Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi qeyd edilib

         

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dövlət xadimi Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli çıxış edərək ölkəmizdə Azərbaycan klassiklərinin yubileylərinin keçirilməsi haqqında dövlət başçısının müvafiq sərəncamlarını xatırlatmış, bunların ədəbiyyatımızın təbliği, öyrənilməsi və inkişafında böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. Bildirmişdir ki, tədbir Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 3 aprel tarixli Sərəncamına əsasən təşkil edilmişdir.

Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söhbət açan T.Kərimli Azərbaycan klassiklərinin ədəbiyyatımızın inkişafındakı rolunu qeyd etmişdir.

Tədbirdə filologiya elmləri doktoru İslam Qəriblinin “Xurşidbanu Natəvan və onun poetik irsimövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Qarabağ xanlarının vərəsəsi sayılan Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olmuş, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Qədim zadəgan nəslinin nümayəndəsi olmuş Natəvan yaradıcılığa XIX əsrin ortalarında başlamış, Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairlərdən biri olmuşdur. O, yaradıcılığına “Xurşid” (Günəş) təxəllüsü ilə başlamışdır. Natəvan ədəbi-mədəni yaradıcılığında Azərbaycanın klassik ənənələrindən bəhrələnmiş, bunları öz poeziyasında uğurla davam etdirmişdir. Qəzəl, məsnəvi, qoşmas. janrlarda həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri onun yaradıcılığının başlıca keyfiyyətləridir.

İ.Qəribli X.Natəvanın fəaliyyətində 1872-ci ildə Şuşada yaratdığı “Məclisi-üns” (dostluq, ülfət məclisi) ədəbi məclisini xüsusilə qeyd etmişdir. Bildirmişdir ki, Xan qızı məclisə rəhbərliyi və onun bütün xərclərini öz üzərinə götürmüşdür.

Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyindən söhbət açan İ.Qəribli bildirmişdir ki, o, kasıblara kömək etmiş, Şuşaya su kəməri çatdırmışdır.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat etmiş və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.

Tədbirdə filologiya elmləri doktorları Asif Rüstəmli və Alxan Bayramoğlu şairənin həyat və yaradıcılığından danışmışlar.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.4.