sənət məbədi adlandırmamaq olmur. Təkcə belə bir faktı qeyd etmək yerinə düşər ki, ilk dəfə olaraq notlu "Şərq alətləri orkestri" bu radioda yaradılıb. Niyazi, Səid Rüstəmov, Fikrət Əmirov, Cahangir Cahangirov kimi böyük sənətkarların yeni əsərlərini geniş dinləyici auditoriyasına məhz bu radio çatdırıb. Bu radio bir xalqın musiqi zövqünün formalaşmasında sözün əsl mənasında ölçüyəgəlməz əmək sərf edib. Radionun musiqi siyasəti Müslüm Maqomayev başda olmaqla böyük korifeylər tərəfindən müəyyənləşib. Radioda ədəbi-bədii verilişlərin bünövrəsi Məmməd Səid Ordubadi tərəfindən qoyulub. Mustafa Mərdanovun yaratdığı "Radioteatr"da Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Sidqi Ruhulla, Fatma Qədri kimi Azərbaycan səhnəsinin ustad sənətkarları çalışıblar. Azərbaycan radiosu bu ustadların qurub yaratdıqları o ənənələrə daim sadiq qalıb. Bu gün Azərbaycan radiosu xalqımızın çox böyük mənəvi sərvətinin - səslər xəzinəsinin sahibidir. Təsadüfi deyil ki, bu radionun "Qızıl fondu"nda 100 mindən artıq musiqi və digər sənət inciləri var. Mübaliğəsiz demək olar ki, bu radionun 85 illik fəaliyyəti dövründə onun töhfələrindən bu məmləkətin hər bir övladına pay düşüb. Bu radio zaman-zaman çoxmilyonlu Azərbaycan xalqına ümid olub, inam olub, sevinc olub, təsəlli olub. II Dünya müharibəsinin ən çətin günlərində Azərbaycan əsgərinin mərdliyindən, mübarizliyindən, qətiyyətindən, hünərindən söhbət açıb bu radio. Arxa cəbhənin səbrindən, dözümündən, ön cəbhəyə dayağından söz açıb bu radio. O illərdə bu radionun özü də müsəlləh əsgər olub. Həm gecə, həm gündüz ayıq-sayıq dayanıb. Yuxu nədir bilməyib, dinclik nədir bilməyib. Bir qələbə müjdəsindən sevinib, bir oğulun itkisindən qəmlənib. O ağrılı-acılı illərdə öz dinləyicisinə ən yaxın sirdaş, min bir sözü-söhbəti, qəlboxşar musiqiləri ilə yaralı ürəklərə məlhəm olub Azərbaycan radiosu. Ümumiyyətlə, radio yarandığı gündən bəri öz fərdi xüsusiyyətlərinə görə bütün kütləvi informasiya vasitələrindən fərqlənib. Bu mənada ki, hər hansı bir qəzeti gərək alıb oxuyasan. Televizorun qarşısında oturub baxmaq gərəkdir. Radioya isə hər yerdə - dağda, bağda, düzdə, aranda, maşında, yolda - bir sözlə, hər məkanda qulaq asmaq olar. Ona görə də bir sıra inkişaf etmiş ölkələrdə ictimai-siyasi xarakterli, dövlət əhəmiyyətli ən mühüm xəbərlər ilkin olaraq məhz radio ilə xalqa çatdırılır. Bu fakt uzun illər Azərbaycan radiosunun təcrübəsində də özünü təsdiqləyib. Bu il 85 yaşı tamam olan Azərbaycan radiosu Vətənin ən ağır günlərində Azərbaycanın ucalan səsi, fəryadı, naləsi olub. Ay keçib, il dolanıb Qarabağ ellərinin başı üstünü qara buludlar alıb. Yağı düşmən o yerləri yağmalayıb. Azərbaycan radiosu da itirilən yurd yerlərinin ağrısını yaşayıb, hələ də yaşamaqdadır...

