"Aida İmanquliyeva.

 

Məqalələr tərcümələr"

 

Görkəmli şərqşünas alim, dünya ərəbşünaslıq elmində ərəb mühacirət ədəbiyyatının (XIX əsrin sonu - XX əsrin əvəlləri) məhşur tədqiqatçılarından olan Aida İmanquliyevanın çoxsaylı məqalə və tərcümələrini toplu halında təqdim edən "Aida İmanquliyeva. Məqalələr və tərcümələr" ("Bakı Çap evi", 2010) kitabı müxtəlif istiqamətlərdən mühüm əhəmiyyət daşıyır. Kitabın tərtibçisi, ön söz və şərhlərin müəllifi ərəbşünas alim, filologiya elmləri doktoru Vilayət Cəfər, elmi redaktoru isə şərqşünas tədqiqatçı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır. Hörmətli Vilayət müəllimin qeyd etdiyi kimi, şərqşünas alimin "ötən əsrin 60-80-ci illərində qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə etdiyi hekayə tərcümələrinin ilk toplusu" olan kitabda verilən məqalələr yenə də tərtibçinin söylədiyi kimi, "Azərbaycan", "Literaturnıy Azerbaydjan", AMEA-nın "Xəbərlər"i, "Ədəbiyyat və incəsənət", "Şərq filologiyası məsələləri", "Ərəb filologiyası" və s. kimi neçə-neçə qəzet, jurnal və məcmuələrdə çap olunmuşdur.

Mühacir ərəb yazıçılarının yaradıcılıqlarını ərəbşünaslığımızda ilk dəfə geniş şəkildə araşdıran, mütəfəkkir ədiblərin ədəbi-fəlsəfi irslərinə Şərq və Qərb mədəniyyətinin ortaq mənəvi dəyərləri, dünya romantizmi sferasında yanaşan A.İmanquliyevanın tədqiqatlarının ən başlıca elmi nailiyyətləri, sözsüz ki, şərqşünas tədqiqatçının monoqrafiyalarında öz əksini tapmışdır. Təsadüfi deyil ki, ərəbşünas alimin Azərbaycan dilində nəşr olunan ilk "Cübran Xəlil Cübran" (1975) monoqrafiyası çap olunarkən Vilayət Cəfər elə həmin ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap edilmiş məqaləsində kitabı çox yüksək qiymətləndirirdi: "Kitabı, ümumiyyətlə, müasir ərəb ədəbiyyatı və xüsusən də onun mühacirətdə (Amerika Birləşmiş Ştatlarında) yazıb-yaratmış görkəmli bir nümayəndəsi haqqında Azərbaycan dilində yazılan ilk mətbu əsəri, ilk qaranquş hesab etmək olar". Müəllif monoqrafiyanı, haqlı olaraq, respublikamızda ərəb ədəbiyyatının təbliği baxımından da təqdirəlayiq əsər hesab edirdi.

Görkəmli şərqşünasın monoqrafiyaları ilə yanaşı, çoxsaylı elmi məqalələri onun tədqiqatlarının ümumi fonunda, Aida İmanquliyeva yaradıcılığının əsas meyarlarının formalaşmasında həlledici rola malik olmuşdur. Bu gün həmin məqalələrin, eləcə də tərcümə əsərlərinin toplanması və nəşri də V.Cəfərin zəhmətinin bəhrəsi kimi qiymətləndirilə bilər. Uzun illər Aida xanımla birlikdə çalışmış və ən mühüm elmi uğurlarının şahidi olmuş Vilayət müəllim toplunun ərsəyə gəlməsi haqqında yazır: "Mən bir tərəfdən öz yaddaşıma arxalanaraq (biz o vaxtlar çapa təqdim etmək istədiyimiz hər bir məqaləni şöbədə geniş müzakirə etdikdən sonra onu dərc olunmaq üçün mətbuata təqdim edirdik), digər bir tərəfdən isə kitabxanalarda ciddi dəqiqləşdirmə və araşdırma apardıqdan sonra hazırda oxuculara təqdim olunan bu məqalə və tərcümələri bir yerə cəmləyə bildim necə deyərlər, yeni bir Aida xanımı kəşf etdim". Toplanmış məqalələrin "irili-xırdalı 50 addan çox" olduğunu diqqətə çəkən ərəbşünas alim "gərgin əmək, bilik təcrübə hesabına yazılmış bu məqalələr Aida xanımın hardasa məqalə yaradıcılığının ən azı doxsan faizdən çoxunu təşkil edir" - deyə yazır.

