"Nə arayırsansa - sənsən…"

 

Qəzənfər Paşayev: "Elçin haqqında düşüncələrim". "Təhsil" – 2013

 

Türk dünyasının nadir simalarından biri olan Yunus İmrənin "Bizi bilməyən nə bilər, bilənlərə salam olsun" bəyanı, düşüncəsiylə baş-başa oxunur professor Qəzənfər Paşayevin bu günlərdə "Təhsil" nəşriyyatında nəfis şəkildə işıq üzü görən "Elçin haqqında düşüncələrim" kitabı. Yeni nəşrlə tanışlıq eyni zamanda A.S.Puşkinin bir məşhur deyimini bütün incəliklərinə qədər isbatlayır ki, böyük bir insanın ömür yolunu, fəaliyyətini müşahidə edib öyrənməyin özü maraqlı bir elmdir. Bu mənada Qəzənfər müəllimin "Elçin haqqında düşüncələrim"i həqiqətən öz işinə böyük əmək sərf etmiş görkəmli bir şəxsiyyətin çoxşaxəli fəaliyyətinə dərin qədirbilənlik, vəfadarlıq ucalığından işıq salır. Adama təskinlik gətirir ki, yaşamağa və yaratmağa dəyərmiş.

Kitabın redaktoru və ön sözün müəllifi Yaşarın qeyd etdikləri təkzibolunmaz həqiqətdir ki, yazıçılıq oxuculuqdan, bir qədər də konkretləşdirsək, oxunan ilk cümlədən başlanır: "Yəni sən artıq anlayırsan ki, çay kimi axıb gedən bu həyatı, bu zamanı tutub saxlamaq da olarmış…"

Doğru qənaətdi və Elçin yaradıcılığı bütün qapsamı, varlığı ilə bu həqiqəti isbatlayan möhtəşəm abidə kimi göz önünə gəlir. Kitabda bu möhtəşəm abidəyə olan dərin maraq, ehtiram hissi bütöv, boyaboy görünür. Müəllif müşahidə etdiyi sənətkarın portret cizgilərini sevərəkdən, uğurlarını sevinə-sevinə təqdim edir və bu münasibətlə əslində öz böyük obrazını da ortaya qoyur, bir başqasının uğurlarına sevinən kəsin özünün də uğurlu şəxsiyyət olması haqqında deyilənləri yüzdə-yüz isbatlayır.

Qələm dostum Yaşarla tam razıyam: "Mənim təsəvvürümdə hansısa qəzet və jurnallarda dərc olunan yazılar haradasa kirayənişin ömrü yaşayır…" Eyni zamanda onun da fərqindəyəm ki, professor Qəzənfər Paşayevin bu kitaba daxil edilən məqalələrinin, eləcə də Elçinin əsərlərinin böyük bir qismi ilk olaraq mənim özümün də çalışdığım "Ədəbiyyat qəzeti"ndə dərc olunub. Ancaq ədalət naminə desək, o yazılanların hər biri "Ədəbiyyat qəzeti" üçün kirayənişindən daha çox yolu gözlənilən dost-doğma ev sahibi olub; sahib olduqları ruhi-mənəvi, tarixi dəyərləri və doğmalıqları ilə bir arada.

