Cabir Novruz: “Məni
taparsınız şeirlərimdə”
"Ədəbiyyat qəzeti"nin
"Ömrümün keçdiyi sahildən
uzaqlaşdıqca" layihəsinin budəfəki
qonağı Müşfiq Cabiroğlu atası Xalq şairi
Cabir Novruz ilə bağlı xatirələrini
bölüşür.
- Müşfiq bəy, unudulmaz
Əli Kərim atası ilə bağlı düşüncələrini
belə ümumiləşdirirdi ki, "Sevgisi də soyuq idi -
təzə əkini hər bəladan hifz eləyən
qalın qar kimi…" Hər kəs üçün doğma
imza olan Cabir Novruzun təbiəti üçün də
xarakterik idimi bu hal? Yəni…
- Ortaq bir
məxrəc, eyniyyət təbii ki, olmamış deyil. Ancaq
övlada, anaya, xalqa ehtiram, sevgi, bağlılıq hissi Cabir
Novruz xarakterində bir özgə cür təzahür edirdi;
atam daha çox anaya, millətə, övlada olan sevgisini
imisti, qaynar, eyni zamanda da kövrək, həzin bir səmtdən
sərgiləyərdi. Onun bu saydığım
ünvanlara olan sevgisində heç bir pünhanlıq, pərdəlilik,
necə deyim, alt qat, ehmallıq yox idi. Bu sarıdan nəyi
vardısa üzdəydi… Sevgisini,
sayğısını büküb-bürmələyib
saxlayan deyildi atam. Daha çox hərarətli,
şad-xürrəmlik yaşadan birisi idi atam. Hər şeydən əvvəl saf idi. Lap
Xızı dağlarından süzülüb gələn
ayna bulaqların saf suları kimi, ruh kimi, duyğu kimi. Bütün bu dəyərləri o, öz xarakterində
bir araya gətirmişdi. Əslində
yaranışdan beləydi. Belə
formalaşmışdı. Bu, onun həyat kredosu idi və
deyirdi:
İnsan
gərək bütöv ola,
Hörmətində,
nifrətində bir növ ola...
- Böyük rus şairi Blok
şairləri üç qismə bölürdü:
şairliyi şəxsiyyətindən üstün olanlar;
şəxsiyyəti şairliyindən üstün olanlar və
bir də şəxsiyyəti ilə şairliyi bir-birini
tamamlayanlar… Bilirik ki, Cabir müəllim şairliyi şəxsiyyətini
tamamlayan ədəbi simalardandı. Sizcə, nəyin, nələrin
hesabına uzlaşdıra bilirdi bu dəyərləri?
- Əqidəli, bütöv
olmasıyla… Atam, özünün
yazdığı kimi, dünyanın ən balaca komasında,
kasıb ailəsində və "payızın yerə qəm
yazdığı çağlarda" dünyaya göz
açmışdı. Ancaq tale elə gətirdi
ki, bəxtinə düşən istedadı, xalqına sevgisi,
ən yüksək səviyyədə dövlətdən
gördüyü dəstəyi sayəsində atam külleyi-ərzin
dörd qitəsində ədəbiyyatımızı, mədəniyyətimizi,
milli-mənəvi dəyərlərimizi ləyaqətlə təbliğ
edə bildi, sevdirdi, maraq oyatdı.
Əlbəttə ki, həyatda onun istedadına yol
açan insanlar olub. Onların adlarını çəkməsəm,
atamın müqəddəs ruhu məni qınayar. Təbii
ki, anası Qızılgül, bacısı Balacaxanım,
dayısı Xanbaba, həyat yoldaşı, irəvanlı qara
xallı Səfurə, unudulmaz ziyalılar - Seyfəddin
Dağlı, Mirzə İbrahimov, Nəsir İmanquliyev,
İmran Qasımov… Atama sağlığında
ən böyük, əvəzsiz qiymətlər ulu öndərimiz
Heydər Əliyev tərəfindən verilib. Bu insanların xeyirxahlığı, nəcibliyi sayəsində
Cabir Novruz cəmiyyətdə özünə mövqe
qazanıb, qalxıb, ucalıb.
Onun uşaqlıq illəri müharibə dövrünə
düşüb. Məktəbin birinci sinifinə gedərkən
soyadı Oğuzov olub. Lakin o vaxtın amansız
qanunlarına görə babası Novruz bəyin adına olaraq soyadını dəyişdirərək
Novruzov yazıblar.
