İnsan mənzərələri

 

Pirayə xanıma

 

Ləman -

yaşı bəlli deyil,

bəlkə on üç,

bəlkə iyirmi,

əsmər

və arıqdı.

Burnu qıpqırmızı,

                            üzü dəyirmi

və insanı

            təəccübləndirəcək qədər

yekədir

     yaşıl plaşının altında

                                məmələri...

Vədat -

on səkkiz yaşında,

yoğunpeysər,

boynunda altıoxlu qalustuk,

                        üzündə sızaqlar var,

elə hey danışır:

"Heç bir yerin

            hamamına bənzəməz

                        Bursa hamamları,

hələ "Fərəhəfza" -

bağ-bağat içində bir otel,

müştərilər təmiz,

qiymət

              elə baha deyil,

                           üç-beş papel,

müəyyən qədəri

                         sahibkara çatır...

Keçən il

         bir erməni qızı apardım,

erməni milləti bicdi,

         bizim türklərə bənzəmir.

Özünü tutdu,

cehizini düzəltdi,

gavur adəti... olur...

alana da xoş,

                 gedənə də xoş...

 Qızlardan biri

          Vədatdan soruşdu:

- Sənə nə verəcəyik,

                  haqq olaraq...

- Siz heç nə...

Mən

otel sahibindən

         bir papel alıram...

                   hər dəfə üçün,

              vasitəçi kimi...

İndi

    mövsümdü...

Bəxtiniz gətirsə...

       gündə on beş dəfə...

                         bəlkə daha çox...

Bir hesabla,

           gör, hara vurub çıxır?

Bursanın da gözü

           xas mal görsün qoy...

 İstanbul qızlarının

ən gözəlləri kadıköylülərdir deyə

yazır qəzetlər...

Səhərdən bəri

               ilk dəfə

yerində qurcalandı

                nəqqaş Ömər,

üzünü Rəcəbə tutub:

- Bir siqaret ver, - dedi.

Rəcəb

     sürətlə önündən

                          keçib getdi,

geri dönərkən

                        atdı siqareti...

Nəqqaş Ömərin atası

                              müftü idi.

Evinin içində

     Hindistan cevizindən

         düzəldilmiş təsbehlər,

                     kətan canamazlar,

Quranın

xəttat Osmandanqalma

qızıl haşiyəli əlyazmaları...

Fəqət,

         bir dənə də olsun,

hamam, karvansara sənədi,

dəmiryol səhmi yox idi.

Müftü əfəndi

ağappaq, kök bir adam idi,

Ömərsə sısqa, xəstə bir uşaq -

ərəbcəni öyrənə bilmədi,

farscanı öyrənə bilmədi,

Əhmədiyyə kitabında

           cənnət qapılarına baxıb:

- Bunlar ki, Dolmabağça

          qapılarının eynidir, - dedi

başladı

          dürlü-dürlü

                   naxışlar vurmağa...

Müftü əfəndi

          məşrutiyətdən əvvəl

                                 vəfat etdi.

Arvadları -

             əllərinə nə keçdi -

təsbeh,

      canamaz,

             Quran...

                   götürüb getdilər...

O dağıthadağıtda

           iyirmi yaşındaydı Ömər.

Quranın

xəttat Osmandanqalma

qızıl haşiyəli

             əlyazmalarını satıb,

pullarını

      Parizyana barında

                                   yelə verdi...

Balkan müharibəsinə könüllü getdi.

Əsir düşdü.

Geri dönəndə,

           Kalpakçılarda

                                   nəqqaşlıq etdi.

Əhmədiyyənin

       Firdovs qapılarının

                  üstündəki naxışlar

batist üzərində

            canlanmağa başladı.

Taxta dükan,

          taxta qəlib,

                 taxta çömçə-qaşıq...

   axşamlar

             şərab dolu

                      qırmızı bardaq

  əsirlikdənqalma

         bir az qulampərəstlik -

xoşbəxt yaşayırdı

               Müftü oğlu

                    Ömər əfəndi,

ta ki İtaliyadan

      hazır kağız ülgülər

                    gələnə qədər...

Çünki

      kağız ülgülər

                  bağladı bir-bir

nəqqaş dükanlarının qapılarını,

            bir daha açılmamaq üzrə...

Rəcəb

        yenə sürətlə

                  geri dönərkən

fırlatdı kibriti Ömərə...

 

 

Əli,

     stolun üstündə

             üzüqoylu yatır,

köynəyinin kürəyi cırıq-cırıqdı.

Ləman su başına getdi.

Neclə Vədata dedi ki:

- Qardaşım,

              bu sısqa qızı

                          aparmayaq,

Belində soyuqluq var -

keçən il İzmirdə tutdu,

hər yeri çürüyür,

                piltə-piltə tökülür,

həm də inanma,

           yalan deyir,

                  kadıköylü deyil...

Dənizdə

         balıq qoxusu,

döşəmələrdə

               taxtabitilərlə gəlir

Heydərpaşa vağzalına bahar.

