Yasif Mirzə oğlu Nəsirovun dissertasiya işi görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin bədii nəsrinin, daha doğrusu, "Danabaş kəndinin əhvalatları" əsərlər silsiləsinin təhlilinə həsr edilmişdir. Məlum olduğu kimi, C.Məmmədquluzadə bu əsərlərdə Azərbaycan kəndinin və kəndlilərinin, həm də müəyyən mənada bütün müsəlman Şərqinin vəziyyətini təsvir edib.

Müəllifin parlaq, zəngin boyalarla və ürək arğrısı ilə yaratdığı bu əsərlər ədəbiyyat tariximizdə geniş şöhrət tapmışdır. Onlar bizim tənqidçi, ədəbiyyatşünas və ədəbiyyat həvəskarlarının diqqətini cəlb etmişdir.

Dissertant həmin əsərlərin ideya məzmununu, eləcə də böyük ədibin bədii sənətkarlıq xüsusiyyətlərini hərtərəfli öyrənmişdir.

Məsələyə dair tarixi mənbələrə istinadla müəllif ayrı-ayrı alim və tənqidçilərin mülahizələrinə yaradıcı yanaşır, mövzunun tədqiqi tarixi barədə şəxsi fikrini söyləyir.

Səmərəli zəhmətin nəticəsi olan dissertasiya işi C. Məmmədquluzadə yaradıcılığının tədqiqi və öyrənilməsi sahəsində gənc alimin müvəffəqiyyətidir.

 

Mir Cəlal Paşayev

 

Elmi rəhbər, Azərbaycan Dövlət Universitetinin

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri,

əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor

 

Yasifi tələbə olduğu illərdən tanıyıram. Beş il Dövlət Universitetində ona dərs demişəm. Ən sevimli, seçilən tələbələrimdən idi. Hələ tələbə olarkən çap etdirdiyi hekayə və məqalələrini, kitabçalarını oxuyarkən onun gələcəkdə gözəl bir yazıçı və alim olacağına ürəkdən inanırdım. İllər keçdi. Qənaətim doğru çıxdı, minlərlə oxucunun sevimlisi oldu.

Onun cavan yaşlarında işlədiyim kafedrada böyük ədibimiz Cəlil Məmmədquluzadədən etdiyi namizədlik dissertasiyası hamımızın xoşuna gəlmişdi.

Yasifin başqa bir keyfiyyətini də qeyd etmək istəyirəm. O, uzun zaman DTK-da rəhbər işdə çalışıb. Həmin illərdə çoxlu ziyalılarımızı ölümdən, şərdən, böhtandan xitam etmişdir. Yüzlərlə insanlarımızın üzərinə işıq salmışdır. Onlardan biri də mənəm. Əgər Yasif olmasaydı, mən bugünkü Bəxtiyar olmazdım. Mən bu günüm üçün ona minnətdaram.

 

Bəxtiyar VAHABZADƏ

xalq şairi, akademik

 

Ədəbiyyat qəzeti.- 2013.- 13 dekabr.- S.7.