“Öz əsərini danışdır”

 

Mehmet Ümit Görgülü - "Cibimizdəki cinnət"

 

1970-ci ildə Türkiyədə - İzmir Ödemişdə anadan olub. Orta məktəb və litseyin ardıyca "9 Eylül Üniversiteti"ndə "Psixoloji danışma və rəhbərlik" bölümündə ali, daha sonra eyni üniversitetin "Sahne Sanatları" bölümündə "Teatro yüksək lisans" təhsili alıb. TRT 1 ve TRT İNT kanallarına Dram yazarlığı və çocuq proqramlarına danışmanlıq edib. Əsərləri kitab olaraq və müxtəlif jurnal-qəzetlərdə çap olunub. "Tiyatro qazetesi" yazarlarındandır. Eyni zamanda "Yarın oyuncuları"nın baş yönətmənidir.  "Oyun yazarları ve çevirmenleri derneği" üzvüdür. Yazmış olduğu "Cibimizdəki cinnət" əsəri  2014-cü ildə Tiyatro qazetesi Anadolu ödüllerinde en iyi yazar ödülü aldı.

Peşəkar biliyi və xüsusi müşahidə özəlliyi, toplu cinayətin tək-tək insanlar üzərində təsirini,  psixodram və teatrın xüsusi özəlliyi sayılan "rola girmə"lə birləşdirən yazar  problemi yeni bir teatr diliylə çatdırır. Əsər, xüsusilə yerli teatr oyun yazarlığına gətirdiyi yeniliklərlə diqqət çəkir. "Cibimizdəki cinnət" klassik mövzu və quruluş  qəliblərindən yorulmuş, problemlərin  daha dəyişik yolla səhnələnməsini arzulayan tamaşaçı və teatrlar üçün  fərqli bir əsərdir.  Hədiyyə Şəfaqət

 

- Mehmet bəy, bir də özünüzdən öyrənmək istədim - siz kimsiniz?

-Mehmet Ümit Görgülü... 1970-ci ildə  İzmir Ödemişdə doğuldum. Futbolla maraqlanırdım, lakin psixologiya və teatr təhsili aldım. Bir neçə dəfə teatr qurdum. Onlar tez-tez iflasa uğrayırdılar. Özəl ibtidai məktəb açdım, lakin niyəsə tam iyirmi il sonra düşündüm  ki, pulla təhsil əldə etmək (və ya vermək) mümkünsüzdür və onu bağladım. Şeirlər, ssenarilər, teatr üçün əsərlər yazdım. Musiqini sevirəm. Saz çalıram...  Qədim bir yunan musiqi alətində çalmağı öyrənməyə cəhd edirəm.  Əsərlərimin bir çoxu səhnələndi, şeirlərim kitab olaraq  çap olunmayıb, bəzi pyeslərim çap olunub. Onlar da dost-tanış israrıyla. Mən yazdımmı, işim bitmişdir...  Hə, bir də həyata gəlmək şansım olsaydı, qaraçı kimi doğulmaq istərdim...

-Özəl bir səbəbi varmı?

-Özgürlük... Heç yerə və heç nəyə bağlılıq duymadan yaşamağı dadmaq...  Azad başlamaq...

-Bəs yazmağa necə başladınız?

-Atam dəliydi. Bəli, bəli, bildiyiniz, qaydalara uymayan dəli...  Uzun illər xəstəxanada müalicə olunurdu. Onunla heç dialoq qurammadım, danışmağa ehtiyacım vardı. O zaman gündəlik tutub  atama demək istədiklərimi ora yazmağa başladım...

-Bu  çətindimi sizin üçün?

-Hımmm... Çətin sualın özüdür...  Çəkdiyi ağrılarla öyünən insanları elə də anlamıram. Məncə, yazmaq ağrılı deyildi, amma yazmaq ağrının nəticəsiydi.  Yazmağın mənə yaxşı təsir etdiyini gördüm bəlkə də. Əslində çox zaman yazar nə səbəbdən yazdığını anlamaz...

-Yəni...

-Özüm də özümə çaşqın qalaram. Mənə ən böyük ağrını yazmamaq verir. Bəlkə də bu səbəblə yazıram.  Yazmaq mənim üçün iz buraxmaqdır, amma bir yandan da anlamaqdır, yazarkən insanı və dünyanı daha yaxşı anlayıram.  Əlbəttə, şeir başqa. Şeir Tanrısallıqdır, özümüzü - iç düşüncəmizi  özümüzə bəlli edəndir.  Məncə, Şekspir buna görə yaxşı dramaturq sayılır. Eləcə də Bertol Brext, Höte də...

