Böyük ədib Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi

 

Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

AzərTAc xəbər verir ki, teatrın foyesində görkəmli yazıçının kitablarından ibarət sərgi açılıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük yazıçının mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında danışıb.

Bildirib ki, müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan M.İbrahimov XX əsr Azərbaycan tarixində yazıçı, alim, tənqidçi, publisist, tərcüməçi, ictimai və dövlət xadimi kimi tanınan görkəmli şəxsiyyətdir. O, gənc ədəbiyyatşünasların hazırlanmasına, yetişməsinə xeyli əmək sərf etmişdir.

Qələm əhlinə böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin M.İbrahimovun 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladan nazir xüsusi olaraq vurğuladı ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzalamış və ölkəmizin hər yerində böyük ədiblə bağlı tədbirlər keçirilməkdədir.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları böyük yazıçının əsərlərindən və onun ədəbiyyatımızın inkişafı naminə gördüyü əvəzsiz işlərdən danışıblar. Bildiriblər ki, hələ uşaqlıqdan onun həyatı ağrı-acılarla dolu olmuşdur. 1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində dünyaya göz açan M.İbrahimov 3 yaşı olmamış anasını itirmiş, atası Əjdər iki körpə uşağı ilə Bakıya pənah gətirmişdir. Bir neçə il sonra atası da dünyasını dəyişmiş, balaca Mirzə 7 yaşında yetim qalmışdır.

Qeyd edilib ki, bənzərsiz elmi, bədii və publisistik əsərlər yaradan ədəbiyyatşünas alim M.İbrahimov Azərbaycan dilinin inkişafı, şəffaflığı uğrunda daim mübarizə aparmışdır. Onun roman və povestləri müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da tanınmış, əsərləri əsasında bədii və sənədli filmlər çəkilmişdir. M.İbrahimovun dünya klassiklərinin əsərlərinin dilimizə tərcümə olunmasında da böyük xidmətləri olmuşdur.

Zaman keçdikcə Mirzə İbrahimovun yaratdığı ölməz sənət inciləri heç vaxt öz təravətini itirmir.

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 noyabr.- S.2.