- Bədii yaradıcılığa
lap erkən yaşlarından başlamışdı Cabir
müəllim…
- Hə,
lap erkən… İlk şeirlərini isə Seyfəddin
Dağlıya oxumuşdu. Xeyir-duasını
Seyfəddin müəllim vermişdi. Və
bu istiqamətdə bəxti həmişə ona yar olmuşdu.
1952-ci ildə Mirzə İbrahimovun zəmanəti ilə
göndərilmişdi Qorki adına Ədəbiyyat
İnstitutuna. Təhsilini başa vurub qayıdandan az sonra böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin xatirəsinə həsr edilmiş gecədə
oxuduğu şeirləri dinləyən dəyərli
ziyalı, "Bakı" qəzetinin baş redaktoru Nəsir
İmanquliyev atamı işə götürür. O zaman atam
iyirmi beş yaşında olub. Nəsir müəllim ona əsl atalıq
qayğısı göstərib. Yeddi il
sonra yenə də Nəsir müəllimin
qayğıkeşliyi sayəsində atam "Azərbaycan"
jurnalının poeziya şöbəsinə müdir dəvət
edilir. 1967-ci ildə "Ulduz" jurnalına
baş redaktor təyin olunur. 15 oktyabr 1970-ci ildə Azərbaycan
Yazıçılar İttifaqının katibi İmran
Qasımovun təklifi və o zaman respublikamıza
başçılıq edən ulu öndər Heydər
Əliyevin etimadı
ilə Yazıçılar İttifaqının
katibi seçildi.
- Atanızın "Cabir, bu da
azdı sənə" adlı şeirini dönə-dönə
oxumuşam. Elə bil bütün şüurlu həyatı
boyunca taleyindən keçən nə olubsa, hamısına bu
şeirdə münasibət bildirib… Uğurlardan irəli gələn
sevincin yaşantıları, itkilərin doğurduğu təəssüfün
"yanıq izləri" də bol-boldu bu şeirdə…
- Atam həmin
şeirində yazdığı kimi, ömrü boyu nə
biclik, nə yalan, nə pislik, nə haram bildi. Hamını adam bildi. Yamana da
yaxşılıq etdi. Halallıqla əldə
etdiyi bir tikə yavan çörəyi belə Allahın
xoş bəxşişi bildi. Giley-güzarı
təkcə sevimlisi və dünyası olan anasını
gözü görə-görə qocalan görməsindən
oldu, cavanlığının əldən getməsi, qara
saçının ağa çıxmasından oldu. Atam həyatı boyu sarı simə köklənmişdi.
Həzin bir nəğməydi bu ömür.
Yurdu kimi təkləndiyinin acısını
çəkdi. Bu dediklərimin
"yanıq yerləri", göynəyi şeirlərinə
tökülüb qalıb; söz-söz, misra-misra. Öz içində qovrula-qovrula yazdığı sətirlər
indi atamın bizdən pünhan tutduğu əzablarını
ələ verir. Yeni, büsbütün fərqli bir ovqatla oxuyuram və
inanın ki, tüstüm təpəmdən
çıxır; yanıb-tökülürəm ki, fərqinə
varmadığımız nə qədər anlarda atamın nəyə,
nələrə şükür etdiklərindən xəbərsiz
olmuşuq. Yəni, yetərincə şöhrətli bir
şairin ən doğmaları belə çox vaxt bu gizlindən
xəbərsiz olub ki, o, növbəti bircə gecəni evində
yatmağına, ürəyinin bir gün də daha artıq
vurmasına, bir gün də yerindən qalxıb-duranda
qonumu-qonşunu sağ görməsinə necə möhtac
imiş, daha bir gün də dünyanı görməyinin
şükranlığını yaşayırmış. Biz ölümün onu necə təhdid etdiyindən,
həyatla ölüm arasındakı qanlı
savaşından elə də halı olmamışıq.