-Psixoloqsunuz...

-Psixolojik danışman. Mənim uşaqlığımda çoxlu dəlilərim oldu, bu üzdən dəliliyə maraq duydum. Atam da. Dediyim kimi, bir dəliydi.  Yəqin ki, o səbəbdən universitetə hazırlıq zamanı psixoloqluğu seçdim. İndi düşünürəm, heç vəkil, mühəndis, həkim, başqa bir şey  olmağı düşünmədim. Sonradan fərqinə vardığım bir şey vardı,  əslində psixologiyaya maraq duymağımın bir səbəbi də qorxuydu. "Mən də bir gün dəli olarammı?" qorxusu...  Və bu mənim işim oldu.

-Qorxular keçdikdən sonra, indi sizin üçün dəlilik  nədir?

-Bir müddət sonra buna diqqət etdim, bu dünyaya əslində normal sayılmayan adamlar yön verdilər. Məsələn, Atatürk. Onun etdiyi bir ağıl düşüncə işiydimi? Qətiyyən. Normallıq heç də sağlıq ölçüsü deyil...  İzah etməyə çalışacam. İşim qaydalarla bağlıdır, məsələn toplum olaraq normal qəbul olunmayan adamları normal hala qaytarmaq. Amma arada qalıram, adət olunandan kənarda olmaq daha yüksək bir insani dəyərdir. Bir anlamda çərçivələri yıxmaq. Bunu etmədən nə haqda danışacağıq? Baxın, siz də dəliləri sevirsiniz...  Şeirlərinizi oxudum,  bütünlüklə anlamıram, dildəki  fərqlərə səbəbindən, amma anladığım qədəriylə də yetdi ki, sizdəki yaradıcı dəliliyi hiss edim...  Fikrimi çatdıra bilirəmmi? Dəlilik əslində budur-cəsarət, verilənlərə qane olmamaq, özününkünü yaratmaq...

- Amma bir yandan da "Cibimizdəki cinnət" dəlilikdən keçərək gedən yolun bir başındakı şeyə - cinayətə  işarə edir. Ya da cinayətə gedən yolu cızır.

-Əslində hər bir cinayət özünü işarə edəcək ip uclarını əvvəlcədən verir. Dəliliklər, haqlısınız, cinayətin ipucları və əlamətləridir. Bu səbəbdən hər bir dəliliyi doğru "oxumaq" və yorumlamaq gərəkdir. Cinayətə gedən yol dəlilikdən keçə bilir. Amma əksi də burdadır-cənnətə gedən yol da dəlilikdən keçəcək. Sırat körpüsü kimi; keçərsinizsə cənnətə, keçəməzsinizsə, cəhənnəmə düşərsiniz. Cinayət cəhənnəmdirmi? Bəli, cəhənnəmdir. Ona qarışan hər kəsin həyatını cəhənnəmə çevirir...

-"Cibimizdəki cinnət"ədək çoxmu uzun yol gəldiniz?  Yetərincə  təcrübələrə əsaslanan ciddi bir oyun. Sanki müalicə etdiyiniz xəstələri müşahidə etdikcə narahatlığa daha çox qapıldınız və çıxış yolu ümidiylə bu əsəri yazdınız.

-"Cibimizdəki cinnət"in bir hekayəsi var. Təhsil alarkən dərk etdik ki, psixoterapistlər həm də bir sehrbaz, bir şaman kimidirlər, bir Tanrını təqlid var içlərində...

-Şamanlar qədim həmkarlarınızdır deyirsiniz?

-Doğru, amma onlar təcrübəni  altşüurdan gələn işarələrlə birləşdirərək edirdilər bunu.  Müasir dövrdə təcrübəsiz psixoloqlar hər yanı tutdu. Onlar şaman deyillər, iç səsləri də yoxdur. Dərs aldıqları kitablardan və müəllimlərinin təcrübəsindən yararlanıb yetişirlər. Və bu təcrübəsizliyə insan etibar edilir. Mən buna qarşı çıxdım. Bəzi müəllimlərimə qarşı çıxdım. Bəzən insanları sadəcə dostluğa, sevgiyə, ailə ortamına yönəltməyə ehtiyac olur...  Fəqət tezliklə anladım ki, bu psixoloqun, terapistin işinə yaramayacaq...  Çox xəstə, uzun sürən müalicə daha çox gəlir, daha çox qazanc deməkdir...  Bu pul gətirən işdir və psixoloqlar doğru və yaxın yoldan getsələr, iş kasadlayacaq..

