Mirzə Fətəli və Füzuli

  

Azərbaycan ədəbiyyatı tarixində dramaturgiyanın və realist bədii nəsrin, fəlsəfi publisistikanın banisi kimi şöhrət qazanan Mirzə Fətəli Axundzadə eyni zamanda, müasir tipli ədəbi tənqidin də müəssisidir. O, ədəbi tənqidin mahiyyəti, funksiyası, bədii tərəqqidə və ictimai fikrin inkişafında rolu haqda söz açan, onun xeyrini və gözəlliyini müasirlərinə başa salan birinci mütəfəkkirdir. Əlbəttə, Azərbaycan nəzəri-estetik fikir tarixində Mirzə Fətəliyə qədər bədii sözün, ədəbiyyatın ictimai funksiyası haqqında fikir söyləyən sənətkarlar çox olub. Lakin bizim ədəbi fikirdil tariximizdə “kritika” və “tənqid” sözlərinə ilk dəfə M.F.Axundzadənin leksikasında təsadüf edilir. Özü də sələflərindən fərqli olaraq o, “kritika” və “tənqid” sözlərini xalis termin kimi, həm də başqa-başqa anlamlarda işlətmişdir. Onunkritikasözü müasir “ədəbi tənqid”, yəni bədii əsəri qiymətləndirmək, onun məziyyətlərini və qüsurlarını göstərmək, izah etmək işinə uyğundur. “Tənqid” isə “kritikadan daha geniş və əhatəli bir məzmun tutumuna malikdir; tənqid - bədii əsər, təsvir üsulu, inikas vasitəsi kimi mənaları ehtiva edir. Buna uyğun olaraq, ədibin işlətdiyi “kritik” və “tənqidçi” sözləri də sinonim deyil; onlar müxtəlif mənaları bildirir. Kritik - bədii əsəri oxuyub təhlil edən, dəyərləndirən şəxsdir. Tənqidçi isə təkcə bədii əsəri deyil, bütövlükdə cəmiyyət həyatını, ictimai hadisələri, mövcud əxlaqi, dinihüquqi təsisatları təhlil etməklə nöqsanlara irad tutan, həmin təsisatların mahiyyətini aydınlaşdıran, yaxşı-pisini göstərən mütəfəkkirdir. O, real tarixi şəxsiyyət də ola bilər, bədii-fəlsəfi, yaxud publisistik əsərin qəhrəmanı da! M.F.Axundzadə həm kritik - bədii ədəbiyyatı qiymətləndirə bilən estetik zövq sahibi, həm də cəmiyyətdəki nöqsanlara irad tutan, ictimai qüsurları əks etdirən bədii-fəlsəfi əsərlər müəllifi - tənqidçidir.

Kritik olaraq o, yaşadığı dövrün ədəbi-tarixi prosesini, mədəniyyət olaylarını diqqətlə izləyən, ələ gətirə bildiyi mətbuat nümunələrini və kitabları çox tez və həvəslə oxuyan, dərhal da münasibət bildirən, fikir və təəssüratını yazan bir ziyalı, ədəbi-tənqidi fikir adamıdır. Bədii ədəbiyyatın vəzifəsi, cəmiyyətin ictimai tərəqqisində, insanların mənəvi-əxlaqi saflaşmasında və zənginləşməsində ədəbi tənqidin rolu, şerin mahiyyəti, nəsrlə nəzmin fərqi, ədəbiyyatın müasirliyi, dramaturji janrlar, ədəbi dil, xəlqilik, ideyalılıq, forma və məzmun, həyat həqiqəti və bədii inikas - kritik M.F.Axundzadəni düşündürən, onun məqalə və məktublarında izahını, təhlilini tapanmüasirliyini bu günsaxlayan mühüm mətləblərdir ki, öz ifadəsini yazıçının “Fehristi-kitab” “Nəzm və nəsr haqqında”, “Mollayi-Rumininonun təsnifinin babında”, “Kritika. Yüksək İranın “Millət” qəzetinin münşişinə”, “Mirzə Ağanın pyesləri haqqında kritika”, “Tənqid risaləsi” məqalələrində, müasirlərinə yazdığı məktublarda və oxuduğu kitabların haşiyələrindəki qeydlərində tapmışdır.

