Kapitalizmdə ədəbiyyat

 

Keçən ilin ən çox pul qazanan yazıçılarının siyasına baxıram. 9 milyondan başlayan illik gəlirlər ədəbiyyatın ölmədiyini deyir. Lap dərinə gedib romanların filmləri sayəsində uğur qazanmalarına diqqət edirəm. Demək olar, bütün uğurlu-gəlirli romanlara film çəkilib. Vəziyyət təxmin etdiyim kimidi - roman klassik formatı ilə get-gedə aktuallığını itirir. Roman əksər ədəbi-bədii janrlar keçmişimizin əsas əyləncə vasitələrindən olub. Məhz əyləncə. İnsanlar bədii kitabı asudə vaxtlarını keçirmək üçün oxuyublar, baxmayaraq ki, romanlar insanların natiqlik qabiliyyətlərini, dünyagörüşlərini artırmağa yardım edib, ilkin məqsəd maraq üzərində formalaşıb. İnsanlar maraqlı hadisə, ilginc olay ümidi ilə kitablara müraciət ediblər. İndi dünyanın əylənmək vasitəsi çoxdur. Keçmişdə adamlar xəbəri carçılar vasitəsilə bir-iki cümlə olaraq alırdılar. Xəbərlər maraqsız detalsız olurdu. Müasir jurnalistika isə xəbərin hüquqi-psixoloji tərəflərini belə incələyərək təqdim edir.