-Kapitalizm. Müalicə olunmaq ehtiyacı olduqca dəlilik bir kapitaldır...

-Eynən. Sadə danışıq yoluyla dərdimi başa sala bilməyəcəyimi anladığımda bu oyunu yazdım. Türkiyədə 45 ildir davam edən "Qrup Psixoterapiləri Konqresi" vardır. Beynəlxalq konqresdir. Berqamada Akslepion adlı antik şəhər olmuşdur. Akslepion  tarixdə ilk qrup müalicələrinin aparıldığı, su səsi və musiqi ilə xəstələrin müalicə edildiyi və özəl yuxu otaqlarının olduğu sağlıq mərkəzidir. Bəhs etdiyim konqres də orada  baş tutur.  Dünyaca məhşur psixoterapistlər orada bir araya gələrək dörd gün boyunca təcrübələrini bölüşürlər.  Həmin dörd gün ərzində müxtəlif tədbirlər baş tutur. "Cibimizdəki cinnət"i konqresdə, antik teatrda oynamaq üçün yazmağa başlamışdım. İzn verilməyəcəyini bilirdim, amma bir dəlilik göstərib çıxıb oynayacaqdıq. Təəssüf ki edəmmədim...

-Nədən?

-Çünkü bir anda orda toplanan "tanrılara"  ağıl verməyin bir işı yaramayacağını anladım...

-Bəs niyə sırf cinayəti anladaraq çatdırmaq istəyirdiniz?

-Cinayət deyil, diqqət edin - cibimizdəki cinayət.  Kiçikliyimdən bəri Markezin "Qırmızı bazar ertəsi" romanındakı kimi hadisələrin şahidi oldum, başı bədənindən ayrılmış insanlar gördüm, bir qohumum qızını və anasını qətlə yetirmişdi. Qorxunc şeylərdi, amma mənə cinnətin nə olduğuyla maraqlanmağıma təkan verdi. Böyüdükcə Hitleri tanıdım - onun kütləvi cinayətlərini öyrəndim, Atom bombasını yaradan və tətbiq edən insanların kütləvi cinayətini öyrəndim. Bir insan anasını və bacısını necə olur öldürə bilir? Eynilə, bir toplum  necə olur bütün dünyanı qana bələyir? Bu suallar cibimizdəki cinnət oyununun sualları...

-Bəs cavablar?

-Cavab sevgidə, fərqində olmaqda...  Qarşısına keçməkdə..  Mənim yazmış olduğum əsərdə cavablar varmı, yoxmu, bilmirəm, bəlkə bunu siz oxucu olaraq görə bilərsiniz...

-Oxucu olaraq səbəbləri görə bildim. Oxumaq asandır, oxuduqca düşünürsən, doğrudur, qarşısına keçmək olar. Orda başlamasaydı, burda bitməzdi...  Amma mümkün də deyilmiş ki, gəlib haralara çıxır... Əsərdə də, həyatda da... Sizin həm də zədələriniz vardı, görmüşdünüz. İlişib qalmış səhnələr...  Çətin deyildimi, ya elə o şeylərdən qurtulmaqdı yazmaq?

-Çətin  olmadı. Çünki bu bir mövzu deyil, fəlsəfəydi mənim üçün. Mövcud sistemin cinayəti bir yerdən alıb cibimizə qoyması. Yoxsa özlüyümüzdə biz cinayətdən çox uzağıq.  Lakin ruhi zədəmiz varsa və ya təhdid altındayıqsa...   Bir  şey də danışım uşaqlığımla bağlı. Kənddə böyüdüm. Evimizin divarından həmişə bir tüfəng asılı dururdu. Əkinlərimizə çöl qabanı girərdi bəzən və bu baş verərsə, onları qorxudarıq deyə saxlayardıq tüfəngi. Məsələn, əkinimizə qaban girəndə belə evə qaçıb tüfəngi divardan götürməyimiz, əkinə qayıtmağımız zaman alırdı. Qabanların çoxu hay-küydən qaçıb gedirdi. Bizim də hirsimiz soyumuş olurdu keçən zamanda.  Arxalarıyca boşuna, qorxutmaq üçün, ya da havaya atəş açardıq... İndi tüfənglər divarda asılı qalmır, onları maşınımızın baqajında, belimizdə, ağlımızda  gəzdiririk.  Sistem bizi o hala gətirib ki, özümüzü davamlı təhdid altında hiss edirik. Mən insanın  özündə yaratma eşqi, güvən, yaxşılıq, bağışlama hissinin olduğuna inanaram. Amma ətraf, sistem bunu öz  üsullarıyla məhv edir, inamsızlığa, pisliyə və intiqama çevirir...

