Araz Dadaşzadə - 75

 

Müştərək xatirələrin işıqlı qəhrəmanı

      

  - Zümrüd xanım, ispan yazıçısı Unamuno Migel Denin sözləridi ki, tarix üçün yaşamaq bir şeydir, əbədiyyət üçün yaşamaq bir ayrı şey. Bu mənada istisnasız demək olar ki, soyadını daşıdığınız ailəyə mənsub olan görkəmli şəxsiyyətlərin ömür yolu əbədiyyətə hesablanıb. Bu, şəksizdir. Ancaq orası da var ki, bu şəxsiyyətlər eyni dərəcədə də tariximiz üçün yaşayıblar, bir növ, bu tarixin özünü yaradıblar. Belə ki, ədəbiyyatımızın, elmi-mədəni tariximizin Məmməd Arif dövrü, tarixiliyi var və bu böyük şəxsiyyət sizin babanızdır…

- Xalq yazıçısı, ailənizin yaxın dostu və mənim həmişə "əmi" deyə müraciət etdiyim Anarın babam haqqında söylədiyi bir fikri var, yazır ki, Arif əminin sakit, asta, təmkinli danışığı, ədəbiyyat, sənət haqqında özünəməxsus fikirləri öz şəxsi mənəviyyatımızı, düşüncə və zövqlərimizi qurmaqda, sabitləşdirməkdə, aydınlaşdırmaqda bizimçün vacib və mühüm idi. Hesab edirəm, bu münasibət təkcə babamın yaxın çevrəsi üçün yox, bütövlükdə xalqımız, millətimiz üçün, milli kimliyimiz üçün məqbul idi. Məmməd Arifin ziyalılığı "Kitabi-Dədə Qorqud" milliliyindən, mənəviyyatından qaynaqlanırdı. Sapı özümüzdən olan baltalardan tutmuş tarixilik prinsipinə biganə, millətlərin inkişafı barədə nöqsanlı baxışa malik dünya şərqşünaslarının bir qismi bu böyük abidənin bizlərə məxsusluğunu heç cür sinirə bilmədikləri bir vaxtda Məmməd Arif "Kitabi-Dədə Qorqud" mücadiləsi, əslində azərbaycançılıq davası aparmışdı. Elmi qənaətini müdafiə naminə hər cür məhrumiyyətlərə qatlaşmışdı. Bu möhtəşəm abidəyə münasibət Məmməd Arifin özünü də bir növ Qorqudlaşdırmış, Qorqud müdrikliyinə sahibləşdirmişdi. Mərd, ləyaqətli və obyektiv idi. Heydər Hüseynovun Şeyx Şamillə bağlı kitabının müzakirəsi zamanı çıxışında ölkə rəhbərinin nəzərdə tutduğu sözləri söyləmədiyi üçün Mir Cəfər Bağırovun tez-tez "Məmməd Arif, mətləbə keç" xatırlatmasına məhəl qoymaması da elə Qorqud mənəviyyatı ilə bağlı olmasından irəli gəlirdi. Mir Cəfəri ona qarşı qızdıran da bu idi.

- Atanızın, unudulmaz Araz Dadaşzadənin "XVIII əsr Azərbaycan lirikası" kitabı ilə tanış olduqca baxıb görürdüm ki, bu xarakter bütövlüyü, milli təəssübkeşlik hissi davamlı olub - Dədə Qorquddan Məmməd Arifə, Məmməd Arifdən Araz Dadaşzadəyə olan keçid eyni mənəvi bağlarla qiyaslanır. Araz müəllim də Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və milli-mənəvi dəyərlərimizlə bağlı hər hansı yanlışlığa kəskin şəkildə dözümsüzdü…

