NİZAMİ GƏNCƏVİ - 870

Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində ("Yeddi gözəl"də - red.) "türkcəsinin" ("torkiyəmpa" - "mənim türklüyümü") anlaşılmadığından şikayət edir. "Türklüyü" burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş "türklük" söz və məfhumundan da hiss edirik.

 

Məhəmməd Əmin Rəsulzadə

("Azərbaycan şairi Nizami")

-----------------------------

Nizami humanizmi insanın uca duyğularını öldürən, alçaldan, nəcib hisslərdən məhrum edən hər şeyi pisləyir, onu mənəvi cəhətdən yüksəldir, insanı əhatə edən mühiti, onun daxili aləminin dəyişməsini zərurət kimi irəli sürür. Vəhşi heyvanlarla ünsiyyət bağlamış, amansız, ədalətsiz cəmiyyətdən uzaqlaşmış Məcnunu təsvir edərkən Nizami deyir: "O daxilində vəhşəti boğduğu üçün vəhşi heyvanları özünə dost etmişdir". Bu fikir nə qədər də müasir səslənir. Əsrimizin böyük ustadı Maksim Qorki insanı öz içərisindəki vəhşini öldürməyə çağırırdı.

Vaxtilə böyük alman şairi Höte qeyd etmişdir ki, "insanın məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə təsvir olunmuşdur". Nizami əsərlərinin dərin ictimai mənasını, fəlsəfi tutumunu bütün əzəməti ilə təsəvvür etmək üçün "faust" müəllifinin bu yığcam aforistik tərifi əlbəttə, çox qiymətlidir.

 

Mirzə İbrahimov

------------------------------

Dahi sənətkar Nizaminin yaşayıb-yaratdığı dövr Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının qızıl dövrü idi. XII əsrdə Azərbaycan ədəbiyyatı son dərəcə yüksəlmişdi. Bu dövrdə Əbül-Üla, Xaqani, Fələki, Məhsəti, Qivami-Mütərrizi, Mücirəddin Beyləqani kimi böyük şairlər, bu dövrki ədəbiyyatımızın ən yüksək abidəsini yaradan Nizami kimi dahi sənətkarlar yetişmişdir.

 

 

Həmid Araslı

 

Ədəbiyyat qəzeti.- 2011.- 9 sentyabr.- S.1.