-Əsəriniz cinayət səhnələrini göstərməz. Bəli, sonda öldürən adamlar var, özündən çıxıb, silahını çəkir və vurur. Yəni siz buna gedən yolu yazdınız. Üstəlik yuxarıda da dediyiniz kimi, bunu edənlər bir kəndli, cahil deyil, modern yaşamın insanıdır... Demək istədiyiniz...

-Cinayət izləmək istəyən televiziyaya baxa, qəzet oxuya bilər. Oralar doludur bu cür xəbərlərlə...  Təəssüf ki.. Heç bir teatr tamaşasının cinayəti ətrafımızdakı gerçəklər qədər anlata biləcəyinə inanmıram. Bu bir oyun, bu bir sənət, cinayətə gedən yolun hekayəsi. Mən bir kahin kimi, ya da oğlunu onu gözləyən pis dünyaya hazırlamaq istəyən ata kimi, teatrın imkanlarından istifadə edərək fərq edilməsini təmin etmək istədim.  Bütün əsərlərimdə gizli bir öyüd vardır,  məni, nə o gizli öyüdü tapanı çaşdırmayacaq, ancaq istənərsə işə yarayacaq bir öyüd - axtarmaq. Axtarmağın özü belə nəyəsə faydalıdır, axtardığınızı tapmasanız belə...

-Amma tamaşaçı "Cibimizdəki cinnəti" səhnədə tapa bilmədi...

-Tamaşanı bir dostumla İzmir özəl teatrımda səhnələşdirdik. Yanılmıramsa, 2013-cü ildə. Bu tamaşa  üçün bir xəyalım vardı. Sizə qəribə görünəcək, amma  "Cibimizdəki cinnət" üçün belə düşünmüşdüm. İlk oyun üçün tək bir dəvətnamə olacaqdı. Tamaşanı izləməsini istədiyim xüsusi  adama ikinci tamaşa üçün daha iki dəvətnamə verəcəkdim. Onlar gələcəkdisə, hər birinə daha iki dəvətnamə. Hər tamaşadan sonra hər tamaşaçıya əlavə iki dəvətnamə.  Onlara da dəvətnamə veriləcəkdi. Yeganə şərt buydu - tamaşanı bəyəndinizsə, dəvətnamələri başqa adamlara verin.  Əsərin sınağıydı bu. Tamaşaçı gəlməyəcəkdisə, anlayacaqdım ki, alınmayıb...

-Bəs artan xətlə davam etsəydi?

-O zaman gözəl olmazdımı? Amma olmadı.  Tamaşanı  hazırladıq. Tək tamaşaçıyla məşq etdik. Tam o zaman anamın xərçəng olması xəbəri gəldi. Əlim hər şeydən soyudu, atdım getdim. İş dayandı. Bir neçə il sonra anam yaxşılaşdı, amma başqa bir əsər yazırdım.

-Sonralar da qayıdıb oynaya bilərdiniz. Nə mane oldu?

-Əslində heç nə mane olmadı. Mən vaz keçdim. 2015-ci ildə kitab kimi çap olundu.  Dərnəyimizin başkanı Nazif Uslu oxumuşdu, o israr etdi. Kiçik redaktələrlə çap etdirdik.

-Və mükafat aldı.

-Bəli, 2015-ci ildə  Anadolu Teatr mükafatlarından birini aldı...

-Oynanmadan həm də.

-Bəli, kitab çıxdığı zaman mətn olaraq mükafatlandırıldı.

-Buna baxmayaraq, yenə də səhnəyə qoymağı düşünmədiniz. Başqa teatrlarındamı diqqətini çəkmədi?

