Aqşin Babayev - 75

  

Hörmətli Aqşin müəllim!

Sizi - tanınmış yazıçı, publisist və ədəbiyyatşünas alimi 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi yaradıcılığa tələbəlik illərindən başlamısınız. İlk dəfə 1958 -ci ildə "Azadlıq uğrunda" adlı hekayə ilə oxucuların görüşünə gəlmisiniz. Həmin vaxtdan keçən yarım əsrə yaxın müddətdə iyirmidən artıq kitabınız işıq üzü görüb. 1964- ildə ilk kitabınız "Cazibəli üfüqlər" adlı hekayələr toplunuz çapdan çıxıb. "Həmişəbahar", "Bir parça həyat", " ulduzlar", "Bir ürəyin hərarəti", "Dünya vəfalıdır", "Ayrılıq", "Sünbül ətri" adlı kitablarınıza daxil olan povest və hekayələriniz maraqlı, bitkin obrazlarla, həyat hadisələrinə yanaşma tərzi ilə diqqəti cəlb edir, geniş oxucu auditoriyası qazanır. Dramaturgiyaya da müraciət etmisiniz. "Yaralar", "Cəza", "Tufan", "Düşmən", "Bir parça həyat" adlı pyesləriniz müxtəlif teatrlardateleviziyada səhnələşdirilmişdi. Ədəbiyyatşünas alim kimi də fəaliyyətiniz diqqətəlayiqdir. "Müasir türk dramaturgiyası", "Türk ədəbiyyatı müntəxabatı", "Müasir türk ədəbiyyatında ictimai motivlər", "Kino sənətinin təməl daşı", "Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü" və s. kitablarınız elmi axtarışlarınızın nəticəsidir. Çoxşaxəli yaradıcılığınıza publisistika və bədii tərcümə də daxildir. Əziz Nesinin, Haldun Tanerin, Terensin, Stefan Sveyqin yaradıcılığından nümunələri dilimizə çevirmisiniz. Aktual, ictimai mövzulara həsr olunmuş publisistik kitablarınız maraqla qarşılanmışdır.

Əmək fəaliyyətinizin böyük bir hissəsi Azərteleradio şirkəti ilə bağlıdır. Burada kiçik redaktor vəzifəsindən sədr müavini vəzifəsinədək səmərəli əmək yolu keçmisiniz. On beş il Milli Məclisin mətbuat xidmətinin rəhbəri olmusunuz. Eyni zamanda Respublikamızın ali məktəblərində dərs demisinizbu fəaliyyəti davam etdirirsiniz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdirisiniz. Filologiya elmləri doktoru, professorsunuz. Uzun müddətdir ki, Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvüsünüz. Əməkdar jurnalist adına layiq görülmüşsünüz.

Hörmətli Aqşin müəllim! Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 noyabr.- S.4.