Gözləmə salonunda

                oturacaqlarda deyil,

qapıya yaxın,

beton divarın dibində

                          çöməlmişlər,

nimtələrində mavi düymələr,

sarı qumaş şalvarlarının

                         dizləri yırtıq,

qırmızı saqqallı

      iki bolqarıstanlı mühacir.

qəzəbsiz kədərlə danışır biri:

- Yövmülbetər,

betərdən betər,

sonra yetər

pulun bürüncü,

insanın bici,

hamısımı belədir,

        amma yaxşısı da var...

Bayırda,

perronda

      hərəkət etdi 15:45 qatarı.

Bu qatar

yataqlı vaqonları

                 olmasına rəğmən,

qatarların ən bərbadıdır,

yəni,

      altı quruşluq

                siqaret kimi

                             bir şeydir...

Qalib usta

             dustaqlarla sağollaşıb,

döndü gözləmə salonuna.

Əyləşdi

      nəqqaş Ömərdən

                    bir az aralıda.

Əli

     masanın üstündə

                   üzüqoylu yatır.

Rəcəb

       birdən-birə

             radiatorun

                   önündə dayandı,

fırlatdı düyməni

            istidən soyuğa,

                     soyuqdan istiyə.

Sonra

         bir təpik atdı borulara

bağırdı səsi gəldikcə:

- Kəsməli yer üzündən kökünü

                                    cuhudların,

tez gəl,

        Hitler amca,

                      hardasan?

Rəcəb qaynaqçı idi

  səhərdən bəri

          gözləyirdi ki,

                 Moiz anaşa gətirsin...

Qalib usta

         Hitlerə nə dost idi,

                                düşmən,

Ancaq Rəcəbə acığı tutdu.

Baxdı

      bolqarıstanlı mühacirlərə.

Yenə

       eyni hirssiz kədərlə

danışırdı

     qırmızı saqqallılardan biri:

- Gedər

       İbrahim peyğəmbərə

                          deyər ki, hərif,

qarğalar gördüm -

peyindən qalxıb,

budağa qonub,

əzan verirlər.

Adam gördüm,

çayın başını kəsdirib,

bütün suyunu içir -

qoymur axsın.

Ceyran gördüm,

qaçıb getmir,

düşüb ovçunun arxasınca:

- Vur, vur məni, - deyir.

İbrahim peyğəmbər də

                deyər ki, hərifə:

- O qarğalar ki, gördün,

fırıldaq mollalardır.

O adam ki,

           çayın suyunu

                       tamam içir,

dövlətdir,

çayı öz başına qoymur,

içir, içir, doymur...

O ceyran ki, var,

            günahlarımızdı,

düşür ovçuların

                         arxasınca,

ovçular da

                 puldu, pul...

Əli

   masanın üstündə

                yatır üzüqoylu,

köynəyinin kürəyi

                        cırıq-cırıq,

qumral saçlıbaşı

                   biləklərində...

Birdən

          Rəcəb bağırdı:

- Bura karvansaradı,

                       oteldi, nədi,

qalx dəliqanlı!

Əli qımıldanmadı.

- Ey, səninləyəm!

Əli qımıldanmadı.

Rəcəb

tutub dəliqanlını kürəyindən

                    çevirdi arxası üstə.

Əlinin başı yana düşdü,

Əli çoxdan ölmüşdü...

Qızıltorpaq vağzalına yaxın

bir taxta evin bağçasında

çox böyük

           bir fıstıq ağacı vardı.

Yana əyilmişdi bir az.

Bu

     fıstıq ağacının altında

bir qadın,

     başında sarı yaylıq,

                  paltar sərirdi.

Keçdi nəriltiylə 15:45 qatarı.

Beton villalar

     sıralanıb ta Pendikə qədər.

Hələ

       fidan halındadı ağaclar.

Tənəklər

            təzə-təzə yaşıllanır.

Keçdi nəriltiylə 15:45 qatarı.

Beton villalar.

Paşanın

      qırxotaqlı mülkündən

               bir uçuq köşk qalmış,

ta Pendikə qədər

beton villalardır,

beton villalar...

Belə, ikindi vaxtı

Göztəpə stansiyasında

                     səs-səmir olmur.

    çox zaman

        eyni yerdə təkbaşına

             bir hərəm ağası əyləşir.

Boydan uzun,

candan zəif.

Axıra qalanların

ən yaşlısıdı.

Beton villalar...

Beton villalar...

Keçdi nəriltiylə 15:45 qatarı.

Saymazyana,

məğrur-məğrur

              gəzişirlər şamlıqda

parıltılı qara satindən

             önlük taxmış qızlar.

Dim-dik məmələrilə

           qürurlandıqları bəlli.

Hamısının əlində kitab var.

Keçdi nəriltiylə 15:45 qatarı.

Beton villalar...

Beton villalar...

Süd kimiydi dəniz.

Günəşin rəngi

         avazıyırdı yavaş-yavaş.

