Multikulturalizmin Azərbaycan modeli

 

Avropada multikulturalizm böhranının yaratdığı sual - ideologiya, yoxsa həyat tərzi

 

 Multikulturalizm bir anlayış olaraq yeni, həyat tərzi və mahiyyət baxımından isə qədim tarixə malikdir. Cəmiyyətin inkişafının ilk çağlarından müxtəlif sivilizasiya daşıyıcıları eyni məkanda və ya qonşu ərazilərdə yaşayaraq bir-biriləri ilə sıx təmasda olmuşlar. Böyük imperiyaların yaranması ilə bu fərqli mədəniyyət təmsilçiləri bir dövlət daxilində olmaqla daha sıx əlaqələr qurdular. Bəşəriyyət bu əlaqələr nəticəsində fərqliliklərin daha da dərinləşməsi ilə bərabər, hər zaman qarşılıqlı bəhrələnmə, təsir və əks-təsirə şahid olmuşdur. Yəni müxtəlif mədəniyyətlərin bir-birilərinə təsiri və bəhrələnməsi min illərdir davam edən prosesdir. Nəticədə eyni məkanda fərqli mədəniyyət təmsilçiləri öz mövcudluqlarını qoruyub saxlaya bildikləri üçün müasir dünyamız rəngarəng etno-mədəni koloritə sahibdir.

Tarix sübut edib ki, multikultural dəyərlər olmasaydı, heç böyük bəşər mədəniyyəti də ola bilməzdi. Çünki müəyyən sərhədlər daxilində təcrid olunmuş və özünə qapanmış hər hansı bir mədəniyyət tənəzzülə məhkumdur. Qloballaşma dövründə isə heç bir ölkə multikulturalizmin təsirindən kənarda qala bilməz. Günümüzdə multikulturalizmin böhranı və ya süqutu ilə bağlı Qərbdə səslənən fikirlər heç də birmənalı qəbul edilmir. Qərbin bir ideologiya olaraq baxdığı multikulturalizm bir çox yerlərdə, o cümlədən Azərbaycanda həyat tərzi olaraq qəbul olunur. İnsanlar minillər boyu yaşadıqları çoxmədəniyyətli həyatı bir zənginlik kimi qəbul edirlər.

Multikultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir. Yalnız tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur. Belə olan halda müasir dünyanı düşündürən aktual sual yaranır. Bu gün Avropa multikulturalizmin məğlubiyyətə uğradığını qəbul və bəyan edir. Qərb cəmiyyətində siyasi liderlər və intellektual dairələr tərəfindən multikulturalizm siyasətinin məğlubiyyətə uğraması ilə bağlı səslənən fikirlər nə qədər realdır? Multikulturalizm Qərb ideologiyası kimi, yoxsa bir həyat tərzi olaraq özünü doğrultmamışdır? Bu suallara cavab tapmaq üçün multikulturalizmin Qərb dəyərlərini, yaxud bəşəri ideyaları əks etdirməsinə aydınlıq gətirmək lazımdır.

 

 

 

Multikultural dəyərlərə Qərb və Şərq cəmiyyətlərində fərqli yanaşma

 

 

Müasir nəzəri yanaşmaya əsasən multikulturalizm demokratiya, insan haqları, tolerantlıq və digər prinsipləri daşımaqla bu gün daha çox Qərbə məxsus dəyər kimi təqdim olunmağa çalışılır. Hətta bəzi Avropa mütəxəssisləri bir qədər də irəli gedərək multikulturalizmin məhz Qərbdə yarandığını və multikultural cəmiyyətin ilk növbədə Qərbi AvropaŞimali Amerikanın demokratik ölkələrində mövcud olduğunu iddia edirlər.