A.İmanquliyevanın məqalələrinin elmi problematikası çox genişdir. Ərəbşünas alim V.Cəfər "Aida İmanquliyevanın məqalə yaradıcılığı barədə" yazısında görkəmli şərqşünasın sözügedən əsərlərini sırf ərəb-məhcər, ərəb Şərqi ədəbiyyatı, rus-ərəb və Azərbaycan-ərəb ədəbi əlaqələrinin tədqiqinə, nəhayət, ərəb ədəbiyyatının tərcümə və nəzəri məsələlərinə həsr olunmuş məqalələr kimi dörd qrupda təsnif etmişdir. Topluya yazdığı ön sözdə V.Cəfər qeyd edir ki, Aida xanımın məqalələri ilə yenidən tanış olandan, bu məqalələrin kirildən latına transliterasiyasının korrekturasını bir daha təshih edəndən sonra biz bu qənaətə gəldik ki, Aida xanımı heç sırf ərəb-məhcər ədəbiyyatı mütəxəssisi saymaq kifayət deyilmiş. Belə ki, onun yaradıcılıq laboratoriyasının üfüqləri Əndəlusiya (İspaniyada VII-XII əsrlərdə yaranmış ərəb ədəbiyyatı nəzərdə tutulur) torpaqlarından tutmuş Misir, Fələstin, Suriya, Livan Dəclə-Fərat sahillərinə qədər uzanırmış. Doğrudan da "VIII əsrin əvvəllərində İspaniyada məskən salıb tarixdə ilk dəfə Qərb ölkəsində öz ədəbiyyat mədəniyyətlərini yaratmaları"nı ərəb ədəbiyyatının möhtəşəm bir inkişaf göstəricisi hesab edən A.İmanquliyeva nümunə gətirdiyimiz "İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişaf tarixinə dair" məqaləsində XX əsr ərəb məhcər ədəbiyyatının da formalaşmasının milli zəminlərindən biri olan Əndəlusiya ədəbiyyatı haqqında danışarkən onun formalaşması haqqında "VIII əsrdən başlayaraq İspaniya uzun müddət ərəb ədəbiyyatı və mədəniyyətinin Qərbdəki mərkəzinə çevrildi" deyə qeyd edirdi. Həmin dövrü 12 əsr adlayıb XX əsrin əvvəllərində Amerikadakı mühacir ərəb ədəbiyyatından bəhs edərkən də görkəmli ərəbşünas "bu ədəbiyyat real həyatın tələblərinə cavab verməyən köhnəliyə qarşı dururdu. Mühacir yazıçıların bir qrupu ənənəvi təqlidçilikdən xilas olaraq ədəbiyyatı daim inkişaf edən həyatın tələbləri səviyyəsində qurmağa çalışırdı" ("Qələmlər cəmiyyəti" üzvlərinin yaradıcılığındakı yeni təmayüllər haqqında") - deyə yazaraq yeni mərhələdə ərəb məhcər ədəbiyyatını milli ədəbiyyatın dünyaya daha möhtəşəm çıxışı kimi qiymətləndirirdi. Göründüyü kimi, Aida İmanquliyevanın tədqiqat obyektləri geniş bir ərazini əhatə etməklə yanaşı, çox böyük bir zamanı da çevrələyirdi.

A.İmanquliyevanın məqalələrinin mühüm bir qismi, qeyd olunduğu kimi, mühacir ərəb ədəbiyyatıonun nümayəndələrinin yaradıcılığı ilə bağlı müxtəlif məsələlərdən bəhs edir. "Müasir ərəb yazıçısı Mixail Nüaymənin novellalarındakı realizim haqqında", "M.Nüaymə və XIX əsr rus ədəbiyyatı", "Rus ədəbi-tənqidi fikri M.Nüaymənin yaradıcılığı", "Əmin ər-Reyhaninin yaradıcılığında təbiət", "Ərəb mühacirət ədəbiyyatının formalaşması və əsas tendensiyaları", "Ərəb mətbuatı mühacirətdə (Şimali Cənubi Amerika)" digər məqalələrində tədqiqatçı alim ABŞ-da fəaliyyət göstərən ərəb məhcər ədəbiyyatının ədəbi-bədii, nəzəri-estetik xüsusiyyətlərini araşdırmışdır.