-Diqqət çəkməmək deyildi. Bəzi teatr qrupları istədi. Lakin tənqidçilərin fikrincə, yüksək oyunçu qabiliyyəti tələb edən bir əsərdir. İndilərdə İzmir Dövlət Teatrına getdi, repertuara salınmaq üçün. Orada nə düşünəcəklər, bilmirəm. Əslində, maraqlanmıram deyəsən. O əsər məndən keçdi. Kimsə xatırlatmasa, ağlıma belə gəlmir. Mən bir tamaşa üçün əsər yazmıram, onu yazarkən onu yazan özümü də oynayıram. Belə bir qəribə münasibətimiz var teatr və yazı sənətiylə. Brext özgələşdirməyi səhnəyə çəkər ha, mən özgələşdirməyi öz iç səhnəmə və dünyama tamaşa, şeir  yazaraq qoyuram. Öz dediklərim özümə belə qəribə, anlaşılmaz gəlir, amma əminəm  ki, məhz siz bunu, mən ifadə edə bilməsəm belə anlayacaqsınız. Belə hiss edirəm ki, öz dünyamda o qədər rahatam ki, sanki  maddi dünyadan tamam qopub getməmək üçün mətnlərimi yazaraq insan içinə qarışıram..

-Tamam, tamaşa oynanmadı, kitab halına gəldi. Zatən mən də əsəri kitabdan oxudum. Yəni bir yerlərə yetişdi. Tamaşaya nə qədər tamaşaçının gələcəyini sınayammadınız. Bəs kitabı əlinizə alanda nə hiss etdiniz?

-Təbii ki, xoşbəxt oldum. Ardıyca tənqidin çox müsbət yanaşması da bəlli olunca rahatladım da. Bir yazı adamı daha nə gözlər?

-Axtardığınız, görmək istədiyiniz biri varmıydı kitabı əlinizə alar-almaz? Məsələn, atanız...

-Bəli, ilk atama getdim...

-Duydumu, anladımı?

-Atam ölmüşdü, onun xatirəsinə təqdim etdim...

-Təəssüf edirəm...

-Bax orda "ohh bee" deyərək rahatladığımı hiss etmişdim. Əslində, mənim yazılarımdan aldığım ləzzət elə yazılma prosesində baş verib bitər. Qalanı maraqlı deyil, sonradan oxuyarkən, ya başqasından dinləyərkən heç nə hiss etmərəm, etsəm belə bir anlıq, keçər. Əsər yazmaq dünyaya daha bir ağac əkmək kimidir.  Ağacın budaqları vardır, meyvəsi vardır, kölgəsi vardır. Kim nəyindən istəyir faydalansın. Bəlkə də quruyanda belə kimsə onu kəsib bir dolab düzəltdirəcək. Bunu bilmək mənə yetir-o mənim ağacımdır, onu mən əkmişəm. Əlbəttə, bir də o ağaca qonub oxuyan quşlar, budaqlarına dırmaşacaq uşaqlar olacaq-bu bir ayrı xoşbəxtlik...

-Bu eşqlə bir də teatr yaratdınız...

-Həyatım boyunca teatr yaradıb, teatr batırdım. İşləyərəm, pul yığaram və teatr açaram. Burayacan asandır. Sonra pul bitər, teatr bağlanar. Türkiyədə özəl teatrı yaşatmaq çətindir. Ən tanınmış teatrlar belə iflasın bir addımlığında olarlar. Əlbəttə, təlabata uyub ucuz işlər görərsənsə bu ayrı, asandır...

-Sənətin hər yerdə istəklisi azdır deyirsiniz yəni...

-İlk teatrımı Üniversitetdə oxuyarkən yaratdım-Teatr klubu.  Sonra bizi düşüncələrimiz səbəbiylə qovdular. Daha sonra qovulmuş dostlarla birgə "Bələdiyyə Gənclik Səhnəsi"ni yaratdıq. Bələdiyyə bizə salon verirdi sadəcə. Universiteti bitirdikdən sonra bir müddət oranı idarə etməyə davam edirdim.

-Bəs indi?

-İndi iki teatrımız var. Biri böyüklər üçün-"Ege Gösteri Sanatları"  teatrı, digəri Türkiyədəki beş kənd teatrından biri -"Köy Teatrosu".  Fərqli, adət edilməmiş yöndən yanaşmışıq. Məsələn, "Köy Teatrosu" üçün əsərləri kəndlilərlə birlikdə, onların uşaqlarını  narahat edən mövzulardan bəhs edərək ortaq yazırıq.  Kənd teatrımız karvanla başqa kəndlərə də gedir, çöldə, çəməndə, bir eyvanda belə tamaşalar göstəririk.

-Aktyorlarınız kimdlərdir?