İndi atamın o misralarını oxuduqca
varlığım gizildəyir. Atamın bu gəlimli-gedimli
dünyayla son savaşının şəklini, surətini
gözlərim qabağına gətirdikcə təəccüb
qalıram ki, bu sonsuz istəkləri, yaşamaq
uğrundakı savaş cənginin, ricasının, istəyinin
təlatümünü atam o sakit, rahat, toxtaq
baxışları ilə necə pərdələyə,
pünhan tuta bilirmiş?! Bəlkə bizi
üzmək istəmirmiş. Bəlkə əzabları
yalqız çəkmək təcrübəsi ona "sus,
ağrını, qorxunu içində çək" diktəsi
edirmiş?!
Xoşbəxtliyini həmin o bir yeni gündə
tapıb. O
yeni gündə ki, bu barədə öz misraları
danışır indi:
Üç
doğma balamın tutdum əlindən,
Bir gün də onların əzizi oldum.
Ömrümün
davamı nəvələrimlə
Bir gün də yaşamaq nəsibim oldu.
Atam bütün bunlar üçün şükür
edir şeirində. Mənsə o günə - atalı
günlərimə şükür edirəm. Atamın əqidə
qardaşı Əli Kərim demiş, "necə xoşbəxtmişəm
bir zaman, Allah!.."
- Cabir müəllim kimi səmimi,
duyğusal insanların evi təbii ki, həm də
dostların ərklə qədəm basdığı
doğma ünvan olub. Belə bir ailədə
böyümüsünüz…
-
Gözümü açıb evimizi həmişə
qonaqlı-qaralı görmüşəm. Atamın
ətrafında çox insanları görmüş və
onları yaxından tanımışam. Ad çəkəsi
olsam, uzun bir siyahı alınar…
- Ailə başçısı kimi
yadınızda necə qalıb Cabir müəllim?
- Ailə
başçısı olaraq həmişə
qayğılarımızla yaşayırdı. Asudə
vaxtlarını ailəsinə ayırırdı. Atam bölgələrdə oxucularla görüşə
dəvət olunanda çox vaxt məni də özüylə
aparırdı. Yayda "Zuğulba"
pansionatına istirahətə gedirdik. Atamın
hesabına dəyərli ziyalılarımızla münasibətimiz
yarandı.
- Eyni zamanda, qonşularla da…
-
Qonşularla münasibəti çox yaxşı idi. Hər birinin xeyrində-şərində yaxından
iştirak edirdi. Atam Milli Məclisə
Abşeron rayonundan deputat seçilmişdi. Buna baxmayaraq, qonşuların müraciətlərini
yerinə yetirirdi. Qonşular qışda
qızdırıcı vasitələrin olmamasından əziyyət
çəkirdilər. Atam bu çətinliyə
birdəfəlik son qoydu. İndiyə qədər
qədirbilən qonşular onu ehtiramla yad edirlər.
- İşdə üzləşdiyi
çətinlikləri ailədə hiss etdirirdimi?
- Yox… Ancaq bilirəm ki, "Ulduz" jurnalında işləyəndə
təzyiqlərə məruz qalmışdı. Hamı onu cəsarətli redaktor kimi qəbul edirdi.
Anarın, Elçinin, Sabir Əhmədlinin əsərlərini
senzura ilə baş-başa dayanaraq çap etdirmişdi.
Sağ olsun bizim köhnə qonşumuz, xalq
yazıçısı Anar, həmişə müsahibələrində,
yazılarında atamın redaktorluq fəaliyyətinə
yüksək dəyər verir. Yeri gəlmişkən, o,
atamın 65 illiyində "Şair ləyaqəti"
adlı məqalə yazmışdı… heç unutmuram,
1993-1995-ci illərdə atam heç yerdə işləmədiyi
vaxt onun yeni şeirlərini Aqil Abbas
"Ədalət" qəzetində çap etdi. Minnətdarlıqla xatırlayıram. 1995-ci ildə isə atam ulu öndərə həsr
etdiyi "İxtiyarım olsa idi" poemasını qələmə
aldı.
Atam o
dövrün istedadlı gənclərindən Sabir Rüstəmxanlı,
Davud Nəsib, Nüsrət Kəsəmənli, Çingiz
Əlioğlu, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Ofelya Babayeva, Ağasəfa,
Taleh Həmid, Eldar Nəsibli, Adil Cəmil və
başqalarına daim qayğı göstərib…
- Sizcə, Cabir Novruz bu gün
hansı şeirlərində daha çox yaşayır?