M.F.Axundzadənin ədəbi-tənqidi və nəzəri-estetik fikirlərini təhlil edən alimlər bu fikirlərin materialist mövqedən söyləndiyini bildirmişlər: “Axundzadə sənətdə realizm prinsiplərinə əsaslanan estetik və ədəbi-tənqidi görüşlərini irəli sürərkən bunları öz materialist dünyagörüşü ilə bilavasitə əlaqələndirmişdir. Bu nöqteyi-nəzərdən onun, əsasən materialist ruhunda olan estetikası özünün məzmununa görə dinə və idealizmə, dini ruhda olan mühafizəkar ədəbiyyatın təbliğ etdiyi asketizmə, mistik, mürtəce zövqlərə ziddir” (F.Qasımzadə). Eyni mülahizə K.Talıbzadənin də kitabında vardır: “M.F.Axundzadənin ədəbi görüşləri onun fəlsəfi mövqeyinə, materialist dünyagörüşünə söykənirdi. Dünyanın maddiliyini təsdiq etmək - Axundzadə fəlsəfi görüşlərinin guşə daşı idi. O, hər cür idealist baxışları rədd edərək göstərirdi ki, varlıq başqa xarici varlığa ehtiyac hiss etmədən mövcuddur”.

Kitabın başqa bir səhifəsində deyilir: Qeyd etmək lazımdır ki, fəlsəfənin bir sıra mühüm məsələlərini materializm cəbhəsindən izah edən M.F.Axundzadə bu görüşləri cəmiyyət hadisələrinə tətbiqdə çətinlik çəkirdi, bir çox maarifçilər kimi idealizm mövqeyində dururdu”. Bu fikir M.F.Axundzadənin ədəbi-tənqidi görüşlərini aydınlaşdırmaq üçün də faydalıdır. Mirzə fətəlini bütün məqamlarda materialist, ateist, dinsiz sayan konsepsiya səhvdir! O, Şərq-islam dünyasının, müsəlman-türk fəlsəfi düşüncəsinin yetirməsidir. Dovtələb bir maarifçi kimi o, bədii yaradıcılıqda həyatilik, ağlauyğunluq, kütləvilik, inandırıcılıq kimi məziyyətləri vacib sayır və yüksək qiymətləndirirdi. Bu əlamətlərdən, xüsusilə ağlauyğunluqdan məhrum fikir və söhbəti isə mənasız cəfəngiyyat hesab edirdi.

M.F.Axundzadənin realist, lakin antimaterialistidealist düşüncəyə yad olmadığı onun ədəbi-tənqidi mülahizələrində aydın görünür. Ədib məşhur “Tənqid risaləsi”ndə şeirdən bəhs edərkən yazır: “Gözəl məzmun tapmaq Allah vergisi olan təbin xüsusiyyətlərindəndir”. Göründüyü kimi, mütəfəkkir yazıçı ilham və istedadı “Allah vergisihesab edir. Bu baxımdan onun fikirləri Məhəmməd Füzulinin düşüncələrinə uyğun gəlir. Məlumdur ki, “Füzuli istisnasız olaraq bütün əsərlərində ardıcıl və prinsipial şəkildə şeri, sənəti, mövzunu kəlamı “bəxşi-ilahi”, “bəhyi-səmavi” (Allah vergisi) kimi izah etmiş, bu məsələnin izahında idealist mövqe tutmuşdur”. Füzulinin fikricə, şairlik istedadı insanın varlığına Allah tərəfindən nəqş olunmuşdur, Allahın köməyi olmadan “kəmali-şeir kəsbi” qeyri-mümkündür, nəzm təbi məhz Allahın lütfüdür” (Sabir Əliyev). Şair türkcə divanının dibaçəsində yazır:

 

Zəhi sani ki, lövhi-canə gilgi-hüsni-tovfiqi,

Əzəldən iqtizayi-nəzmi-canpərvər rəğəm

qılmış.