- Böyüdüyü ocaqdan belə görüb-götürmüşdü. İstəsə də ayrı cür ola bilməzdi. Məsələn, Araz Dadaşzadə həyatı boyu XIX-XX əsr Qərb şərqşünaslarının çoxunun tarixən yanlış dünyagörüşlərinin əsiri olaraq Azərbaycan, özbək, türkmən ədəbiyyatını Türkiyə, yaxud İran ədəbiyyatlarının cılız və bəsit budağı kimi qələmə vermələrinə, bu ərazilərdə peşəkar milli bədii təfəkkürün gec oyandığını iddia etmələrinə qarşı kəskin arqumentlərlə çıxış edirdi. Təsəvvür edin, XX əsrin əvvəllərində geniş yayılmış Şerrin "Rəsimli ümumdünya ədəbiyyatı tarixi"nin onuncu dəfə yenidən buraxılış və təkmilləşdirilmiş nəşrinin rus dilinə tərcüməsinin "Türkiyə" bölməsində deyilirdi ki, tatarların, yəni azərbaycanlıların özlərinin heç bir ədəbiyyatı yoxdur, onların xalq müğənniləri məktəb yolu ilə Şirazda və Qarabağda şeir qoşmaq sənətini öyrənirdilər… Eyni zamanda, Berje Azərbaycan ədibləri barədə maraqlı məlumatlar verməklə bərabər onu da göstərirdi ki, Zaqafqaziya müsəlmanlarının bütün əsərləri XX əsrin və XVIII əsrin sonunun məhsuludur, şairlərdən ən yaşlısı Vaqifdir. Şübhəsiz ki, belə tarixi yanlışlıq, daha doğrusu, ədalətsizlik atamı sınırlandırmaya bilməzdi. O, bu tarixi yanlışlıqları tutarlı dəlillərlə təkzib edirdi. Şəxsi həyatında, ailə-məişət münasibətlərində, dostlara qarşı davranışında son dərəcə loyal, sadə və iddiasız olan Araz Dadaşzadə millətimiz və tariximizlə bağlı hər hansı bir məsələdə son dərəcə, bəzən hətta təsəvvüredilməz dərəcədə mühafizəkar, aqressiv, ardıcıl mübariz bir şəxsiyyət idi. Bilirsinizmi, bu və ya digər adam haqqında xatirə söyləyərkən sentimentallıq və ritorikaya uymaq təhlükəsi olur, onda qalmış doğma ata haqqında danışasan… Ötənlərdə atam haqqında televiziya verilişi hazırlayan bir xanım redaktor sözarası mənə demişdi ki, iş çox ağır gedir, atanız barədə material azdır. Mən o xanımı yaxşı başa düşürdüm. Əlbəttə, material çox ola da bilməzdi. Atam nə aktyor, nə rəssam, nə də yazıçı idi. O, həyatının böyük hissəsini yazı masası arxasında keçirmiş alim idi. Əslində material bolluğu o masa baqajının əxz edilməsində idi. O masa baqajına bələd olmadan material bolluğu əldə etmək mümkünsüzdü. Alim ömrünə münasibət, yanaşma da alimanə olmalıdı. Atam həmişə zahiri dəbdəbədən, hay-küydən qaçmışdı. İşində, davranışında, geyimində belə çox sadə idi. Ön cərgələrdə durmağı, özünü nəzərə çarpdırmağı, gurultulu nitqlər söyləməyi xoşlamazdı. Bu, heç də mövqesizlik deyildi. Prinsipial məqamlarda o, qızğın mübahisə də edər, öz tutarlı sözünü deməyi də bacarardı. Mən getdikcə belə bir qəti qənaətə gəlirəm ki, yaşadığımız şəraitdə atamın sadəliyi, təvazökarlığı, qapalılığının özü də ləyaqəti qoruyub saxlamağın bir forması idi. Hər halda o, vicdanı qarşısında tamamilə təmiz, riyakarlıqdan uzaq insandı. Özü də bunu haradasa dərk edərək Pasternakın "Çox da məşhur olmaq səadət deyil" şerindən misraları tez-tez təkrarlayardı. Vətənə, xalqa sevgisi bənzərsiz idi. Azərbaycan Ensiklopediyasının nəşrə hazırlanmasında sərf etdiyi fədakar əmək həmin sevginin təzahürü idi. Bu nəşrlərin ünvanına bir çox tənqidlər söylənsə də, unutmaq olmaz ki, ASE vakuum şəraitdə deyil, konkret bir dövrdə, "yuxarı" təşkilatların ciddi nəzarəti altında yazılır və işıq üzü görürdü. Əslində ensiklopediyanın qüsuru yaşanan dövrün qüsurlarından irəli gəlirdi. Atamın ensiklopediyadakı işini ağır fəhlə əməyi ilə müqaisə etmək olardı. Araz Dadaşzadənin taleyi ötən əsrin ikinci yarısında yaradıcılıq yoluna qədəm qoymuş ziyalının taleyi idi. Həmin əsrin ortalarında Heydər Hüseynova qarşı kampaniya ilə əlaqədar "türk casusu" adı ilə damğalanan atası Məmməd Arifin təqib olunması, əlbəttə, onun qayğısız yaşayışına ilk dəfə kölgə saldı. Amma atamın bütün həyatının ən başlıca sarsıntısı 1968-ci ildə sovet qoşunlarının Praqaya basqını zamanı oldu. Hətta diaqnozu o zaman özünə və bizə çox da aydın olmayan xəstəliyinin müalicəsi üçün Moskvaya yola düşməzdən əvvəl yaxın dostları ilə evimizdə vidalaşarkən o, yenə də Praqanı xatırlayırdı. Mən onda bir qədər çılğın tərzdə atama dedim: "Ay ata, axı bizim də qanlı yanvarımız olub. Yəni Praqa hadisələri sənə Bakı dəhşətlərindən daha ağır təsir bağışlayıb?" Atam mənə cavab vermədi. Yəqin hiss etdi ki, mən həmin an onu heç başa düşmək iqtidarında deyiləm. Tez-tez həmin söhbətə fikrimdə təkrar-təkrar qayıdaraq atamın sözlərindəki bütün ağrını duyur, dərk edirəm. Bəlkə də o uzaq 1968-ci ildə atam dərk edirmiş ki, Praqa üzərinə basqın edən bu bədnam ordunun yolu haçansa doğma Bakı küçələrindən də keçə bilər. Vəhşi təbiətin istiqamətinin gözlənilməz olduğunun ağrısını yaşayırmış bəlkə də atam. Bəlkə də bu səbəbdən o, sovet ordusunun Bakı qırğınının ağrısını həmin o 1968-ci ildən çəkməyə başlamışdı. Bununla belə, 20 Yanvar onun əsəb və dəhşətli yorğunluqdan üzülmüş zəif canına vurulan sonuncu zərbə oldu. Atamın məhz 1990-cı ildə vəfat etməsi heç də təsadüfi deyil. Həmin dəhşətli faciə nəticəsində çex yazıçısı Kunderanın təbirincə desək, onun bədənində, görünür, hələ çox-çox əvvəl mürgüləyən xərçəng şişi qəfildən qızılgül kimi çiçək açdı.