-Kənd teatrımızda kəndlilər, uşaq və gənclər oynayır.  Aktyorlarımız onları yetişdirdilər, daha təcrübəlilər yeni gələnləri yetişdirir. İstedadlı, bacarıqlı insanlar var, qatılırlar. Böyüklər üçün olan teatrımızın truppası daha peşəkar aktyorlardan təşkil olunub təbii ki.  Etiraf edim ki, davamlı oynaya bilmirik,  pulla bağlı çətinliklər mane olur. Özümüz bilet satmırıq, bunun üçün bələdiyyələr bilet sifariş etdikcə, tamaşaya təlabat olduqca oynayırıq.

-Biz burda, teatrımızda əsərinizi səhnəyə qoymağı düşünürük. Necə xəbərdir? Dediyiniz kimi, axı yazıldıqdan sonrası sizi maraqlandırmır?

-Sevindim əlbəttə. Sürpriz oldu. Azərbaycanı sevərəm, kökümüz eyni, dilimiz eyni, anlaşırıq.  Bu cür qarşılıqlı əlaqələrin yaranması və davam etməsi çox faydalıdır.  Sizdən başqa da bir neçə teatrdan təklif var. Elə dedim, amma əlbəttə əsərin maraq doğurması da çox xoşdur. Oxunur, dəyəndirilir.

-Başqa pyeslər yazdınız. Onların taleyi necə oldu?

-Bəziləri burda, İzmirdə, başqa teatrlarda, biri  AB layihəsində İtaliyada səhnəyə qoyuldu. Hazırda bir filmin çəkilişlərinə hazırlıq gedir, ssenarini yazıb bitirdim, komanda digər işləri tamamlayır.

-Psixoloq kimi davam edirsinizmi?

-Bəli. İdman liseyində psixoloq olaraq  nağıl terapisti kimi davam edirəm.

-Kəndə qayıtmağınız da maraqlıdır. Nədənsə inanılır ki, incəsənət, ədəbiyyat, mədəniyyət iri şəhərlərdə, paytaxtlarda təşəkkül tapır, yaşayır və inkişaf edir...  Siz əksinə getdiniz... Bu sizin doğulub-böyüdüyünüz kənddir?

-Bu mənim böyüdüyüm kənd deyil. İndi İzmirin Kaynaqlar kəndində yaşayıram. "Cibimizdəki cinnət"i yazdığım il buraya köçdüm. İçməli suyu dağdan, şəlalədən gətirirəm, göbələk yığıram, oğlumla uçurtma düzəldib uçururam. Kənd yumurtasını kərə yağında bişirirəm... Bu mənim xoşuma gəlir. Bütün kənd məni, mən bütün kəndi tanıyıram. Huzurluyam. Kəndin heyvanlarıyla, çinarlarıyla və insanlarıyla güvəndə olduğumu hiss edirəm. Bir az kecikəndə qonşum narahat olur, zəng edir, arayır. Məncə, kənd də bizi sevir. Yoxsa uşaqları üçün teatr yaratmağımı dəstəkləməzdilər, elə deyilmi? Şəhərdən 15 kilometr uzaqlaşdım, amma bu məni 15 il əvvəlin dəyərlərinə qaytardı.

-Yəni bir türk kəndində heç nə dəyişmədimi keçən zaman içində?

-Təbii ki, dəyişdi, amma mən yaxşı şeyləri görməkdə israrlıyam. Bu, insanın əlində olan bir şeydir. Dəyişim doğrunu axtarıb tapana kimi yaxşıdır. Əgər bundan sonra da nəsə axtarmağa davam edərsinizsə batarsınız.

-Əsərdə həm də bunumu göstərməyə çalışdınız-yadlaşma və uzaqlaşma, qohum-qonşu münasibətlərinin, dostluqların dağılması, davamlı yaşam çabası insanları yanlızlaşdırdı, təklədi, əzdi. Sevgi, mərhəmət, vəfa, şəfqət yerini yalnızlığa verdi, bu isə gəlinən nöqtədə çıxış yollarını qapatdı...