Kəmali-şeir kəsbi mumkin olmaz bimədəd

Ondan,

Ona minnət ki, təbi-nəzm lütf etmiş, kərəm

qılmış.

 

Şerinşairliyin ilahi vergi olduğu füzulidən əvvəl də, sonra da Yaxın və Orta Şərq bədii-estetik düşüncə tarixində qəbul, yaxud etiraf edilən fikirdir. Odur ki, özünün fəlsəfi baxışlarına və elmi dünyagörüşünə görə birbaşa Şərqin yetirməsi, Nizami Gəncəvi, Sədi, Hafiz, Məhəmməd Füzuli, A.Bakıxanov-Qüdsi kimi mütəfəkkirlərin varisi olan M.F.Axundzadə üçün gözəl məzmunun “Allah vergisihesab olunması təbii sayılmalıdır. Sələflərinin çoxu kimi, o da bu qənaətdə idi ki, şeir “əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyəti-şair xudadandır və təhsil və tərbiyət o maddənin ancaq inbisatına (artmasına, inkişaf edib çoxalmasına - Z.Ə.) və əşarın artıq zinətinə bais olur”.

M.F.Axundzadə şeirə dair mülahizələrinin bir qismini “Nəzm və nəsr haqqında” məqaləsində söyləmişdir. Bədii nitqin tipləri - nəzm və nəsr haqqında qısa məlumat - izahat verən bu məqalədə şerin mənşəyi, estetik mahiyyəti, təsir gücü, bədii gözəlliyi onun nəzmdən fərqi və s. izah olunmuşdur. Mirzə Fətəli yazır ki, hər dilin “təkəllümü və kitabəti”, yəni danışığı və yazısı, hamının qəbul etdiyinə görə nəsr ilədir, ancaq bəzən bir para mətləblərin dərkindən ziyadə onları “ləzzətənduz və mütəəssir” - ləzzətli və təsirli etmək üçün danışıq və yazı şeir ilə olur. Müəllif yazır ki, “şeir gərək ziyadə ləzzətə, hüzndə və sevincdə ziyadə təsirə bais ola, əgər olmasa, sadə nəzmdir”. Eyni zamanda Mirzə Fətəli bunu da bildirir ki, şeiristilaha qərib”, yəni insanların təbiətinə, psixologiyasına və adətlərinə uyğun söylənəndə ləzzətli və müəssir - təsirli olur. Şeirdə gözəl sözlər, ifadələr, təşbihlər işlətmək, təsirli bədii vasitələrdən istifadə etmək, sözü pərdəsiz, eyhamsız söləymək lazımdır. “Əgər bunun xilafınca deyilsə, məzaci-müstəmedə” (eşidənin ovqatında - Z.Ə.) heç bir gunə təğyir hasil olmaz. Bu cəhətdəndir ki, əksər qəzəliyyat məzaci-insaniyə hərgiz bir şövq və vəcd əmələ gətirmir».

Əlbəttə, Mirzə Fətəlinin son cümlədəki fikri mübahisəlidir və ciddi tənqidə dözməz. Həmid Məmmədzadə doğru deyir ki, qəzəllərin əksəriyyətinin insan məzacında təsir yarada bilməməsi fikri ilə razılaşmaq olmaz. Bu hökmü konkret şairin müəyyən qəzəlləri haqqında vermək olar, lakin ümumi şəkildə onu məqbul hesab etmək çətindir. Bizcə, bu fikirlər Mirzə Fətəlinin Şərq, özəlliklə türk klassik lirikasına inkarçı münasibətinin bir təzahürüdür ki, M.Füzuliyə münasibətində daha da kəskinləşir.

M.F.Axundzadənin türkdilli şerə münasibəti və ona verdiyi qiymət olduqca subyektiv və əsassızdır. Onun: “Bəhər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır, Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır” - fikri öz sözü ilə desək, qələtdir. Ədib “böyük bir səhvə dəxi yol verərək, Füzuli kimi dahi bir sənətkarı - şair deyil və xəyalatında əsla təsir yoxdur, - deyə onu həqiqi şairlər sırasından çıxarır” (F.Qasımzadə).