Asfalt yolla

           plyaja gedirdilər

                             adamlar -

sarı çiçəklər kimi

      tərpənirdi başlarında

            iri, həsir şlyapaları..

Beton villalar...

Beton villalar...

Keçdi nəriltiylə 15:45 qatarı.

Adalar göründü

                      qarşı tərəfdə,

dənizin dibindən bixəbər

                          gəmilər kimi...

Ta Pendikə kimi,

ta Pendikə kimi

beton villalar,

beton villalar...

Keçdi nəriltiylə 15:45 qatarı.

Qartalın

        sement fabriki

qalın toz və kədər içində

sahildə

        gizli neft anbarları.

Keçdi nəriltiylə 15:45 qatarı.

Pendik.

Qatar dayandı.

Fuad

     qolundakı qandalla

               vurdu Xəlilin dizinə,

göstərdi

      perronda gəzən

              mülkü geyimli

                    polis məmurunu.

Xırda gözləri,

xırda burnu

çox böyük qulaqları vardı.

Bir az qozbeldi.

Paltarı lacivərddi,

                     çəkmələri sarı,

qapqara fetr şlyapası

                          əzik-üzük.

Yaşına görə cəlddi,

əlləri yupyumşaqdı.

Arxa cibində bir şey

     pencəyini qabartmışdı bir az...

Çıxdı Pendikdən 15:45 qatarı.

Maşinist Əlaəddin

mavi kürkünün yaxasını

                  bir düymə də açdı.

Çölə çıxarıb başını,

                         baxdı arxaya:

bir yük vaqonu,

beş minik vaqonu -

lüks, yeməyi, içməyi, yatağı

                                      içində -

bundan əlavə,

              altı dənə də marşandiz

bir-birinin dalınca

                yellənə-yellənə gəlir.

    vaxt belə

         arxaya baxsa Əlaəddin -

xüsusilə döngələrdə -

bir kəndirə

               bağlayıb vaqonları

öz çiynində

            çəkirmiş kimi olurdu

   enişlərdə

       arxadan gələn

           vaqonların ağırlığını

hiss edirdi kürəyində.

Qatarlar

       gələrlər sallana-sallana -

Əskişəhər - Heydərpaşa,

Heydərpaşa - Əskişəhər.

1928-lərdən bəri

yolcular enər-minər,

matorlar dəyişər,

Əlaəddin dəyişməz,

Əlaəddin yerində...

Qatarlar

     gələrlər sallana-sallana...

Çamadanı

        kətan köynəkli

                 bir yolçu kimi -

poçt qatarına yox-

Sirkəcidə sürət qatarına minmək,

yumşaq vaqonda yatmaq

xüsusən gecələr

                  vaqon-restoranlarda

kiçik,

        qırmızı abajurların

                     qarşısında oturub,

araq içmək,

              araq içmək...

 Qatarlar

        gələrlər sallana-sallana...

- Usta...

Əlaəddin

        kömürçü İsmayıla

                         tutdu üzünü:

- Nədi, İsmayıl?

- Bu müharibənin

                   axırı nə olacaq?

- Yaxşı olacaq.

- Yəni, necə?

- Restoranlı vaqonda

                    araq içəcəyik.

- Bizmi?

- Biz.

- Bəs kömürü sobaya kim atacaq,

                             qatarı kim sürəcək?

- Onu da biz.

- Zarafatı burax, usta.

Bu davada kim qalib gələcək?

- Biz.

İsmayıl,

            bir şey kəsməsə də ağlı,

                        üstünü vurmadı,

Sadəcə,

            qapqara,

                        qapqalın qaşlarını

                                                      dartdı bir az

dedi:

- Usta, bir sualım da var,

bu gördüyün relslər

                        bütün dünyanı

                                   dolana bilərmi?

- Dolanar.

- Demək ki,

müharibə olmasa,

amma təkcə müharibə yox,

sərhədlərdə

                        sorğu-sual olmasa,

relslərin üstünə

                        qoyduqmu qatarı,

dünyanın

                  bir başından

                           o biri başına gedərik…

- Dənizə

   rast gəlsək,

                      dayanarıq.

- Onda gəmiyə minərik.

- Təyyarə daha yaxşı olar.

İsmayıl güldü.

Qabaq dişlərindən biri

                                    sınıqdı.

- Mən təyyarəyə minmərəm, usta.

- Niyə?

- Anamın vəsiyyəti var.

- Deyib ki, təyyarəyə minmə?

- Yox,

deyib ki,

            qarışqanı da incitmə.

Əlaəddin

     yavaşdan bir şapalaq vurdu

            İsmayılın çılpaq ənsəsinə.

- Sən nə səfeh adamsan,

minərik

            minərik təyyarəyə,

amma

            adam öldürmək

                                   üçün yox,

göy üzündən

                  zövq almaq üçün.

Hə, indi sən

               dur sobamızın közünü

                                       bir qurdala!

 

Ardı var

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 dekabr.- S.16-17.