Efir dünyasının özünəməxsus bir cazibə qüvvəsi var - desək, yəqin ki, yanılmarıq. Bu qüvvədən uzaqlaşmaq çətindir. Çox çətin. Çünki bəlkə də sözlə ifadəsi mümkün olmayan min bir sirli-sehrli, qeyri-adi bir dünyadır efir dünyası. Bunu yalnız bu dünyanın sakinləri anlaya bilər. Mən bu radioya 70-ci illərdə gəlmişdim. O zaman bu məkanın adamlarını çox saf gördüm. Çox saf. Son dərəcə sadə, təbii, səmimi. Tikəsini belə həmkarıyla bölüşməyə hazır olan, bir-birinin sevincinə, kədərinə şərik olan insanlar. Çətin anda, dar ayaqda bir-birinə təmənnasız dəstək olan insanlar. Onların bir çoxu xatirəli dünyamda yaşayır. Bir çoxundan sənətin sirlərini, bir çoxundan həyatın təzadlarına, bəzən də qəddarlığına dözümlü olmağı öyrənmişəm. Odur ki, Azərbaycan radiosunun 85 illik yubileyinə bir layihə həsr etməyi düşündüm. Həm də bunu özümə bir mənəvi borc bildim. Əslində bu layihə radio sənəti və bu dünyanın - efir dünyasının korifeyləri haqqında xatirə yazılardır. Bu yazılarda dalğalarda görüşüb, səslərini eşidib, özlərini görmədiyiniz sizin, həm də mənim xeyirxahlarımdan söhbət açılacaq. Bu yazılar həm də sizi efir dünyasına, - belə demək caizsə, - virtual gəzintiyə çıxaracaq. Səslər dünyasının səs və söz sahibləri ilə tanış edəcək. Ümid edirəm ki, bu məramım əsl radiosevərlərin ürəyincə olacaq. Yeri gəlmişkən, bir məsələni də diqqətinizə çatdırım ki, bu gün çoxuna elə gəlir ki, radiolara qulaq asılmır. Elektron KİV-lərin, onlayn jurnalistikanın inkişafı klassik radioları arxa planda qoyub. Ona qalmış olsa, qəzetlər haqqında da belə düşünənlər var. Amma birmənalı şəkildə demək olar ki, hər ikisi yanlış düşüncədir. Çünki gözəl bir qəzet yazısından alınan zövqü heç bir radio-televiziya verilişi ilə müqayisə etmək olmaz. Məsələn, ən məşhur musiqi əsərlərinin, muğamların, simfonik lövhələrin radioyla dinlənilməsi ilə televiziya versiyası tam başqa effektə malikdir. Çünki bir çox hallarda görüntü insanın fikrini əsas mahiyyətdən ayırır. Amma o da var ki, gözəl bir mənzərə filminə yalnız televiziya ilə baxıb heyran qalmaq olar.

