İmamverdi Həmidov - 70

     

Hörmətli İmamverdi müəllim!

Sizi - tanınmış ədəbiyyatşünas alimi 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz 1966-cı ildə BDU-nun şərqşünaslıq fakültəsinin ərəb şöbəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuş, təhsilinizi davam etdirmək üçün 1967-ci ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutuna ezam edilmisiniz. 1970-ci ildə klassik ərəbdilli ədəbiyyatın və Azərbaycan-ərəb ədəbi əlaqələrinin problemlərindən bəhs edən "İbn Qüteybə Dinəvəri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmisiniz. 1969-cu ildən Ədəbiyyat İnstitutunda işləyirsiniz. Keçən dövr ərzində elmi işçi və baş elmi işçi kimi fəaliyyət göstərmiş, 1973-1976-cı illərdə İnstitutun elmi katibi vəzifəsini yerinə yetirmisiniz. 1997-ci ildən Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışırsınız.

Siz tərcüməçilik fəaliyyəti ilə də məşğul olmusunuz. 1963-1964-cü illərdə Yəmən Xalq Demokratik Respublikasında, 1976-1980-ci illərdə Yəmən Ərəb Respublikasında və 1985-1989-cu illərdə İraq Respublikasında ərəb dili tərcüməçisi işləmisiniz. Ərəb dilindən klassik və müasir bədii ədəbiyyat nümunələrini Azərbaycan dilinə tərcümə etmisiniz.

"Nizaminin və Füzulinin "Leyli və Məcnun" poemalarının qaynaqları", "Məcnun haqqında xəbərlər və onun şeirləri", "Xaqaninin ərəbcə şeirləri", "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslarının tədqiqatlarında" mövzularında araşdırmalar aparmısınız. Dörd kitabın - "İbn Qüteybə Dinəvəri" (rus dilində), "Əbu Bəkr əl-Valibi və onun "Əxbar əl-Məcnun və əşaruhi", "Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr", "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" və 100-ə yaxın elmi məqalənin müəllifisiniz. Məşğul olduğunuz tədqiqat sahələrindən biri ərəbdilli Azərbaycan ədəbiyyatıdır. Ömər Gənci, Bərakəvey Zəncani, Məğlisi Marağai kimi şairlərin bədii irsini ilk dəfə qaynaqlardan üzə çıxarmış və araşdırmısınız. Çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biri və ikinci cildin məsul redaktorunun müavinisiniz. 2009-cu ildə "Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almısınız.

Siz Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı və onun əlaqələrinin müxtəlif məsələlərinə həsr edilmiş 16 beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmisiniz. Bir sıra elmi məqalələriniz Rusiyada, İraqda, İranda, Misirdə, Türkiyədə və Yəməndə elmi və ədəbi jurnallarda rus, ərəb, fars və ingilis dillərində nəşr edilmişdir. Siz ciddi tədqiqatçı olmaqla yanaşı, fəal elm təşkilatçısısınız. İnstitutun elmi şürasının üzvü və uzun müddət İnstitutda fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi kimi (1972-1976-cı illər, 1981-1985-ci illər, 1998-ci ildən bu vaxta qədər) yerinə yetirilmiş elmi tədqiqat işlərinin və dissertasiyaların müzakirəsinin təşkilində fəal iştirak etmisiniz. Elmi-tədqiqat işi ilə yanaşı pedaqoji fəaliyyət də göstərirsiniz. BDU və Bakı Asiya Universitetində ərəb ədəbiyyatı fənnini tədris edirsiniz.

Hörmətli İmamverdi müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 28 yanvar.- S.5.