A.İmanquliyevanın məqalələrinin digər bir qismi isə ərəb ədəbiyyatının müxtəlif məsələlərinin tədqiq edilməsinə həsr olunmuşdur. Ərəb muhacirət ədəbiyyatının cənub qolu ilə bağlı tədqiqatlardan müəyyən dərəcədə kənarda qalmış problemlərin araşdırılması baxımından ərəbşünas alimin "Cənubi Amerikaya mühacirət etmiş ərəb ədib və şairlərinin fəaliyyəti haqqında" məqaləsi böyük əhəmiyyətə malikdir. V.Cəfər məqaləyə yüksək qiymət verərək qeyd edir ki, ərəb-məhcər ədəbiyyatının Braziliyanın San-Paulo şəhərində yaranmış digər bir qolunun poetik uğurları da Aida xanımın peşəkar tədqiqatçılıq qələmi vasitəsi ilə araşdırmaya cəlb edilmiş bu qolun da qürbətdə yaranmış ərəb ədəbiyyatının ümumi inkişafına layiqli töhfələr verdiyi real fakt və bədii nümunələr fonunda sübuta yetirilmişdir.

Şimali Amerikada yaşayan və ədəbi yaradıcılıqla məşğul olan şair nasirlərin fəaliyyəti daim diqqət mərkəzində olmuş, bu ədəbiyyat Şərqdə və Qərbdə öz təsdiqini tapmışdırsa, eyni sözləri Cənubi Amerikada formalaşan ərəb məhcər ədəbiyyatının fəaliyyətinə şamil etmək olmaz. Həmin fikirləri mətbuatın inkişafı ilə bağlı da söyləmək mümkündür. Belə ki, Şimali Amerikada mühacirət ədəbiyyatının inkişafı publisistikanın, müxtəlif mətbuat orqanlarının güclü fəaliyyəti ilə müşayiət olunurdu. Ədəbiyyat mətbuat ərəb məhcər ədəbiyyatında bir-birini tamamlayan, biri digərinin inkişafını tənzimləyən və müəyyənləşdirən iki əsas istiqamət kimi nəzəri cəlb edirdi. Cənubi Amerikadakı bədii yaradıcılığın inkişaf tempi isə nisbətən zəif idi. A.İmanquliyeva bunu, ilk növbədə, Şimali Amerikaya, Nyu-Yorka köçmüş ərəblərə nisbətən Braziliya Argentinaya gələn ilk mühacir dəstəsinin, əsas etibarilə, heç mükəmməl orta savadı olmayan ərəblərdən ibarət olduğu, maddi çətinliyin burada daha güclü təzahürü, qəzet və jurnalların müntəzəm nəşri üçün daimi maliyyə yardımının olmaması və nəhayət, Cənubi Amerikadakı ərəblərin fəaliyyətinin qeyri-mütəşəkkil, kortəbii şəkildə inkişaf etməsi ilə əlaqələndirir. Sözsüz ki, qeyd olunan cəhətlər Cənubi Amerikadakı ərəb ədəbiyyatının inkişaf tempinə öz təsirini göstərən başlıca amillər idi. Bununla yanaşı, digər bir məsələni nəzərə almaq lazımdır. ABŞ-ın yerli mədəni mühiti, Nyu-York şəhərinin ədəbi şəraiti və ümumi inkişaf səviyyəsi də Cənubi Amerikadan fərqlənirdi. Ərəb yazıçıları burada milli ədəbiyyatı inkişaf etdirməklə yanaşı, Amerika ədəbiyyatı onun vasitəsi ilə dünya ədəbi prosesi və Qərb sivilizasiyası ilə də yaxından tanış olmaq imkanı qazanırdılar. Bütün bunlarla birlikdə, Cənubi Amerikada ərəbşünas alimin qeyd etdiyi kimi, "görkəmli filoloq riyaziyyatçı N.Yafitin, sonra isə San-Paula şəhərinə köçmüş Rizqallah Həddad, Mişel Məluf, Səid Əbu Camra, Naum Labki, Nəcib Tərrad və başqaları uzaq ölkədə ərəb mədəniyyətinin və ədəbiyyatının əsas mühafizəkarları oldular".