Sözümün canı ondadır ki, radionun mahiyyətini anlayanlar üçün o heç zaman arxa plana keçməyib və keçməyəcək də. Azərbaycan radiosu göz qabağındadır. 85 ildir ki, danışır. Hələ neçə-neçə illər bundan sonra da danışacaq. Çünki bu radio məktəbdir. Mən isə sizə bu məktəbi yaradanlardan söhbət açmaq istəyirəm. Bu silsilədən bugünkü ilk söhbətim Teymur Əliyev haqqında olacaq. Ədəbi ictimaiyyətin daha çox şair, tərcüməçi Teymur Elçin kimi tanıdığı, Azərbaycan radio-televiziya əməkdaşlarının isə sadəcə Teymur müəllim kimi böyük ehtiramla yad etdikləri və bu gün belə xoş xatirələrdə yaşayan Teymur Əliyev haqqında. Teymur müəllimin həyatı barədə çox qısa bir arayış verim. O, 1924-cü ildə Şuşa şəhərində anadan olub. 1931-ci ildən ailəsi ilə birgə Bakıya köçüblər. 132 saylı məktəbi bitirib. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olub. Əmək fəaliyyətinə 40-cı illərin əvvəllərindən başlayıb. O illərdə radioda diktor, redaktor kimi də çalışıb. Uzun illər müxtəlif yüksək vəzifələrə təyin olunub. Mədəniyyət nazirinin müavini də olub, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı da, Mərkəzi Komitədə şöbə müdiri də işləyib. Bədii yaradıcılığa isə çox erkən yaşlarından başlayıb. Azərbaycan uşaq ədəbiyyatının demək olar ki, ən gözəl nümunələrini yaradıb. Rus və digər xarici ölkələrin uşaq ədəbiyyatlarından ən məşhur əsərləri Azərbaycan dilinə çevirib. Bu tərcümələrin çoxu az qala orijinaldan da qüvvətli alınıb. Amma burada onun ədəbi fəaliyyəti haqqında geniş söhbət açmaq fikrindən uzağam. Çünki mən özüm də bu an oxucularla həmsöhbət ola-ola belə bir suala cavab tapmaq istəyirəm ki, Azərbaycan Teleradio Verilişləri Komitəsində (o zaman belə adlanırdı) sədr çox olub. Amma dünyalarını dəyişib, yaddaşlarda qalanlarını barmaqla saymaq olar. Mübaliğəsiz deyərdim ki, Teymur Əliyev onlardan birincisi idi. Cəmisi yeddi il (1957-1964) sədr vəzifəsində çalışıb. Amma Azərbaycanın efir dünyasında əbədiyaşar bir ömür qazanıb. Mən onu görməmişəm. Amma 70-ci illərdə o məkana ayaq basdığım andan adını eşitmişəm. Onunla birgə çalışan yaşlı nəslin nümayəndələri öz xatirələri ilə onun obrazını elə yaradıblar ki, o sanki mənim gözlərim qarşısında da canlanıb. Deyirdilər ki, Teymur müəllim çox sərt və tələbkar imiş. Eyni zamanda çox həssas və diqqətli imiş. Deyirdilər, onun hər səhər işə gəldiyi dəqiqəni belə hamı bilirmiş. Teymur müəllim işdədir, - deyə, hər kəsin məsuliyyət yükü bir az da artırmış. Əliağa Vahidin belə bir misrası var. Deyir:

 

Bir gün gələr mən gedərəm, xəlq söyləyər,

Biçarə Vahidin bu qəzəl yadigarıdır .

 

Tanınmış diktor Züleyxa Hacıyeva deyir ki, bugünkü radio-televiziya məktəbi onun yadigarıdır. Züleyxa xanım radioya elə Teymur müəllimlə bir vaxtda gəlib. Onu böyük ehtiramla xatırlayan Züleyxa Hacıyeva deyir ki, Teymur müəllim kimi sədr heç gəlməmişdi komitəyə.

Çünki sədr vəzifəsinə çatana qədər həm diktor işləmişdi, həm redaktor, həm məsul redaktor, həm radio üzrə sədr müavini. Yəni radio yaradıcılığının hər sahəsinə bələd ola-ola gəlmişdi. Bu sahələri öyrənə-öyrənə gəlmişdi. Ona görə də həm öz işinə, həm də ətrafına münasibətdə çox tələbkar idi. Eyni zamanda qəlbən çox kövrək idi. Əlindən gələn köməyi kimsədən əsirgəməzdi. Birini qəmli, kədərli görəndə dərhal onun könlünü almağa çalışardı. Bir dəfə diktor həmkarlarımdan Məhinin həyat yoldaşı qəzaya düşmüşdü. Eşidən kimi dərhal ərki çatan tibb müəssisələrinin rəhbərlərilə əlaqə saxladı. Bütün imkanlarından istifadə elədi ki, o, ciddi müayinə edilsin və xüsusi qayğı ilə əhatə olunsun. Məhinə də işdən icazə verdi ki, xəstəxanada qalıb yoldaşına qulluq eləsin. Mən bu komitədə 17 sədr görmüşəm, mənim üçün onların ən birincisi Teymur Əliyev idi.

Mərhum diktor Ramiz Mustafayev danışardı ki, Teymur müəllim həm bütün verilişlərin mətnini oxuyardı, həm də efirdən qulaq asardı. Bir dəfə təzə diktorlardan biri Azərbaycan əvəzinə "Azarbaycan" demişdi. Teymur müəllim bunu eşidib bərk əsəbiləşmişdi.