- Atanızın 20 Yanvar faciəsi günlərindəki durumu haqqında xalq yazıçısı Elçinin yazdıqlarından da oxumuşam: "Adətən, ağır, təmkinli olan Araz o saatlarda daxili bir ehtirasla (qəzəbli ehtirasla) telefon nömrələrini tapır, kodla yığır, sifarişlər edir və Moskvadan tutmuş Alma-atıyacan, akademik Velixovdan tutmuş Oljas Süleymenovacan hər yerə zəng edir, hamı ilə danışmağa çalışırdı". Elçin müəllim Araz Dadaşzadənin 20 Yanvar durumunu belə xatırlayır və mənə elə gəlir ki, bütövlükdə Elçin müəllimin o yazısında önə çıxarılanlar əslində Araz Dadaşzadənin təbiətinin, xarakterinin "heç bir yağlı boya, rəssam fırçası" ilə əks oluna bilməyəcəyi nəsnələrdi… Elçinin xalq yazıçısı Anarın 60 illiyinə yazdığı məqalədə belə bir yer də var: "Anar bizim müştərək xatirələrimizin işıqlı qəhrəmanı Araz Dadaşzadə kimi bir dost itirib və hərdən mənə elə gəlir ki, elə bil ki, "dostluq" deyilən o məfhumun ləzzəti də elə Arazla getdi…"

- Atam "altmışıncılar" nəslindən idi və şübhəsiz ki, bu nəslin ən istedadlı nümayəndələri, o cümlədən Anar, Elçin, Rüstəmbəyov qardaşları, Yusif və Vaqif Səmədoğlular, Rəhman Bədəlov, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə atamın yaxın, ailəvi dostları idi. Təsadüfi deyil ki, o zaman bizim evimiz sərbəst, hətta bir qədər ekstravaqant fikirli cavan yazar, bəstəçi və alimlərin görüş yeri idi. Burada anam Aida xanımın hazırladığı ləziz yeməklərlə dolu masa arxasında nələr müzakirə olunmurdu…

- Yeri gəlmişkən, ananızın adını çəkdiniz, yadıma babanızın yüz illik yubileyi ilə bağlı müsahibəsində qardaşınız Aqşin Dadaşzadənin söylədikləri düşdü. Həmin müsahibədə Aqşin böyük məmnunluq və məftunluqla vurğulayırdı ki, anam Aida xanım babama gəlindən çox doğma qızı, balası kimi xidmət edərdi.