Multikulturalizmi bir həyat tərzi olaraq qəbul edərək biz bu ideyalarla razılaşmırıq. Lakin qeyd etməliyik ki, bu mülahizənin yaranmasında Şərq cəmiyyətlərinin daha qapalı xarakterli olması da rol oynamışdır. Tarixdən məlumdur ki, Şərqdə, xüsusən də Çin, Yapon, Koreya kimi cəmiyyətlərdə bir neçə əsr bundan əvvələdək dövlətlərin rəsmi xarici siyasəti "bağlı qapılar" olmuşdur. Əcnəbilərin buraxılmadığı yasaq şəhərlər var idi. İslam dünyası ölkələrində də əcnəbilər üçün məhdudiyyətlər tətbiq olunurdu. Əslində müəyyən mənada həmin ənənə bu gündavam edir. Müasir dövrün ən çoxsaylı miqrant axınını təşkil edən çinlilər əsrlərdir ki, köçüb getdikləri ölkələrdə özlərinə məxsus həyat tərzlərini kompakt yaşayış yerlərində "çaynataun"larda davam etdirirlər. Əvvəllər bu Çin şəhərcikləri Asiyanın müxtəlif ölkələrində daha məşhur idisə, indi Avropa ölkələrində sayları günü-gündən artmaqdadır. Ancaq nədənsə Şərqdə çinlilərin bu həyat tərzinə dözümlü yanaşırlarsa, Qərb cəmiyyətlərində bu daha çox gələcəyə yönəlmiş təhdid kimi qəbul olunur. Eynilə emiqrant müsəlmanların öz mədəni-dini irslərinə sadiq qalmaları, həyat tərzlərini, davranış və əxlaq normalarını qoruyub saxlamaları Qərb dəyərlərinə zidd hesab olunur.

Əslində Şərqdəki bu tendensiyaya özünütəcrid deyil, mənəvi dəyərlərin qorunması vasitəsi kimi baxmaq daha doğru olar. Çünki Şərq özü mədəni müxtəliflik baxımından yetərincə rəngarəngdir və bu çoxmədəniyyətlilik əsrlər boyu qonşu sivilizasiyaların təması üzərində qurulmuşdur. Yəni qonşu sivilizasiya daşıyıcıları olaraq Uzaq Şərqdə Çin-Türk, Çin-Yapon, Çin-Hind, Türk-Hind, Yaxın Şərqdə Türk-İran-Ərəb, Afrikada Ərəb-Bərbər və sadalamadığımız daha neçə nümunələrin ortaq mədəni irsləri fərqli mədəniyyətlərə dözümlülük və birgə yaşayış tərzini əks etdirir. Misal üçün, Hindistanın Aqra şəhərində ucaldılan Tac Mahal abidəsi Türk, Hindİslam mədəniyyətlərinin səciyyəvi xüsusiyyətlərini özündə daşıyır. Avropada bütün bunların multikultural dəyər kimi nəzərə alınmamağının əsas səbəbi Şərq cəmiyyətlərində qonşu mədəniyyətlərin deyil, məhz Qərb dəyərlərinin qəbul edilməməsi olmuşdur. Bunun da obyektiv səbəbləri var və məsələnin mahiyyətini müstəmləkəçilik siyasətində axtarmaq lazımdır.

Beləliklə, Qərb dəyərlərinin dominantlığı üzərində qurulan multikulturalizmdən fərqli olaraq min illərdir yanaşı yaşayan sivilizasiya təmsilçilərinin çoxmədəniyyətli həyat tərzində böhran müşahidə olunmur. Müxtəlif mədəniyyətlərin paralel mövcudiyyətinə tolerant yanaşmanı həyat tərzi olaraq qəbul edənlər üçün multikulturalizm bəşəri ideya kimi qəbul olunur. Bütün bunların fonunda multikulturalizmin yalnız Qərbə məxsus dəyər hesab edilməsi və ona alternativ olaraq özünütəcrid və ya sivilizasiyaların toqquşması ideyasının təqdim edilməsi birmənalı qarşılana bilinməz.

 

 

 

Qərbsayağı multikulturalizmin formalaşma mərhələləri

 

 Multikulturalizm hərfi mənada çoxmədəniyyətlilik, faktiki olaraq isə fərqli mədəniyyətlərin yanaşı və ya birgə yaşayış tərzidir. Nəzəri baxımdan bu anlayışa münasibətdə 2 yanaşma müşahidə olunur: çoxmədəniyyətlilik və Qərbsayağı multikulturalizm. Əsas məqam fərqli mədəniyyət daşıyıcılarının yanaşı mövcudiyyəti, yoxsa birgə yaşayış tərzidir.