-Yalnızlıq nəzarətimizdən çıxdısa pusquda duran xəstəlikdir. Yarada bilməyən insan yox etməyə başlar. Yaratmaq, sevgisini göstərmək imkanları əlindən alınmış insan  ya məhv olur, ya məhv edər. Səmimiyyət önəmlidir, qarşımızdakı insanın səmimiyyətindən yanıldıqsa inanmarıq, inanmadıqsa sevmərik. Sevə bilmədikcə yalnızlaşar, yalnızlaşdıqca cinayətə gedərik. Sevgi, içsəllik, gerçəklik yoxsa, dünya sıxıntısına dözüm çətinləşər. Toplumsal və ya şəxsi olaraq. Ayrı-seçkilik  məsələn, insanları siniflərə bölmək, onlardan faydalanmağa görə münasibət bəsləmək, ədalətsizlik qəzəb doğurur. Qəzəb təhlükəlidir, qorxuncdur.  İnsanlığı təhlükəyə aparar.  Bir çox cinayət məhz ədalətin Tanrı və dövlət tərəfindən qorunmayacağına əminlik yarandığından baş verər. İntiqammı? Yox. Buna intiqam deməyək. Hə, yarada bilmək  haqqı əlindən alınan insan yox edər. Əslindəsə o dünyanı şəkilləndirməyə, dəyişdirməyə gəlib, Bir ağac əkərək dünyanı dəyişdirə bilərsiniz, bir ağacı yox edərək də... Məsələn,  Neron Romayı yandıraraq "Mən varam" dedi, həzrəti Nuh gəmi düzəldərək. Qəribə görünə bilər, amma ikisinin də etdiyi işdən eyni həzzi aldığını düşünürəm. Dünyada bir şey dəyişdi.  Yəni, artıq "düşünürəmsə, varam" düşüncəsi bitdi, artıq "yaradıramsa, varam" düşüncəsi keçərlidir...

-Bu günlərdə  Əziz Nesinin "Yaşar nə yaşar, nə yaşamaz" əsərini dilimizə uyğunlaşdırmaqdayam...

-Fövqalədə gözəl əsərdir.

-Yaşarın bu qədər dözə bilməyinə  heyrətləndim... Düzdür, sonda özündən çıxdı, amma kimsəni öldürmədən tutuldu...  Sizcə, həbs edilməsəydi, cinayət baş verəcəkdimi?

-Bu gün yaşasaydı, baş verəcəkdi. O kitabın yazıldığı zamanlarda  günümüzdəki qədər yalnız və qəzəbli deyildik... Ən əsası ümidsiz deyildik... Zamanımız cinayətlər üçün daha yararlı...

-Mehmet bəy, pyesdə toxunmusunuz, Atatürkü yazmaq və oynamaq istəyirsiniz...

-Çox həm də. Onun uşaqlığını və gəncliyini yazmaq istəyirəm. Anlaya bilmek üçün. Əvvəl yazaraq, sonra oynayaraq. Atatürk sıradan bir adam deyil. Anlamaq da mümkün deyil. Bəlkə bir az duymağa çalışa bilərik, bunun üçün də onu oynamaq işə yaradı bəlkə..

-Mehmet bəy, "oynayaraq yaşamaqla" "yaşamaqla oynamaq arasında" fərq nədir?

-Roldan-rola girmək psixodramların bir üsuludur. Özəlliklə monotamaşalarda xəstə problemi olan adamların, şeylərin və duyğuların  rolunda çıxış etdirilərək yaxşılaşmağa çalışılır. Özünü onların yerinə qoymaq anlamağa kömək edir. Bu əlbəttə, aktyorun rola girməyindən fərqlidir, oynayaraq yaşamaq yaşayaraq oynamaq qədər səmimi deyildir.. Evet,  bu əsərin səhnələnməsində aktyorluq çətindir. Amma imkansız da deyil. Tamamilə bilərəkdən bu yolu seçdim.  Tamaşaçıda tamaşamı, müalicəmi duyğusu yaradacağını təxmini bilirəm...

-Mən oxuyarkən düşündüm ki, belə əsərlərin səhnələnməsi bir həkimin bir və ya bir qrup xəstəyə verəcəyi faydadan daha artığını verə bilər...

-İllər öncə belə bir təcrübə yaşandı. Savaşdan sonra zədələriylə baş-başa qalan bir əsgərin dramını hazırladım. "Qapıların dışında". Bir gün tamaşadan sonra yanıma iki adam gəldi.  Özlərini tanıtdılar. Savaşdan qayıdıblar, zədələri üzündən iki ildir xəstəxanalarda müalicə alırlar. Oyunu ikinci dəfə izləmişlər. Mənə bir not yazmışdılar. Hələ saxlayıram o kağız parçasını: "Bu tamaşanı izlədikdən sonra qorxulu yuxulu gecələr bitdi. Təşəkkürlər!"

-Çox gözəl... Duyğulandım...  Belə xatirlərinizin çox olmağını istərsinizmi?