- Mənim nənəm və adaşım Zümrüd xanım Axundova Azərbaycanda ilk pedaqoji elmlər namizədi idi. Cəmi 49 il yaşamışdı. Əslən şəkili idi və mənə elə gəlir ki, atamın yüksək yumor duyğusu da ondan gəlirdi. Zümrüd xanımın vəfatından sonra Məmməd Arifə gəlini Aida xanım doğma ata-bala münasibəti ilə qulluq edirdi. Bu münasibət daha çox Məmməd Arif şəxsiyyətinə, Məmməd Arif ziyalılığına aşiqlikdən irəli gəlirdi. Zümrüd xanımın vəfatından ötən bütün illər boyunca o, ata-baba ocağımızın pərvanəsi kimi yaşadı, öz ziyalılığını evdarlığı ilə fədakarcasına uzlaşdırmağı ləyaqətlə bacardı. Son dərəcə gözəl və qayğıkeş olan tiflisli Zümrüd xanım ailəmizin əsl cəfakeşi, həyat yoldaşı olmaqdan daha çox atamın dostu, sirdaşı idi. Atamın yaxın dostlarına onun böyük qəlbi və qapısı həmişə açıq, süfrəsi ləziz idi. Məhz onun açdığı süfrə arxasında "altmışıncı"ların o əziz nümayəndələri saatlarla ən yeni avanqard ədəbiyyatdan, musiqidən, öncə də ölkədəki, dünyadakı siyasi proseslərdən danışardılar. Bu söhbətlər bəzən gecə saat birə, ikiyə kimi davam edirdi. Məclisin liderlərindən biri, şübhəsiz, temperamentli, çılğın, mübahisəni sevən, fikirlərini əsaslandırmağı bacaran atam idi. Nə isə bir eyforiya var idi bizdə qərar tapan məclislərdə; arzular da çox idi, niyyətlər də saf idi, inam da möhkəm idi. Rejissor Klimov demişkən, ilin on iki ayı bahar duyğulu, ətirli 60-cı illərin xüsusi ruh yüksəkliyi aşılanmış atmosferi unudulmazdı. Evimizdə keçirilən məclislər haqqında sonralar Rəhman Bədəlov çox dəqiq yazırdı ki, o məclislərdə mədəniyyətimizin payı daha çox idi. Şübhəsiz ki, o məclislərdə atamın söhbətləri daha çox Azərbaycan həqiqətlərindən, tariximizdən, ədəbiyyatımızdan keçirdi. Elçin atamla bağlı xatirələrində doğru vurğulayır ki, Araz daxili aləmi, hissiyyatı ilə nə qədər zəngin alim idisə, bir o qədər də savadlı, həqiqi mənada ensiklopedik biliyə malik bir insan idi və başlıcası da bu idi ki, o, təkcə Azərbaycandan, təkcə Şərqdən yox, bütün dünya mənəvi sərvətindən xəbərdar idi. "Onun dünyagörüşü çox zəngin idi. O, Vaqifi nə dərəcədə bilirdisə, Dostoyevskini də o dərəcədə öyrənmişdi, Floberi də o dərəcədə mənimsəmişdi. Onun üçün klassik ədəbiyyat və müasir ədəbiyyat səddi yox idi, hər ikisini eyni dərəcədə oxumuşdu və bilirdi. Həm də yalnız ədəbiyyatı, tarixi, sənəti yox, beynəlxalq vəziyyəti də o cürə, idmanı, xüsusən şahmatı, başqa sahələri də o cürə bilirdi". Anarın dili ilə desək, dünyada çox şey dəyişsə də, Araz Dadaşzadə dəyişmədi. Ad çıxarmağın asan, şirnikdirici yolları onu məsti-xumar etmədi. "Qeyrəti, kişiliyi, vətənsevərliyi dilinin ucunda yox, gündəlik əməlində oldu. Hər havada, hər iqlimdə fəhlə və fədai məsuliyyəti ilə gördüyü işi yenə gördü".

Yenə də qayıdıram Anarın yazdıqlarına: "Araz ensiklopedik biliyini, yüksək savadını, işgüzarlığını milli mədəniyyətimizin qarış-qarış genişlənməsi, kərpic-kərpic yüksəlməsi yolunda sərf və səfərbər edirdi".