Cənubi Amerikadakı ərəb məhcər ədəbiyyatı daha çox ədəbi cəmiyyətlərin formalaşması və fəaliyyəti ilə diqqəti cəlb edirdi ki, A.İmanquliyeva da öz məqaləsində sözügedən problem üzərində dayanaraq həmin ədəbi cəmiyyətlər barəsində məlumat vermişdir. Xüsusilə 1932-ci ildə yaranmış "Əndəlus cəmiyyəti" tədqiqatçı alim tərəfindən yüksək dəyərləndirilmiş, "milli mədəniyyətə məhəbbətini qoruyub saxlaması, digər tərəfdən isə öz həmvətənlərini müasir yazıçıların əsərləri ilə tanış etməsi baxımından "Qələmlər birliyi" təşkilatı ilə müqayisə edilmişdir. "Əndəlus cəmiyyəti" haqqında tədqiqatçı alim "Qələmlər birliyi" və M.Nüaymə" monoqrafiyasında da məlumat vermişdir. Cənubi Amerikada fəaliyyət göstərən ərəb mühacirət ədəbiyyatının bir sıra xüsusiyyətləri ərəbşünas alimin "Ərəb mətbuatı mühacirətdə (Şimali Cənubi Amerika)" məqaləsində öz əksini tapmışdır.

A.İmanquliyevanın "Mütərəqqi Livan şairi Mişel Süleymanın "Yerdən doğan günəş" kitabı Azərbaycan dilində" məqaləsi dilimizə tərcümə olunmuş ərəb şairinin əsərlərinin təhlilinə həsr olunmuşdur. Məqalədə görkəmli şərqşünas "Azərbaycan - ərəb ədəbi-mədəni əlaqələrinin köklərinin çox-çox qədimlərə" gedib çıxdığını söyləyərək XX əsrin 20-ci illərindən sonra həmin prosesin daha da genişləndiyini qeyd edir. Mişel Süleymanın şeirlərinin Azərbaycan dilinə tərcüməsini A.İmanquliyeva əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirirdi ki, bu da ərəbşünas alimin ərəb ədəbiyyatının tədqiqinin müxtəlif sahələrindən gözlədiyi başlıca məqsəd idi. Görkəmli şərqşünasın 1979-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində nəşr olunmuş "Yerdən doğan günəş" (S.Mişelin eyni adlı kitabı haqqında)" məqaləsində də ərəb şairinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi məsələlərindən bəhs edilir. Tədqiqatçı Mişel Süleymanı bədii yaradıcılığı və ictimai fəaliyyəti baxımından öz vətəni Livanla sıx bağlı olan, ərəb xalqlarının azadlıq mübarizəsində fəal mövqe tutan şair kimi qiymətləndirmişdir.

Topluda təqdim olunmuş "Ərəb ədəbiyyatında qadın azadlığı problemləri", "Azərbaycan sovet ədəbiyyatı ərəb dilində", "Ədəbiyyatımızın qədim kökləri", "Qorki ərəb Şərqi", "fələstin problemi müasir ərəb ədəbiyyatı" (rus dilində) digər məqalələr də görkəmli ərəbşünas alimin elmi problematikasının genişliyini göstərir.

"Aida İmanquliyeva. Məqalələr tərcümələr" kitabında adından da göründüyü kimi, şərqşünas tədqiqatçının ərəb ədəbiyyatından etdiyi tərcümələr öz əksini tapmışdır. Şərqşünas alim V.Cəfərin qeyd etdiyi kimi, bu tərcümələrdə professorun bədii qələmi, mövzu seçmə məharəti, Azərbaycan dilinin incəliklərindən yerində istifadə etmək səriştəsi özünü açıq-aydın göstərir. M.Nüaymə, S.İdris, M.əz-Zahir, S.Camal, M.Dib kimi görkəmli ərəb yazıçılarının hekayələrindən ibarət tərcümələr bir tərəfdən A.İmanquliyevanın yüksək elmi fəaliyyəti ilə yanaşı, tərcüməçilik səriştəsini də göstərirsə, digər tərəfdən ərəb ədəbiyyatının öyrənilməsi və təbliğindəki kompleks fəaliyyətindən xəbər verir. Bu baxımdan da ərəbşünas alimin məqalələrini əhatə edən kitabda tərcümələrin yer alması mühüm cəhət kimi qiymətləndirilməlidir.

"Aida İmanquliyeva. Məqalələr tərcümələr" kitabı görkəmli ərəbşünas alimin araşdırmalarını öyrənən tədqiqatçılar üçün mühüm mənbə rolunu oynayacaqdır. Bu gün A.İmanquliyevanın yaradıcılığının öyrənilməsi və təbliğində tədqiqatçı alimin öz əsərlərinin də yenidən və toplu halında nəşri vacib amillərdən biridir.

 

 

Bəsirə ƏZİZƏLİYEVA

 

Ədəbiyyat qəzeti.- 2011.- 14 yanvar.- S.2.