Qərbdə multikulturalizm müxtəlif dövrlərdə fərqli ideoloji məqsəd daşımışdır. Tarixi ardıcıllıqla baxsaq, multikultural dəyərlər Qərbdə birinci mərhələdə xristian dininə və Papalığa xidmət etmək üçün birləşdirici faktor olaraq nəzərdə tutulmuşdur. Məlumdur ki, Roma imperiyası dövründə katolik kilsəsinin əhatə dairəsi Avropanın və hətta imperiyanın hüdudlarını aşsa da fərqli mədəniyyətlərin simbiozuna səbəb ola bilmədi. Bizansın timsalında pravoslavlığın ayrılması isə kilsənin nüfuzuna daha bir zərbə oldu. Lakin Qərbin vahid dəyərlərinin yaradılması üçün kilsə öz səylərini davam etdirirdi. Xüsusən də orta əsrlərdə Avropa dövlətlərinin bir-birinə qarşı amansız müharibəsi zamanı kilsənin üzərinə birləşdirici missiya daha çox düşürdü. Papalıq müxtəlif Avropa xalqlarının birgəyaşayışını təmin etmək üçün müəyyən mənada çökmüş imperiyanın da vəzifələrini yerinə yetirirdi.

Həmin dövrdə anqlo-saks, german, roman mədəniyyət daşıyıcılarının mədəni simbiozu və birgə yaşayış tərzi imkansız görünürdü. Belə olan halda, bir ideologiya altında birləşmək üçün kənarda vahid düşmən və düşmənə qarşı birgə mübarizə Papalığın taktiki gedişi oldu. Səlib müharibələrinin başlıca səbəblərindən biribu idi. Düşmən obrazında İslam dini daşıyıcılarının qəbul edilməsinə isə dinlərarası ədavət kimibaxmaq lazımdır. Kilsənin hamiliyi altında Avropada simbioz təşkil edə bilməyən müxtəlif xalqlar səlib yürüşlərində vahid düşmənə qarşı mübarizədə mədəni yaxınlıq və qarşılıqlı təsir baxımından müəyyən məsafə qət etmiş oldular. Doğrudur, sonrakı hadisələr göstərdi ki, mədəniyyətlərin qarşılıqlı təsiri hələ dinc yanaşı yaşamaq anlamı vermir. Avropada yüzillik müharibə, xristian kilsəsinin parçalanması, Müqəddəs Roma imperiyasının dağılması, dünya müharibələri bu deyilənlərin əyani təsdiqidir. Lakin bütün hallarda multikulturalizmin Qərb modelinin formalaşmasında birinci mərhələni dini birlik kimi xarakterizə etmək olar. Artıq uzun əsrlərdir ki, xristianlıq Qərb sivilizasiyasının əsas mənəvi dəyərinə çevrilmişdir. Eyni zamanda, ola bilsin ki, məhz xristianlıq Qərb sivilizasiyasının nüvəsini təşkil etdiyi üçün bu gün multikulturalizmin Qərb modelini ayrıca fərqləndirməli oluruq.

 

 

 

Multikulturalizmin "Amerika" modeli

 

 Qərbsayağı multikulturalizmin formalaşmasında II mərhələyə Avropa dövlətlərinin müstəmləkə sisteminə xidmət edən ideologiya kimi baxmaq olar. Bu zaman 2 fərqli yanaşma müşahidə olunur. Birincisi, Avropa dövlətlərinin müstəmləkə ölkələrin əhalisinə yanaşması. Avropa dövlətləri Qərb dəyərlərinin dominantlığı üzərində formalaşdırdıqları ideologiyanı müstəmləkə ölkələrində yeganə üstün sivilizasiyalı mədəniyyət kimi təqdim etməyə çalışır və yerli mədəniyyətlərə qarşı etinasız yanaşırdılar. Yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyəti dünya miqyasında universal standart kimi təqdim olunurdu. Belə olmasaydı Amerika qitəsində qədim Mayya mədəniyyəti, Afrikada Misir mədəniyyəti, Şərqi Asiyada Hind, Malay, Çin kimi ilkin sivilizasiya mədəniyyətləri yalnız istismara məruz qalmazdı. Maraqlıdır ki, bu gün işçi qüvvəsi kimi Avropaya gələn miqrantların Qərb dəyərlərini qəbul etmədiyi üçün multikulturalizmin məğlubiyyətə uğradığını iddia edənlər bir neçə əsr əvvəl okeanın o tayında nə yerli xalqların, nə də zorla Afrikadan gətirdikləri qulların mədəni müxtəlifliklərini nəinki qəbul etmir, hətta məhv edirdilər. Nədənsə o zaman belə münasibət multikulturalizmin böhranına səbəb kimi qiymətləndirilmirdi.