- Bu deyilənlər boyunca yadıma hind filosofu Bibekanandanın sözləri düşür: "Dünya elə bir gimnastika zalıdır ki, biz ora güclü olmaq üçün gəlmişik". Şübhəsiz, Araz Dadaşzadə də bu gözəl dünyaya güclü olmaq üçün gələnlərdən idi və mənsub olduğu ailə, çevrəsi, fitri istedadı bu gücün qalibiyyətinin təlimatçısı idi. O, öz təhsilində, dərsində mükəmməl idi. İstərdim atanızın təhsil illərindən danışasınız.

- Atam əvvəlcə universitetin fəlsəfə fakültəsində təhsil almışdı. Bu fakültə bağlandıqdan sonra o, təhsilini tarix fakültəsidə davam etdirmişdi. Eyni zamanda musiqi texnikumuda təhsil almışdı, Xəyyam Mirzəzadə, unudulmaz Mir Cəlalın qızı Elmira Paşayeva ilə birlikdə… İlk gənclik illərində hekayələr yazmışdı. Vəfatından sonra nəşr etdirdiyimiz "Arazımız" kitabına həmin hekayələrdən bir neçəsini daxil etmişik. Yəqin ki, özü razı olmazdı. Bilirsinizmi, o, bütün düşüncəsi, əxlaqı ilə sənət dəyərlərinə hesablanmış adam idi. fərqində idi ki, kimin oğludu və öz işilə onun adına layiq olduğunu sübut etməli olduğunu bilirdi. O, Dostoyevskini, Çexovu, Tolstoyu, Markesi ümumiyyətlə, dünya ədəbiyyatını gözəl bilirdi və oxuduğu yazıçılar onun üçün meyar, etalon idi. Yəni, yazırsansa məhz belə yaz, ya da heç əlinə qələm götürmə. Sənətə Araz Dadaşzadə münasibəti belə idi. Onun üçün orta olan heç nə yox idi. O illərdə teatrşünas Bartaşeviç vardı, deyərdi ki, aktyorluq, yazıçılıq sənəti göz qabığında olan sənətdi, burada çatışmazlıqları pərdələmək mümkün olmadığı üçün mən teatrşünaslığı seçdim, ortabab aktyor olub məşhur aktyor olan atamın adına kölgə salmaq istəmədim. Bəlkə də atam yazıçılıq həvəsinə məhz bu münasibətdən, fikir ucalığından son qoymuşdu. Hər halda o, özünə tənqidi yanaşa bilirdi. Zarafatla onu da deyərdi ki, tənqidçilərin işi ağırdı. Günah gəzəndə onu axtarırlar, ad-filan, təltif olandasa heç yada düşmürlər. Şux zarafatla deyilsə də, özündə acı həqiqəti ehtiva edir. Onun sənətə olan münasibəti daha çox Məmməd Arif - Araz Dadaşzadə münasibətlərindən irəli gəlirdi. Biz atamızla həmişə nəzakətlə, eyni zamanda da sərbəst, dostyana ünsiyyətdə olduğumuz halda, onun öz atası ilə davranışında ilk baxışda müəyyən rəsmiyyət sezilirdi. Bu iki insan arasında sanki pərdə var idi. Nadir hallarda "ata" xitabından istifadə edən Araz Dadaşzadə başqa adamlarla söhbətdə atasını Arif müəllim adlandırırdı. Əslində isə bu ata-oğul arasında zahiri emosionallıqdan uzaq kişi münasibətlərinin mövcudluğu şübhəsizdir. Ata-oğul bir-birlərindən fərqlənsələr də, onların insan mahiyyəti eyni idi; hər ikisi yüksək mənəviyyatı üstün tutur, əsas həyat prinsiplərinə xəyanət etməməyə, dürüst yaşamağa, insanlara xeyirxah gözlə baxmağa çalışırdılar. Araz Dadaşzadənin atasına münasibətinin kökündə dərin ehtiram hissi dururdu. Yəni o Məmməd Arifi uca məhəbbətlə sevirdi, ilk əvvəl ona bir şəxsiyyət kimi hörmət bəsləyirdi. İnsanlığa zidd Stalin rejimi dövründə Arif müəllim karyerasını, ailəsinin rifahını, ilk növbədə, öz həyatını zərbə altına qoyaraq ləyaqətini mühafizə edə bilmişdi. Elmə, dosta xəyanətin mümkünsüzlüyü - məhz bu əqidə Məmməd Arifin bütün qərarlarına hakim kəsilmişdi, onun mənəviyyatının mahiyyətini təşkil edirdi. 