"Ədəbiyyatda son bahar" 

     

  16-20 noyabr tarixində qardaş Türkiyə Cümhuriyyətinin Alanya vilayətində - Ağdəniz sahillərində keçirilən XXI Uluslararası KİBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk Edəbiyyatları Kurumu) ədəbiyyat simpoziumunun mövzusu məhz belə idi. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyənin müxtəlif bölgələrindən bu tədbirə qatılan türk əsilli şair və alimlər istər öz şeirləri, istərsə də araşdırmaları ilə təbiətdən ədəbi müstəviyə keçən son baharın (payızın) gerçək mahiyyətini, fəlsəfi məzmununu açmağa çalışdılar.

Öncə KİBATEK Vəqfinin başqanı İsmayıl Bozqurd giriş nitqi ilə belə bir tədbirin düzənlənməsinin uluslararası əhəmiyyətdən, türk əsilli ziyalıların - araşdırmaçı və yazarların bir-birinə daha da yaxınlaşmasına yaratdığı şəraitdən və ümumtürk ədəbiyyatında son bahar mövzusunun geniş yer almasından danışdı. Alanya bələdiyyə başqanı Həsən Sipahioğlunun və Alanya şəhərinin meri Hulust Doğanın çıxışlarında türk qançəkərliyinin və qonaqpərvərliyinin bir daha şahidi olduq. Bu məqamda keçirilən tədibirin düzənlənməsində hər iki şəxsin də dəstəyini xüsusi qeyd etməyə dəyər.

Dünyanın bir çox ölkələrindən - Almaniyadan, Rusiyadan, Ukraynadan, Dağıstandan, Makedoniyadan, Moldovadan, Kosovadan, Fransadan, Özbəkistan və Azərbaycandan bu tədbirə qatılan dəyərli alim və şairlərin üç gün davam edən simpoziumdakı çıxışları ədəbiyyatda son bahar mövzusuna elmi-ədəbi yanaşmanın yüksək səviyyədə ümumiləşdirilməsi ilə sonuclandı.

Simpoziumun təşkilat rəhbəri - KİBATEK-in məsul işçisi, araşdırmaçı, şair dr. Mətin Turanın və Arslan Bayırın son bahar mövzusunda təhlili çıxışları, həmçinin oxuduqları şeirlər iştirakçıların diqqətini çəkdi. Mətin Turan son bahar mövzusunda çıxışını belə ümumiləşdirdi ki, bizim mövzumuz "Ədəbiyyatda son bahar" adlanır. Bu mövzu ədəbi yaradıcılığımızda hər zaman olub və təbii ki, olacaqdır. Təki ədəbiyyatın son baharı olmasın.

Türkiyənin müxtəlif bölgələrindən - İstanbuldan, Ankaradan, həmçinin Kıbrısdan bu tədbirə qatılan şair və araşdırmaçılardan Həvva Təkin, Savaşkan İlmak, Emel Kaya, Aynur Şahin, Umut Yaşar və b. ümumtürk ədəbiyyatının həm klassik, həm də müasir mərhələsindən "Son bahar" mövzusunun qırmızı bir xətt kimi keçdiyini araşdırmaları və şeirləri ilə isbatladılar.

Azərbaycandan bu simpoziuma qatılanlar - f.ü.fəlsəfə doktoru Allahverdi Məmmədli, f.ü.fəlsəfə doktoru, şair Adil Cəmil və şair-tədqiqatçı Nizami Muradoğlu "Ədəbiyyatda son bahar" mövzusunda çıxışları ilə türk soydaşlarımızın xüsusi rəğbətini qazandılar. Simpoziumun yekun günü iştirakçıların gəzintisinə həsr olundu. Səlcuqlar dövründən qalan möhtəşəm Alanya qalası, Ağdəniz sahillərindəki türk xanədanlığının silinməz izləri, ilin bütün fəsillərində baharı yaşadan bu ecazkar torpağın gözəllikləri, saf havası, səmimi insanları unudulmaz yaşantılara və solmaz xatirələrə çevrildi. Toros dağlarının dövrəsində Ağdənizin ləpədöyənindəki həmişəbahar Alaniyadan bu ovqatla, bu təəssüratla ayrıldıq - ayrılmaq istəməsək də…

 

 

A.Cəmil

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 noyabr.- S.5.