XX əsr Azərbaycan ədəbi-tənqidi və nəzəri-estetik fikrinin korifeyi Yaşar Qarayev M.F.Axundzadənin Füzuliyə verdiyi qiymətin mənasını aydınlaşdırmaq istərkən yazır: “Axundzadənin elan etdiyi estetik mübarizənin proqramı bilavasitə füzuliyə yox, Füzuli bütünə, üç əsrdən bəri bu bütə sitayiş qılanlara qarşı çevrilmişdi. Sözün əslində Axundzadə poeziyada Füzuliyə qarşı yox, Füzuli bütünününböyüklüyünün poeziyaya saldığı... kölgəyə, kabusa qarşı çıxmışdır”.

K.Talıbzadə M.F.Axundzadənin Füzuliyə qiymətində “açıq-aşkar ədalətsizlik” görsə də, onuson dərəcə subyektiv qiymət hesab etsə də, yazıçıya şərti bəraət qazandıran bəzi obyektiv-tarixi məqamlar daolduğunu qeyd edir: “Əvvəla böyük ədib böyük şairi bütünlükdə inkar etmirdi, onunazimi-ustad” adlandırırdı. Realist yazıçı Axundzadə həm də realizmin nəzəriyyəçisi idi, o, bu yaradıcılıq metodunun təcrübədə parlaq nümunələrini yaradır, nəzəri görüşlərində isə onun milli əsaslarını müəyyənləşdirirdi. Bu vəzifə və məqsəd Axundzadəni realizmlə uyuşmayan bütün fikri-estetik meyillərə, cərəyanlara qarşı amansız, barışmaz, dotələb olmağa məcbur edirdi. Yenini yaratmaq üçün “köhnə”ni müəyyən mənada, müəyyən vaxt üçün inkar etmək, rədd etmək lazım idi”.

Kitabının başqa bir yerində Kamal Talıbzadə yazır: “Füzuliyə münasibət Axundzadə estetikasında əslində Füzulinin özündən çox onun təsirinə, bu təsirin yaratdığı vəziyyətə aid idi”. Və alim fikirlərini belə əsaslandırır: Füzuli dühası uzun əsrlər Azərbaycan şerini öztilsimli təsirində” saxlayırdı, bu şeir məktəbinin nümayəndələri “balaca istedadlarolaraq qalır, müəllimlərini təkrar etməkdən uzağa getmir, yaratdıqları epiqonçu ədəbiyyat - fikri, şəkli yeniliklərdən, həyatilikdən, orijinallıqdan məhrum bir ədəbiyyat kimi dövrün yeni tələblərinə əsla cavab vermirdi... Axundzadə klassik şeirdə Nizami tipli romantiklərə, əsərləri realistik üstünlüklərlə zəngin sənətkarlara üstünlük verirdi. Romantik Füzuli poeziyası isə bu tələblərə cavab vermirdi. Odur ki, Füzuliyə münasibəti biz Axundzadə ədəbi görüşlərində təsadüfi hadisə hesab etmirik. Realizmi metod səviyyəsində təsdiqləmək üçün füzuli şerinin nüfuz dairəsini məhdudlaşdırmaq, göründüyü kimi, o zaman Axundzadə lazım idio, bunu şüurlu şəkildə etmişdir”.

Belə fikirlər Kamil Vəliyevin də əsərlərində iqrar olunur. O da M.F.Axundzadənin füzuliyə münasibətinin səbəbini təxminən Y.Qarayev və K.Talıbzadə kimi izah edir: “Mirzə Fətəli bu mübahisəsiz şairi (Füzulini - Z.Ə.) mübahisə meydanına gətirəndə, güman ki, düşüncə tərzini dəyişmək, ehkamı qırmaq, müasir fikri ağıla yeritmək üçün hədəf məhz Füzulini seçmişdir. Füzuli şeirində doğulub boy atan azərbaycanlıya yeni həyatın məntiqini aşılamaq üçün belə bir subyektiv addım atmaq lazım gəlirdi. İkinci bir tərəfdən Füzuliyanə poeziyanı təqlid yolundan çıxmaq (oxu: çıxarmaq - Z.Ə.), “Füzuli tilsimini” qırmaq üçün, realist ədəbiyyatın yolunu tanıtmaq üçün bu fikir meydana atılmışdır”.