70 illik yubileyindəki çıxışı zamanı daha çox vüqarla, eyni zamanda da dərin bir ağrıyla, ona xas olmayan hədələyici tonda "tənqidçi (eyni zamanda insan) vicdanının əyildiyi anı xatırlamıram" bəyanında o, tam haqlı idi. Araz Dadaşzadə heç vaxt millətçi düşüncəsinə qapılmadan milli insan ömrü yaşadı. Xüsusilə Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə biganə kəslərlə heç vaxt barışmadı. O, ölkəmizlə bağlı istənilən informasiyaya çox həssaslıqla yanaşırdı. Yadıma gəlir, ötən əsrin yetmişinci illərində ekranlarda dahi ispan rəssamı Qoyya haqqında film nümayiş etdirilirdi. Moskva televiziyasında "Kinopanoram" verilişinin aparıcısı Kanler film haqqında məlumat verərkən səhvən filmin bəstəkarlarından biri olan Qara Qarayevi erməni bəstəkarı kimi təqdim etmişdi. Atam kəskin şəkildə buna etirazını bildirdi. Yaxın vaxtlarda mən onun Kanlerə ünvanladığı məktubun qaralamasını tapdım. O, bu yanlışlıqdan təəssüfləndiyini bildirir, dərhal məsələyə aydınlıq gətirilməsini tələb edirdi. Atam Böyük Sovet Ensiklopediyasında Azərbaycanla bağlı verilən materialların natamam olmasından, Azərbaycan poeziyasın bir çox görkəmli nümayəndələri haqqında, dialekt və atalar sözlərimiz, zərb-məsəllərimiz haqqında məlumatların verilməməsindən bərk narahat idi və bu barədə fikirlərini ən yüksək səviyyələrdə bildirir, məktublar ünvanlayırdı. Bərk narahatlıq keçirirdi ki, niyə Ensiklopediyanın ikinci cildində görkəmli şərqşünas alim Mirzə Kazım bəyin əslən haralı olması bildirilməyib? Dəvdək nəyə görə alban yox, erməni əsilli sənətkar kimi təqdim olunub? Onun Zori Balayanın iftiralarına qarşı yazdığı məqalələrdə əsl Azərbaycan insanının qəlbi döyünürdü. Hüdudsuz mənəvi dünyaya sahib idi; burada "Dədə Qorqud" kimi milli sərvətimiz və fellin kinomatoqrafı, şahmat və müxtəlif xalqların rəqsləri, rus ədəbiyyatı və "Qaragilə" xalq mahnısı, Üzeyir bəy, Qara Qarayev və Stravinski musiqisi, caz və Səttar Bəhlulzadə tabloları çox ahəngdar və təbii surətdə bir-birini tamamlayırdı. Onda hədsiz dərəcədə heyran olmaq duyğusu var idi. Xəbislərə qarşı barışmazdı. Bir dəfə Filarmoniyada Bize-Şedrinin "Karmen süitası"na Abdullayevin mahiranə təfsirində qulaq asırdıq. Musiqi atamda böyük ruh yüksəkliyi doğurmuşdu. Bizdən qabaqda əyləşən bəzi bəstəkarların ovqatı isə elə bil təlx olmuşdu. Məxsusi yumor hissinə malik olan atam dərhal hər şeyi anlayıb onlara işarə edərək söylədi: "Zümrüd, bilirsən nə üçün qabaqdakılar sifətdən dönüblər? Ona görə ki, heç zaman belə musiqi yarada bilməyəcəklərini dərk edirlər". Yumorla yanaşı bu, həm də acı həqiqət idi.

Hərdən götürüb baxıram unudulmaz alim Əziz Şərifin atamın Vaqif yaradıcılığı haqqındakı monoqrafiyası barəsində yazdığı resenziyanın əlyazmasına, dönə-dönə Rəhman Bədəlovun atamın altmış illiyi münasibətilə yazdığı məqaləni oxuyuram, atamın yaxın dostu Zahid Xəlilovla saatlarla çəkən söhbətlərini göz önünə gətirirəm, onun Emin Sabitoğulu, Yusif Səmədoğlu anlarını yad edirəm. Düşünürəm ki, Anar müəllim demişkən vardı… vardı… vardı… Sonra da elə Anarın özünün yana-yana vurğuladığı "İndi yoxdu… yoxdu, yoxdu…" həqiqət boz üzünü göstərir. İndi atam mənə dostların xatirələrindən, fotoşəkillərindən, birgə günlərimizin xoşbəxtliyindən boylanıb baxır.

 

 

Söhbətləşdi: Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 28 yanvar.- S.3.