Luici Kapuana

(1839 - 1915)

 

Luici Kapuana Siciliyanın Mineo şəhərində anadan olmuşdur. Covanni Verqa (1840 - 1922) ilə birlikdə verizm ədəbi cərəyanının başçılarından biri sayılır. Gənc yaşlarından Siciliya dialektində şeirlər yazmağa başlamış, həyatının sonuna qədər poeziyafolklorla maraqlanmışdır. Katania universitetinin hüquq fakültəsinə daxil olan gələcək yazıçı təhsilini yarımçıq qoyaraq, dünya ədəbiyyatı, fəlsəfə və tarixlə maraqlanmağa başlayır. Siyasi baxışlarına görə əqidəli demokrat olan L.Kapuana İtaliyanın birləşməsi uğrunda gedən milli azadlıq hərəkatının fəal iştirakçısı, Cuzeppe Garibaldinin (1807-1882) mənəvi silahdaşı idi. 1864-cü ildə Firentseyə köçən gənc yazıçı siyasi və ədəbi salonlarda o dövrün aparıcı jurnalistləri, yazıçı və şairləri ilə tanış olur. Firentsenin liberal-antiklerikal mühiti onu həmin illərdə genis vüsət tapmış pozitivizm fəlsəfəsi ilə yaxınlaşdırır.Yazıçıda belə bir əqidə formalaşır ki, milli azadlıq və sosial tərəqqi ideyası siyasi mübarizə yolu ilə deyil, elmin və mədəniyyətin inkişafı nəticəsində mümkündür. Sonralar onun bu qənaəti C.Verqa ilə birlikdə əsasını qoyduqları verizm ədəbi cərəyanının yaranmasına gətirib çıxarır . Həmin dövrdə L.Kapuananın Qadın profilləri (1877), daha sonra isə italyan ədəbiyyatında ilk verist roman sayılan Caçinta(1879) əsəri işıq üzü görür. Yazıçının Kəndli qadınlar(1894), Yeni kəndli qadınları (1898), Sevgi oyananda (1911) kimi əsərlərində yarımfeodal Siciliya kəndlərindəki səfalət və zorakılıqdan,Düşünüb eləmədən (1910) və Yaradıcılıq nəşəsi (1911) novella toplularında yaradıcı və psixoloji proseslərdən, şah əsəri sayılan Markiz Rokkaverdina (1901) romanında isə XIX əsr Siciliya cəmiyyətinin ictimai - mənəvi dayaqlarından bəhs olunur. O, verizmin nəzəri əsaslarına həsr olunmuş Müasir ədəbi oçerklər (1882) və Sənət naminə (1885) əsərlərinin müəllifidir.

Oxuculara ilk dəfə təqdim olunan L. Kapuananın kiçik janrda qələmə aldığı əsərləri sırasında yaradıcılıq prosesinə həsr olunmuş hekayə və novellaları xüsusi yer tutur. Əsasən təsviri incəsənətdən bəhs edən (verizm cərəyanına aidiyyatı olmayan) bu əsərlərdə onu bir tənqidçi kimi maraqlandıran problemlər nəzərdən keçirilir. Təqdim etdiyimiz Adsız ağrı novellasında L.Kapuananın ən çox sevdiyi yaradıcılıq qayələrindən biri öz əksini tapmışdır. Yazıçının fikrincə, müəllif əsərdəki mücərrəd ideyanın yox, onun formasının yaradıcısı olduğundan, tənqidçinin peşəkar borcu ona əsərinin ideyasını açıqlamaqdır (hekayədə tənqidçinin heykəltəraşa əsərinin ideyasını açıqladığı kimi)...

L.Kapuananın və onun məsləkdaşı C.Verqanın verizmin nəzəri prinsiplərini əks etdirən ədəbi - tənqidi yaradıcılığı XIX əsrin sonu İtaliya ədəbiyyatında yeni istiqamətin inkişafına təkan vermiş, verist novella və romanlarını Avropa ədəbiyyatının dəyərli əsərləri sırasına yüksəltmişdir.

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.6.