“Anamın kitabı”

  

Ədəbi mükafat

     

Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə “Anamın kitabı” ədəbi mükafatı təsis olunub.

Ədəbi mükafat öz laureatlarına ildə bir dəfə, müsabiqə vasitəsi ilə təqdim olunacaq. “Anamın kitabı” ədəbi mükafatı hədəf nəşrlərinin və “Kitabevim.azkitab mağazaları şəbəkəsinin birgə layihəsidir.

Layihənin ideya müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin münsiflər heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər heyətinin digər üzvlərinin adı isə mükafatlandırma zamanı açıqlanacaq.

Ədəbiyyatın bütün janrları və ədəbiyyat sahəsində elmi əsərlər üçün nəzərdə tutulan mükafatın Təşkilat Komitəsi bu il sadəcə, pyesləri qəbul edəcək.

Birinci il üçün məhz pyeslərin müsabiqəyə buraxılması Azərbaycan teatrına, kino - ssenari yaradıcılığının inkişafına yardım etmək məqsədi daşıyır. Digər tərəfdən, bu müsabiqənin təşkilində milli ədəbiyyatla vəhdət təşkil edən ana dili faktoru da nəzərə alınıb. Müsabiqə hər il 21 fevral - Beynəlxalq Ana dili günündən gec olmayaraq elan olunacaq, 1 avqust - Azərbaycan dili və əlifbası günündə yekunlaşacaq. Əsərlərin qəbulu mayın 1-də yekunlaşacaq, amma təqdim olunan pyeslər aprelin 1-dən etibarən kitabevim.az saytında yayımlanacaq. Hazırda ilk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat fondu arta bilər. Bu ilki müsabiqədə I yerin sahibinə min manat və “Anamın kitabı” ədəbi mükafatı, II yer - 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunacaq.

Müsabiqə 3 mərhələdə keçiriləcək. Əsasnaməyə görə, münsiflər heyətinin qiymətləri əsasında hazırlanmış "Uzun siyahı" 1 iyul tarixində elan ediləcək. Elə həmin gündən də, ilk 10 əsər onlayn səsverməyə çıxarılacaq. Onlayn səsvermə iyulun 20-si bitəcək, avqustun 1-dən gec olmayaraq isə qaliblərin adı ictimaiyyətə açıqlanacaq.

İlk 10-luğu qazanmış əsərlər bir kitabda çap edilərək mükafatlandırma günü ictimaiyyətə təqdim ediləcək. Yeni mükafatın elan edilməsi günü birinci yeri tutmuş əsərin ya səhnələşdirilmiş variantı, ya da filmi ictimaiyyətə təqdim ediləcək. Müsabiqədə iştirak etmək istəyənlər, mayın 1-dən gec olmayaraq öz əsərlərini office@kitabevim.az elektron ünvanına göndərə bilərlər.

 

“Anamın kitabı” Təşkilat Komitəsi

Əlavə məlumat almaq

əsasnamə ilə tanış olmaq üçün:

www.kitabevim.az

  

Ədəbiyyat qəzeti.- 2014.- 28 fevral.- S.8.