Göründüyü kimi, bu fikirlərdə M.F.Axundzadənin mövqeyinə təəssübkeş bir yanaşma var; guya Mirzə Fətəli Füzulinin özünə qarşı yox, Füzuli bütünə qarşı çıxmışdır. Füzulini “bütünlüklə inkar etmirdi”. Əvvələn, Füzulibüt, kabus yox, Yaxın Şərqdə poeziya tanrısının özü idi. İkincisi isə o, şairi heç inkar edə bilməzdi. Füzuli Mirzə Fətəliyə nisbətdə uca dağ zirvəsi, sərt və sal qaya, nəhəng bir ümmandır. Mirzə Fətəlinin onun haqqında söylədiyi “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur” sözləri Füzulinin poetik qüdrətindən və dühasından heyrətə gələn bir nadir təfəkkür sahibinin qısqanclıqdan doğan saçmalarıdır. M.C.Cəfərov doğru deyir ki, Axundzadənin «Füzuliyə verdiyi qiymət büsbütün yanlışdır. O, Füzulini şair deyil, nəzm ustası adlandırır. Halbuki Axundzadənin həqiqi şairdən tələb etdiyi bütün xüsusiyyətlər Füzulidə vardır». «Həqiqi şeirdə təsir məsələsini əsas şərtlərdən biri kimi irəli sürən Axundzadə burada (yəni füzuliyə qiymət verərkən - Z.Ə.) özü-özünə zidd gedir».

Son tədqiqatlarda Mirzə Fətəlinin M.Füzuliyə inkarçı münasibəti daha düzgün izah olunur. T.Salamoğlu haqlı olaraq M.F.Axundzadənin M.Füzuli haqqında fikrini ümumiyyətlə, türk şerinin qədimliyinə inkarçı münasibətin tərkib hissəsi hesab edir və yazıçının “Azərbaycan türklərinin ədəbiyyatının tarixini müasirləşdirmək meyili” ilə ilgiləndirir. Doğrudan da M.F.Axundzadə əvvəlcə: “Bəhər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır” - fikrini söyləyir, sonra M.Füzulini şair yox, “nazimi-ustad” adlandırır.

Ədib M.Füzulininazimi-ustad” adlandırandan sonra yazır: Amma mən əyyami-səyahətimdə Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı. Mənim əqidəmə görə tarixi-hicridən indiyədək türk arasında şair mühəssirdir məhz bu iki şəxsə. Birbir Məsiha var imiş xəyalatı az tapılır”.

Əlbəttə, böyük yazıçı və tənqidçi “tarixi-hicridən indiyədək türk arasında” yalnız Vaqif, Zakir və Məsihini şair sayması da əsassız inkarçılıqdan başqa heçdeyildir. Tarixi-hicridən M.F.Axundzadənin dövrünə qədər türk arasında Yusif xas Hacib, Nəsimi, Nəvai, Qazi Bürhanəddin, Yunus İmrə, Xətai, Həqiqi kimi onlarca şair olmuşdur ki, hər biri yüksək istedadı və zəngin yaradıcılığı ilə tanınmışdır. Görünür, Mirzə Fətəli onlardan xəbərsizmiş, ya da “əhli-türk” olduqlarına görə onlara biganəlik göstərmişdir. Hər iki halda böyük ədibin həm türk şerinə, həm də Füzuli şairliyinə münasibəti çox subyektivdir və həmişə qınaq obyekti olacaqdır.

 

Zaman ƏSGƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2012.- 21 dekabr.- S.1-2.