Nə günəşdən, nə Xəzərdən doydum...

Sentyabrın 6-da Azərbaycan Yazıçılar Birliyində tanınmış tərcüməçi-ssenarist, əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatı Alla Axundova ilə görüş keçirildi. Adı çoxsaylı tamaşaçıların sevimlisi olan "Cırtdan", "Şərikli çörək", "Var olun, qızlar", "Alma almaya bənzər", "Şir evdən getdi", "Bizi bağışlayın" və s. filmlərinin araya-ərsəyə gəlməsindən keçən, Azərbaycan ədəbiyyatının sevilən nümunələrini rusdilli oxuculara ustalıqla çatdıran Alla xanım əvvəlcə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda, Ali rejissorluq və ssenaristlər kursunda təhsil aldığı illərdən, ssenarist-tərcüməçi kimi fəaliyyətinin unudulmaz anlarından, məşhur şair Alla Axundovanın vaxtilə onun səmimi şeirlərini qiymətləndirməsindən necə duyğular keçirdiyi günlərdən özünəməxsus səmimiyyətlə söz açdı. İllər öncəsi nəşr edilən " şəfəq", "Bazar bağçası", "Həvvanın sözü", "Təbiət mənzərələri" kimi şeirlər, bir neçə hekayələr kitablarından oxuculara yaxşı tanış olan, qədim türk eposları ilə yanaşı, ingilis, ərəb, gürcü dillərindən nümunələri rus dilinə yüksək peşəkarlıqla çevirən, əsərləri bir çox dünya xalqlarının dilində işıq üzü görən A.Axundova görüş zamanı çağdaş Azərbaycan ədəbiyyatının uğurlarını maraqla izlədiyindən söz açdı, dövlət səviyyəsində ədəbiyyatın inkişafına göstərilən qayğını yüksək dəyərləndirdi. Bütün bu söhbətləri ötən günlərin nostalji yaşantıları birər-birər izləyirdi və Alla xanım dərin bir səmimiyyətlə etiraf edirdi ki, nə günəşdən, nə də Xəzərdən doymamışam: "Hərdən mənə elə gəlir ki, Xəzər məndən küsüb Ancaq bununla belə o məni dəfedilməz bir qüvvəylə yenə də özünə dartır"

Sonra A.Axundova xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın "Cənnətdən qovulmuşlar" poemasını öz çevirməsində rus dilində tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Görüşdə iştirak edən xalq yazıçısı, AYB-nin sədri Anar, xalq şairi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin sədr müavini Nazim İbrahimov və "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru Solmaz İbrahimova Alla xanımın bir tərcüməçi olaraq poema üzərindəki işini yüksək qiymətləndirdilər, orijinaldakı ritm, məna çalarlarını ustalıqla verildiyini önə çəkdilər. Bir daha vurğulandı ki, hansı dildə səslənirsə-səslənsin, bədii əsərin yaşarlığını ilk növbədə mövzu aktuallığı, sənətkar istedadı və cəsarəti şərtləndirir. Ulu Tanrının "Ol!" buyruğuyla var olan və həyata çevrilən aləmin Adəmlə Həvvanı cənnətdən məhrum etdiyi andan insanın yer üzündə cənnət yapmaq istəyi boyunca varlının yoxsulu, sağlamın xəstəni görüb fərəhlənməsi nadanlığı F.Qocanın "Cənnətdən qovulmuşları"nın canından bir ağrı kimi keçir. Bu əsərdə hərdən dönüb başqa millət olmaq fərəhinin, forsunun dəbə minməsindən, böyük ölkələrin kiçik ölkələri didib-dağıtmasından, böyük xalqların kiçik xalqlara təpkisindən dərin vətəndaş məyusluğu ilə söz açılır. Bütün bu yaşananlar Allahın özünə belə agahdı və onun da "Allah olandaolar, mənim də sevincim, qəmim var" etirafı poemanın məntiqindən qaynaqlanır.

Müzakirə zamanı tərcüməçinin orijinala sədaqəti, koloritə sadiqliyi xüsusilə vurğulandı.

Sonra AYB-nin təşəbbüsü ilə ötən il rus dilində nəşr olunan üçcildlik "Azərbaycan poeziya antologiyası" A.Axundovaya hədiyyə edildi.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 9 sentyabr.- S.4.