İkincisi şərti olaraq "Amerikan modeli" adlandıracağımız multikultural yanaşmanı fərqləndirmək olar. Avropa xalqları "Köhnə qitə"dən kənarda yeni dünya ölkələrində Amerikada, Avstraliyada, Yeni Zelandiyada yerli mədəniyyətləri qəbul etməməklə bərabər, öz aralarında mədəni cəhətdən daha da yaxınlaşdılar. Yəni Avropada bir-birindən fərqlənən protestant, katolik, pravoslav dini daşıyıcılar, eləcə də anqlo-saks, german, latın dil qrupu təmsilçiləri Amerikadaya Avstraliyada vahid mədəni dəyərlərin yaradılmasına doğru istiqamətləndirildi. ABŞ-da bu nəzəriyyəni "əridici qazan" (melting pot) adlandırırlar. Bu zaman multikulturalizm konsepsiyası bütün millətlərin bir xalq kimi birləşdiyi "əritmə qazanı" konsepsiyası ilə qarşılaşdırılır.

Belə olan halda Qərbsayağı multikulturalizmdə milli dəyərlər öz əvvəlki əhəmiyyətini itirmiş olduyeni vahid universal bir Qərb dəyərinin yaranmasına keçid başlandı. "Amerikan modeli" dəqiq millət anlayışı olmayan, vahid vətəndaş identikliyi əsasında dövlətin yaranmasına təkan verdi. Misal üçün, ABŞ-da Amerikan identikliyi - anqlo-saks ideologiyası üzərində qurulsa da, hər hansı bir millətin milli dəyərlərini əks etdirmir. Bu model daha çox yeni yaradılmış dəyərlərin əks olunduğu mozaik birləşmədir. Lakin bu mozaik birləşmədə yerli xalqların mədəni dəyərləri əks olunmur. Aborigen xalqlar hələ də cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırlar. Misal üçün, hazırda Avstraliyanın yerli əhalisinin əksəriyyəti rezervasiya adlanan əlahiddə yaşayış məntəqələrində məskunlaşdırılmışdır. Onlar demək olar ki, yüksək mədəniyyətə yaxın buraxılmırlar. Eyni proses digər yeni dünya ölkələrində də izlənilir.

Qərbsayağı multikulturalizmin formalaşmasında II mərhələ bir ölkədə fərqli millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət anlayışı olmayan dövlət modelinin yaranması ilə nəticələndi. Bu gün "Köhnə qitə" və ondan kənardakı Qərbsayağı multikulturalizm arasında yaranmış fərqlərin də səbəblərini burada axtarmaq lazımdır. Avropanın multikulturalizmin iflası və ya böhranı haqqında danışdığı bir halda okeanların o tərəfindəki Qərb modellərində (ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyas.) çoxmədəniyyətliyə dövlətlərin inkişafına təkanverici qüvvə kimi baxılır. Bu fərqin yaranmasında ilk növbədə tarixi ənənə faktoruna diqqət yetirmək lazımdır. Yəni uzun əsrlər bir-biri ilə rəqabət aparan Avropa dövlətlərinin vahid Qərb mədəniyyətini milli dəyərlərdən üstün tutması daha çox vaxt aldı. Yeni torpaqlarda isə belə bir tarixi qarşıdurma olmadığı üçün "əridici qazan" daha tezeffektiv işləməyi bacardı. "Amerikan modeli"nin uğurundan danışdıqda başqa bir incə məqama da fikir vermək lazımdır. Multikulturalizmin uğurlu modelindən danışdığımız regionlara nəzər saldıqda bu məkanda yerli mədəniyyət daşıyıcılarının tam sıxışdırıldığını, məhv edildiyini, qalanlarının isə rezervasiyalarda saxlanıldığının şahidi oluruq.