Obrazlı şəkildə ədəbiyyatı ruhun qidası adlandırırlar. Müəyyən insanların, genetik bağlarla, çevrə ilə bağlı belə aclığı olsa da, müasir dövrdə mən belə qidaya ehtiyacı olan az adam görürəm. Mənəvi qida almadan maddi qidasını həzm edə bilməyənlər marjinallaşır, vintaj görüntü yaradırlar. Rusiyada kitab çox oxunur fikrini dəstəkləyən çoxdu. Rusiya səfərimdən yazdığım məqalədə dediyim kimi, gənclər orda da bu tendensiyadan uzaqlaşırlar. Oxuyanlar isə nə oxuyurlar? Sual bundadır. Bürclər haqqında kitab da oxunur, biznes uğurlarından bəhs edən jurnallar da. Biz oxumaq deyəndə bunu nəzərdə tuturuqsa, bu məlumatlar kütlə tərəfindən elektron əsasda da qəbul edilir. Deməli, məsələ ciddi ədəbiyyat sayılan kitabların oxumasından gedir. Və bu gün dünyanın hər tərəfində bu tip kitablar az oxunur. Hər yerdə, hər şəraitdə. Brüsseldə olanda bir Cənubi azərbaycanlı miqrant belçikalı gənclər haqqında belə demişdi: "Buranın adamları telefonlarında, biz isə onların vətənində yaşayırıq". Xarici ölkədə əksəriyyət qulaqcıqda gəzir. Və əvvəlkitək qulaqcıqlarda səslənən təkcə musiqi deyil, insanlar yola sərf etdikləri vaxtdan səmərəli istifadə edib audio kitab dinləyirlər. Lakin diqqət edək: kitab yenə də xüsusi ayrılmış vaxtda oxunmur, zamanı itirməmək üçün istifadə olunur. Üstəlik, bu zaman dinlənilən kitabların əksəriyyəti yenə də qeyri-elmi (fictional) ədəbiyyat deyil. Həqiqəti qəbul edək - bədii əsər bugünkü həyatın mərkəzində dayanmır. Kitabı sürətli həyata uyğunlaşdırmaq üçün isə onu filmləşdirmək, marketinq vasitələrindən yararlanmaq lazım gəlir. Bu prosesdən qorxmağa, "kitab oxumayan gənclik uçurumdadır, mənəviyyatımız böhran yaşayır" kimi təbillər çalmağa tələsməyək. Orta əsrlər Avropasında kitab çapı meydana gələndə filosoflar təşvişə düşmüş, bu prosesi tənqid etmiş, gəncliyin mənəvi məhvə gedəcəyini proqnozlaşdırmışdılar. Xəttatlar vasitəsilə üzü köçürülən kitablar baha və əlçatmaz idi. Kütləvi çap zamanı yazılanların dəyərdən düşməsindən qorxurdular. Bütün yeniliklər, ən mütərəqqilər belə insan orqanizmi  üçün stress yaradır, (bəzən özümüz fərqində olmasaq da) beyin radikal innovasiyaya isterik şəkildə reaksiya verir. Bu səbəbdən insanlar stereotiplərdən belə həvəslə tutub yaşayırlar. Yenilik qorxudur, lakin o, zəruridir. Yalnız mənəvi və fiziki immuniteti güclü olanlar yeniliyi rahat qəbul edib, ondan yararlanırlar. Yenilik yaradanlar isə dahidirlər. Fotoqrafiya çıxanda rəssamlıq üçün təhlükə yarandı. Aparat foto çəkimindən əvvəl rəssamlar adətən, peyzaj, portret -  surətçıxarma ilə məşğul olurdular. Bunun üçün günlər, aylar lazım gəlirdi. Fotoaparat isə şəkli çəkib bir gündən sonra təhvil verirdi. Bu ki faciədir, rəssamlar dəhşətə gəlir, bu prosesin süniliyini pisləyib, onu gözdən salmağa çalışırdılar. Əlbəttə, onlar radikal yenilik qarşısında aciz qaldılar. Texnika gücdür, onun qarşısını almaq mümkün deyil, onunla pararlel şəkildə başqa istiqamətdə inkişaf etmək lazımdır. Beləliklə, rəssamlığın abstrakt janrları meydana çıxdı, şəkillər surətköçürmədən uzaqlaşıb məna təqdim etməyə başladılar. Ədəbiyyatın məhv olacağı təhlükəsi ilk dəfə kinonun yaranması ilə yaransa da, tezliklə sovuşdu. Film ədəbiyyatın verdiyi incəlikləri, psixoloji auranı və uzunmüddətli təsiri əvəz edə bilmədi. O zaman indibaş verib? Ədəbiyyat yenə niyə sönməkdə olan çoxdankı ocağı xatırladır? Ədəbiyyatın rəqibi həyatdır, yeni yaşam tərzidir. Məsələ həyatın dəyişməsindədir. Ədəbiyyat başqa həyatdır. Və əksər insanlar üçün yaşadığımız həyat ədəbiyyatdan maraqlıdır. İnsanlar yazıçıların təqdim etdikləri həyatlarla tanış olmaqdansa, insanların göstərdikləri taleləri izləyirlər. Sosial şəbəkə hesablarında fərqində olmadan yüzlərlə, minlərlə insanın yaşamını serial şəklində izləyir, yazdıqlarını kitab kimi oxuyuruq. Həqiqət payı çox olan elektron "kitablar" varkən niyə əlavə pulzaman xərcləyib başqa hekayə alasan ki? Düzdü, həyat sürəti də azalmalıdı. Kapitalizm insanları tələsdirir, hadisə dalınca hadisə yaşamağa məcbur edir. Açıq rəqabət şəraitində insanlar çox şey qazanmaq üçün sürətlə, dayanmadan yaşayırlar. İqtisadçılar, siyasətçilər yaxın zamanda bu sürəti azaldana oxşayırlar. Xüsusilə Qərb ölkələrində bu sürəti daha çox hiss etmək olur. İnsanlar gözlərini açandan yatana kimi fəaliyyətdədirlər. Kapitalizm insanı əsas mütəxəssis kimi yetişdirməyi hədəfləyib, ona kamil, xeyirxah insan ikinci dərəcədə lazımdır. Ona biznesi idarə etmək üçün hisslərini, emosiyalarını cilovlaya bilən, bəzən riyakarlıqla gülümsəyə bilən adamlar gərəkdir (emosional intellekt). İstisnalar olur, əlbəttə. Bu yaxında İsveç dövləti ofislərdə rəsmi saatını səkkizdən altıya endirdi, yola xərclənən vaxta görə də məvacib hesablamağa başladı. Məqsəd insanların ailələri ilə vaxt keçirmək imkanını artırmaq, istirahət saatını çoxaltmaqdır. Beləliklə, avtomatik olaraq asudə vaxtı çox olan adamın ədəbiyyat oxumaq imkanı da çoxaldı. Minimalizm qalib gəlsə, insanlar aza qane olsa, ədəbiyyat yenə dirçələcək. İnsanlar əlavə pul qazanmaq uğurunda xərclədikləri saatları mənəvi zənginləşməyə sərf edəcəklər. Əks halda ədəbiyyat məhv olacaq. Yazıçı isə istənilən prosesdən asılı olmayaraq, ədəbiyyatın son nəfəsinə qədər maraqlı olmaq uğrunda mübarizəsini davam etdirməlidi. Bu günlərdə yazıçını yalnız başqalarının görmədiyi, sezə bilmədiyi mövzuları cəsarət edib dilə gətirməyi maraqlı edə bilər.

 

Sahilə

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.27.