Balaş Azəroğlu – 90

 

Almaz kimi kəsərli

 

Unudulmaz xalq şairimiz Balaş Azəroğlunun bir neçə il əvvəl "Ədəbiyyat qəzeti"nə ünvanladığı "Vətənsizlər…" məqaləsinin əlyazmasını indi mən yenidən "Ömrü sahibindən ömürlü məktub" ağrısıyla baş-başa gözdən keçirirəm. Hər sətir son dərəcə qəmli, eyni dərəcədə də şərəfli bir ömrün dilmancı kimidi: "Bizi Təbrizdə yük maşınlarına mindirib silahlı məmurlarla sürgünə göndərəndə haraya getdiyimizi, başımıza nə gələcəyini bilmirdik…"

1938-ci ilin mart ayının xatirələri belə başlayır. Balaş Azəroğlu ömrünün 17-ci baharını bu cür xatırlayır: "Evimiz şəhərin yuxarı hissəsində idi. Atam işləmək üçün Bakıya gələndən "Dağlı məhəlləsi" deyilən yerdə yaşayırdı…"

O illərdən başlayaraq tale Balaş müəllimin ömür karvanını çox şəhərdən-şəhərə, yoldan-yola saldı. Arzuları səmtə aparan yolun köç-düşü uzun çəkdi.

Vur-tut ikicə il əvvəl redaksiya tapşırığı ilə ustad şairin görüşünə gedəndə yenə də o, köç üstündə idi; yaşadığı Ələsgər Ələkbərov küçəsi 546-cı məhəllədəki evləri məlum qəza ilə əlaqədar olaraq sökülməliydi. Həmin günlər Balaş müəllim bəlkə də ömrünün ən sarsıntılı, qüssəli anlarını yaşayırdı. Yaşadığı binanın qəzalı vəziyyətdə olduğunu yaxşı bilsə də, heç cür barışmaq istəmirdi ki, o, vaxtilə unudulmaz ömür-gün yoldaşı, tanınmış şair Mədinə Gülgünlə şirinli-acılı günlər yaşadığı evdən ayrıla bilər. "Bu evdə, bu divarlar arasında Mədinəli günlərimin unudulmazlığı uyuyur - deyirdi, - lap dünyanın ən gözəl şah sarayını mənə versələr də, bu divarların istisini, xatirəsini dəyişmərəm - deyirdi…"

Həmin anında ustad şair gözlərim önündə elə bil ki, birdən-birə qıvraqlaşmış, yaşın ahıl yükünü bir kənara tullayıb üsyankarcasına qabarmışdı və mən onun o gözəl durumuna heyran kəsilmişdim. Yaddaşımda isə ustadın vaxtilə öz sevimli Mədinəsinə ünvanladığı şeirin misraları dolaşmaqdaydı:

 

Sənin kövrəkliyin şüşə deyil ki,

Deyəsən toxunma, sınar, tökülər.

Sənin kövrəkliyin bir almaz təki

Neçə daşdan keçər, qayadan keçər.

 

Həmin çağında Balaş müəllimin özü də, onun ürəyinin alt qatındakı kövrəkliyi də daha çox daşdan-qayadan keçəsi almaz kimi ovxarlı, kəsərli idi.

Lap son əlyazmasında birər-birər yada salıb, göz önünə gətirdiyi xatirələr, duyğular kimi…

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 noyabr.- S.1-3.