Vətənpərvər alim, nəcib insan

        

Naxçıvan Dövlət Universitetində əməkdar elm xadimi, professor Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş "Böyük vətəndaş və görkəmli elm xadimi" mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq "Professor Abbas Zamanov: zəmanəsi, iradəsi və səsi" movzusunda geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, professor Abbas Zamanov görkəmli ədəbiyyatşünas alim, ustad pedaqoq olmaqla yanaşı, əsl azərbaycanlı, azərbaycanşünas alim kimi də xatirələrdə yaşayacaq. Akademik İsa Həbibbəyli alimin mollanəsrəddinçi şair-publisistlərin yaradıcılıqları ilə bağlı apardıqları çoxşaxəli tədqiqatlardan, sabirşünaslığın təməlini qoymasından danışmışdır. Professor Abbas Zamanovun 100 illik yubileyi ilə bağlı keciriləcək tədbirlərdən söz açılmışdır.

Universitetin "Azərbaycan ədəbiyyatı" kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu "Professor Abbas Zamanov: alim şəxsiyyətinin məsuliyyəti və ucalığı" mövzusunda məruzə edərək professor Abbas Zamanovun Azərbaycan ədəbiyyatşünaslığındakı özünəməxsus yerindən, vətəndaşlıq mövqeyindən bəhs etmiş, onunla bağlı xatirələrini bölüşmüşdür.

AMEA-nın İctimai və humanitar elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Yusif Seyidov, Türkiyənin Ərzurum Atatürk Universitetinin ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları şöbəsinin müdiri Sedat Adıgözəl, NDU-nun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Hüseyn Həşimli, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Adil Babayev, AMEA Naxçıvan bölməsinin İncəsənət, dil və ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımova, professor Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru Gülgün Rzayeva konfransda çıxış etmişlər.

Tədbirin sonunda universitetin müəllimi, Naxçıvan MR əməkdar rəssamı Cavid İsmayılovun işlədiyi Abbas Zamanovun portreti professorun vaxtilə hədiyyə etdiyi kitablardan ibarət zəngin kitabxanaya malik olan Ərzurum Atatürk Universitetinə hədiyyə edilmişdir.

Konfransda professor Abbas Zamanovun həyatı və yaradıcılığına aid slaydlar və kitab sərgisi nümayiş etdirilmişdir.

 

 

   Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.4.