-Bakıda teatr və pedaqoji təhsil alıb qayıtmış bir dostum var, öz kəndində teatr yaratdı və hər il teatr festivalı  təşkil edir. Bir dəfə orada tamaşa oynayırdıq. Mən bütün kəndin evlərini satın almış, hamını kənddən çıxıb getməyə məcbur edən varlı və pis adamı canlandırırdım. Tam o arada tamaşanı izləyən uşaqlardan biri "Görəsən mənim atam da evimizi satdımı?" - deyə soruşduğunu eşitdim. Aktyor üçün inanılmaq gözəldir. "Cibimizdəki cinnət"i yazmaq da bax o uşağın narahatlığı və o iki əsgərin qorxulu yuxularının bitməsi kimi şey. Bir insan belə təsirlənsə və səbəbləri düşünsə, yazar hədəfə çatmışdır demək...

-Özünüzdən "on il sonra necə olacağam" - deyə soruşursunuzmu indi də?

-Artıq soruşmuram. Bu plan gərəkdirir. Plan qurmaq istəmirəm. Məsələn, siz. Hələ plan qurursunuzmu? Oxudum, qurmursunuz. Deməli məni anlayırsınız. Hətta sualınızın cavabını  belə əvvəldən bilirdiniz. Ölümü anladığım andan plan bitib.  Öldürülə bilərik. İndi qatilin kim olduğu çox zaman bilinməz, ölümlər gizli və yavaş gəlir, bəzən bütöv bir sistem ölümü təşkil edir və kimsəni birbaşa günahlandırammarıq...

-Mehmet bəy, bütün bunların bütün çılpaqlığıyla tamaşaçıya göstərilməsi onu bir az da xəyal qırıqlığına uğratmazmı? Hər şey çox ümidsiz, cinayətin qarşısına keçilməsi demək olar mümkünsüz görünür...

-Xəyal qırıqlığımı? Sanmıram. Mən bu əsəri yazdıqdan sonra kəndə köçdüm, öz əsərim məni özümə dönməyə apardı. İndi burda dünyayla bağlı ümidlərim bir az da olsa artdı.  Qosqoca meşənin içində tək başıma dolaşıram və "dünya nə qədər böyük, hər kəsə yer var" - deyirəm... Halbuki şəhərdəykən  dünya yetərsiz görünürdü. Dedim ha, mən təkcə anlatmaq üçün deyil, anlamaq üçün də yazıram. "Cibimizdəki cinnət"i yazdıqdan sonra anladım necə bir dünyada yaşamaq istədiyimi...  Məncə, hər insan dalana dirəndiyində boş xəyallar qurmaqdansa nə istəmədiyini düşünsün.  Beləliklə, istədiyini aramağa və yaratmağa can atarsan... Bəlkə də haqlısınız, əsərdə bir xəyal qırıqlığı var, amma incə bir cizgi də var. Psixologiyanın ən önəmli işlərindən biri fərqində olmağı yaratmaqdır. Fərqinə varmağa yaxınlaşanda  insan sarsılır, xəyal qırıqlığına uğramışdır, sarsıntı təbiidir. Amma görür. Eləcə cinayətin bir addımlığında fərq etmək də mümkündür...  Bu tamaşadan sarsılan adam həm də səbəbləri görəcəkdir...

-Bizi bir anda özümüzdən çıxaracaq bir səbəb həmişə başımızın altında hazır durur yəni...

-Durmurmu? Olmurmu? Daha da artır...  Xəbərləri izləyin...  İnsanlıq bunun fərqində olmalı...  Cinayət zəngləri bütün bəşəriyyət üçün çalınmağa başlayıb...  Eşidə bilənə... Sadəcə insan cinayətləri deyil, təşkil olunmuş, toplu cinayətlər...  Təəssüf ki, bu pyesin yazılma səbəbi məhz bunlar olub və eyni səbəblərdən aktuallığını get-gedə artırır...

-Mehmet bəy, sizi tanımaq, sizinlə söhbətləşmək gözəldi. Ümid edirəm sizin üçün də xoş oldu.

-Hədiyyə xanım, mutlu oldum. Suallarınız da gözəldi.  Cavablayarkən bir daha özümü gördüm, kim olduğumu öyrənmiş oldum...  Təşəkkürlər. Azərbaycan oxucusuyla tanış olmaq qürurvericiydi.

-Mehmet bəy, oyun bitərmi?

-Yenisi həp başlar...

 

Söhbətləşdi: Hədiyyə Şəfaqət

 

23 noyabr 2017

 

Ədəbiyyat qəzeti.- 2017.- 2 dekabr.- S.12-13.