Konkret olaraq ABŞ-da isə yerli xalqlarla bərabər Afrikadan köçürülən əhali də uzun müddət bu multikultural mühitə daxil edilməmişdir. Hətta 1965-ci ilədək ABŞ-da bəzi ştatlarda qaradərililərin səsvermə hüququ da yox idi. Maraqlı bir mənzərənin şahidi oluruq. Avropalıların zorla Afrikadan gətirdikləri əhali quldarlığın ləğvindən sonra hələ uzun müddət irqi ayrı-seçkiliyə məruz qalmışdır. Avropalılar qul ticarəti vasitəsilə öz iqtisadiyyatlarını gücləndirdilər, amma eyni zamanda milyonlarla insanı öz vətənlərindən, həyat tərzlərindən ayıraraq zorla Amerikaya gətirdikləri azmış kimi, həm də Afrika xalqlarının mədəniyyətlərinə, ənənələrinə, sosial həyatlarına tolerant yanaşmadılar. Ona görə multikulturalizmin "Amerikan modeli"nin uğurundan danışdıqda bunun hansı məhrumiyyətlər hesabına əldə edildiyini nəzərə almaq lazımdır. Bu uğura gedən yol yerli xalqların kütləvi şəkildə qırğını, irqi ayrı-seçkilik kimi çətin sınaqlardan keçmişdir. Tarixin mühakiməsinə buraxsaq isə, bəlkə heç keçə də bilməmişdir.

Avropalıların ələ keçirdikləri ərazilərdə yerli əhalinin çoxluq təşkil etdiyi ölkələrdə isə multikultural dəyərlərin dialoqu ilə deyil, toqquşması ilə rastlaşırıq. Cənubi Afrika Respublikasını buna misal göstərmək olar. Sayca üstünlük təşkil etməyən qərblilər bu ölkəyə Qərb dəyərlərini zorla sırıya bilmədilər. Təsadüfi deyil ki, XX əsr boyunca bu ölkə dünyada irqi ayrı-seçkiliyin təcəssüm olunduğu ölkə kimi yaddaşlarda qalmışdır. Beləliklə, "Köhnə qitə"dən kənar ölkələrdə Qərbə məxsus multikulturalizm modeli bu gün nə qədər uğurlu hesab edilsə belə, aborigen xalqlara münasibətdə bu ideologiya özünü doğrulda bilməmişdir.

 

 

 

Multikulturalizmin "Avropa modeli"

 

 

Qərbin multikulturalizm ideologiyasının formalaşmasında III mərhələ kimi XX əsrdə Avropa ölkələrinin həyata keçirdiyi miqrasiya siyasətini fərqləndirmək olar. Məlum olduğu kimi, İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrinin sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə ölkələrindən miqrasiyanı təşviq etməsi ilə nəticələndi. Bu zaman hər bir Avropa dövləti öz keçmiş imperiya təbəələrinə üstünlük verirdi. Tarixi bağlılıq, dil, mədəni faktorlar miqrasiya axınları üçün həlledici amil sayılırdı. Misal üçün, Britaniyada HindistanPakistandan, Fransada fransızdilli Afrika ölkələrindən, Hollandiyada Karib hövzəsi müstəmləkələrdən miqrantlar çoxluq təşkil edirdi. Əslində keçmiş imperiyalar bu miqrasiyanı təşviq edirdilər və bunun üçün müxtəlif təşkilatlar da yaratmışdılar. Britaniyanın başçılığı ilə Millətlər Birliyi (54 ölkə), Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı (56 ölkə), İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi (9 ölkə) keçmiş müstəmləkə əhalisinə siyasi-iqtisadi maraqlar müqabilində miqrasiya üçün əlverişli şərait yaradırdı.

Bu mərhələdə multikulturalizm müstəmləkələrdən gələn yeni sakinlərin Qərbin vahid dəyərlər sisteminə daxil olması və miqrantların assimilyasiyasına yönəlmiş ideologiyaya xidmət edirdi. Lakin hadisələr göstərdi ki, Qərbin müstəmləkə siyasəti həmin dövrdən əks effekt verməyə başladı. Vaxtilə avropalıların qanlı-qadalı işğalçılıq siyasətindən fərqli olaraq miqrantlar Avropada səssiz-səmirsiz məskunlaşmaqla bu məkanı "işğal" etməkdədirlər. Fərqli mədəniyyət daşıyıcılarını universal modelə tam uyğunlaşdırmaq mümkün olmadı və bu prosesi təbii də qarşılamaq lazımdır.

Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr də bu mərhələdən etibarən səslənməyə başladı. Amerikan modelindən fərqli olaraq "Köhnə qitə"də mozaik cəmiyyət yaratmaq mümkün olmadı. Burada əsas səbəb olaraq dominant etnosun yalnız öz mədəni və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsək tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Lakin hətta ikinciüçüncü nəsil miqrantların uyğunlaşma problemləri və dini ənənələri saxlaması multikultural siyasətdə nəyinsə çatışmadığını göstərdi.

Avropanın əksər ölkələrində hadisələrin belə axarına hazır deyildilər və buna görə də miqrantlara münasibətdə aqressivlik müşahidə olunur. Əslində "Köhnə qitə" indiyədək heç vaxt bu qədər yeni sakinlə qarşılaşmamışdı. XX əsrin əvvəllərində miqrantların ilk dalğası daha çox siyasi mühacirlər idi. Həm kəmiyyət, həm də təfəkkür tərzi baxımından hazırkı işçi emiqrantlardan tamamilə fərqlənən siyasi mühacirlər Qərb mədəni dəyərlər sisteminə daxil olmaqda heç bir problemlə qarşılaşmadı. Hətta bu təbəqənin əksər hallarda II nəsildən sonra milli identiklik xüsusiyyətlərini itirdiyi və Qərb cəmiyyətinə tam inteqrasiya edildiyi müşahidə olunur. Paralel olaraq gedən assimilyasiya da öz yerində. Ona görə də II Dünya müharibəsindən sonra kütləvi xarakter daşıyan işçi miqrantlara ilk vaxtlar həmin münasibət bəslənilirdi.

Almaniyanın kansleri Angela Merkel etiraf edir ki, "1960-cı illərdə biz xarici işçi qüvvəsini Almaniyaya dəvət edəndə elə bilirdik ki, onlar qayıdıb gedəcəklər. Lakin bu baş vermədi və bizim multikulturalizm siyasətimiz isə iflasa uğradı".

Fransanın keçmiş Prezidenti Nikola Sarkozimultikulturalizmin məğlubiyyətə uğramasında aparılan yanlış siyasəti deyil, fərqli mədəniyyət daşıyıcılarını, xüsusən də İslam həyat tərzini ittiham edir. O bildirirdi ki, "əgər insan Fransaya gəlirsə o, fransız xalqının bir hissəsi olmalıdır, əgər bunu istəmirsə burada ona yer yoxdur. Fransızlar öz dəyərlərinə yenidən baxmaq fikrində deyillər, insanların küçələrdə ibadət etməsini, qızların məktəbə getməsinin qadağan edilməsini, qadın və kişilərin bərabərliyinə dair dəyərləri itirmək istəmirlər". Mühafizəkar bəyanatdır və kimlərinsə fransız dəyərlərinə zorla müdaxiləsi həqiqətən də yolverilməzdir. Lakin görəsən yəhudilərin Fransada yalnız XIX əsrin sonlarında vətəndaşlıq hüququ qazandığını nəzərə alsaq, mənşə etibari ilə yəhudi olan cənab Sarkozi bu bəyanatı 100 il əvvəl də verərdimi?

Beləliklə qeyd etməliyik ki, hazırda həyəcan təbili vurulan multikulturalizmin böhranı Qərb ölkələrinin yanlış siyasətinin nəticəsidir. İqtisadi vəziyyətdən asılı olaraq xaricdən işçi qüvvəsinin dəvət edilməsi və sonradan həmin miqrantlara qarşı göstərilən ayrı-seçkilik multikultural dəyərlərlə bir araya sığmır. Bu işçi qüvvəsinin öz milli-mənəvi dəyərlərindən imtina etməsi multikulturalizmin qələbəsi hesab edilirsə, hansı tolerant yanaşmadan söhbət gedə bilər?

 

 (Ardı var)

 

 Ərəstü HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

 Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun

müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan.-2012.- 4 dekabr.- S.6.