Deyirdilər Teymur müəllim həm də incə yumor hissinə malik imiş. Katibəsi də bunu bilirmiş. Bir gün aprelin 1-də katibə bütün baş redaktorlara zəng vurub dərhal sədrin otağına çağırıb. Soruşanda nə məsələdir? Deyib ki, növbədənkənar kollegiya iclasıdır. Hər kəs gəlib sədrə salam verib, keçib oturub. Bu dəfə Teymur müəllim baş redaktorlardan soruşub ki, xeyir ola? Deyiblər ki, bəs katibə dedi ki, kollegiya iclası var. Teymur müəllim dərhal katibəni çağırıb, o da gülümsəyərək deyib ki, Teymur müəllim, bu gün aprelin biridir. Bu cavabdan hər kəsin üzündə təbəssüm yaranıb, o cümlədən Teymur müəllimin.

Xatirələrdən məlum olur ki, Teymur Əliyev yüksək idarəetmə mədəniyyətinə, ünsiyyət mədəniyyətinə malik olub. Onun yaradıcılıq məziyyətlərinə gəlincə isə burda diqqəti çəkən məqamlardan ən başlıcası onun dilimizin bütün incəliklərinə bələd olmasıdır. Bu isə onun tərcümələrində çox aydın bir şəkildə özünü göstərir. Məsələn Teymur Əliyev Şərəf Rəşidovun "Kəşmir mahnısı" əsərini Azərbaycan dilinə tərcümə eləyib və onun əsasında eyni adlı bir radiotamaşa hazırlanıb. Tamaşanın musiqisi tanınmış bəstəkarımız Şəfiqə Axundovanındır. O illərdə bu olduqca maraqla dinlənilən bir tamaşa olub. Ümumiyyətlə, radionun bütün ədəbi-bədii verilişlərinin, belə demək mümkünsə, canı səs, söz və musiqinin gözəl vəhdətindədir. Bu tamaşanın da əsas təsir gücü Teymur müəllimin rəvan bədii diliylə Şəfiqə xanımın bəstələdiyi könüloxşar musiqinin vəhdətində olub.

Bir mahnı mətnində belə bir beyt var:

 

Kimlər gəldi, kimlər keçdi bu dünyadan,

bu dünyadan, -

Arif olan nakam getməz bu dünyadan,

bu dünyadan.

 

Teymur müəllim bu dünyadan köçəndə 1992-ci il martın 14-ü idi. Yazın gəlişini neçə-neçə şeirində vəsf etmişdi Teymur müəllim, elə bir yaz günündə də köçdü bu dünyadan. Amma hələ sağ ikən öz adını ürəklərə sanki öz əliylə yazıb köçdü. Ömrünü ömürlərə bağışlayıb köçdü. Nakam köçdü demək olmaz. Amma Qarabağ nisgili ilə köçdü. Məşhur Qarabağ oratoriyasına yazdığı şeir bunu bir daha sübüt edir:

 

Qarabağ, qədim baba yurdumuz,

odumuz, ocağımız

Yer ver, gəlim, - deyənə açılan qucağımız,

Sənə kim bata bilər?!

Xəyanətin əlləri dibindən kəsilməsə

Kim rahat yata bilər, Qarabağ?!

 

Nə qədər ki, Qarabağ elləri düşmən tapdağındadır, kimsə rahat yata bilməz. O cümlədən qəlbi vətən sevgili, Qarabağ nisgilli Teymur Əliyev - Teymur Elçin.

Əziz oxucu! Azərbaycan radiosunun 85 illiyinə həsr olunan bu layihənin ilk kiçik xatirə söhbəti beləcə Teymur müəllimə həsr olundu. Həm də nahaq yerə həsr olunmadı. Gördüyü xeyirxah işlər onun özünü görməyən biri tərəfindən qələmə alındı. Bu isə əsl həyat gerçəyidir. Deməli insan təmiz, işıqlı, saf əqidəli bir ömür yaşayıbsa, hətta cismani yoxluğundan sonra belə uzun illər anılacaq. Haqqında söhbət açdığım Teymur Əliyev kimi. Ruhu şad olsun!

Oxucuların nəzərinə çatdırıram ki, Azərbaycan Radiosunun 85 illiyinə həsr edilən bu layihə çərçivəsində yazılan məqalələr yalnız "Ədəbiyyat qəzeti"nə təqdim olunacaq. Bu mövzu ilə əlaqədar rəy və təkliflərinizi, fikir və mülahizələrinizi zaman1952@gmail.com ünvanına göndərə bilərsiniz.

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 20 may.- S.3.