- Deyim ki,
"Gecikmiş məhəbbət"də… Atamın
bütün səmimiyyəti, duyğusallığı və
əhdə sədaqətli olması bu şeirdə cizgilənib.
Yer üzündə yaşayan hər bir insanın
könül döyüntüsü, təəssüfü,
hicranı boy göstərir bu şeirdən:
Sən
gizli gəlmisən ömrümə, inam,
Bu gizli
eşq ilə yaşayacağam.…
Dünyanın
ən ağır yükü sayılan
Gecikmiş məhəbbət daşıyacağam.
Hər kəsə
necə də doğmadı "düşüb qarış-qarış
izinə sənin, əzbərləyəcəm
yollarını mən", "Bir gün bu dünyadan sənin
adına çıxıb gedəcəyəm,
bilməyəcəksən" beytləri. Ya elə bu misralar:
Səni zərrə-zərrə
kəşf edəcəyəm,
Səni
milyon kərə kəşf edəcəyəm...
...Səni
röyalarda oxşayacağam,
Səni xəyallarda itirəcəyəm.
Təsəvvür edin, indi mən özüm atamı
onun bu kövrək misraları ilə baş-başa
xatırlayıram. Elə bil mənim dilimdən özünə
elegiya yazıb. Bizə anlatmaq istəyib ki, belə sevin,
belə xatırlayın və belə yaşadın… Təbii
ki, sevilən, dillər əzbəri olan çoxsaylı
şeirləri də var. Hər birinin də öz ovqatı, nəğmə
əsintisi… Atam xeyirxah adam idi. Yaxşılıq etməyi sevirdi. Bu, onun həyatıydı. Özü
yaxşı yazıb: "Yaxşılıqla məhv edirəm
pislikləri…" Pislik anlayışı ona yad
idi. Ona görə də rahat
köçdü dünyadan. 2002-ci ilin on iki
dekabrında Təzə Pirdən gələn azan səsinin sədaları
altında, səhər tezdən saat yeddinin yarısında
yetmiş yaşına üç ay qalmış qovuşdu əbədi
dünyasına… Hərdən şükür edirəm ki,
dünyadan zamanında köçdü, sevimli
övladları Mirzənin, Vüqarın dünyadan
vaxtsız, cavan yaşlarında köçmələrinin
dağını görmədi…
Xalq şairi Cabir Noruzun "Sağlığında qiymət
verin insanlara" şeiri onun poeziya dünyasında
mühüm əhəmiyyət kəsb edir. Şairin
adı çəkiləndə bu məşhur, fəlsəfi
fikir oxucular tərəfindən zərb-məsəl olaraq əzbər
deyilir, hafizələrdə yaşayır. Məhz dahi şəxsiyyət
Heydər Əliyev şairə sağlığında qiymət
verib. 1971-ci ildə
Heydər Əliyevin tapşırığına əsasən
şəhərin mərkəzində mənzillə təmin
olunub, Əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına
layiq görülüb. Yoxluğunda isə möhtərəm
Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamlarına
uyğun olaraq xalq şairinin "Seçilmiş əsərləri"nin
bir cildliyi 25 min tirajla nəşr edilib, adına
Xızının Sitalçay qəsəbəsində orta məktəb,
yaşadığı binaya xatirə lövhəsi barelyef vurulub.
Onun vəfatından 15 il keçməsinə
baxmayaraq, kitabları nəşr edilir, sözlərinə
yazılmış mahnılar səslənir, televiziya və
radioda verilişlər hazırlanır. Hörmətli
ziyalımız, bu yaxınlarda
Prezidentimiz İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli Sərəncamına
uyğun olaraq "Vətənə xidmət" ordeni ilə
təltif edilmiş, professor
Cavanşir Qurbanovun prezidenti
olduğu "Cabir
Novruz" Mədəniyyət Fondu "Sağlığında
qiymət verin insanlara" rəmzi altında fəaliyyət göstərir. İlk növbədə
Cabir Novruzun şeirləri və insanlığı
yaşayır:
Əbədi
yaşaram mən bu cahanda,
Xeyir taparsınız şeirlərimdən.
Bir vaxt bu
dünyada mən olmayanda,
Məni taparsınız şeirlərimdə.
İndi
baxıb görürəm ki, atam "Məni taparsınız
şeirlərimdə" deyərkən nə qədər
haqlı imiş…
Söhbətləşdi: Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.5.