Hər dəfə xalq yazıçısı Elçinin kitablarını dərin bir aludəçiliklə götürüb yenidən oxuduqca dünya şöhrətli yazıçı Ernest Heminqueyin dəqiq müşahidələrinin fərqinə yenidən varıram: "Əksər yazıçıların ömürlərinin sonuna yaxın yazdıqları, çox vaxt sadəcə ilk əsərlərindəki səhnə, xarakter və hadisələrin yeni variasiyalarıdır; fərq ondadır ki, orada sənətkarlıq, qüvvə və enerji əvvəlkinə nisbətən daha azdı". Və o fikir də mənimlədi ki, Elçin yaradıcılığı bütün qapsamıyla Heminqueyin bu fikriylə daban-dabana ziddiyyət təşkil edir. Bu mənada, ön sözdəki "Elçin müəllim son vaxtlar, bəlkə də, həmişə olduğundan da məhsuldar yaradıcılıqla məşğuldur. Onun ssenariləri əsasında çəkilən filmlər artıq dünya ekranlarına çıxır, pyesləri dünyanın ən nüfuzlu teatrlarında oynanılır" fikirlərinə onu da əlavə etmək istərdik ki, Elçin müəllim bu uğurlara eyni zamanda da yeni, bənzərsiz, qeyri-adi, getdikcə daha dərinliyə işləyən, bitib-tükənməyən sənətkar enerjisi, heyrətamiz dühası ilə nail olur. Elə professor Qəzənfər Paşayev də "Elçin haqqında düşüncələrim" kitabında bütün bunlardan söz açır. Onun yazdıqlarından görkəmli bir alimin ədəbiyyat tariximizdə kifayət qədər görünən yeri olan bir sənətkarın yaradıcılığına və şəxsiyyətinə heyranlığı mükəmməl şəkildə ifadə olunur. Bu münasibət çağdaş dünyamız üçün böyük bir örnəkdi. Yarım əsrdən artıq zaman kəsiyində yaradıcılıq və şəxsiyyət özəlliklərini xüsusi maraqla izlədiyi bir yazıçı barəsində Qəzənfər müəllim - bu görkəmli elm adamı ədasız, tam səmimiyyətilə, belə deyək ki, adi oxucu heyranlığı ilə söhbət açır. Eyni zamanda professorun diqqətə çatdırdığı təqdiredici arqument və mülahizələr təkzibedilməzdi, dərin məntiqə, uzunmüddətli müşahidələrin qəti qərarına söykənir. Bu kitabda Elçin yaradıcılığının humanist, lirik xisləti ilə Qəzənfər Paşayev səmimiyyətinin tam çevrəsi bir araya gəlib. Ən böyük obrazların, düşüncələrin həyatdan ədəbiyyata gəlməsini söyləyənlər heç şübhəsiz, yanılmırlar. Ancaq bir oxucu kimi həmişə o fikirdə olmuşam ki, mənim üçün çox əziz olan bir bir neçə nəsnələr tam fərqli olaraq bir çox görkəmli əsərlərdən, o cümlədən də Elçinin yazdıqlarından həyata vəsiqə alıb. Bu nəsnələr yazıçı dünyasının həyata bəxş etdiyi unudulmaz dəyərlərdi və təqdim edilən obrazların xarakterində ifadə olunurlar.

Professor Qəzənfər Paşayev Elçin yaradıcılığının həyatı yeniləşdirən, həyata töhfə verən tərəflərini qabardır və haqlı olaraq bunu bir örnək hesab edir.

Nobel mükafatı laureatı Nəcib Məhviz söhbətlərinin birində deyir ki, yaşa dolduqca adamları təhlil etməyə başalyıram. Onların taleyindəki yalnız gözə görünən və əlamətdar şeylər yadda qalır. Adamları siniflərə bölürsən, bu və ya digər cəhətlərə ayırırsan. İstəyirsən ki, onlar hər hansı bir uydurulmuş düşüncə sisteminə, fəlsəfi konsepsiyaya tabe olsunlar. Bu, sadələşmiş yanaşmadır, bu halda sən insan şəxsiyyətinin bütövlüyündən qaçırsan…

Professor Qəzənfər Paşayevin yaşa dolduqca adamları təhlil etməyə xüsusi maraq göstərməsi isə tam fərqli bir münasibətə hesablanıb; O, diqqəti daha çox insan şəxsiyyətinin bütövlüyü üzərinə çəkir. "Elçin haqqında düşüncələrim" bunun əyani sübutudu. Oxuduqca böyük mütəfəkkir Cəlaləddin Ruminin unudulmaz "Nə arayırsansa - sənsən, sən…" deyimi yada düşür.

 

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 3 may.- S.4.